“Dolu”-Qarabağ mövzusunda yazılmış ən yaxşı əsər

28 Dekabr 2016 18:06

Xəbər 258 dəfə oxunub

Bu günlərdə tanınmış yazıçı –publisist,millət vəkili Aqil Abbasın “Dolu”romanı İran İslam Respublikasında nəşr edildi.Bu xəbəri nəzərə alıb roman haqqında fikirlərimizi Faktinfo.az olaraq oxuculara təqdim edirik.

İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın qarşısında diz üstə düşmüşlər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər…

(“Dolu” romanı, A.Abbas)

Qarabağ uğrunda gedən savaş başlayan gündən ədəbiyyatın bu savaşa münasibəti bu və ya digər şəkildə özünü göstərib. Təbii ki, ədəbiyyat yaradıcıları yazıçılar, şairlər ölkədə baş verən hər hansı ciddi ictimai-siyasi hadisəyə, qarşıya çıxan həlli müşkül problemə, ümummilli ağrıya dönən hadisələrə münasibətdə heç vaxt xəsislik göstərməyiblər. Bu sahədə poeziya daha çeviklik göstərdi, çünki poeziya olsa-olsa bu müharibənin göstəricilərinə şəxsi münasibəti ehtiva etməklə, onun gətirdiyi ağrıların ümumi mənzərəsini çəkməklə, yaxud ümumi, patriotik çağrışa tez başlayıb, tez də missiyasını başa vura bilir. Ancaq onu da vurğulamaq lazımdır ki, hər hansı müharibədən bəhs edən ən geniş bədii əsər belə deyək ki, trilogiya – həmin müharibənin yalnız müəyyən anlarını canlandıra bilir. Bu əsərlər müharibənin dəhşətlərini, əzablarını, çəkilməz ağrılarını, itkiləri canlandırsa da, baş verənlərin yüzdə-yüzü olmur. Eləcə də qeyd etməliyik ki, tərəflər arasında gedən müharibə qalib tərəfin yazarlarının yaratdığı ədəbiyyat daha çox təntənəli xarakter daşıyırsa, məğlub tərəfin yazarlarının yaratdığı ədəbi nümunələr öz qəhrəmanlarının portretini çəkməklə, uduzulmanın səbəblərini aramaqla, bu müharibənin onun xalqına gətirdiyi faciələri təsvir etməklə daha çox məşğul olur. İndi isə qarşımda yazıçı Aqil Abbasın “Dolu” adlı kitabı durur. Qeydsiz-şərtsiz bu əsəri Qarabağ müharibəsi mövzusunda yazılmış ən yaxşı, nümunəvi bir roman kimi qiymətləndirirəm. Bu roman ədəbi hadisədir. Aqil Abbas XX əsrin 80-ci illərinin sonluğuyla qısa zaman kəsiyini – təxminən 90-cı illərin sonluğuna yaxın dövrün daha əzablı, daha eybəcər, daha qorxunc faciəsinin təsvirini verə bilmişdir. Bəlkə də mənim müqayisələrim kiməsə kobud, kiməsə şişirtmə kimi görünə bilər, amma mən Aqil Abbasın bu əsərini Ç.Aytmatovun “Qiyamət”i ilə eyni ölçüdə görürəm.
Əsər realizmin bütün ovqatlarını özündə cəmləsə də, yazıçı hərdən hiss olunmayacaq ustalıqla mistik təfəkkür elementlərindən, romantik çalarlardan istifadə etməklə ona yeni bir bədii məziyyət verə bilib. Əsərdə bədii obyektlər həyatidirlər, həyatda olduqları qədər əsərdə də canlıdırlar, canlı olduqları qədər də inandırıcıdırlar. Görünməz müstəvi – Azərbaycandır, yazıçı onun bir dəfə də olsun adını çəkmir, xatırlatmır, ancaq adı çəkilməyən bu müstəvidəki mərkəz bəllidir – bu dünyanın ən varlı şəhəridir. Əslində bu, şərti ad konkret olaraq, Azərbaycanın bir şəhərini göstərən ad deyil, bu, ümumiləşdirilmiş bir mərkəzdir. Ancaq əsərdə baş verən hadisələr, bəzi açıqlanan adlar – İmarət, Gülablı kimi coğrafi adlar bu şəhərin daha çox Ağdama oxşadığına işarədir.
Eləcə də hadisələr və onların baş verdiyi məkan, hadisələrin dinamik inkişafını Ağdamın işğalına az qalan bir vaxtda məhz yazıçının göstərdiyi şəkildə olmasına zərrə qədər şəkk gətirmək lazım gəlmir. Bu əsər yazıçının öz təbirincə desək, “sağkən cəhənnəmi görmüşlərin” hekayətidir.
“Dolu” romanı təbiət hadisəsi olan dolunun yağmasının kiçik təsviri ilə başlayır. Bu təbiət möcüzəsinin dolunun səsli tökülüşünə bütün şəhər vaxtı ilə sevinclə, hay-küylə çölə atılırdısa, indi dünyanın ən varlı şəhərinə başqa bir “dolu”, “ölüm doluları” yağır. Əsərdə deyildiyi kimi “göydən dolu yağmırdı, əzrayıl yağırdı”. Bu dolunun əsərdə ilk vurduğu adam samboçu Eldar oldu. İkinci vurduğu isə xanəndə Baratın xanımıdı. Bu doludan “qrad” raketlərinin səsi gəlir. Və dünyanın ən varlı şəhərini döyəcləyən bu səslər sonrakı baş verəcək faciələr üçün sanki zəmin yaradır.
Əsərin yükünü çiynində çəkən, onun ağırlığını daşıyan üzdə olan müsbət xarakterli obrazlar Drakon, Pələng, Komandir, səhiyyə nazirinin müavini, katib, müəyyən anlamda rəis, ümumiləşdirilmiş vurğun vurmuş cavanlar aktivdirlər, hadisələrin mərkəzində dururlar. Bu cəbhə xəttinin biri açıq-aşkar onlar ilə üzbəüz atışan düşmənlə onların arasından keçir. Bunu onlar görür, onlar gördükləri bu düşmənlə savaşmaqdan qorxmurlar. Onlara qarşı vuruşan ikinci tərəf isə Viktor Petroviç Palyaniçkodur, nazirlərdir, at belində olan adamdır, “pravakator”lardı, bordağa bağlanmış buğaya dönən məmurlardır, sərxoş müdafiə naziridir.
Oxucunun rəğbətini sözsüz haqq edən Drakon, Pələng, Komandir obrazlarının müharibədən əvvəlki taleləri həsəd aparılası tale deyil. Onlara sovetlər birliyinin əxlaq kodeksi ilə yanaşsaq, kriminal aləmin nümayəndələridir. Drakon ləqəbli obraz hətta qanuni oğrudur. Ancaq bu müharibə onları müdafiəçiyə, əsgərə çevirib və onlar kiməsə minnət qoymadan, kimdənsə nəsə ummadan öz doğma yurd-yuvaları uğrunda vuruşan, özü də namuslu, əsl türk oğlu kimi çarpışan döyüşçülərdi.
Əsərdə maraqlı bir epizod var. Döyüşlərin birində erməni qızı əsr alınır. İntiqam almaq istəyən vurğun vurmuş cavanlar onu zorlamaq istəyir. Drakon onların qaşrısını kəsir, qoymur, hətta az qala silaha əl atmalı olur. Bəs onlar bizimkiləri zorlaya bilir? – sualına – biz emrəni deyilik – cavabını verir. Soyundurulmuş erməni qızı onu müdafiə edənin adını ha soruşsa da bir cavab eşidir – geyin! Sürüş burdan! – cavabını alır. Komandir erməni qızını buraxdığı üçün onu danlayanda – Komandir, mən arvad davası eləmirəm, torpaq davası eləyirəm – deyir. Bax budur, türk oğlunun düşməni belə heyrətə gətirən təmkinliyindən biri. Əsərin digər bir epizodunda var-dövlət yiyəsi, ən varlı şəhərin sayılıb-seçilən vəzifəlilərindən olan at belində olan adam müharibədə öldürülmüş Musa adlı şəhidin anasının qıçlarının kəsilməsi üçün lazım olan min manatı vermir. Drakon onun şalvarını çıxartmaq istəyəndə Pələng adlı müsbət obraz mane olur və əslində hər ikisinə düşmən olan bu şəxs üstündə qardaşdan artıq olan bu iki döyüşçü yumruq davasına çıxırlar. Şalvarı çıxarılmış kişi ən şərəfsiz adamdır, onsuz da şərəfi olmayan at belindəki adamı müdafiə edən Pələngə hardasa adam haqq qazandırır. Burada bircə məqam var. Musanın anasının ayaqlarını kəsmək üçün 1000 manat kimə veriləcəkdi? Bakıdakı həkimlərə…hə bax bu, o dövrün ürəkağrıdan mənzərələrindən biridi.
“Dolu” romanında hərəkətsiz obrazlarla da bağlı maraqlı məqamlar var. Bu məqamlar əsəri oxunaqlı etməklə bərabər, eyni zamanda obrazların xarakterlərini açıb göstərməyə xidmət edən bir vasitə rolunu oynayır. Rəşid Behbudovla – Pələng – Drakon obrazlarının üzləşdirilməsi məhz bu missiyanı yerinə yetirir.
Müəllifin hərdən bu əsərdə açıq-saçıq gülməyi də var. Yardım paylanışında vaxtı ilə heç nəyə gözünün ucu ilə baxmayanların indi hansı günə salındıqlarını əks etdirən məqamlarda adam özü-özünü danlamalı olur, – İlahi, gör bunlar bizi nə günə qoyublar, xəbərimiz yoxmuş – deyir.
Böyük Vətən Müharibəsində aldığı orden və medalları döşünə taxıb yardım almağa gələn qocaya – get o dəmir-dümürünü çıxart, bu gün yardım gətirənlər almanlardır – cümləsindən acı bir həqiqət əlini uzadıb adamın içini yumruqlayır. Eləcə də komandirin Bayıl türməsində yatdığı vaxtla bağlı yazıçının 37-ci ilin bir epizodunu – Ayna Sultanova ilə Həmid Sultanovun faciəsini əsərə hiss edilmədən, ustalıqla daxil etməsi əsərin xeyrinə olan elementlərdəndir.
Əslində bu əsər təzadların boy verib görsəndiyi bir əsərdir. Əsərdən qərib və qəribə talelər, ömürlər bir qırmızı xətt kimi gəlib keçir. Ədalət varmı? Həqiqət hardadır? Zaman dəyişdiyi qədər insanlar da dəyişirmi? Niyə uduzduq? Günah kimdədir? – tipli sualların cavabını “Dolu” romanında tapmaq mümkündür. Yazıçı heç kimi, heç nəyə səsləmir, hay-küylə intiqama səsləmir, kiməsə vətənpər ol didaktikasıyla üz tutmur, oxucunu özü ilə üz-üzə qoyur və sanki kim nəyin sorağındadırsa, özü tapsın deyir. Əsərin sonluğu da dolu yağmasının kiçik təsviri ilə bitir və onun bitməsindən az qala xəbərin olmur. Xəbərin olanda isə heyfslənirsən.

Məhəmməd peyğəmbəri daşlayanlar “Quran”ın qarşısında diz üstə düşmüşdülər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər.

(“Dolu” Aqil Abbas)

Fuad İsgəndərov
Faktinfo.az

Ankarada ən böyük Azərbaycan bayrağı – Video

Prof. dr. Nuri Saryal. Qardaş Türkiyədə yaşayan azərbaycanlı böyük alim. ODTÜ-nin rektorlarından biri olmuş və illərlə Azərbaycan Kültür Dərnəyində Vətənimiz və Millətimiz üçün gözəl işlər görən aydın. Nuri Saryalı kimi aydınları gənclərimizin daha yaxşı tanıması lazımdır. Ankarada ən böyük Azərbaycan bayrağı Nuri bəy Saryalın evinin önündən asılıb. Hər halda, mən 12 metr böyüklükdə Azərbaycan bayrağını Ankarada Nuri bəyin evindən başqa heç bir yerdə görməmişəm. Şəhərin mərkəz bölgələrindən birində şəxsi 3 mərtəbəli binanın önünə asılmış Azərbaycan bayrağını xeyli uzaqdan da görmək mümkündür. Evində ziyarət etdiyimiz Nuri Saryal Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri Mirismayıl Seyidzadənin ailəsində dünyaya gəlib, amma cümhuriyyətimizin sovetlər tərəfindən işğalından sonra bir çox aydınlar kimi, onların ailəsi də mühacirətə getməyə məcbur olub. Çox savadlı olan Mirismayıl Seyidzadənin bacarığı yüksək qiymətləndirilib və Nuri Saryal bunun üçün böyük Atatürkə təşəkkürü bu gün də özünə borc bilir. Qardaş Türkiyədə yaşasalar da, bir gün belə Azərbaycanı unutmayıblar. Azərbaycanı anladıblar. Türk dünyası sevdalısı bu gözəl ailə ilə görüşdən böyük zövq aldım. Mirismayıl Seyidzadənin “Bakı rüzgarı” kitabını hər kəs oxumalıdır. Türkiyə türkcəsində olan kitabı böyük maraqla oxudum. Nuri bəyin mələk üzlü gözəl xanımı, gözəl bir nəslin davamçısı olan Nəriman xanımla ailə qurmasında böyük Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Leyla xanımın xüsusi rolu olub. Maraqla danışırlar bu hekayəni. Aradan keçə uzun illər Nuri bəy və Nəriman xanımın sevgisini azalda bilməyib. Sevgi və sayğının hökm sürdüyü bu evdə Nuri bəyi dəyərli qızı, gözəl dost, Azərbaycan və Türk dünyası sevdalısı Nilgün xanımla da gözəl söhbətlər etdik. Nuri bəy canlı bir tarixdir və onu dinləyərək çox şeyi öyrənə bilirsən. Söhbət o qədər maraqlı idi ki, az qalmışdı təyyarəyə gecikək. Ayrılanda “Bakıda görüşərik” dedik. Durğulandılar... Allahdan bu gözəl ailəyə hər zaman yardımçı olmasını diləyirəm. Sadəcə Azərbaycan hüdudlarından kənarda yaşayanlar üçün deyil, elə Azərbaycan içində yaşayan minlərlə insan üçün də ən gözəl örnəklərdən biridirlər... Qeyd. Prof.dr. Nuri Saryal Özgeçmişi tanıdaq: 2 sentyabr 1929. Bakı, Azərbaycanda, İsmayıl və Helena (doğ. Hoffmann) Seyidzadənin ailəsində doğulub. Helena 1935-ci ildə müsəlmanlığı qəbul edib və Leyla adını götürüb. 1931-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığını alıb və “Saryal” soyadını qəbul edib. 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyeti (TED) ibtidai məktəbini, 1947-ci ildə Ankara Atatürk Liseyini bitirib. 1947-1948-ci illərdə Robert Kolej Mühəndislik Məktəbində (İstanbul) ingilis dili müəllimliyi ixtisasına yiyələnib. 1952-ci ildə Robert Kolej Mühəndislik Məktəbini mühəndis ixtisası ilə bitirib. 1952-1953 Purdue (İndiana, ABŞ) Universitetində ali mühəndis diploma alıb. 1953-1956-cı illərdə Berlin Texniki Universitetində (Almanya) elmlər doktoru adını qazanıb. Ankara Orta Doğu Texniki Universitetində yardımcı docent kimi fəaliyyətə başlayıb. Bu universitetin dosentin, daha sonar professor adını qazanıb. 1977-79-cu illərdə isə rektor olub. daha sonar öz istəyi ilə istefa verərək, professor fəaliyyətinin 1996-cı ilə qədər sözügedən universitetdə davam etdirib. 1992-ci ildə Almaniya prezidenti tərəfindən birinci dərəcəli “Yüksək Ləyaqət Nişanı”nı alıb. İctimai işlərdə çalışıb, çoxsaylı qurumlara başçılıq edib.  

12 Fevral 2017 19:35

“Dəli şairin”in qarşılıqsız sevgi macəraları

II yazı  Birinci yazını buradan oxuya bilərsiniz:moderator.az/news/167859.html ...Səməd Vurğunun sevgi macəraları 1922-ci ildən başlanır. O çılğın bir məhəbbətlə, Məcnun eşqilə Dürrəyə vurulmuşdu. Dürrənin atası Əsəd Mustafayevin bizim ailəyə qohumluğu çatırdı. Onun əmisi qızı Nabat xanım babamız Mehdixan (Kuhənsal) Vəkilovun birinci arvadı olmuşdu. Elə ona görə də nənəmiz Ayişə xanım (Kuhənsalın ikinci arvadı)  həmin varlı qohumun himayəsinə sığınaraq 1915-ci ildən etibarən Qazax şəhərində Əsəd xozeyinin mülkünün alt mərtəbəsində, gün düşməyən yarımqaranlıq bir otaqda yaşayırdı. Mən də nənəmlə birlikdə olurdum. Əsəd kişi nəinki ev kirayəsi almırdı, hətta yeri düşdükcə ailəsi bizə maddi yardım göstərirdi. Bu ailə ilə Səmədin bilavasitə tanışlığı 1918-ci ildən - Müəllimlər Seminariyasına qəbul edildikdən sonra başlanmışdı. Səməd balaca Dürrə ilə həyətdə beşdaş, gizlənpaç oynayar, kəndirdən hoppanar və digər nadincliklər edər, ərkəsöyün böyüyən bu şaqraq qızcığazı bəzən ağladardı. Onlar uşaq təbiəti ilə tez barışar və qaçaraq su arxını keçib gilas ağacına dırmaşardılar. Yay aylarında hamımız birlikdə Dilican yaylağına köçərdik. Səmədlə Dürrə başqa uşaqlarla birlikdə yolboyu düşərgələrdə Ağstafa çayına daş atar, ayaqlarını çıxardaraq balıq tutmağa çalışar, meşə ətəklərində kəkotu yığar, Ağsuyun şəlaləsindən ovuclarında su içər, bir-birinə su ataraq gülüşərdilər. Dürrə bütün ailənin sevimlisi, sonbeşiyi idi. Ona görə də çox nazlı-qəmzəli və oynaq bir qızdı. Heç kəs onun xətrinə dəyməzdi. Qız çalıquşu kimi budaqdan budağa hoppanar, gözəl səslə şərqilər oxuyardı. O, bəstəboyli, iri qaragözlü, uzun kiprikli, buğdayı çöhrəli, məlahətli danışan, gülərüz, həyatda ehtiyacın nə olduğunu bilməyən, inadkar və vüqarlı, hər kəsə özünü sevdirən füsunkar bir qız,  Səməd isə daim ehtiyac içində yaşayan kasıb bir uşaq idi. Lakin uşaqlıq belə halları, belə ictimai fərqi anlamaz. Onların arasında saf ünsiyyət yaranmışdı. Səməd özünün 6 cildlik əsərlərinə daxil edilmiş, əsli mənim şəxsi arxivimdə saxlanan “Tacir qızı” adlı şeirində Dürrə haqqında ilk təəssüratını, onun gözəlliyini belə tərənnüm edir: Bən onu görmüşdüm on bir il əzəl, Olduqca görkəmli, olduqca gözəl... İllər, aylar bir-birini təqib edərək sürətlə ötüb keçirdi. Səməd 17 yaşa, Dürrə isə 14 yaşa çatmışdı. 1922-ci ildən sonra Səmədin Dürrə ilə olan saf uşaqlıq ünsiyyəti artıq ülvi və atəşin bir  sevgiyə, aşiqanə məhəbbət dastanına çevrilməyə başlamışdı. O zaman Dürrə də seminariyada oxuyurdu. Onlar həm məktəbdə, həm də evdə, həyətdə tez-tez görüşər, mənalı baxışlarla bir-birini süzər, bir-iki kəlmə danışar və ötüb keçərdilər. Aralarında artıq ciddi bir münasibət, uşaqlıqda olan zarafat və nadincliklərdən çox fərqli olan bir münasibət yaranmışdı. Səməd Dürrəni dəlicəsinə sevməyə başlamışdı. Dürrə də bu sevgiyə biganə deyildi. O, bizim qızlara məxsus olan utacaqlıq və həya pərdəsi altından Səmədin üzünə gülür, nazlanır və sanki, onu sevgi alovunda yandırmaq istəyirdi. O zamanlar gənclər öz məhəbbətlərini bir-birinə açıq söyləməzdilər; baxışlar, davranışlar və incə, çox incə, başqalarının görə bilmədikləri ruhi tellərlə anlayardılar. Səmədlə Dürrə də beləcə dilsiz və sakit sevgi ümmanına düşmüşdülər. Səmədi hamı danlayırdı. Baş tutmaz sevdadan əl çəkməyi, “öz tayını” tapmağı məsləhət görürdülər. Lakin inadkar və cürətli olan bu aşiq öz məhəbbətindən dönmək fikrində deyildi. Səməd qızın etinasızlığından (bəlkə də valideynlərinin təsiri altında) və töhmətlərdən, sanki, mənəvi həzz alırmış kimi uğursuz sevgi yollarında çırpınırdı.                                                                       *** ...Dürrənin valideynləri qızlarını varlıların və ya vəzifə sahiblərinin birinə vermək həvəsinə düşmüşdülər. Səməd bütün ümidlərini itirməkdə idi. Heç kəs onun müqəddəs sevgisini anlaya bilmirdi. Eşqində və məhəbbətində getdikcə uğursuzluğa düşməyə başlayan həssas qəlbli, filosof təbiətli məhəbbət nəğməkarı bədbinləşir, haqsızlıqlara, eşqi, məhəbbəti vara və mənsəbə qurban verən köhnə dünyanın qalıqlarına nifrət yağdırmağa başlamışdı. O hamıya qarşı sərt və amansız idi. Öyüd-nəsihət verənləri təhqir edirdi, onu heç kəs başa düşmək istəmirdi. Adamların yalnız bir əqidəsi var idi: Əsəd xozeyinin qızı bu yoxsul və yetim uşağın tayı deyil. Səməd uzun saç saxlar, həftələrlə üzünü yumaz, tolstoyçuluq edərək  ət yeməz və bunlara bənzər başqa-başqa hallar keçirərdi. Heyvanlara qayğı göstərər, çox vaxt yeməyini itə-pişiyə verərdi. Bizim balaca Səmədimizin halına nənəmiz Ayişə xanım, bibimiz qızı Xanqızı (Bıjı), bir də mən yanardıq, gözlərindən dolu kimi tökülən göz yaşlarına acıyardıq. Nə etmək olardı! Atamız öləndən  sonra hər ikimiz nənəmlə birlikdə olurduq. Səməd qoca arvadı çox incidir, sözünə qulaq asmır, atmacalı sözlərlə, həcvyana misralarla Dürrəyə və onun qohumlarına staşaraq sanki, intiqamını almağa çalışırdı. Qızın valideynləri  nənəmizi məzəmmət etməyə başladılar.  Öyüd-nəsihətlərimiz Səmədə təsir etmirdi. O, sanki, bütün varlığa qarşı üsyan qaldırmışdı. Bir dəfə 1923-cü ilin yazında “oğlum, onlar sənə qız verməzlər. Biz Əsəd  xozeyinin parvalında oluruq. Hamı səni  “dəli Səməd” adlandırır, bizi el içində rüsvay eləmə, qabağına gələni acılama, tərsliyindən əl çək” deyən nənəmizə acıq edərək tam altı ay evdən qaçmış və Ermənistan dağlarında, Qaraqoyunlu kəndlərində dolaşmışdı. Məcnun səhralara düşən kimi Səməd də dağlara qaçmışdı, artıq o, Vurğun olmuşdu.                                                                 *** ... Səməd Vurğunun qəflətən gəlib çıxması şəhərdə bir hadisə kimi əks-səda verdi. Hamı onun haqqında danışırdı. Səmədin acı taleyini duyanlar, xüsusən gənclər saf məhəbbətə qarşı duranlara nifrət yağdırırdılar. O vaxt biz hələ də Dürrəgilin evinin zirzəmisində yaşayırdıq. Səməd bir neçə gün evdən bayıra çıxmadı. Bəzi qohum-əqrəba, hətta Dürrənin anası Güllər xala və bacısı Xanım da onun görüçünə gəlib öyüd-nəsihət verirdilər. Lakin “Dəli şairi”in qaşları çatılır, gzöləri məchul bir nöqtəyə dikilir və dinməz-söyləməz xəyal dünyasına qərq olub gedirdi. Onun dodaqları tərpənirdi, sanki kiminləsə nəsə danışırdı. Səmədi camaat Məcnun kimi aşiq olan “Dəli şair”, “Dəli Səməd” kimi tanıyırdı. Bir dəfə Dilicanda (biz balaca daxmada, Dürrəgil isə Yerevan şossesində ikimərtəbəli binada yaşayırdılar) Dürrəyə zarafatyana, aşiqanə söz atmışdı. Bunun üstündə nənəsi onu bərk məzəmmət etdi. Səməd gözlərindən sel kimi yaş axıda-axıda otaqdan çıxdı. Xeyli gözlədik, Səməd qayıtmadı. Zavallı nənəmiz narahat olmağa başladı və məni Səmədin dalınca göndərdi. Onu küçədə, körpü üstündə, çay kənarında, Dürrəgil tərəflərdə axtardım, amma tapa bilmədim. Ürəyim, sanki, yerindən qopurdu. Xasiyyətinə bələd olduğumdan ağlaya-ağlaya evə döndüm. Həyətə girəndə gözüm moruq kollarının  arasındakı qoz ağacına sataşdı, ürəyim qopdu. Səməd özünü asmışdı. Dəli kimi qışqırdım və özümü  üstünə ataraq Səmədi qucaqlayıb yuxarı qaldırdım. Artıq xırıldayırdı. Səsimə nənəmiz özünü yetirdi, kəndiri açdıq və onu qollarımız üstə otağa gətirdik. Biz çalışdıq ki, bu hadisəni heç kim bilməsin. Lakin az sonra əhvalat ətrafa yayıldı. Deyəsən Səməd özü  dostlarından kiməsə bu sirri danışmışdı. “Dəli şair”in dəlilikləri uzun müddət davam etdi. Səmədin balaca bədənində yurd salmış sevgi vulkanı tez-tez püskürürdü. 1922-ci ildə Bakı Qızlar Seminariyasında oxuyan Dürrəni görmək, heç olmasa onu uzaqdan seyr etmək üçün Səməd ara-sıra Bakıya gedər və məktəbin müdirəsi Mədinə xanım Qiyasbəylinin evində qalar, Dürrəyə şeirlər yazıb göndərərdi. Təəssüf ki, o ilk şeirlər cırılıb atıləırdı.                                                               *** ... Səməd müəllimlik etməyə başlamışdı. Dürrə Bakıda oxuyurdu. Mən Gəncədə işləyirdim. Lakin hər yay hamımız Dilican yaylağına yığışırdıq.  Belə vaxtlarda Dürrə yenə də özünü anlaşılmaz aparardı. O, nə Səmədin sevgisini rədd edirdi, nə də öz qəlbindəkini açıq bildirirdi. Sanki öz aşiqinin mənəvi əzablarından həzz alırdı. Səməd geri çəkilmək itəmirdi, məhəbbətinə sadiq idi. İllər keçdikcə öz ümidinin səraba döndüyünü, el içində “gülünc” olduğunu dərk edən Dəli Şair sevgilisinin xəyalı ilə yaşayırdı. O, tez-tez Qazağa gedir, unudulmaz xatirə yerlərini seyr edir və sevgilisini axtarırdı. Səməd Vurğun Dürrə ərə getdikdən sonra da onu bir xəyal kimi izləyirdi. “Əski diladarı”nı seyr etməkdən ruhi qida alırdı. Dürrəni görmək üçün saatlarla onun keçəcəyi yolda dayanırdı. Bir dəfə Dürrənin əri ilə birlikdə Qazxdan Bakıya gedəcəklərini eşidir və  dərhal Gəncə stansiyasına gələrək axşamdan səhərə kimi qatarı gözləyir. Səhər qatar dayananda Dürrə Heydərlə birlikdə perrona düşür və öz Vurğununu pərişan halda görərək ondan yan keçir. Səməd Vurğun həyatdan və insanlardan küskün idi. O, hamıdan, Dürrədən və onun qohumlarından intiqam almaq üçün qələmə sarılır və acı sözlərlə onları qırmanclayırdı. Səməd hec cür Dürrənin ata evindən uzaqlaşa bilmirdi. O ailəyə hərdən  qonaq gedir, bununla da  söhbətlərdən təsəlli tapmağa çalışırdı. İnsafla demək lazımdır ki, bizim bu köhnə qohumlar, xüsusən də Dürrənin kiçik qardaşı Mahmud Səmədi həmiçə mehribanlıqla qarşılayar və onu ovundurmağa çalışardılar.                                                    *** ...Dürrənin gözəl ailəsi vardı. Namuslu, sədaqətli bir qadın kimi Səmədin hərəkətlərindən bəzən inciyirdi. Bir dəfə mən Dürrəgildə (atası evində)  olarkən Səməddən şikayətləndi: -Bir ona desən ki, məndən əl çəksin, axı, mən ailəliyəm, yaxşı deyil. -Özüylə bacarmır, - dedim, - gün gələr sən də anlayarsan ki,  doğrudan da bacara bilmir. Dözmüsən, yenə döz, görək axırı hara gedir... Dürrə kiridi, yan otağa keçib mənə çay  gətirdi. Əlindən xəta çıxmış adam kimi peşman olmuşdu. Onun özünü belə itirdiyi halları az görmüşdüm. Səməd Vurğun Dürrəyə belə demişdi: -Bizi bir-birmizə tanıtdıran son bir görüş olacaqdır ki, onu sənələrlə gözləmək lazımdır... Züleyxa NADİR

8 Fevral 2017 19:08

Xalq şairi Rəsul Rzanın Demokratik Cümhuriyyətin əleyhinə yazdığı şeiri – “…Müsavat hər ingilisin ayağını yalayanda”  

Kitabxana və arxivlərimizə hər dəfə üz tutub araşdırma apararkən gözləmədiyimiz halda qarşımıza heyrət doğuran materiallar çıxır. Açığı, onlar içərisində daha çox maraq və təəccübümüzə səbəb materiallar da olur. Belə materiallardan biri də 1938-ci il 1 may tarixli “Ədəbiyyat qəzeti”nin (№20 (165) sayında dərc edilib. Həmin material Xalq şairi Rəsul Rzanın “Stalin yoldaşa” adlı şeiridir. Şair şeirində Demokratik Cümhuriyyətin zamanında Müsavat hökumətinin xalqa bəla, zülm gətirdiyini və türklərin ölkəmizi çapıb taladığını yazır. Milli hökuməti aşağılayan ifadələr işlədərək, bolşeviklərin tərifini göyə qaldırır. Onların bu kimi addımları bolşevik zülmünün tüğyan etdiyi bir dönəmdə - 1937-1938-ci illərdə atıblar. O zaman bu, üzdə olan şair, yazıçı və alimlərimizin başlarını salamat saxlaması baxımından başa düşüləndir. Qətiyyən heç kimi qınamaq olmaz. Ancaq zamanın və dövrün məngənəsində sıxılmayanlar bu gün kimi istəsələr qınayırlar. Çünki özləri ağır sınaqlarla qarşı-qarşı durmayıblar. Enter.News saytı olaraq  bu yazını təqdim etməkdə məqsədimiz kimisə qınaq obyektinə çevirmək deyil. Lakin düşünsək ki, keçmişdə yazılanların hər biri bir tarixdir və o tarixlə də bugünkü insanlarımız tanış olmalıdır. O baxımdan araşdırıb, üzə çıxarıb oxumaq və oxutdurmaq insanların halal haqqıdır. Nə keçmişinizə daş atın, nə də haqqınızdan keçin... Faktinfo.az Enter.News saytı tərəfindən dərc edilən ,hazırda sosial şəbəkələrdə paylaşılan,müzakirə mövzusu olan  məlum şeiri olduğu kimi təqdim edir:                  Stalin yoldaşa Ey sənətə ilham verən, bizə doğru yol göstərən, Məhəbbəti şahin kimi üstümüzdə qanat gərən! Ey sözləri yaz yeli tək ruhumuza qüvvət verən, Salam sənə xalqımızdan, onun sənət ordusundan, Ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan! Qaşında qoy mən sazımın tellərini dilləndirim. Dərya kimi coşan könlün sellərini dilləndirim, Şən elimdə əsən bahar yellərini dilləndirim, Onlar desin ağ günümdən mahnılarım dilə düşsün. Gözlərimdən sevinc yaşı axsın gilə-gilə düşsün. Qara günlər keçirmişəm hamı bilir mən başımdan, Daş əriyər, günəş sönər çıxmaz o gün yaddaşımdan. Gəlin minbir solan ömrün qəm sorağı hər daşımdan. Bu yerlərdə müsavatın at sürdüyü qara gündən, Ruhu azad mərd xalqının böyük qəlbi yara gündən. Durna gözlü bulaqların sərin suyu zəhər oldu. Nə gün doğdu üstümüzə, nə gecələr səhər oldu. Anaların göz yaşları topladığı bəhər oldu. Həddi aşdı azğınlığın, kim dil açdı sus! - dedilər. Daş torpağı casus qoyub, ürəkləri pus! – dedilər. Ana vətən yaxşı bilir kim oynatdı at elimdə, Evlər yıxdı, qanlar içdi, doymadı, qat-qat elimdə, Taladılar kəndlərimi düşdü çat-ha-çat elimdə, Dağıtdılar dönə-dönə Şəmkirimi, Şirvanımı Mən o gündən tanımışam, öz dostumu, düşmənimi. Türklər bizə qardaş deyib elimizi talayanda, Müsavat hər ingilisin ayağını yalayanda, Nemeslərin ac sürüsü, rast gələni dalayanda. Rus xalqının qardaş əli sıxdı bizim əlimizi, Doğdu günəş o gün bizim işıqlatdı elimizi. Sən o günün şahidisən ey elimin xilaskarı! Sən vermisən ölkəmizə bu gülşəni, bu baharı. Həyat gülür üzümüzə, sındırıldı qəm hasarı, Çəkiləndə böyük adın xalqın deyir var ol ata. Sən yetirdin ellərimi bu gündüzə, bu həyata. Yadınızda qalır böyük həyatının varaqları, Qamçılarkən sahilləri dalğaların göy qatarı. Titrəyirdi yumruğundan daş məhbəsin daş divarı, Orda İlliç buxtasının ulduzları yanrı indi. O keçmişdən yoxdur əsər köhnə Bayıl hanı indi. Bir də dönməz keçən günlər, vətənimiz batmaz yasa, Qoymarıq ki, yadlar bizim torpaqlara ayaq basa., Azad olmuş xalqımızın bu xoş gündə nəyi varsa, Sən vermisən onu bizə ey elimizin xilaskarı, İndi açıb hər tərəfdə azad xalqın ilk baharı. Fərəh dolu günümüzdən bir parçadır bu gördüyün. Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün. Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım öyün! Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi. Tərlan təbim nə durmusan qanadlanmaq vaxtı gəldi. Salam sənə böyük insan, xalqımızdan salam sənə! Bir mehriban oğul kimi atılaydım qucağına, Gülüstana çevrilibdir tanıdığın bax elimiz, Salam sənə xalqımızdan bizim köhnə bakılımız! Rəsul Rza

7 Fevral 2017 19:17

“Firudin bəy Köçərli Səməd Vurğunu imtahana buraxmaq istəmirdi…”

Son illər Səməd Vurğunun adı tez-tez gündəmə gəlir. Haqqında olar-olmaz yazılar yazılır, ünvanına xoşagəlməz ifadələr işlədilir. Bəzən də şeirləri, misralarını təftiş edilir, hətta ona aid olmadığı vurğulanır. Oxuyacağınız bu yazı Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı  Mehdixan Vəkilovun “Ömür dedikləri bir karvan yolu” kitabındandı. Müəllif  yalnız qardaşından bəhs etdiyi etdiyi  kitabda onun uşaqlıq illərini, Dürrəyə olan qarşılıqsız sevgisini ən xırda epizodlarla qələmə alıb. Oxucular üçün maraqlı olacağını düşünürük. Beləliklə Mehdixan Vəkilovun yazdıqlarından: -1906-cı ilin 21 mart gecəsi idi. Novruz bayramı gəlmişdi. Yusif ağa qalın səslə Vaqifin “Durnalar”ını, əmisi Kuhənsalın qoşmalarını oxuyurdu. Birdən nə isə ailəyə çaxnaşma düşdü. Məhbubə xanımın anası Ayişə xanım gəlib çıxdı. Gecədən xeyli keçmiş dünyaya bir  körpə gəldi. Adını Səməd qoydular. O vaxt mənim 4 yaşım varmış. Sonralar nənəmiz danışardı ki, körpə səhərə kimi ağlayıb. Atamız da yarızarafat deyib ki, bu uşaq ya baş yeyəcək (köhnə əqidəyə görə, yəni kimsə öləcək), ya da bundan görünməmiş bir şey çıxacaq. Zatən atamız  sonralar da balaca Səməddəki qeyri-adi hərəkətləri və xasiyyətləri gördükcə bu sözləri inamla təkrar edərdi: oğul buna deyərəm ey! Səməd Vurğunun atası Yusif ağa “bunt illəri”ndə son dərəcə müflisləşmiş və ömrünün axırına qədər yoxsulluq və ehtiyac içində ömür sürmüşdür. Səməd yay vaxtı biçinçilərin arxasınca  (varlı adamların taxıl yerində) düşüb arpa sünbülü (qırp) topladığımızı və atamızın o sünbülləri ağacla döyəcləyib bir-iki çanaq ağnağaz (azuqə) düzəltdiyini, onu dalımızda dəyirmana apardığımızı sonralar acı-acı xatırlar və “ömrün nə yaman günləri varmış” deyərdi. Səməd Vurğun 6 yaşındaykən sevimli, şair qəlbli anamız Məhbubə xanım dünyaya gözlərini yummuşdur. Kasıblıq, yoxsulluq, bir də vaxtsız ölən oğul (böyük oğlu Hacıməmməd) dərdi anamızı təxminən 30 yaşında dünyadan apardı. Deyirlər ki, oğul müsibətinə dözə bilməyib ölən analar var. Buna inanın! Yoxsul həyat, yeraltı daxma, ana həsrəti, atamızın sazda çaldığı qəm, qüssə, kədər və göz yaşalrı ilə dolu yanıqlı el havaları, nəğmələr balaca, zəif, qızdırmalı, lakin son dərəcə həssas və çılğln Səmədin mənəvi varlığında, duyğu və xəyallarında əbədi, onu heç vaxt tərk etməyən izlər buraxmışdır... ... Səməd anası öləndən sonra lap çılğınlaşmış, sanki, divanə bir uşağa  çevrilmişdi. Kiçicik bir sözdən mütəəssir olar və gözlərindən sel kimi yaşlar axıdardı. Səməd ipə-sapa yatmırdı. Tez-tez qaçıb qəbiristanlığa anasının məzarı başına gedib ağlayar, bəzən də qəbrin üstə yatıb qalardı. Belə hallarda mən onu tapardım. O, sızıldaya-sızıldaya daxmaya qayıdar, dərdindən müştüyünü tüstülədən zavallı atamızın mehriban qucağına atılardı. Səmədin çılğınlığı atamız ikinci arvad alandan sonra nisbətən soyumağa başladı. İkinci anamız Tükəzban xanım (Daş Salahlı kəndində Eyvazov Haqverdi ağanın qızı) Səmədin həssas və üsyankar qəlbinə yol tapmışdı. O hər cür şıltaqlığa dözür, bəzən də Səmədlə birlikdə qəbir üstə gedib onun anasını ağlayardı. Bəlkə də buna görə Səməd onu doğma ana kimi sevirdi. Atamız ikinci dəfə evlənənə kimi bizim, xüsusən də bir yaşından yetim qalan bacımızın qayğısını daha çox nənəmiz Ayişə xanım çəkirdi. İyirmi yeddi yaşından dul qalan, iki qızı böyüdüb ərə verən, kişi xasiyyətli, daima silahlı (tapançalı) gəzən igid nənəmin söylədiyi nağıllar və macəralar Səmədin varlığına, hiss və duyğularına, xəyal və təsəvvürlərinə balaca vaxtından canlı izlər buraxmışdı. ...Səməd Vurğun 1914-cü ildən 1918-ci ilə kimi Salahlı məktəbində oxudu. O zaman dərslər həm Azərbaycan, həm də rus dilində keçirilirdi. Səməd Vurğun öz cəldliyi, dərsləri tez mənimsəməsi, hazırcavablığı, iti düşüncəsi və kəskin hafizəsi ilə həmyaşıdlarından çox fərqlənirdi. O, adətən özündən böyük uşaqlarla, hətta yaşlılarla durub-oturmağa meyl göstərirdi. Hələ kənd məktəbində oxuduğu zaman Molla Pənah Vaqifin və Puşkinin şeirləri ilə maraqlanırdı. Lap kiçikkən Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” hissəsinin tərcüməsini oxumuşdu. 1918-1924-cü illər Səməd Vurğunun həyat yolunun xüsusi bir mərhələsini təşkil edir. Azərbaycanın məşhur demokratı və ədəbiyyatşünası Firudin bəy Köçərli 1918-ci ilin  sentyabrından etibarən keçmiş Qori Müəllimlər Seminariyasının tatar şöbəsini çox böyük əziyyət və fədakarlıqla (gürcü menşevikləri mane olurmuş)  Qazağa köçürmüş və onun əsasında Qazax Müəllilər Seminariyası yaratmışdı. Seminariyanın açılması təkcə Qazax mühitində deyil, tamam Gəncəbasarda böyük mədəni hadisə kimi qarşılandı. Hamının üzündə sevinc vardı. Uşaqların təhsil almaları və müəllim yetişdirilməsi üçün imkanlar açılmışdı. Firudin bəyin arvadı, əslən qazaxlı vəkilovlar nəslindən olan maarifpərvər qadın Badsəba xanım Köçərlinin də seminariyanın açılmasında müəyyən rolu olmuşdu. Yeni açılmış məktəbə axın başlamışdı. Necə deyərlər, atını minən çapırdı. Seminariyaya varlı və tavanalıların  uşaqları ilə birlikdə, köynəyi yamaqlı, ayağı çarıqlı kasıb balaları da qəbul edilirdi. Mən ilk yoxalamadan sonra qəbul olundum. Sonrakı qəbul imtahanı verənlər sırasında əyinində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayağında çəkələk, boğazı nazik, zəif və cansız, lakin gözlərindən od parlayan bir uşaq da vardı. Bu, gələcyin böyük şairi Səməd Yusif ağa oğlu Vəkilov idi. Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firudin bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız təvazökarlıq edərək kənarda dayanmışdı) müraciət edərək “ ay arvad, bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz” deyə  rədd edirdi. Yazıq nənəmiz isə “Firudin bəy, üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o mənim nəvəmdi. Anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb. Badsəba xanım bu kasıbların gününü yaxşı bilir” deyə yalvarırdı. Firudun bəy  heç bir güzəştə getmək istəmirdi. Birdən “eh, Firudin bəy, hardan biləsən ki, bu ürəkdə nə var?” deyən bir uşaq səsi eşidildi. Firudun bəy cəld döndü, nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi. Firudin bəy  fikrə getdi. Ətrafı tam sükut bürümüşdü. O birdən İbrahim bəy Qayıbova “bu uşağı bir yoxla görək” dedi. O zamanlar ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular. İbrahim Əfəndi “Əmma” surəsini açdı və Səmədə dedi ki,  oxu. Səməd o surəni oxumadı. Quranın ortasından haranısa açdı və bir-iki sətir oxuduqdan sonra kitabı örtüb gözünü yumdu, surənin qalan hissəsini gözəl səslə əzbərdən deməyə başladı. Hamı heyrət içində dərin sükuta dalıb dinləməyə başladı. Sükutu Firudin bəy pozdu. Səmədə yaxınlaşaraq əlini onun çiyninə qoydu və dedi:” Bu ki, od parçasıymış”. Səməd demək olar ki, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cürəti və heyrətamiz hafizəsi Firudin bəyi məğlub etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verib seminariyaya qəbul olundu. Nənəmizin sevinci yerı-göyə sığımırdı. Yazıq arvad yetim nəvəsini bağrına basdı və qızı Məhbub xanımın Səmədi əzizlədiyi sözləri – “dağlarda çiçək, a səmsəmi, hamıdan göyçək, a səmsəmi” deyib ağladı... ...Səməd seminariyada əla oxumaqla bərabər çox nadinc, sərt, hər sözü üzə deyən, bəzən müəllimlərə söz qaytaran, üsyankar xasiyyətli şagird idi. Lakin nədənsə, müəllimlər onu çox sevirdilər, başını sığallayır, şirin dilə tuturdular. Sanki bu kiçik bədəndəki fırtınanaı ram etməyə, cilovlamağa çalışırdılar. Bir dəfə 1922-ci ildə Səməd seminariyada oxuyan qızlardan Dürrənin qoluna iynə batırmışdı. Dürrə ağlaya-ağlaya məktəbin direktoru Əhmədağa Mustafayevə (Firudin bəy Köçərli əsassız olaraq həbs edilmiş və Gəncədə qalxan əksinqilab günlərində xalq düşmənləri, daşnak qalıqları tərəfindən vəhşicəsinə öldürülmüşdü)  şikayət etmişdi. Direktor Səmədi çağıraraq ona qəzəblənmiş və “qulağından tutub bütün Qazağı  dolandıraram” demişdi. Bunun cavabında Səməd “möhtərəm müəllim, hər halda siz özünüz də mənimlə bərabər Qazağı dolanacaqsınız” dedikdə direktor və müəllimlər gülməklərini saxlaya bilməmişdilər. Bu hadisə zamanı riyaziyyat müəllimi Alay Şıxlinski “bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan görünməmiş bir şey çıxacaqdır” demişdi... Moderator.az Ardı var...   (Yazının davamında Səməd Vurğunun Dürrəyə olan sevgisi , “Dəli şairin”in  qarşılıqsız məhəbbətdən dolayı özünü ağacdan asması, ümimiyyətlə iç dünyasında silinməz izlər buraxan, az qala sevgi dastanına çevrilən macəralar dövrü olacaq).

7 Fevral 2017 14:32

İNSANI TALEYİNDƏN AYIRMAQ OLMUR…..

Konsertdən çıxıb evə qayıdırdım, gec idi. Taksiyə əyləşdim, arxa oturacaqda mənimlə yanaşı 50-55 yaşlarında ziyalı görkəmli bir kişi əyləşmişdi, üzünün ifadəsindən elm ya sənət adamı olduğu duyulurdu, nəzakətlə davranırdı. Qayğılı olduğunu hiss etdim. Kiməsə zəng etdi, və çox mehribancasına salamlaşdı, anladım ki, həyat yoldaşıyla danışır. Qarşı tərəfin səsi aydınca eşidilirdi. Qadın "Görüm səni heç evə salamat gəlməyəsən" dedi, qəzəblə, nirfrətlə... Kişi tutuldu, sanki qəfil güllə ilə düz ürəyindən vurdular.. Sarsıntı və iztirabları üzündən oxunurdu.. Gözlərininn ətrafı qaraldığından əzabkeş insan olduğu bilinirdi.. Onun nələr çəkdiyini, nələr düşündüyünü və getdiyi "ev" adlı ünvanda nələrlə qarşılaşacağını təxmin elədim. Ona azca da olsa bu məqamda mənəvi dəstək olmaq, zəif təsəlli kimi başını söhbətə qatmaq, acı və ağrılı düşüncələrdən ayrımaq cəhdlərim də nəticə vermədi.. O, öz qarışıq aləmindəydi və söhbətə körpü salmaq üçün verdiyim sualları məncə, heç eşitmədi də.. Evə gedirdi.. ancaq bu evmi?.. Hər binaya, tikiliyə ev demək olarmı?!.. əgər içində həyat varsa, sevgi-anlayış dolu şən həyat yaşanırsa- bina evə çevrilir, yoxdursa- o elə sadəcə tikili olaraq qalır.. Onu evə, insan ocağına döndərən, isidən nə sobadı, nə kombidi- insan nəfəsi, insan sevgisidir.. Ev- rahatlıq üçündür, yorğunluğunu unutmaq üçündür, gündəlik həyatda, cəmiyyətdə baş verən min cür neqativdən, əsəbdən, gərginlikdən qurtulmaq məkanıdır ev. İnsanın özünə, öz həyatına qayıdışıdır ev- unutdurur qalan dünyanı... Əzablar və cavabsız suallar məngənəsində sıxılan, əzilən bu insan üçün hiss olunurdu ki, ev heç can atmadığı, cəhənnəm əzablarıyla üzləşəcəyi məkandı, o sadəcə gecələmək ya müəyyən saatlarını keçirmək üçün bir tikilidir, soyuq daş divarlardan ibarət.. Yaxşı deyiblər ki, xoşbəxtdir o kəs ki, səhər işinə tələsir, axşam da evinə.. Bu kişi tələsmirdi.. əksinə yol getdikcə narahatçılığı artırdı- görünür qarşılaşacağı mənzərələrin də əzablarını indidən yaşayırdı... hələ taleyində görəsən nələri arxada qoyub- onu demirəm.. Gözlərində yaş, hirsindən, qəzəbindən dodaqlarını gəmirən, hiddətindən doluxsunmuş, dolmuş, gərilmiş bu insan gözlərini məchul nöqtəyə zilləyib YOL gedirdi.., öz içindəki tale yolunu... Taksinin apardığı ünvan, görünür onun tale ünvanı deyilmiş... İnsanı öz taleyindən ayırmaq olmur.... Xeyrulla Agayev Faktinfo.az

1 Fevral 2017 11:57

İşıq-Hekayə

Hava qaralmaq  üzrə idi. Şəhərin işıqları  qaranlığı boğmaq istəsə də gücü çatmıtrdı. Göyün üzərində günəş yoxdusa deməli, heç bir işıq  qaranlığa güc gələ bilməzdi. Yalnız qəlbin işığı heç bir qaranlığa məhəl qoymadan hər zaman işıq saça bilər.     Yenə həmin parkın yanından ötüb keçirdim. Birdən yenə də parkın qırağında səkidə əyləşən həmin oğlanı gördüm. Hər dəfə burdan keçəndə bu oğlanı görürdüm və dilənçi olduğunu zənn edərdim. Oğlan hardasa 12-13 yaşlaında olardı. O, çox kefsiz və üzgün görünürdü.  Ac olduğunu düşündüyüm üçün yaxınlıqdakı kafedən dönər aldım. Sakitcə ona yaxınlaşıb əlimdəki dönəri ona uzatdim. Oğlan qəribə, sual dolu baxışlarını üzümə dikdi və dedi: -         Mən dilənçi deyiləm!.. Oğlanın sözləri bu tonda deməsi məni heyrətləndirdi. Həm dilənçi zənn etdiyim bu oğlanın dilənçi olmamasına sevinirdim, həm də onu dilənçi zənn etdiyim üçün öz içimdə xəcalət çəkirdim. O, çörəyi qəbul etmədi. Mən dönəri yarı böldüm, onun yanında əyləşdim, mülayim təbəssümlə dedim: -         Əslində dönəri özümə almışdım, sadəcə sənə də nəzakət xatirinə təklif etdim, istəmirsən yemə, özüm yeyərəm. Bunu deyib böldüyüm dönəri iştahla yeməyə başladım. Yarısını da elə salafanda səkinin üzərinə qoydum. Mən ona heç əhəmiyyət vermirmiş kimi ağzımı marçıldadaraq yeyirdim. Birazdan o, soyuqdan büzüşmüş əllərilə dönərin yarısını yeməyə başladı. Beynimdə, qəlbimdə saysız-hesabsız suallar dolaşırdı. “Görəsən bu oğlan dilənçi deyilsə bəs kimdir?”.. Niyə hər gün bu vaxtlar tək-tənha burda oturur? Bəlkə uşaq evindən qaçıb gəlib?”.. Bax bu suallar içində dönəri necə yeyib qutardığımdan da xəbərim olmadı. Parkın ətrafındakı bəzi işıqları söndürmüşdülər, hətta demək olar ki çoxunu, cəmi 3 dirəkdə işıq yanırdi. Qaranlıq getdikcə qatılaşırdı və işıq üzərində müvəqqəti qələbəsinə sevinirdi, yaxşı ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Yaxşı ki, gecəni-gündüzü insanlar idarə etmir, işıqlar kimi, yoxsa ömrümüzün daha çox hissəsini qaranlıqda keçirməyə məhkum olardıq...   Oğlan da çörəyini yeyib qutardı. Mən yarımülayim- yarıcidddi şəkildə dedim: - Dilənçi olmadığını bilirəm, bəs burda tək-tənha niyə oturmusan? İndi hamı dərsdən, işdən çıxıb evinə gedir, sən isə bura gəlirsən... O, gözucu mənə baxdı. Anladım ki, həm danışmaq istəyir, həm də ehtiyat edir. Az sonra dilləndi. - Mən hər gün bu vaxt bura gəlirəm, çünki bura evimizdən sakitdir. Ən azından burda atamla anamın dava səslərini, bacımın ağlamağını eşitmirəm. Düzdü, soyuqdu, amma sakitlikdi. İndi mən ona qəribə və sual dolu baxışlarla baxırdım və səbirsizliklə yenidən danışmasını gözləyirdim. O, bir müddət susdu və yenidən danışmağa başladı: - Yeddinci  sinifdə oxuyuram. Ailədə dörd nəfərik, anam, atam, bacım və mən. O, dərindən köks ötürdü. Oğlanın xırda qara gözlərində sonsuz hüzn və ümidsizlik vardı. - Bacım birinci sinfə gedir. Təsəvvür edirsizmi?. Onun ilk dərs ilidir, ancaq o sevinə bilmir. Atam tikinti ustasıdır, anam isə dolanışıq çətin olduğuna görə evimizin yaxınlığındakı çörək zavodunda işləyir. Atam 4 il müharibədə vuruşub, Qarabağda, cəsur döyüşçü olub, indi müharibə veteranıdır. Müharibədən sonra torpaqlarımızın erməni tapdağında qalması daxilən sarsırtdı onu, qapandı özünə və tədricən içkiyə qurşandı- anam belə deyirdi. Anama həm inanırdım, həm də yox. Anamın dilindən eşitmişəm ki, atama içki qətiyyən olmaz, çünki müharibədə başından zədə alıb. Hər bir halda atamı içkili vəziyyətdə görmək bütün ümidlərimi qırıb məhv edir. Baxın, indi mənim yaşıdlarım isti evlərində oturub dərslərini oxuyurlar, mən isə... ehh...- bu anda onun soyuqdan qızarmış yanaqlarında yaş gilələndi,  gözünün yaşını əlinin tərsiylə silərək danışmağa davam  etdi.- Atam hər axşam evə içkili gəlir, hamımızı söyür, anamı isə döyür. Yazıq anam səsini də çıxarmır, daim atamı sakitləşdirməyə çalışır, – qonşulardan ayıbdır- deyir. Atam isə qonşuları da söyürdü. Anam Allaha yalvarırdı ki, kimsə eşitməsin, rüsvay olmayaq. Bacım atamı içkili görən kimi ağlamağa başlayır. Bu olanlara seyrçi qala bilmirəm, içimdə atama böyük üsyan baş qaldırır. Anama əl qaldıranda isə ona nifrət edirəm. Yazıq anam yorğun, üzgün halda işdən qayıdır ki, ev işlərini də səhmana qoysun, bizə yemək bişirsin, paltarlarımızı yusun, o, isə anama əzab verir. Atam hər səhər yuxudan oyananda üzündə dərin peşmanlıq ifadəsi görürəm, sərxoş vəziyyətdə etdiyi bütün hərəkətlərə görə xəcalət çəkir, üzülür sanki. Ancaq axşam yenə də  evə yıxıla-yıxıla gəlir, deməli, o bizi yox, içkini sevir, çünki bizim rahatlığımızı, xoşbəxtliyimizi, gələcəyimizi içkiyə qurban verir. Əgər bizi sevsəydi belə etməzdi.    Oğlan bu sözləri deyəndə gözlərində hədsiz kin və nifrət duydum, bu isə yaxşı hal deyildi. O, mənə tərəf döndü və birnəfəsə soruşdu: - Sizin belə atanız olsaydı sevərdinizmi? - Bəli, sevərdim...,- nədənsə heç düşünmədən belə cavab verdim. O, verdiyim cavabdan təəccübləndi, çox güman ki, məndən əks cavabı gözləyirdi. Bir qədər fikrə getdikdən sonra yenidən danışmağa başladı: -         Bilirsiniz, bir dəfə atam yenə evə içib gəlmişdi. Onda mən 6-cı sinifdə oxuyurdum, bacımın isə 5 yaşı vardı. Bacım üçün rəsm çəkmişdim və orda mehriban ailəni təsvir etmişdim. Bacim rəsmə baxıb sevinir, tez-tez ailə üzvlərini adlarıyla sadalayırdı. Bu vaxt atam anamla dalaşırdı. Bacım gözlənilmədən qəribə özünəməxsus hirslə qələmi  götürüb rəsmdəki ata şəklini qaraladı. Atamın görəcəyindən qorxdum və rəsmi gizlətdim. Bacım nə qədər ağlasa da, rəsmi ona vermədim. O, küsüb ağlaya-ağlaya yuxuya getdi. Gecə o yuxudaykən alnından öpüb üzr istədim. Səhər atam yuxudan qalxanda rəsmi ona göstərdim və anladı.. Həmin gecə atam evə ayıq gəldi, bizim üçün yemək də bişirdi, hətta bacım üçün rəsm albomu və boyalar da almışdı. Anam bizdən də çox sevinirdi, sanki yenidən həyata gəlmişdik. Düşündüm ki, rəsm məsələsi atama bərk təsir edib və daha araq içməyəcək. Bir sözlə, çox sevinmişdik, lakin ertəsi gün eyni mənzərə təkrarlandı. Elə o anda bütün ümidlərim puç oldu. Ən pisi də odur ki, o gündən bacım mənə olan inamını qismən itirdi, əşyalarını məndən qoruyur, qorxur ki, həmin rəsm əsəri kimi əlindən alaram və vermərəm. Hələ də o rəsmi saxlayıram, özümə söz vermişdim ki, həyatımız qaydasına düşsə o rəsmi yenidən işləyib ona verəcəm., təəssüf ki, artıq ümidim yoxdu.   O, susdu və baxışlarını çox uzaqlara dikdi. Ümidsiz və boğuq səslə dedi: -         Evə dönməyimə az qalıb, birazdan atam yatacaq və mən gedəcəm. Axşamları heç sevmirəm, bəlkə də hamı sevinir ki, axşamları bir yerə yığışırlar, mən isə gecələri qara kabus kimi görürəm, və bir şeyə əminəm ki, axşam saatlarında keçirdiyim bu park evimizdən isti, bu daş səki isə divanımızdan yumşaqdı!..   Qəribə və qarışıq haldaydım. Balaca oğlanın həyat hekayəti məni çox sarsıtmışdı. Hələ ki, onun danışdıqlarının təsirindən çıxa bilmirdim. O, yerindən qalxıb 2-3 addım irəli gedib geriyə döndü və sakit tərzdə  dedi: -         Sizcə mən nə edim? Evdən qaça bilmirəm, çünki anamı, bacımı qoyub gedə bilmərəm, atamı da evdən qova bilmərəm. Ancaq bu gedişlə də məhv oluruq. Bəlkə mən də oxumayım, gedib işləyim, pul qazanıb anama kömək edim?!.. Atamdan onsuz da heç bir xeyir gəlmir. O, bütün qazandığını içkiyə xərcləyir. Əgər mən qazana bilsəm, anam  da çox əziyyət çəkməz.   Onun bu sözləri məni diksindirdi, “necə yəni oxumayım?!”.. Axı oxumasa belə düşüncəli, dərrakəli uşağın həyatı məhv ola bilərdi. O, azca irəlidə olan ağacın yanına getdi və ordan salafan paket götürdü, mənə baxıb dedi: -         Bilirəm, sizə maraqlıdır salafanda nə olduğu. Burda dərs kitablarım var. Dərs başlayanda anam bacıma çanta aldı, mənə almağa isə pulu çatmadı. Mən də anama yalandan dedim ki, onsuz da əksər uşaqlar kitabları salafanda gətirirlər məktəbə, əslində mənim üçün fərqi yoxdu, təki içində kitablar olsun. Sizə bir həqiqəti deyim ki, bu günkü dərslərimə tam hazır deyiləm, artıq bu məni o qədər də narahat etmir. Ailəmə kömək etməliyəm. Məndən soruşsaydılar ki, “ən böyük arzun nədir?” heç düşünmədən cavab verərdim “Atam içkidən uzaqlaşsın”.   Onun sinəsi sözlə doluydu, danışdıqca yüngülləşirdi az da olsa. Onu dinləməyimdən çox razı idi, axı o heç kimə deyə bilmuirdi içindəkiləri, ürəyindəkiləri, özü demiş, “onsuz da heç kim məni anlamayacaq”.. Hiss etdim ki, getməyə  hazırlaşır, ancaq mənim də ona deyəcəklərim çox idi. O qədər çaşqın idim ki, heç bilmirdim nədən və necə başlayım. Ondan kitab-dəftərlərinə baxmaq üçün icazə istədim. Təbii ki, həvəslə açıb göstərdi. Gündəliyinə baxanda gözlərimə inanmadım, hamısı “5”  idi, adı isə Qismət Şahverdiyev.. Bəli, Qismət gözəl addır, ( bu adı ona atası qoymuşdu)  kaş ki, Qismətin qisməti də qəlbi kimi gözəl olaydı... Onu alqışladım və dedim: -         Halaldır sənə, bu cür də davam et!.. Reaksiyasından anladım ki, “davam  et” o qədər də ürəyincə olmadı... köks ötürdü.. Bu cür gələcəyi parlaq ola biləcək uşaq niyə valideyn səhvi ucbatından əziyyət çəkməlidir axı?!.. Niyə onun gələcəyi məhv olmalıdır?!.. Suallar içində vurnuxurdum və düşünürdüm ki, ilk növbədə atasına olan nifrəti yox olmalıdır. Ona yaxınlaşıb başını sığalladım və sözə başladım: -         Sən ağıllı oğlansan Qismət!. De görüm, müharibədə xalq, torpaq üçün vuruşmuş və onun acılarını canında yaşadan bir insana nifrət etmək olarmı?!..   O qədər həssas və duyumlu idi ki, nə demək istədiyimi dərhal anladı və başını aşağı saldı. Qismətdə anlayış tapmağımdan həvəslənərək söhbətimə daha həvəs və inamla davam etdim. -Əlbəttə ki, nifrət etmirsən, sadəcə onun içkili halı qorxunc görünür. Sənə elə gəlir ki, o araq içəndə dönür başqa insan olur- yad və rəhmsiz.. Bunlar təbiidir, ancaq görürsənmi, ayıq vəziyyətdə onu çox sevirsiz. Deməli, atan daxilən çox gözəl insandı, sadəcə ona kömək lazımdı. İçki onun qanına yeriyib, ona müalicə lazımdı.   Mən danışarkən onun gözlərində ümid qığılcımları gördüm. Bu məni sevindirdi. Birdən ümidli gözlərində məyusluq da hiss etdim. O, utana-utana dedi: -         Bizim pulumuz çatmaz onun müalicəsinə, anamın qazancı bizə güclə çatır. Atam içən olduğundan qohum-qonşudan heç kim bizə borc verməz.   Qismətin çarəsiz vəziyyəti ürəyimi ağrıtdı, axı onun günahı nəydi ki, bu yaşında taleyin ağır yükünü daşıyırdı?!.. Mən arxayınlıqla dedim: -         Pulu mən borc verərəm, sonra imkanınız olanda qaytararsan. Pul ancaq onun iynə-dərmanlarına lazım olacaq, həkim puluna görə narahat olma, yaxın dostum bu sahə üzrə peşəkar həkimdi, təmənnasız kömək edəcək.   O, çox fikrə getdi, nələr düşündüyünü tam da olmasa, qismən anlayırdım. Təklifimi qəbul etdi, borcu qaytarmaq şərtilə, təbii ki. Sağollaşarkən ona dedim: -         Əsas odur ki, atanla ayıq vaxtı danış, həkimə getməyə razı sal.   Həkimin ünvanını yazıb verdim, bir də cibimdə olan 200 manat pulu. O, evə gedərkən bayaqkından daha inamlı və arxayın görünürdü. Mən isə hər şeyin düzələcəyinə, işığın qaranlığa qalib gələcəyinə inanırdım. Ayrılarkən mənə təkrar-təkrar minnətdarlıq etdi.    Evə çatanda anladım ki, üzərimdə bir əsrin yorğunluğu var, ağrılarım var.. Ancaq bu fiziki yox, mənəvi yorğunluq, mənəvi ağrılar idi...    Bir müddət parkın yanından keçmədim, yolumu uzadib başqa küçəylə gedirdim. İstəmirdim ki, Qismət məni görüb pulu qaytarmaq haqda düşünsün, yaxud sıxıntı keçirsin. Ancaq həm də o ailənin taleyindən nigaran qalmışdım.. Nəhayət, bir axşam parkın içiylə getməyə qərar verdim. Qismətin həmişə oturduğu yerə boylandım, yox idi. Bilmədim buna sevinim ya kədərlənim?. Artıq hər gün parkın içiylə getməyə başladım, ancaq Qisməti görmürdüm.   Bir gün yenə də parkın ətrafına boylana-boylana keçirdim, arxadan kiminsə çağırdığını eşitdim: -Xanım... xanım...- deyə səs gəldi.. Arxaya döndükdə Qisməti gördüm. Sevindim, həm də şübhələndim, əgər hər şey qaydasındadırsa- o burda neynirdi? Üzündə təbəssüm mənə yaxınlaşıb təngnəfəs dedi: - Adınızı da deməmisiniz mənə, bilmədim necə çağırım sizi. Oturacaqda əyləşib nəfəsini dərdi və sözə başladı: -         Neçə vaxtdı bura gələ bilmirəm, inanırsız ki, sizlə görüşdən sonra evimizdə günəş doğdu sanki. Atama sizin məsləhət gördüklərinizi dedim, təbii ki, öz adımdan. Axı siz tapşırdınız ki, haqqınızda heç nə deməyim. Əvvəlcə anamla danışdım, sonra atamın ayıq vaxtında ona dedim. Əvvəlcə qəbul etmədi, məyus oldum, ancaq ertəsi gün razılaşdı və sizin yazdığnız ünvana getdik. Həkim adımı soruşdu. Atam anlamadı, ancaq mən anladım ki, həkimə mənim adımı vermisiz, axı başqa heç kimin adını bilmirdiz. Həkim müayinə və analizlərdən sonra atama dedi ki, “müalicəylə sağalması mümkündü, ancaq deyilənlərə ciddi riayət etməlisən”. Atam sağalması üçün nə lazımsa edəcəyinə söz verdi. Həkimin təyin etdiyi müalicəyə başladıq. Artıq neçə vaxtdır ki, atam içmir, özünü yaxşı hiss edir,  hətta dostlarla məclisdə də içkidən yan qaçır. Hər dəfə müayinəyə gedəndə həkim atama “qəhrəman döyüşçü” deyə müraciət edirdi. Nə vaxtsa atamla fəxr edəcəyim  ağlıma belə gəlməzdi. Çox sağ olun, xanım, çox minnətdarıq sizə!. Siz olmasaydız bunları nə düşünə, nə edə bilməzdik.    O, bütün bunları birnəfəsə danışdı, elə xoşbəxt və şən idi ki, sevincdən gözlərim yaşardı. Sevincimi duymamaq mümkün deyildi.  Qismətin əlində salafan paket gördüm və təəccüblə baxdım, o, dərhal təəccübümü anladı və gülümsəyərək dedi: -         Narahat olmayın, kitablarım deyil, sizə kiçik hədiyyə almışam. -         Hədiyyə qəbul etmirəm- deyə üzümü turşutdum. -          Xahiş edirəm, kiçik hədiyyədi, məndən sizə yadigar qalsın, baxanda məni xatırlayın. Özü gedəndən sonra hədiyyəni açmağımı rica etdi. Onu qırmamaq üçün hədiyyəni qəbul etdim.   Telefon zəngi eşidildi. Qismət telefonu cibindən çıxarıb cavab verdi: -         Bəli, ata, indi gəlirəm. O, başını qaldırıb səmaya baxdı, göyün üzü açıq idi. Ay və ulduzlara baxa-baxa dedi: -         Kim deyir ki, ay və ulduzlar əlçatmazdı, insan istəsə hər şey onun üçün ram ediləndir, çünki mən də bu günləri mümkünsüz hesab edirdim. Bunun üçün sizə çox minnətdaram, əziz və dəyərli xanım!..   Bəli, o mənə sadəcə “xanım” deyirdi, çünki adımı deməmişdim və bilməyini  də istəmirdim. Biz sağollaşıb ayrıldıq. Qismət getdikdən sonra oturacaqda əyləşib səmanı seyr etdim, birdən mənə elə gəldi ki, əlimi uzatsam ulduzları tuta bilərəm.    Hədiyyəni açdım. Bu üz qabığında dəniz və şəhər təsviri olan dəftər idi... Bu sürpriz mənə xoş təsir bağışladı, açdım, vərəqlədim və dəftərin arasında zərfi gördüm. Zərfi açdım, içində 200 manat pul və məktub vardı. Məktubda yazılmışdı:      “Əziz və dəyərli xanım!. Əvvəla sizə çox minnnətdarıq hər şeyə görə!. Zərfi sizə birbaşa versəydim yəqin ki, qəbul etməyəcəkdiz və narazılığınızı bildirəcəkdiniz. Onu deyim ki, dəftərin üzündəki dəniz təsvirinin sizin dənizlər qədər geniş, daim dalğalı, düşünən qəlbinizin olmasıdır. Şəhər isə insanlığı, yaşamı əks etdirir. Demək istəyirəm ki, ədalətli dünya, insanlıq sizin kimi geniş və xeyirxah qəlbli adamların çiynində, ruhunda bərqərardı. Pula gəlincə, anama söylədim həqiqəti, çünki yalan desəm də inanmayacaqdı. Ancaq narahat olmayın, adınızı bilmədiyimdən anama da demədim. Pulu qaytarmağıma hirslənməyin, əksinə- sevinin. Yadınızdadırsa, bunu borc almışdım, borcu isə qaytararlar., axı mən də gələcəyin bir kişisiyəm, kişi də sözünün ağası olmalıdır. Bacımın da güvənini geri qazandım, rəsmi olduğu kimi işləyib ad günündə ona hədiyyə etdim, çox sevindi... Onu bilin ki, sizi tanımasam da, mənə göstərdiyiniz mərhəmətə, inama və anlayışa hər zaman layiq olmağa çalışacam. Buna borcluyam!..”   Məktubu oxuduqdan sonra gözlərim doldu, təsirləndim, həm də sevindim. Qeyri-adi və izahı mümkün olmayan hisslər yaşadım, bəlkə də həyatımda heç nəyə bu qədər sevinməmişdim. Ətrafda qəribə sakitlik vardı, bu səssizlik ruhuma dinclik və rahatlıq bəxş edirdi. Parkın kənarıyla addımlayırdım, işıq dirəklərindən cəmi ikisində lampa yanırdı, amma mənə elə gəlirdi ki, hər tərəf işıqlıdır, qaranlıqlar yox olmuşdu.. Bu hansısa lampa işığı deyil, qəlbimizin işığıydı... İşıq insanların içindədirsə - deməli, dünya nura boyanır. Bu- işığın qaranlıq üzərində daimi qələbəsi idi.. Ülviyyə Niyazqızı Faktinfo.az 

30 Yanvar 2017 11:29

Cehizimiz kitab olsun!

Bəşər düşüncənin nadir kəşfi olan Kitab oxumağın mənası zənginləşməkdir, inkişaf etməkdir, təmizlənməkdir, özünü və bütün kainatı kəşf etməkdir. Oxumaq- zehni, fiziki və ruhi istiqamətdən inkişafa gətirib çıxarır. İstər bir kitab olsun, istər bir qəzet- oxunan hər şey, oxunanda bir təsir buraxır, iz qoyur, həyatın görünməyən tərəflərini anladır.. Xoşbəxtliyin tərifi olan daxili dincliyi tapmağın yollarından biri də oxumaqdır. Bütün çətinliklər, kədərlər, dərdlər, problemlər oxumamaqdan, cahillikdən irərli gəlir. Xoşbəxt olmaq üçün, həyatda özün olmaq üçün, cəmiyyətə faydalı gücə çevrilmək üçün bilik və dünyagörüşü mənbəyi olan kitab oxumaq ən yaxsi vasitədir. Kitab oxumagi, mutaliə etmeyi hədsiz sevirəm.. Kitablar mənim bu dünyadaki ən yaxin, ən sadiq dostlarimdir.. Kitab oxuyarkən aldigim zövqü bu həyatda heç nədən almiram.. Ən sıxıntılı animda əlimə bir kitab alib oxuyuram.. Yüngülləşirəm o zaman.. Dünya nura boyanır gözümdə. Sanki, mənim butun stresimi, sixintimi alib gotûrür kitablar.. Mən evimizin ən gözəl yerini hər zaman kitablarim üçün ayirmişam... O qədər dəyərlidir, kitablar mənim üçün.. Istər kompyuter, istərsə də telefon- kitabin verdiyi biliyi heç bir qurğu əvəzləyə bilməz.Kitablarda verilən məlumatlar reallıqdır. Hər kəsin bir zövqü var, mən daha çox reallığa yaxın, fantastikadan uzaq , dedektiv, vətənpərvər, fəlsəfi, eyni zamanda düşündürücü kitablara üstünlük verirəm. Kitab- tarixdir, dünənimiz, bu günümüz, ağıllı sabahımızdır. Dahilər kitabı gələcək nəsillərə ən böyük mənəvi vəsiyyət adlandıranda nə qədər haqlıymışlar. Əsrlərdən əsrlərə bütün dəyərlər kitab vasitəsiylə gələcək nəsillərə ötürülür. Kitab nəsillərarası və əsrlərarası bir etibarlı körpüdür, hamı keçməlidir bu həyat və zəka körpüsünü... Düşünürəmki xanimlar kişilərə nisbətən daha çox kitab oxuyurlar. Xanımların daha çox kitab oxumasi ailələrin və onlarin gələcək övladların savadlanmasi deməkdir. Haci Zeynalabdin Tağiyev deyirdi ":Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsan,bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsan" .Doğrudan da qızil sözlərdir. Müşahidələr göstərir ki, qadın savadlı olduqda həmin ailənin uşaqları daha yüksək səviyyədə bilik qazana bilirlər.Cəmiyyət üçün dəyərli şəxslərə çevrilə bilən gənclərin tərbiyyə olunması üçün məktəblə yanaşı ailənin böyük rolu olduğu danılmazdır.Bəşəriyyətin xilas yolu elm və təhsildir.İstənilən cəmiyyəti məhv edən elmsizlikdir, savadsızlıqdı.Hər hansı bir elmə yiyələnmək üçün kitab oxumaq lazımdır. Çox istərdimki gənclərimiz orta məktəb həyatı ilə vidalaşıb yeni həyata qədəm qoyduqları zaman onlara müxtəlif bahalı hədiyələr əvəzinə qiymətli kitablar hədiyyə olunsun. Arzu edərdim ki, “8 mart Beynəlxalq Qadınlar bayramı günü”,”2 fevra Gənclər günü” və s. əlamətdar günlərdə ən qiymətli hədiyyə kimi güllə yanaşı kitablar hədiyyə olunsun. Ailə həyatı quranda xanımlar cehiz düşünərkən yalnız bahalı qablar, mebellər haqqında düşünməsinlər. Xanımlar bunlarla yanaşı seçdikləri mebəllərə uyğun kitab şkafı aparmaq barəsində düşünsunlər. Onlar yeni ailəyə köçən zaman düşünsunlər ki, hansı kitabları aparacaqlar. Əgər kitablara bu şəkildə üstünlük verilərsə cəmiyyətimizdə savadlı ,hərtərəfli dünya görüşünə malik gənclərin yetişməsinə , müstəqil Azərbaycanımızın dahada inkişaf etdirilməsinə nail olarıq. Mənim üçün ən böyük cehiz Kitabdır!İstərdim toy mərasimlərində yeni xoşbəxt ocaq yaradan gənclərimizə qiymətli daş-qaşların əvəzində sönməz ocağı xatırladan kitablar təqdim olunsun ən dəyərli cehiz kimi... Hər zaman canlı, hər zaman öyrədən, hər zaman insanı özünə, əslinə- nəslinə, insanlığa qaytaran sehirli zəka lampası kimi. Türanə Əzizova Ismayilli Mərkəzləşdirilmiş kitabxana sisteminin məsul işçisi

30 Yanvar 2017 11:16

Dələduzluqda ittiham edilən şəxs – “O, pulların yazıçı Anara aid olduğunu deyirdi”

"Yazıçı” Nəşriyyatının rəhbəri Şəmsi Vəfadar yazıçı Anarın müşaviri Rauf Aslanova qarşı dələduzluq etməsi ilə bağlı iddialara cavab verib. Faktinfo.az xəbər verir ki, Ş.Vəfadar Publika.az-a açıqlamasında Rauf Aslavdan borc aldığını təsdiqləyib. Lakin vəziyyətin onun iddia edildiyi kimi olmadığını deyib: “Mən Rauf Aslanovdan notarius vasitəsilə 20 min manat borc almışam. Hər aya görə 3 faiz də əlavə ödəniş etmişəm. Borcu manat hesabı ilə almışam, məzənnə dəyişəndən sonra onun tələbi ilə notariusa gedib müqaviləni yenilədik və mənim borcum dollarla göstərildi. Hər ay 900 dollar pul ödəmişəm, sonra isə bir dəfə 15 min və 5 min manat ödəyərək borcumu bağlamışam. Bununla bağlı əlimdə sənədlər də var. Mən ona olan bütün borclarımı ödəmişəm. Lakin ikinci devalvasiyadan sonra Rauf Aslanov ona əlavə 20 min manat da ödəməli olduğumu dedi. O, pulların gah Anarın, gah Fikrət Qocanın, gah da Çingiz Abdullayevin olduğunu deyirdi. Lakin Çingiz müəllimdən soruşdum bunu inkar etdi. Mən isə Rauf Aslanova hər dəfə borc müqaviləsini və ona ödənişlərimi xatırladırdım. Borcum olmadığını bildirirdim. Əgər etirazı varsa, məhkəməyə müraciət etməyi tövsiyə etmişəm. Mənim ödədiyim pulları sənədlər vasitəsilə təsdiq edə bilərəm. Onun da əlində sənəd varsa, mətbuata açıqlasın. Mən özüm hüquqşünasam, müqavilədə yazılanın hansı mənaya gəldiyini bilirəm". Ş. Vəfadar bildirir ki, R. Aslanov uzun müddətdir sələmçiliklə məşğuldur və hər dəfə də borc verdiyi insanlara belə problemlər yaşadır: “Rauf Aslanov onlarla adamın evin, maşının bu qaydada əlindən alıb. Bu adamın işi sələmçilikdir. Yazıçılar hamısı ondan narazıdır. Özü sələmçiliklə məşğul olur, kənarda Anar müəllimin adından istifadə edir. Sələmə verdiyi pulların gah Anar müəllimin, gah da Ənvər Seyidovun olduğunu deyir. Təəssüf ki, mən bu problemləri borc götürəndən sonra bilmişəm. İndi saytlara açıqlamasında polisə müraciət etdiyini deyir, lakin bunun üçün polisə müraciət etməyə ehtiyac yoxdur”.

27 Yanvar 2017 17:08

“Başım çox bəlalar çəkib…” –“Yeddi oğul istərəm”in Cəlalı

Azərbaycanın əməkdar artisti, aktyor Ənvər Həsənovun "Report"a müsahibə verib. Xatırladaq ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. Aktyor “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. Strateq.az həmin müsahibəni təqdim edir: – Bir neçə gün bundan əvvəl səhhətinizdə problem olduğunu bildirdiniz. İndi necəsiz? – Bəli. Demək olar 3-4 aydır soyuqdəymədən əziyyət çəkirəm. Pirquluda bağ evim var, tez-tez ora gedirəm. Yəqin həmin evdə mənə soyuq dəyib. Hazırda ev şəraitində müalicə alıram. Mən son vaxtlar xəstəxanaya getmirəm. Çünki həkim dostlarımın əksəriyyəti dünyasını dəyişib, qalanları isə başqa sahə üzrə fəaliyyət göstərirlər. Tanımadığım həkimlərə isə müraciət etmirəm. Çünki başım çox bəlalar çəkib (siqaretini yandırır)… Gəlin, səhhətim yox, sənətim haqqında danışaq. Axı kimə maraqlıdır mənim səhhətim?! Hazırda qızım və nəvəm mənimlə yaşayır, kifayət qədər qayğıma qalır. Başqalarına əziyyət vermək istəmirəm. Ancaq fərqi yoxdur: ya kişi ya qadın olsun. Hər bir insanın bu yaşlarda, xüsusilə də səhhəti yaxşı olmayanda yanında onu sevən birinə, həyat yoldaşına ehtiyacı var. – Uzun müddətdir filmlərə çəkilmirsiniz. Görəsən, yenidən sizi ekranlarda görə biləcəyik? – Əslində, seriala çəkilmək üçün dəvət edirlər. Bir dəfə gələn təkliflərdən birinə baxmaq qərarına gəldim. Ssenarini oxumaq istədim. Axı bilməliyəm serialın əvvəli, ortası və axırı necədir? Ancaq ssenarini vermədilər, həmçinin qonorar da məni qane etmədi. – Əgər sirr deyilsə, nə qədər təklif edildiyini bilmək olar? – Əlbəttə. Məvacib kimi 600 manat təklif olundu. Təbii ki, çəkiliş meydançası uzaqda olduğundan bu məbləğin yalnız avtomobilimin yanacaq puluna bəs edəcəyini düşündüm. Üstəlik, ən yüksək qonararın mənə veriləcəyini bildirdilər. – Ümumiyyətlə, son zamanlar çəkilən filmləri bəyənirsinizmi? – Xeyr. Təəssüf ki, maddiyyata görə yalnız müasir filmlərin çəkilməsinə üstünlük verilir. Axı nə qədər komediya filmləri çəkmək olar: bacanaqlar, bacılar, qardaşlar, yox bir əmiuşaqları (gülür)… – Sizcə, problem nədən qaynaqlanır? – Təbii ki, çəkiliş meydançasında olmadan heç kim haqqında fikir bildirə bilmərəm. Bəlkə də problem akyorlarda yox, rejissorlardadır. – Bəs dərs deməyiniz üçün təkliflər gəlirmi? – Əlbəttə. Ancaq mən çəkiliş meydançasında böyümüş adamam. Müəllim kimi işləməyə səbrim çatmaz. P.S.Müsahibə boyu Ənvər Həsənova zənglər gəlir, səhhəti ilə maraqlanırdılar. Bizi yola salarkən ayağında problem olduğunu gördüm. Bunun səbəbini soruşduqda, iynə vurulandan sonra belə olduğunu, bir-iki günə keçəcəyinə ümid etdiyini söylədi.

27 Yanvar 2017 11:48

YANVAR.. YUXU… ƏZABLARIM….-Xeyrulla Ağayev yazır

YANVAR ayı.. İlin ilk ayı.. Ən çox qorxduğum AY.. Ağır hisslər və acı gözləntilər içində yaşayıram bu ayı.. heç kəsə hiss etdirmədən. biruzə vermədən... xarakterimə uyğun olaraq.. "Pisi mənimdi, yaxşını başqalarına verməliyəm".. Yanvarla bağlı içimdə yaşananların öz tarixçəsi var....2006-ci ilin iyul ayı idi, tezdən durub dostlarımla Qəbələyə "Çənlibel" istirahət mərkəzinə yola düşməliydim, həmişə gec yatsam da, bu gecə tez yatmalı oldum, tezdən qalxmalıydım... və gecə çox dəhşətli yuxu gördüm.. Yuxu görmürəm adətən, nadir hallarda görsəm də- yadımda qalmır təfsilatları, yalnız kimi görmüşəmsə, o yadıma gəlir- filankəsi görmüşəm yuxuda, daha necə, harda, hansı şəraitdə, nə dedi-danışdı, yadımda qalmır. (yuxunun yaddaşımdan silinməyinin də öz tarixçəsi var- 25-30 il əvvəl tez-tez çox qarışıq və qorxulu yuxular görərdim, bu məni yorur və çox narahat edirdi, bir həkim dostum mənə yuxunu unutmaq üçün səhər oyanan kimi sağ gicgahımı qaşımağı məsləhət bildi... və xeyli müddət belə elədim, doğrudan da yuxular unudulmağa başladı və heç inanmadığım yuxu gərginliyimə son qoyuldu)....Bəli.. həmin gecə yuxu gördüm.. Ağ paltarlı nurani, pirani bir kişi çox cazibədar təbəssümlə, çox şirin dillə mənə dedi ki "Səni yanvar ayında aparcağam".. daha hara, necə, niyə aparacığını demədi və qeyb oldu getdi.. Oyandım- tərləmişdim və ürəyim bərk vururdu, həyəcan hiss olunurdu... Tezdən oyanıb istirahətə yola düşdüm, yuxuda gördüyümə məhəl qoymadan.. axı hələ iyul ayı idi....2 yanvar 2007-ci il... "Sabit Orucov" gəmisi ilə Neft Daşlarına gedirik. 1 həftə fırtına olduğundan gəmilər işləməmişdi, neftçilər növbəni dəyişə bilməmişdilər, dənizdəkilər orda qalıb sahilə çıxa bilməmişdilər, sahildəkilər də işə getmək üçün gəminin gedəcəyi günü gözləyirdilər. Ona görə dəniz limanında izdiham vardı, gəmiyə minmək istəyən çox olduğundan basabas yaranmışdı. Həmkarım Bəhruzla gəmiyə minib kapitan Kamilin kabinəsinə qalxdıq, tv-yə baxır, çay içə-içə nərd oynayırdıq. Hava küləkli olsa da, çox təcrübəli kapitan Kamil dənizə çıxmağa razılıq vermişdi. Açıq dənizə çıxan kimi güclü fırtınanın şahidi olduq, dalğalar gəmini oynadırdı, ləngər vuran gəmidə biz oturan kabinədə televizor, soyuducu. bütün mebellər aşmağa başladı, dalğalar hətta belə nəhəng gəmininn üstündən aşıb keçirdi.. hiss etdik ki, vəziyyət yaxşı deyil.. Çox fırtınalar görmüş kapitanın da üzündə gərginlik və narahatlığı duyanda vəziyyətin çox ciddi olduğunu anladım... tez aşağı düşüb göyərtəyə çıxdıq, bərk şaxta olmasına baxmayaraq gəmidəki 450 nəfərin hamısı göyərtəyə toplaşmışdı.. coşan dalğalar hamını qılınc kimi çırpsa da heç kəs buna məhəl qoymadan ümidsiz halda dənizə və insana nərə çəkən pələngi xatırladan dalğalara baxırdılar.. heç kəsin səsi çıxmırdı, sanki ölüm kabusu bürümüşdü gəmini... Heç kəsin üzündə həyat əlaməti yox idi.. ağappaq, rəngi solmuş donuq sifətlər.. hətta bir neftçinin çarəsizlikdən ağlaya-ağlaya dediyi "ay sizə qurban olum, nolar bir danışın da, bir insan səsi eşidək burda" sözləri də bu üzücü sükutu poza bilmədi.. Ölüm sükunəti... bir-birimizin üzünə baxıb nəsə təsəlli də tapa bilmirdik.. Bu çoxluqda bir yoxluq, tənhalıq duyulurdu.. 6 saat bax beləcə YOL getməli idik.. vəziyyət getdikcə ağırlaşırdı. küləyin sürəti açıq dənizdə 25 metrə çatırdı, halbuki 15 metr küləkdə gəmiyə icazə verilmir dənizə çıxmağa..- bu firtina hesab edilir, indi isə külək 25 metrə çatıb, dalğaların da hündürlüyü getdikcə yüksəlirdi.. kapitan məcbur olub bir neçə dəfə SOS siqnalı da verdi., ancaq Xəzərdə elə gəmi hardaydı ki, bizə köməyə gələ biləydi.... Adətən həmişə təmkinli görünən kapitan Kamil mənə astaca pıçıldadı- qalan sərnişinlərə hiss etdirməmək üçün- "Müəllim, vəziyyət yaxşı deyil.. gəminin yana çevrilməyi qorxulu deyil, ancaq altdan deşilməyindən qorxuram"... Bəli, artıq hiss etdim ki, ölümlə üz-üzəyik.. o anda nələr yaşadığımı ifadə etməkdə çətinlik çəkirəm.. və bu an 6 ay əvvəl gördüyüm yuxu yadıma düşdü.. bəli, O nurani kişi mənə demişdi axı "səni yanvarda aparacağam".. bu da yanvar... dəniz.. fırtına... və çıxılmaz vəziyyət.. Dostoyevskini xatırladım, güllələnməyə məhkum olunmuş yazıçının ölümqabağı hissləri, düşüncələri ani gəlib beynimdən keçdi... telefonumu çıxarıb ölümqabağı düşüncələrimi yazmağa başladım.. bir az yazdım.. sildim.. ağır vəziyyətdə olmağımızı bildirən mesajlar yazdım- əlim gəlmədi kiməsə göndərməyə.. istəyirdim son sözlərimi yazım, nə baş verdiyini bilsinlər, məndən nəsə son söz kimi yadıgar qalsın.. oğluma, qardaşıma ya əmioğluma yazıb göndərim... qıymadım- axı onlar oxuyub nələr çəkəcəklər.. bəlkə də ürəkləri dözməyəcək.. axı hara gedəcəklər. nə edə biləcəklər.. biz ki dənizin ortasındayıq. heç kəsin bura əli çatmır.... Ölüm.. Dəniz.. Dalğalar... Yol.. Düşüncələr... və Yuxu kabusu... Dəniz mənə o anda həmin ağ paltarlı nurani kişini xatırladırdı... üstümə gəlirdi.. bu dəfə xoş təbəssümlə yox- qəzəblə, nifrətlə, nərə ilə, sifətində qorxunc ifadə ilə.. cəllad kimi.. Əzrayıl kimi.. Bəli... Ölümün üzünə dik baxa-baxa beləcə dalğaları yara-yara irəliləyən gəmiylə biz də ümidsiz halda irəliləyirdik... bilmirdik ölümə doğru gedirik ya həyata doğru... hər saniyəsi bir insan ömrü qədər uzun görünən bu dəhşətli anın yaşantıları böyük bir kitabın mövzusudur.. bunu dəniz həyatı yaşayanlar daha yaxşı anlayarlar...Tale bizə qıymadı ölümü... 450 nəfər... hərəsinin arxasında neçə insan taleyi dayanır. ailə-uşaq.. qohumlar.. yaxınlar.. dostlar... çətindir bu faciənin miqyasını dilə gətirmək... Qurtulduq.. və 6 saatlıq əzablı yoldan sonra nəhayət ölüvay halda yaxınlaşırdıq Neft Daşlarına.. Dəniz şəhərinə yaxın ərazidə dənizdə "Sərxoş döngə" (Pyanıy pereulok) adlanan yer var ki, gəmilər üçün çox qorxuludur, dənizdə axının güclü olması səbəbindən.. oranı da birtəhər üzüb keçdik.. indi hamızı bir dərd götürmüşdü- belə küləkdə gəmi körpüyə yan ala biləcəkmi??.. axı fırtınalı havada körpüyə yan almaq çox çətindi.. və bəzən mümkün olmayıb gəmi geri qayıtmalı olur.. indi də bu vəziyyətdə gəmi yan ala bilməsəydi təzədən Bakıya doğru 6 saat beləcə ölüm ab-havalı yol qayıtmalıydıq.. bu isə hamımızın sonu demək idi, heç kəsin salamat çıxacağına güman yox idi...Şaxtalı havada göyərtədə islanmış, ümidsiz insanların geriyə qayıdıb sahilə sağ çıxacaqları inandırıcı görünmürdü... Şükürlər olsun ki, çətinliklə də olsa gəmi yan ala bildi, estakadalardakı texnikanın köməyilə.. gəmiçilərin fədakarlığı sayəsində... Gəminin trapından Neft Daşlarına düşəndə necə sevinirdik ilahi.. yenidən həyata qayıtdığımızı anlayırdıq.. təkrar yaşamaq şansı qazanmışla kimi..ancaq heç kəsin dili söz tutmurdu ki, kiməsə nəsə desin... eləcə lal-dinməz yataqxanalara üz tutduq....5 yanvar 2007-ci il... Yaşadığım evdə kanalizasiya xətti tutulmuşdu, qonşularla məsləhətləşdim, dedilər həyətdə kislota (ədəbi dildə turşu desək də, xalq dilində ehtiyac duydum bu sözü yazmağa) satırlar, ondan tök, açılacaq xətt. Həyətdə "Xlor var, xlor.." çağıran qadından kislota alıb gətirib tökdüm mətbəxdəki kanalizasiya xəttinə.. və birazdan ordan köpük geriyə axmağa başladı.. qab qoyduq ki, köpük yerə dağılmasın.. bu an köpüklü qab tüstülənməyə başladı.. evi qap-qara boğucu tüstü bürüdü.. çöldə hay-küy səsləri eşidilirdi.. binanın sakinləri hamısı həyətə tökülmüşdü, sən demə kislotanın iyivə vahiməli fışıltısı bütün binanı bürüyüb.. və qapımızı döyüb tez həyətə qaçmağı tələb etdilər.. o biri otaqda əmim Quran oxuyurdu, dedim "Əmi, ev yanır, tez düşün həyətə".. qaçaraq düşdük həyətə.. birdən yadıma düşdü ki, əlil oğlum Bəxtiyar evdə qalıb, az qaldı ürəyim partlasın- tez evə tərəf cumdum, qonşular məni qoymurdu ki, "evə getmə, boğulacaqsan"... dayana bilməzdim.. özümü 6-cə mərtəbəyə çatdırdım birnəfəsə... tünd boğucu tüstü basmış evə girdim, heç nə görünmürdü, öskürməyə başladım. boğulurdum.. ancaq gözüm Bəxtişi axtarırdı.. gördüm mətbəx qapısı və soyuducu arasında küncdə qalıb boğulmaq halındadır... tez qucağıma alıb pilləkənlərlə ildırım sürətilə həyətə düşürtdüm.... və bir neçə saatdan sonra tüstülənmə öz özünə dayandı.. sən demə köpük yığılan alüminium qab kislota ilə reaksiya verib alışıb tüstülənib... kauçuk qab qoymaq lazımmış.. biz bunu nə biləydik.. və bu bəladan da qurtulduq... evdə hər şeyi qara zəhərli qat örtmüşdü.. və hamısını atdıq zibilliyə... qapı-pencərələri taybatay açıq qoyub ailəliklə getdik qohumların evinə.. burda hələ yaşamaq olmazdı...7 yanvar 2007-ci il.... ANAM bizə gəldi... xəstələnmişdi, ayağı bərk ağrayırdı.. ertəsi onu Tusi adına klinikaya aparata apardım.. analizin cavabını alıb apardım Eksperimental xəstəxanaya.. damar cərrahiyyəsi şöbəsinə.. Analizlərə və ANAmın ayağına baxıb həkim birbaşa dedi "QANQRENA..!!!"... bu 1 kəlmə söz məni necə titrətdisə-bütün dünya başıma fırlandı... həyat gözümdən düşdü- deməli ANAmı əlimdən alacaq bu cəllad dünya.... çarəsi yox idi... şəkərdən ayaq barmağı çürüməyə başlamışdı.. kəsib atmaq da gec idi... mümkünsüz idi....Yenə o yuxu və yuxudakı KİŞİ gəldi gözüm önünə.. və həmin gündən ANASIZLIQ əzablarına gedən günlərim başladı... və o gündən təzyiqim düşməyə başladı. başağrılarım və yuxusuzluq məni haldan saldı.. 8 ay bir dəqiqə olsun belə gözümü yuma bilmədim.. ən yüksək dozalı yuxugətiricilər atsam belə- yata bilmədim... Taleyimin ən ağrılı günləri başladı.. Depressiyanın ən ağır formasını yaşamağa başladım.. Ölülərdən məni yalnız quruca nəfəs fərqləndirirdi.. dinmirdim.. danışmırdım.. heç nə yeyə bilmirdim... boynu bükük gəzirdim... Ruhən ölü idim artıq.... ANAM ağrılardan əzab çəkəndə qulaqlarımı tutub qaçırdım... Doğmalarım da vəziyyətimi bilib məni ANAMA yaxın qoymurdular.. bu da bir başqa əzab idi... və avqustun 11-də ANAMI itirdim...... ANASIZLIQ dünyasının nə olduğunu, ANAsızların nələr çəkdiklərini anlamağa başladım.....Yenə YANVAR ayıdı.. Yeni YANVAR.. və yenə o YUXU yadıma düşdü.. və təbii ki, O nurani kişi.... Mən yuxulara inanmıram.. mən yuxu görmürəm... Mən yuxuları xatırlamıram... ancaq o YUXU hər YANVAR yaddaşımda baş qaldırır.. düşündürür məni... bəlkə də ona görə YANVAR ömrümün ən uzun ayıdır.....  Xeyrulla Agayev Faktinfo.az

18 Yanvar 2017 18:29

“Dolu”-Qarabağ mövzusunda yazılmış ən yaxşı əsər

Bu günlərdə tanınmış yazıçı –publisist,millət vəkili Aqil Abbasın “Dolu”romanı İran İslam Respublikasında nəşr edildi.Bu xəbəri nəzərə alıb roman haqqında fikirlərimizi Faktinfo.az olaraq oxuculara təqdim edirik. İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın qarşısında diz üstə düşmüşlər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər... (“Dolu” romanı, A.Abbas) Qarabağ uğrunda gedən savaş başlayan gündən ədəbiyyatın bu savaşa münasibəti bu və ya digər şəkildə özünü göstərib. Təbii ki, ədəbiyyat yaradıcıları yazıçılar, şairlər ölkədə baş verən hər hansı ciddi ictimai-siyasi hadisəyə, qarşıya çıxan həlli müşkül problemə, ümummilli ağrıya dönən hadisələrə münasibətdə heç vaxt xəsislik göstərməyiblər. Bu sahədə poeziya daha çeviklik göstərdi, çünki poeziya olsa-olsa bu müharibənin göstəricilərinə şəxsi münasibəti ehtiva etməklə, onun gətirdiyi ağrıların ümumi mənzərəsini çəkməklə, yaxud ümumi, patriotik çağrışa tez başlayıb, tez də missiyasını başa vura bilir. Ancaq onu da vurğulamaq lazımdır ki, hər hansı müharibədən bəhs edən ən geniş bədii əsər belə deyək ki, trilogiya - həmin müharibənin yalnız müəyyən anlarını canlandıra bilir. Bu əsərlər müharibənin dəhşətlərini, əzablarını, çəkilməz ağrılarını, itkiləri canlandırsa da, baş verənlərin yüzdə-yüzü olmur. Eləcə də qeyd etməliyik ki, tərəflər arasında gedən müharibə qalib tərəfin yazarlarının yaratdığı ədəbiyyat daha çox təntənəli xarakter daşıyırsa, məğlub tərəfin yazarlarının yaratdığı ədəbi nümunələr öz qəhrəmanlarının portretini çəkməklə, uduzulmanın səbəblərini aramaqla, bu müharibənin onun xalqına gətirdiyi faciələri təsvir etməklə daha çox məşğul olur. İndi isə qarşımda yazıçı Aqil Abbasın “Dolu” adlı kitabı durur. Qeydsiz-şərtsiz bu əsəri Qarabağ müharibəsi mövzusunda yazılmış ən yaxşı, nümunəvi bir roman kimi qiymətləndirirəm. Bu roman ədəbi hadisədir. Aqil Abbas XX əsrin 80-ci illərinin sonluğuyla qısa zaman kəsiyini – təxminən 90-cı illərin sonluğuna yaxın dövrün daha əzablı, daha eybəcər, daha qorxunc faciəsinin təsvirini verə bilmişdir. Bəlkə də mənim müqayisələrim kiməsə kobud, kiməsə şişirtmə kimi görünə bilər, amma mən Aqil Abbasın bu əsərini Ç.Aytmatovun “Qiyamət”i ilə eyni ölçüdə görürəm. Əsər realizmin bütün ovqatlarını özündə cəmləsə də, yazıçı hərdən hiss olunmayacaq ustalıqla mistik təfəkkür elementlərindən, romantik çalarlardan istifadə etməklə ona yeni bir bədii məziyyət verə bilib. Əsərdə bədii obyektlər həyatidirlər, həyatda olduqları qədər əsərdə də canlıdırlar, canlı olduqları qədər də inandırıcıdırlar. Görünməz müstəvi – Azərbaycandır, yazıçı onun bir dəfə də olsun adını çəkmir, xatırlatmır, ancaq adı çəkilməyən bu müstəvidəki mərkəz bəllidir – bu dünyanın ən varlı şəhəridir. Əslində bu, şərti ad konkret olaraq, Azərbaycanın bir şəhərini göstərən ad deyil, bu, ümumiləşdirilmiş bir mərkəzdir. Ancaq əsərdə baş verən hadisələr, bəzi açıqlanan adlar – İmarət, Gülablı kimi coğrafi adlar bu şəhərin daha çox Ağdama oxşadığına işarədir. Eləcə də hadisələr və onların baş verdiyi məkan, hadisələrin dinamik inkişafını Ağdamın işğalına az qalan bir vaxtda məhz yazıçının göstərdiyi şəkildə olmasına zərrə qədər şəkk gətirmək lazım gəlmir. Bu əsər yazıçının öz təbirincə desək, “sağkən cəhənnəmi görmüşlərin” hekayətidir. “Dolu” romanı təbiət hadisəsi olan dolunun yağmasının kiçik təsviri ilə başlayır. Bu təbiət möcüzəsinin dolunun səsli tökülüşünə bütün şəhər vaxtı ilə sevinclə, hay-küylə çölə atılırdısa, indi dünyanın ən varlı şəhərinə başqa bir “dolu”, “ölüm doluları” yağır. Əsərdə deyildiyi kimi “göydən dolu yağmırdı, əzrayıl yağırdı”. Bu dolunun əsərdə ilk vurduğu adam samboçu Eldar oldu. İkinci vurduğu isə xanəndə Baratın xanımıdı. Bu doludan “qrad” raketlərinin səsi gəlir. Və dünyanın ən varlı şəhərini döyəcləyən bu səslər sonrakı baş verəcək faciələr üçün sanki zəmin yaradır. Əsərin yükünü çiynində çəkən, onun ağırlığını daşıyan üzdə olan müsbət xarakterli obrazlar Drakon, Pələng, Komandir, səhiyyə nazirinin müavini, katib, müəyyən anlamda rəis, ümumiləşdirilmiş vurğun vurmuş cavanlar aktivdirlər, hadisələrin mərkəzində dururlar. Bu cəbhə xəttinin biri açıq-aşkar onlar ilə üzbəüz atışan düşmənlə onların arasından keçir. Bunu onlar görür, onlar gördükləri bu düşmənlə savaşmaqdan qorxmurlar. Onlara qarşı vuruşan ikinci tərəf isə Viktor Petroviç Palyaniçkodur, nazirlərdir, at belində olan adamdır, “pravakator”lardı, bordağa bağlanmış buğaya dönən məmurlardır, sərxoş müdafiə naziridir. Oxucunun rəğbətini sözsüz haqq edən Drakon, Pələng, Komandir obrazlarının müharibədən əvvəlki taleləri həsəd aparılası tale deyil. Onlara sovetlər birliyinin əxlaq kodeksi ilə yanaşsaq, kriminal aləmin nümayəndələridir. Drakon ləqəbli obraz hətta qanuni oğrudur. Ancaq bu müharibə onları müdafiəçiyə, əsgərə çevirib və onlar kiməsə minnət qoymadan, kimdənsə nəsə ummadan öz doğma yurd-yuvaları uğrunda vuruşan, özü də namuslu, əsl türk oğlu kimi çarpışan döyüşçülərdi. Əsərdə maraqlı bir epizod var. Döyüşlərin birində erməni qızı əsr alınır. İntiqam almaq istəyən vurğun vurmuş cavanlar onu zorlamaq istəyir. Drakon onların qaşrısını kəsir, qoymur, hətta az qala silaha əl atmalı olur. Bəs onlar bizimkiləri zorlaya bilir? – sualına – biz emrəni deyilik – cavabını verir. Soyundurulmuş erməni qızı onu müdafiə edənin adını ha soruşsa da bir cavab eşidir – geyin! Sürüş burdan! – cavabını alır. Komandir erməni qızını buraxdığı üçün onu danlayanda – Komandir, mən arvad davası eləmirəm, torpaq davası eləyirəm – deyir. Bax budur, türk oğlunun düşməni belə heyrətə gətirən təmkinliyindən biri. Əsərin digər bir epizodunda var-dövlət yiyəsi, ən varlı şəhərin sayılıb-seçilən vəzifəlilərindən olan at belində olan adam müharibədə öldürülmüş Musa adlı şəhidin anasının qıçlarının kəsilməsi üçün lazım olan min manatı vermir. Drakon onun şalvarını çıxartmaq istəyəndə Pələng adlı müsbət obraz mane olur və əslində hər ikisinə düşmən olan bu şəxs üstündə qardaşdan artıq olan bu iki döyüşçü yumruq davasına çıxırlar. Şalvarı çıxarılmış kişi ən şərəfsiz adamdır, onsuz da şərəfi olmayan at belindəki adamı müdafiə edən Pələngə hardasa adam haqq qazandırır. Burada bircə məqam var. Musanın anasının ayaqlarını kəsmək üçün 1000 manat kimə veriləcəkdi? Bakıdakı həkimlərə...hə bax bu, o dövrün ürəkağrıdan mənzərələrindən biridi. “Dolu” romanında hərəkətsiz obrazlarla da bağlı maraqlı məqamlar var. Bu məqamlar əsəri oxunaqlı etməklə bərabər, eyni zamanda obrazların xarakterlərini açıb göstərməyə xidmət edən bir vasitə rolunu oynayır. Rəşid Behbudovla – Pələng – Drakon obrazlarının üzləşdirilməsi məhz bu missiyanı yerinə yetirir. Müəllifin hərdən bu əsərdə açıq-saçıq gülməyi də var. Yardım paylanışında vaxtı ilə heç nəyə gözünün ucu ilə baxmayanların indi hansı günə salındıqlarını əks etdirən məqamlarda adam özü-özünü danlamalı olur, - İlahi, gör bunlar bizi nə günə qoyublar, xəbərimiz yoxmuş – deyir. Böyük Vətən Müharibəsində aldığı orden və medalları döşünə taxıb yardım almağa gələn qocaya – get o dəmir-dümürünü çıxart, bu gün yardım gətirənlər almanlardır – cümləsindən acı bir həqiqət əlini uzadıb adamın içini yumruqlayır. Eləcə də komandirin Bayıl türməsində yatdığı vaxtla bağlı yazıçının 37-ci ilin bir epizodunu – Ayna Sultanova ilə Həmid Sultanovun faciəsini əsərə hiss edilmədən, ustalıqla daxil etməsi əsərin xeyrinə olan elementlərdəndir. Əslində bu əsər təzadların boy verib görsəndiyi bir əsərdir. Əsərdən qərib və qəribə talelər, ömürlər bir qırmızı xətt kimi gəlib keçir. Ədalət varmı? Həqiqət hardadır? Zaman dəyişdiyi qədər insanlar da dəyişirmi? Niyə uduzduq? Günah kimdədir? – tipli sualların cavabını “Dolu” romanında tapmaq mümkündür. Yazıçı heç kimi, heç nəyə səsləmir, hay-küylə intiqama səsləmir, kiməsə vətənpər ol didaktikasıyla üz tutmur, oxucunu özü ilə üz-üzə qoyur və sanki kim nəyin sorağındadırsa, özü tapsın deyir. Əsərin sonluğu da dolu yağmasının kiçik təsviri ilə bitir və onun bitməsindən az qala xəbərin olmur. Xəbərin olanda isə heyfslənirsən. Məhəmməd peyğəmbəri daşlayanlar “Quran”ın qarşısında diz üstə düşmüşdülər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər. (“Dolu” Aqil Abbas) Fuad İsgəndərov Faktinfo.az

28 Dekabr 2016 18:06

Tariximizin günümüzdə əks-səda verən ağrıları:Mirzə Ələkbər Sabirin “Fələ, özünü sən də bir insanmı sanırsan?!” şeiri

  Fələ, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlali gərək olsun, İnsan olanın dövləti, mali gərək olsun, Himmət demirəm, evləri ali gərək olsun; Alçaq, ufacıq daxmanı samanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Hər məclisi-alidə soxulma tez arayə, Sən dur ayaq üstə, demə bir söz ümərayə, Caiz deyil insanca danışmaq füqərayə, Dövlətlilərə kəndini yeksanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Fəqr ilə ğina əhlinə kim verdi müsavat? Mənadə də, surətdə də var bunda münafat, Öz fəzlini pulsuz edəməz kimsəyə isbat, Bu mümtənəi qabili-imkanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Get vur çəkicin, işlə işin, çıxma zeyindən, Məqsud müsavat isə ayrılma ceyindən, Var nisbətin ərbabi-ğinayə nə şeyindən? Bir abbası gün muzdunu milyanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, Əmlak bizimdirsə, əyalət də bizimdir, Divan bizim, ərbabi-hökumət də bizimdir, Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Asudə dolanmaqda ikən dövlətimizdən, Azğınlıq edirsiz də hələ nemətimizdən, Boylə çıxacaqsızmı bizim minnətimizdən? Ehsanımızın küfrünü şükranmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?! Heç bir utanırsan?! Ya bir usanırsan?! Əlminnətü-lillah, Odlara yanırsan?!

11 Dekabr 2016 10:51

Nazir qızını sevən, yazıb-oxumağı bilməyən Azərbaycan aktyoru

  Bu gün Xalq artisti, aktyor Lütvəli Abdullayevin anım günüdür Faktinfo.az Ramilə Qurbanlının “Nazir qızını sevən, yazıb-oxumağı bilməyən Azərbaycan aktyoru” yazısını təqdim edir. Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o insanın halına ki, yarım əsr yaşaya, bir əsr tamam olanda isə onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna. Bu günlərdə onun 100 yaşı qeyd olunur. Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. Hə, söhbət Lütfəli Abdullayevdən gedir. “Neynəsin yazıq, yetim oğlandır” Yetim deyildi Lütfəli Abdullayev, bu ifadə onun obrazının dilindəndir sadəcə, “Əhməd haradadır?” filmindən. Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki yaxınlığındakı Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya gəlib. Əmir kişi ticarət adamı idi, İrandan bura, burdan da İrana mal aparıb-gətirərmiş, xüsusən də xalça-palaz. Anası evdar qadın olub. Ailədə 3 qardaş, 3 bacı idilər. Lütfəli 14 yaşına qədər Şəkidə, ailəsi ilə birlikdə yaşayıb. Yeddiillik məktəb bitirib, sonra Şəki fəhlə-gənclər klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda oynayıb. Sovetlərin qurulmasından sonra ticarəti əlindən çıxan Əmir kişi bu hökuməti qəbul edə bilmirdi, “bu hökumət üçün mən əlimi ağdan-qaraya vurmayacam” deyirdi. Bu səbəbdən də ailənin vəziyyəti xoş deyildi. Lütfəli Bakını ağ günə doğru gedən qurtuluş yolu hesab edirdi. Bu yaşda uşağın təkbaşına paytaxta gəlməsi asan bir iş deyil. Taleyin işidir, bir gün Mərziyə Davudova və Əhməd Anatolu Şəkiyə qastrola gəlirlər. Qastrol tamaşasından sonra 13 yaşlı Lütfəli onlara yaxınlaşıb deyir ki, mən də sizin kimi aktyor olmaq istəyirəm. Əhməd Anatolu deyir ki, aktyor olmaq istəyirsənsə, Bakıya gəlib oxumalısan. Bu fikirdən özündə güc tapan Lütfəli 14 yaşında gəlir Bakıya, Üzeyir bəyi tapır və arzusunu bildirir. Üzeyir bəy Hacıbəyov onun istedadını duyub konservatoriyaya götürür. “Zülümov dedi, qurtardı…” Lütfəli dayısı oğlu – Onkoloji İnstitutun direktoru olmuş professor Veysəl Abdullayevin evində qalır. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak edir. Eyni zamanda professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur. Tale elə gətirir ki, bir müddət hətta Opera və Balet Teatrının xor truppasında oxuyur. Sənət yolu beləcə başlayır, damla-damla, qətrə-qətrə. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə musiqili səhnə göstərir. Ongünlük ərəfəsində yaradılmış musiqili komediya ansamblı ilk sınaqdan uğurla çıxır. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadını açıb qoyur ortaya. O səbəbdən də 1939-cu ildən bünövrəsi qoyulan Musiqili Dram Teatrının ilk aktyorlarından olur Lütfəli Abdullayev. Onunla birgə Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Bəşir Səfəroglu bu teatrın sütunları idi. Bu kollektivdə indiki teatr truppalarında olmayan səmimiyyət, dostluq vardı. Xüsusən də Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev arasında. Bir ara teatr bağlanır, həmin vaxt Lütfəli Abdullayev Dram Teatrında işləməli olur. Sonra teatr yenidən açılır və Lütfəli doğma teatra qayıdır. Artıq çox sevilən aktyor idi, daha çox teatr səhnəsində oynayardı, tamaşaçı ilə canlı ünsiyyətə üstünlük verərdi. Tamaşalar zamanı improvizələr etməyi çox xoşlayırdı Lütfəli Abdullayev. Xüsusilə də Nəsibə Zeynalova ilə birlikdə. Ancaq teatrın baş rejissoru Şəmsi Bədəlbəyli buna icazə vermirdi. Ondan həm çəkinir, həm də hörmət edirdilər. Kinonu çox sevməzdi. Bu səbəbdən də cəmi 6 filmə çəkilib. “Arşın mal alan” filmi 1945-ci ildə ekranlara çıxan kimi Vəli roluna görə Stalin adına Dövlət Mükafatına (sonralar SSRİ dövlət mükafatı adlandı-R.Q.) layiq görülür. 1956-cı ildə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun”unda Baloğlan, 1960-cı ildə Ş. Şeyxovun “Qəribə əhvalat”ında Kefçilov, 1962-ci ildə Rəşid Atamalıbəyovun “Payız konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd haradadır” filmində Zülümov, 1964-cü ildə Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd kimi obrazlar yaradıb. “Mozalan”a isə çəkilməsi üçün Yuli Qusman bir həftə hər gün onlara gəlib-gedib, nəhayət Lütfəli Abdullayevi çəkilişə apara bilib. Lütfəli necə deyirdi, “Zülümov dedi, qurtardı…” Qusman isə “Yox, qurtarmadı…” cavabını verib. Cümhuriyyət rəhbərinin qızını sevib, onlara 4 dəfə elçi gedib Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Kitab oxumağı heç sevməzmiş. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, sadəcə bu adam fitri istedad sahibi idi, sənətin nə olduğunu Tanrı özü yazıb onun beyninə “yükləyib” elə bil. Rollarını əzbərləməkdə isə ona xanımı Sevda köməklik edirmiş. Söz ki Sevda xanımdan düşdü…. Sevda xanımla adi bir yeməkxanada tanış olublar. İncəsənət adamları həmin yeməkxanada pulsuz nahar edərmişlər o vaxt. Sevda xanım isə ora anası-Azərbaycanın ilk musiqişünas qadını, əməkdar incəsənət xadimi Xurşid Ağayeva ilə gələrmiş. İlk dəfə nahar masası arxasında görüşürlər. Aktyor Sevda xanımı “Ürəkaçanlar” tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bu həm də bir sevgi hekayətinin başlanğıcı idi. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Külli-ixtiyar onun əlində idi. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. “Sən Bədəl bəyin oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdi, nəsli-nəcabəti kimdi? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...” Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də qadın yola gəlmir ki, gəlmir. Sevda ilə Lütfəli düz 5 il gizli görüşür, ayrıla bilmirlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Sevda qayıdır nənəsinin evinə. Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayırdı. Turqut adlı bir oğlu da vardı. Turqut hazırda Rusiyada yaşayır. Lütfəli Sevdanı unuda bilmirdi, amma kimdənsə ayrılan qızla evlənməyə də qərar verməyə çətinlik çəkirdi, həm də arada oğlu ziyan çəkə bilərdi. Amma bir gün ürək öz hökmünü verir. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevda xanımın işlədiyi Xarici Dillər İnstitutunun qapısını kəsdirir. Sevda Pepinovanın 32 yaşı vardı. Bu izdivacdansa aktyorun iki qızı dünyaya gəlir – Xurşid və Gülnarə. Səhnədə komik rolların ifaçısı kimi tanınan Lütfəli Abdullayev ciddi ailə başçısı və tələbkar ata idi. “Malakan” bağından qız tapıb Çox kövrək adam olub. Qızları danışırlar ki, gecəyarısı qapını döyüb evə gələn qonağı evə dəvət edər, anamıza süfrə açdırırdı. Onları dinləyib, dərdlərinə şərik olub, sabah isə gedəcəkləri yerə yola salıb: “Anamız soruşanda ki, onlar kim idi, məlum olub atam heç o adamları tanımır. Deyib ki, onları tanımadığımı desəm, sən qonaqları heç qəbul etməzdin”. Dusya adlı 16 yaşlı qızı “Malakan” bağından tapıb evə gətirib. Ona öz qızı kimi baxıb. Dusya da onu dünyalar qədər çox istəyirdi. Yeməyi çox xoşlayırmış. Xörəyi çox vaxt əllə yeyirmiş. Evə heç vaxt tək gəlmirmiş. Hər gün evdə çoxlu qonaqlar olarmış. Xanımı adətkara çevrildiyindən mətbəx yemək qazanlarıyla dolu olurdu. Bəzən qoyun kəsilirmiş. Tamaşalardan sonra isə həftədə 3 dəfə Şəmsi Bədəlbəyli həyat yoldaşı və oğlu ilə birlikdə səhərədək onlarda oturardılar. Şəmsi Bədəlbəylinin eyvanından onların eyvan görünürmüş. Şəmsi hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxır və deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”. Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub. Şəkəri varmış Lütfəli Abdullayevin. Həkim ona pəhriz yazıb. Aktyorsa “onsuz da gec ya tez öləcəm, qoy heç olmasa tox ölüm” — deyib. Vida, yaxud güldürən ölüm ...O axşam Nəsibə Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi də Politexnik İnstitutuna görüşə dəvət etmişdilər. Saat 8-də evə qayıdır. Şam edəndən sonra telefon kitabçasını qabağına qoyub bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?! Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Deyir ona ki, Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım... Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, — deyə cavab verir Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Şəmsi Bədəlbəyli Moskvaya zəng edir. Təyyarə ilə Kreml xəstəxanasına aparacaqdılar. Amma şəkər koması da deyilmiş. Beyninə qan sızıbmış. Azərbaycan teatrının musiqili klassiki, Şərqin Çarli Çaplini sayılan Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da gözlərini əbədi yumur. Həmin gün Sevdasının doğum gününü qeyd etməli idilər. O gün həm Sevda, həm də Bakı Lütfəli Abdullayevlə vidalaşır. Onunla vidalaşmağa yüzlərlə insan gəlmişdi. Soyuq, şaxtalı hava idi. Dünyadan köçərkən təbəssümü üzündə donmuşdu. Onun ölümünə ağlayan insanlar bunu görəndə qeyri-ixtiyari gülümsəyirdilər. Beləcə böyük komediya aktyoru ölümü ilə də tamaşaçısına təbəssüm bəxş edə bildi. Bu günlərdə onun 100 yaşı qeyd olunur. Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib. Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o, insanın halına ki yarım əsr yaşaya, amma bir əsr tamam olanda onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna. Ramilə Qurbanlı(kulis)

9 Dekabr 2016 15:25