Ekspert:“Bankın borca görə zəngindən qorxmayın, bu qanun pozuntusudur”

ekrem-1

6 Yanvar 2017 18:14

Xəbər 40 dəfə oxunub

“Borclu vətəndaşın intihar həddinə çatdırılmasında kredit verənin və dövlətin günahı daha böyükdür”.

Bunu Sherg.az-a Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən fotoqrafın intiharından danışarkən, hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, banklar vətəndaşa borcu milli valyuta vasitəsi ilə deyil, dollarla verir, üstəlik heç bir güzəşt etmirlər: “Şəxsin maddi imkanının düzgün qiymətləndirilməməsi də sonradan problemi artırır. Məsələdə dövlətin də günahı danılmazdır. Ona görə ki, həmin kredit verən müəssisələrə vaxtilə müdaxilə edilməyib və düzgün tənzimləmə həyata keçirilməyib. Nəzarət sisteminin zəifliyi özbaşınalığı artırıb.

Digər tərəfdən sözsüz ki, öz maddi durumlarına uyğun hərəkət etməyən, başqa sözlə desək, ayaqlarını yorğanlarına görə uzatmayan vətəndaşların özünün də günahı var. Lakin belə məsuliyyətsizlikləri bütün vətəndaşlara aid etmək düzgün deyil. Çünki bəzi şəxslər var ki, krediti götürəndə işi, aylıq əməkhaqqısı var idi, ödəyə biləcəyindən əminliyi, milli valyutaya etimadı yüksək idi. Təbii ki, heç kim dolların birdən-birə bu həddə bahalaşacağını, devalvasiyaların olacağını düşünməzdi. Vətəndaşların burada günahı azdır. İndiki vəziyyətdə isə hər üç tərəfin günahı var ki, vətəndaşa kredit verən qanunvericilikdə nəzərdə tutulan qaydada güzəşt etmir”.

Ekspert diqqətə çatdırıb ki, banklar əksər kreditləri öz yaxınlarına, əlaqə yaratdıqları şirkətlərə və müəyyən mənada rüşvət aldıqları şəxslərə veriblər:”Kredit faizlərinin başqalarına yüksək faizlə müəyyən edilməsinin səbəbi də bankların öz adamlarına aşağı faizlə kredit verməsidir”.

Ə. Həsənov kredit verənlərin vətəndaşa və onların yaxınlarına zəng edərək tez-tez narahat etməsindən də danışıb. Ekspert bildirib ki, onların borcluları pis vəziyyətə salmağa ixtiyarı yoxdur: “Kredit götürən şəxslərə banklar zəng etmir, onlar üçün işləyən kollektorlar bunu həyata keçirir. Rusiyada konkret olaraq kollektorların fəaliyyətinə məhdudiyyətlər qoyulub və onlar kredit götürən əhalini narahat edə bilmir. Lakin bizdə hələ də bu məsələnin nizamlanmamağı vətəndaşları ağır vəziyyətə salır. İnkişaf etmiş ölkələrdə vətəndaşların özlərini müflis elan etmələri haqqında qanun var ki, bununla kreditlərini ödəyə bilməyənlərin borcları silinir. Bizim vətəndaşlar isə başlıca olaraq, hüquqlarını öyrənmək istəmirlər. Borca görə bank şəxsə zəng edib narahat edirsə, vətəndaşlar o dəqiqə qorxurlar. Lakin hər kəs bilməlidir ki, bankların bu addımı qanun pozuntusudur”.

Bank mütəxəsisi onu da əlavə edib ki, banklar tərəfindən təzyiqlərə məruz qalan zərərçəkmiş vətəndaşlar birləşməlidirlər: “Yenə Rusiyadan nümunə gətirmək istəyirəm ki, belə hallarda vətəndaşlar birləşərək, kütləvi şəkildə banklara iddia irəli sürürlər və banklar da məcbur olub güzəşt edirlər. Bizim vətəndaşlar belə hallarda ya qorxaraq, sonu bu cür intiharla nəticələnən formada addım atır, ya da ki, ciddi formada mitinqə, etirazlara qalxır. Bunlar hamısı qanunları öyrənməməkdən irəli gəlir. Vətəndaş krediti ödəyə bilmədikdə problemi məhkəmədə həll edə bilər, əgər hüquqlarını bilərsə”.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb.

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

teyyare_herbi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24