Emma Ələkbərzadə: “Əslində, ərim bacımın pərəstişkarıydı…” – MÜSAHİBƏ

12 Dekabr 2016 14:03

Xəbər 105 dəfə oxunub

Aile.lent.az-ın suallarını müğənni Emma Ələkbərzadə cavablandırıb.

Çoxdandır müsahibə vermirsiniz. Niyə mətbuatdan uzaqlaşmısınız?

– Az görünüm, amma hörmətlə görünüm. Belə daha hörmətli olursan.

Sosial şəbəkələrdən görürük ki, oğlunuzla daha çox vaxt keçirirsiniz.

– Elədir. David artıq 1 yaş 6 aylıqdır. Çox dəcəldir. Amma hər şeyi anlayır. Özünü böyük uşaq kimi aparır. Qız uşaqları ilə heç arası yoxdur. Ona böyük oğlanlarla, kişilərlə daha maraqlıdır. Səhər gözünü açan kimi birinci “Ema, Emil” deyir. Görür ki, əsəbiyəm “mama” deyə çağırır. Sevanın (Sevda Ələkbərzadə) adını çəkə bilmir, ona “Meya” deyir. Özü də uzadaraq, “Mmmmeya”. Çox gözəl eşitmə qabiliyyəti var, mahnıları duyur. Seva musiqiyə qoymağımızı istəyir. Deyirəm ki, gündə 8 saat qamma çalmaq yolunu mən keçmişəm. Əgər istedadı varsa, özü musiqi ilə məşğul olacaq, yoxdursa, lazım deyil.

Hamiləlikdə qadınlar artıq çəki alır. Sonra ondan xilas olmaq bir az çətin olur. Amma siz tez bir zamanda əvvəlki çəkinizə qayıtdınız. Bunun öhdəsindən necə gəldiniz?

– Hamilə olduğumu biləndə 48 kilo idim. Son 3 ay şişkinlik yarandı. Doğuşa girməzdən əvvəl 85 kiloqram idim. Ancaq baxanda bu çəkini vermək olmazdı. Davidi dünyaya gətirəndən sonra 1 il 3 aya əvvəlki çəkimə qayıtdım. Yəni tədricən. Oğluma ana südü vermirdim deyə asanlıqla  pəhriz saxladım. İndi artıq normal qidalanıram. Həm də mədəm o qədər balacalaşıb ki, istəsəm də, normadan artıq yeyə bilmirəm. İdman etmirəm. Çünki idmanı dayandıranda əvvəlki çəkiyə qayıdırsan. Mənim idmanım Daviddir, baxmayaraq ki, dayəsi var. David elə bil cırcıramadır. Dayəmiz yad insan deyil, rəfiqəmin anasıdır. Hətta Rəhilə xala da Davidin əlindən arıqlayıb. Kök xanım idi, bizə gəldi arıqladı. Seva demişkən, bizim evə gələn hamı arıqlayır.

Çoxları artıq çəkidən azad olduqdan sonra ideal çəkini saxlaya bilmir. Bir müddət sonra yenə həmin artıq çəki yığılır. Amma siz bir dəfə arıqladınız və uzun illərdir ki, ideal çəkinizi qoruyub saxlayırsınız.

– Öz günahlarıdır. Elə bilirlər ki, ideal çəkiyə çatdılarsa, daha kökəlməyəcəklər. Amma unutmaq olmaz ki, insan yaşa dolduqca köklüyə doğru gedir. Mənim 43 yaşım var. Ona görə çalışıram ki, öz çəkimi saxlayım. Sadəcə normal qidalanıram. Heç nədən imtina etməmişəm, az-az yeyirəm. Ürəyim qızardılmış ət istəyirsə, mən onu yeyəcəm. Heç vaxt ürəyim istəyən yeməyə “yox” demərəm. Birinci dəfə arıqlayanda hər şeydən imtina etmişdim. Amma bu da düzgün deyil. Dietoloqlar pəhriz yazanda siyahıya toyuq, ət, süd salırlar. İranda dietoloqlar mütləq kərə yağı əlavə edirlər. Mən anadangəlmə kərə yağı yeməmişəm, sevmirəm. Amma həyat yoldaşım kərə yağında kartof qızardır, Davidə verirəm. Çünki o yeməlidir. Mən də dadına baxarım, çünki adam ondan yeməsə şişər (gülür).

Ümumiyyətlə, imtina etdiyiniz qida var?

– Heç vaxt xaş yemirəm. Acığım gəlir. Quyruq, piy, qoyun əti də sevmirəm. Qoyun ətini yalnız Qurban bayramında yeyərəm. Bizim ailədə, ümumiyyətlə, qoyun əti istifadə edilmir.

Özünüzün mətbəxlə aranız necədir?

– Heç aram yoxdur. Mətbəxdə həyat yoldaşım mənə kömək edir. Çünki özü elə şef-aşpazdır. Onun əl qabiliyyətinə söz ola bilməz. Təbii ki, mən ona çata bilmərəm. Emil işdə olanda Davidə, Sevaya mən yemək hazırlayıram. Davidə nə bişirsəm, Sevda da yeyir. Çünki Davidə bişirilən qidalar sağlam olur, piydə, quyruqda bişirilmir. Amma soğan kərə yağında qovrulur. Şirniyyat sevirik, ürəyimiz istəyəndə Emil məmnuniyyətlə hazırlayır.

– Əlinizin duzunu bəyənir?

– Deyilənlərə görə, pis alınmır. Amma deyim ki, plov dəmləyim, yarpaq, kələm dolması büküm, yox, bacarmıram. Yalnız toyuq, ət supu, bozbaş, qarabaşaq, kartof qızartması hazırlaya bilərəm.

– Həyat yoldaşınız yemək hazırlayarkən sizin zövqünüzü, pəhrizinizi nəzərə alırmı?

– Emil mənim nə xoşlayıb-nə xoşlamadığımı bilir. Amma bəzən istədiklərimi deyirəm. Məsələn, xahiş etmişəm ki, yeni ilə sobaya toyuq qoysun, yanında kartof, “Olivye” salatı hazırlasın, amma mayonezsiz, xama ilə. Çünki mən ilk növbədə oğlumuzu fikirləşirəm ki, ona mayonez verməyək. Salatların isə tamına baxır. Çünki həm xeyirlidir, həm də ağzının dadı olsun. Davidin ağzının dadı şükür, pis deyil.

Emma xanım, Azərbaycan mentalitetinə görə gec yaşda ailə qurdunuz. Amma yəqin ki, bu yaşa qədər evlilik təklif edən olmuşdu.

– Əlbəttə, evlilik təklifi olmuşdu. Amma ailə qurmağım öz seçimim idi. 39 yaşımda ailə qurdum. Sevindiricidir ki, bu cür fikirlər bir az arxada qalıb. Artıq müasir xanımlar ali təhsil almaq, karyera qurmaq, öz ayaqları üzərində durmaq istəyir.

Amma çox zaman ailə, ətraf qıza ailə qurmaq yaşının keçdiyini deyir. Bir növ yaxşı mənada xanımlara təzyiq edilir, “ailə qurmaq vaxtındır, niyə ərə getmirsən?” deyirlər.

– Bizim ailədə heç vaxt belə təzyiq olmayıb. Sən 20 yaşında ailə qurmaq istəyə bilərsən, amma Allah məsləhət görmürsə, alınmayacaq. Hər şeyin öz vaxtı, zamanı var. Zamanı gəldikdə bu olmalıdır.

Gec yaşda ana oldunuz. Bunun müsbət və mənfi tərəfləri nədir?

– Hər yaşın öz gözəlliyi var, necə ki, hər fəslin öz gözəlliyi var. Əgər mən gec yaşda ana olmuşamsa, bunu Allah belə istəyib, məndən asılı deyildi. Yəqin Allah ömrümü də uzadar ki, övladımı ayağa qaldırım, böyüdüm, məktəbə yola salım, ali təhsil verim, evləndirim, evimə gəlin gətirim. İnsan istər-istəməz qocalır. Gec-tez onsuz da bu dünyanı hamı tərk edəcək. Amma hər zaman Allaha yalvarıram ki, əgər sən mənə 41 yaşımda övlad vermisənsə, ömrümü də uzat ki, onu doyunca görüm, yetərincə diqqət yetirim.

Bəs həyat yoldaşınızla necə tanış oldunuz?

– Əslində Emil özü də yaradıcı insandır. Kulinariya da bir sənətkarlıq, yaradıcılıqdır. Biz sosial şəbəkədə, “facebook”da tanış olduq, 4-5 ay danışdıq. Mən onda Amerikada idim. Oradan gələndən sonra görüşdük.

Emil bəy sizin fanatınız olub?

– Yox,əslində Sevdanın pərəstişkarı olub.

– Evlilik təklifini çox düşündünüz?

– Mən Emilin ağ saçlarına vuruldum. Çünki ağ saçların aşiqi, xəstəsiyəm. Bir də mənə “stake” qonaqlığı söz vermişdi. Artıq 4 ildir evliyik, hələ də “stake” yoxdur (gülür). Düzdür, restorana dəvət edəndə dostları mənim üçün hazırlayır. Amma öz əlindən hələ yeməmişəm. Yəqin ki, 20 il də gözləyəcəm, Davidin toyuna hazırlayar. David heç birimizə oxşamır. Çox sarışındır. Mən uşaqlıqda ağbəniz olmuşam, amma gözüm-qaşım qara olub, həm də arıq idim. Balaca da yanaqlarım vardı. Sonradan anam və nənəm məni kökəltdi. İndi də mən Davidə “ye, mama, qurban” deyirəm. David boyuna verir. O qədər qaçır ki, bilinmir yeməyi hara gedir. Uşaqla həyat çox maraqlıdır. Bütün həyat hələ irəlidədir, onun bağçası, məktəbi var. Ona da səbr və ömür, cansağlığı lazımdır. Bunlar insan üçün önəmlidir.

Bu yerdə həyat yoldaşı Emil bəy də söhbətə qoşulur:

“Tənhayam” mahnısı çıxanda çox bəyənmişdim, hər gün dinləyirdim. Avtobuslarda eşidirdim. O vaxt internet indiki kimi populyar deyildi. Mahnını axtarırdım, satıcılardan soruşurdum ki, bu mahnını kim oxuyur. Çox adam da bilmirdi, deyirdilər tanımırıq, eşitməmişik. Bir neçə il əvvəl saytların birində Emmanın müsahibəsinə rast gəldim. Şəklə baxdım gözlərimə inanmadım. Emma çox arıqlamışdı. Dedim ola bilməz bu qədər arıqlaya. Müsahibəni oxudum. Deyirdi facebookda dostluq yollayırlar, sonra axmaqlıq edirlər. Həmin an mən də facebookda qeydiyyatdan keçdim və Emmaya dostluq yolladım. Məktub yazdım, əhval-ruhiyyəsini qaldırmaq istədim. Yazdım ki, elə adamlara fikir verməyin, hər cür adamlar var. Şəklinizi görəndə siz olduğunuza inanmadım. Çox dəyişmisiniz. Üstündən iki həftə keçmişdi. Gördüm cavab gəldi. Təşəkkür edirdi. Öz-özümə təəccübləndim ki, aaa insanlarla danışırmış. Axı o vaxt belə stereotiplər vardı, deyirdilər müğənnilərə, tanınmış insanlara yaxın durmaq olmaz, çox göylə gedən adamlardır. Yenə bir məktub yazdım. 3 gündən sonra cavab gəldi. Yenə yazdım və həmin dəqiqə cavab verdi. Beləcə, danışmağa başladıq. Nə işlə məşğul olduğumla maraqlandı. Kulinar olduğumu dedim. O da yeməkləri çox sevdiyini dedi, əsas da stakei. Mən də onu stake yeməyə dəvət etdim. Üstündən 2 ay keçdi. Bir də baxdım ki, Amerikadadır. 2 aydan sonra qayıtdı. Mən də ona yazdım, stake qonaqlığını yadına saldım. Soruşdu ki, kiminlə gəlim? Cavab verdim ki, mənimlə. Razılaşdı. Görüşdük.

Aranızda sevgi necə yarandı?

İlk dəfə bir-birimizə baxanda hiss etdik ki, nəsə var. Sonra da başladıq yavaş-yavaş görüşməyə. Əvvəlcə dost kimi danışıb, görüşürdük. Ümumi dostlarımız vardı, onlara qonaq gedirdik. Bir-birimizi dost kimi təqdim edirdik. Sonra sevgi yarandı.

– Evlənmə təklifini necə etdiniz?

Təklif demək olmaz buna. Hər şey evliliyə doğru gedirdi. Evlənəcəyimizi artıq bilirdik. Söhbət edirdik ki,evləndikdən sonra necə olacaq, necə yaşayacıq. Amma evlilik təklif etmədim.

– Bəs ilk dəfə sevgisini kim etiraf etdi?

Mən təbii ki. Artıq hiss edirdim ki, onun üçün darıxıram. Qısqanırdım.

– Tanınmış insanla, müğənni ilə ailə qurmaq sizə çətin gəlmədi?

– İlk görüşonun arxasınca gəlib restorana apardım. Ona Emma xanım deyə müraciət edirdim. Yarım saat sonra dedi bəsdir mənə Emma xanım dedin. Məni qocaltma. Səhər saat 4dək söhbət etdik. Uşaqlığından, səhnəyə gəlməsindən, həyatından danışdı, etiraflar etdi. Bu səmimiyyəti məni heyrətləndirdi. Aylarla yazışmışdıq. Şəkillərimizi görmüşdük. Amma ilk görüşdə bu qədər səmimiyyət, qarşındakına inanıb, etibar etmək məni təsirləndirdi. Həmin anda məndə şou biznes adamları haqqında stereotiplər qırıldı. Gördüm ki, onlar da sadə insanlardır. Bu, mənim çox xoşuma gəldi. Sonra ailə üzvləri ilə tanış oldum. Yavaşyavaş yaxınlaşdıq.

Xüsusən də məşhur xanımlar haqqında fikirlər birmənalı olmur...

Gizlətmirəm, məndə də belə fikirlər olub. Amma Emma və Seva haqqında pis şey fikirləşməmişdim, nə də eşitmişdim. Qulağıma bu bacılar barədə heç bir mənfi söz gəlib çatmamışdı. Qalmaqallarını da eşitməmişdim. Və bu, məni bir az da cəlb etdi.

Araşdırma apardınız?

Yox. Bu, mənim seçimim idi. Nəyi araşdırardım. Bunlar məndən uzaq davranışlardır.

Emma xanım, necə bildiniz ki, Emil bəyə inanmaq olar?

– Hiss etdim. Hər şeyi onun üzündən oxudum.

Necə qərara gəldiniz ki, o, sizə yaxşı həyat yoldaşı olacaq?

– Aylar keçdi. Tanıdıqca gördüm onunla ünsiyyət qurmaq, dil tapmaq mümkündür. Beləcə, qərarımı qətiləşdirdim.

Azad ruhlu xanım həyat yoldaşının qadağalarından qorxmadı?

– Yox. Ümumiyyətlə, bir-birimizə heç bir qadağamız yoxdur. İndi də Emilə desəm ki, gələn həftə harasa gedirəm heç nə deməz.

Yenidən uşaq planlaşdırırsınız?

– Xeyr. Birini verən Allaha qurban olum. Amma gələcəyi bilmək olmaz. Qismət…

 

“Həyatımın ən kədərli xəbərini aldım, həkim ağır xərçəng diaqnozu qoydu” -Naibə Allahverdiyeva

Bir neçə gün bundan əvvəl ağır vəziyyətdə Xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti normallaşıb. Amma nədənsə aktrisa müalicəsi başa çatmadan xəstəxanadan ayrılmaq məcburiyyətində qalıb. Sənətci AzNews.az-a müsahibəsində baş verənlərə aydınlıq gətirib. -Toydan sonra əhvalınız çox yaxşı idi, həyatınız da düzənə düşmüşdü, sosial şəbəkədə bütün günü sevgidən yazırdınız. Qəfildən sizə nə oldu? -Təzyiqim qalxmışdı, vəziyyətim çox pis idi. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Bir müddətdən sonra işimin başına dönə, səhnəyə çıxa bilərəm. Bir az ağrılarım var, hələ tam sağalmamışam. Hətta yenidən bir də müayinə olunmalıyam. -Həyat yoldaşınızın sizə münasibəti necədir? Xəstəxanada olanda yanınıza gəlirdi? -Bütün günü yanımda idi. Başımın üstündən əl çəkmirdi. Bu da mənə olan sevgidəndir. -Qarşıdan 8 mart Beynəlxalq Qadınlar günü gəlir. Həyat yoldaşınızdan hədiyyə olaraq nə gözləyirsiniz? -Sevgi və diqqət... Məni həyatda bunlardan başqa heç nə maraqlandırmır. Ondan da umduğum budur. Həmin sevgini mənə versin, daha ondan heç nə ummaram. Bu iki amil mənim həyatda ən həssas yerimdir. -Ümumiyyətlə, bütövlükdə qadınlara nə arzulayardınız? -Qadın nə istər? Xoşbəxtlik, bundan böyük varlıq nə ola bilər ki? Qadın sevilməli və sevməlidir. Bütün qadınların arzusu bu. Onlar daima sevilmək, sevmək istəyirlər. Əgər qadın kiməsə lazım olduğunu hiss etməsə, qırılır, sınır, min cür xəstəlik tapır. Düzdür, bu cəmiyyətdə insana yaşamaq üçün pul və imkan lazımdır. İnsanın pulu, imkanı da ola bilər. Sevgi yoxdursa, pul və imkan boş şeydir. Heç bir pul, imkan sevginin yerini verə bilməz. Diqqət, nəvaziş olan yerdə insan gec xəstələnir. Bunu yaşamayan qadınlar tez ölür. -Sizin sevənləriniz, heyranlarınız daha çoxdur... -Bəli, bilirəm, amma bunların heç biri ən diqqətsiz bir kişinin verdiyi sevgini verə bilmir. Hamıya təşəkkür edirəm, mənə tanımadığım insanlar zəng edib hal-əhval tuturlar. -Sosial şəbəkədə bəzən sizi təhqir edirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək fikiriniz var? -Hə belə hallar var. Bilmirəm, o məndən nə istəyir? Hər halda bunlar şəxsi münasibətlərdəndir. Araşdırmaq lazımdır. Mən insanları tez bağışlayıram, amma onlar da öz səhvlərini başa düşməlidir. Hər bir insan etdiyi əməlinin qarşısında cavab verir. Heç bir yerə şikayət etmək fikirində deyiləm, çünki başım özümə və anama qarışıb. Allah heç kimi naümüd qoymasın. Anam bərk xəstədir. Elə bu səbəbdən xəstəxanadan çıxası oldum. Xəstə halda ora get, bura gəl olmurdu. Qalmışam iki odun arasında. Öz tüstümə özüm boğuluram. Bu 8 mart mənə qara gəldi, həyatımın ən kədərli xəbərini aldım. Axıra kimi müalicə olunmayan ana öz anasının dərdinə ağlayır. -Ananıza nə olub? -Çox ağırdır, həkimlər onda xərçəng aşkarlayıb, çox çarəsizəm. Bir müddət xəstəxanada yatdı, amma həkimlər onu evə getməsini məsləhət gördülər. Həkimlər onun yaşama şansının olmadığını deyirlər. Allah günahlarını bağışlasın. Anam isə hələ bu xəstəliyə tutulmasına inanmır. Hazırda yaşamaq üçün mübarizə aparır. Deyir ki, “mən yaşayacam.” -Xarici ölkələrdən birinə aparmaq fikiriniz varmı? -Gecdir. Birincisi buna maddi imkanımız yoxdur. İkincisi də anam yaşlıdır, həkimlər əməliyyatın uğursuz olacağını deyirlər. Hətta kimyaterapiya da ona kömək edə bilməz. Artıq gecdir, xəstəlik daha öz işini görüb. Anam özünə baxan, sevən, dəyər verən bir xanım idi. Birdən-birə onun mədəsində problem yarandı və biz bundan şoka düşdük. Mən özüm də ona heyran olmuşam. Yaşlı olasan, biləsən ki, xərçəngsən amma deyəsən ki, “mən sağalacam.” Deyir ki, “məndə heç nə yoxdur, 100 yaşına kimi yaşayacam.” Kaş ki, dediyi düz olaydı.

7 Mart 2017 11:33

Vüsalə Mahirqızı:”İndi hər oxucunun öz saytı var”

Caspian PlatForum”in "Yeni medianın trendləri: media şirkətlərin perspektiv inkişaf strategiyaları, sosial şəbəkələrə inteqrasiya" mövzusunda ictimai mühazirəsində “APA Holdinq” rəhbəri Vüsalə Mahirqızı Azərbaycanda yeni media trendləri ilə bağlı müşahidə və təcrübəsini bölüşüb. Lent.az-ın məlumatına görə, V. Mahirqızı hazırda yeni mediada online xəbər resurslarının sosial mediaya inteqrasiya prosesinin getdiyini bildirib: " Hazırda online xəbər resurslarında trend budur: hansı şirkət sosial media ilə daha yaxşı işləyə bilirsə, həmin saytlar da gündəm yarada, ictimai müzakirə üçün mövzu verə bilirlər". V. Mahirqızı deyib ki, hazırda xəbər yayımı ilə məşğul olan saytları iki yerə bölmək mümkündür: "Birinci, istehsalçı saytlar, ikincilər isə yalnız hazır xəbərlərin yayımı ilə məşğul olan aqreqatorlar". Onun sözlərinə görə, ikinci qrup media resursları daha çoxdur : “Bunun əsas səbəbi odur ki, media resurslarında peşəkar, orijinal kontentin toplanması üçün yaxşı kollektivə ehtiyac var. Kollektiv üçün isə maliyyə imkanlarına, eyni zamanda reklam bazarının aktivliyi lazımdır. Bu imkanları olmayan, lakin sayt rəhbəri olmaq həvəsində olanlar daha çox aqreqator sayt işlətməyə üstünlük verirlər. Həmçinin nəzərə almaq lazımdı ki, ölkə ərazi və əhali etibarı ilə o qədər də böyük olmadığından xəbər potensialı, gündəm çevikliyi də o qədər bol deyil". V. Mahirqızı bildirib ki, qarşıda online medianı sosial şəbəkələrlə daha peşəkar əməkdaşlıq gözləyir: ""Youtube"də qaydalar onsuz da sərtdir. Hazırda “facebook”da da qaydalar sərtləşdirilir, daha çox orijinal kontentə üstünlük verilir, müəllif hüquqları məsələsinə həssas yanaşılır. Bu isə medianın artıq sosial şəbəkələrdə işləmək üçün ixtisaslaşmış, qaydaları mənimsəmiş peşəkarlara ehtiyacı olmasından xəbər verir. Artıq piar strategiyasından xəbərsiz jurnalist və ya redaktorun sosial səhifədə işləməsi və bu inteqrasiyadan uğur qazanması mümkün görünmür". "APA Holdinq"in rəhbəri bildirib ki, xəbər şirkətləri artıq online aktiv istifadəçinin peşəkarlaşdığını da nəzərə almalıdır: " İlk dəfə sosial şəbəkə ilə tanış olanda ordakı hər şey bizə maraqlı gəlirdi. İndi isə biz ancaq sosial şəbəkənin maraq dairəmizdə olan funksiyalarından istifadə edirik. Eynilə xəbər saytlarına da münasibət belədir. Xəbər saytları yeni yarananda hər kəs ora can atırdı. Amma indi hər oxucunun belə desək, "öz saytı var". Oxucu onu maraqlandıran sahəyə aid saytı oxuyur. Buna görə də daha çox konkret oxucu kütləsinə ünvanlanmış saytlar önə çıxmağa başlayır". V.Mahirqızı deyib ki, xəbər şirkətlərinin sosial media ilə inteqrasiyasının uğurlu olması üçün yeni kadrlara, xəbər işini bilən SMM-çilərə, piarçılara ehtiyac var: "Qida sənayesi üzrə ixtisaslaşmış marketoloqun xəbər satması mümkün deyil. Xəbər sənayesinin öz marketoloqları, piarçıları olmalıdır". APA Holdinq"in təcrübəsindən danışan V. Mahirqızı şirkətin bütün sosial şəbəkələrdə işlədiyini, xüsusi olaraq sosial media ilə iş departamenti yaradıldığını da qeyd edib. Şirkət rəhbəri bildirib ki, sosial media həm də xəbər şirkətləri üçün yaxşı mənbədir: "Mən həmişə tərəfdarı olmuşam ki, biz bu mənbədən peşəkar formada istifadə edək. Media daim ilk mənbə kimi sosial mediadan məlumatı almalı, onu dəqiqləşdirməli, məlumatı xəbər standartlarına gətirməli və yaymalıdır". O qeyd edib ki, hazırda sosial media xəbər şirkətləri üçün həm xəbərin əldə olunması, istehsalı, həm də bazarlanması üçün yaxşı müstəvidir. V. Mahirqızı hesab edib ki, online media şirkətləri gələcəkdə yalnız xəbər istehsalı ilə kifayətlənməməli, internetin biznes imkanlarından da yararlanmalıdırlar. Daha sonra V. Mahirqızı sualları cavablandırıb.

2 Mart 2017 20:21

Deputat Vahid Əhmədov:”Qiymətlərin qalxması çox ciddi fəsadlara səbəb ola bilər”

Son günlər uzunmüddətli ucuzlaşmadan sonra milli valyuta möhkəmlənməyə başlayıb. Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birgə keçirdiyi hərraclarda manatın rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub. Ancaq dolların məzənnəsinin enməsi bazarlardakı məhsulların qiymətinə təsir etməyib. Əksinə, bəzi məhsulların qiymətində müşahidə olunur. Strateq.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BakiPost.az-a danışıb: – Vahid müəllim, manat gözlənilmədən bahalaşmağa başladı. Bundan sonra dolların bahalaşmasına görə, qiyməti qaldırılan məhsulların ucuzlaşması gözlənilsə də, bu, baş vermədi. İndi hər kəs sual edir ki, xaricdən idxal edilən "Aİ-95” premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində niyə azalma olmur? Sizcə bu, nə ilə bağlıdır?  – Dolların qiyməti düşürsə, dollarla alınıb Azərbaycana gətirilən məhsulların qiymətində dəyişiklik olmalıdır. Amma mənim yadıma gəlmir ki, belə hadisələr baş versin. Məsələn, bizdə yanacağın qiyməti qalxan kimi bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri də artır. Lakin vəziyyət dəyişəndən sonra heç vaxt qiymət azalmasını görməmişəm. İndi də eyni vəziyyətdir. Dollar müəyyən qədər ucuzlaşıb. Amma qiymətlərdə ucuzlaşma görmürəm. Heç bundan sonra görən də deyiləm. Çünki ümumiyyətlə, hazırda olan vəziyyətin, hətta tənzimlənən qiymətlərə də heç bir təsiri yoxdur. Məsələn, dərmanların qiyməti elə bir həddə çatıb ki, insanların çoxu üçün əlçatmaz olub. Qeyri-ərzaq məhsullarının qiymətində də eyni vəziyyətdir. Yəni belə bir vəziyyətdə qiymətləndirmənin ümumiyyətlə, obyektiv və subyektiv hissələri var. Obyektiv qiymətlər odur ki, Azərbaycana xaricdən gətirilən o malların müəyyən komponetləri var. Subyektiv tərəf odur ki, məhsullar xaricdən dollarla gətirilirsə də, dollar ucuzlaşan kimi deməli, qiymətlər də aşağı düşməlidir, amma bu, Azərbaycanda baş vermir. – Bu işlə kimlər məşğul olmalıdır?  – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətlərlə məşğul olmalıdır. Ümumiyyətlə, belə vəziyyətdə bəzi qiymətlərin tənzimlənməsinə çox böyük ehtiyac var. Çünki belə olmasa, əlbəttə qiymətlər aşağı düşməyəcək. Bu, gözlənilən deyil. – Bir çox iqtisadçılar martın ortalarından dolların yenidən bahalaşacağını deyirlər. Bu, gözləniləndir? – Əlbəttə ki, manatın bahalaşması müvəqqəti hal daşıyır. Çünki manatın möhkəmlənməsi üçün bunun arxasında müəyyən məqamlar olmalıdır. Məsələn, tələb, təklif, ixrac, idxal əməliyyatları və neftin qiyməti…. Düzdür, müəyyən qədər idxalın üzərində işləyirlər ki, azalsın, ixrac çoxalsın. Amma bu vaxt tələb edən məsələlərdir. Ona görə də hesab edirəm ki, dolların ucuzlaşması müvəqqəti haldır. Müəyyən müddətdən sonra yenidən manatın ucuzlaşması, dolların bahalaşması hadisəsi baş verəcək. – Belə olan halda, yəni dolların yenidən bahalaşmasından sonra yenidən bütün məhsulların qiymətlərində artım ola bilər?  – Bu qiymətlərlə bağlı məsələ çox ciddidir. Mən bu qiymətlərlə bağlı məsələdən çox narahatam. Çünki özüm də marketlərdən alış-veriş edən zaman bunların şahidi oluram. Ona görə də qiymətlərin bu səviyyədə buraxılması və heç bir nəzarətin olmaması çox ciddi məsələdir. Hökumət bu barədə çox ciddi şəkildə fikirləşməlidir. Qiymətlərin qalxması çox ciddi fəsadlara səbəb ola bilər. – Hazırda ölkədə siqaretlə bağlı müəyyən problemlər var. Siqaret qıtlığı olduğu üçün marketlər və mağazaların hər biri siqareti müxtəlif qiymətlərə satır. Bunun səbəbi nədir?  – Siqaretlə əlaqədar məsələ tamamilə başqadır. Azərbaycanın özü siqaret istehsal edir. Fabrikimiz var. Amma xaricdən Azərbaycana çoxlu siqaret gətirirlər. Burada məsələ çox ciddi olduğu üçün bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Mənim aldığım məlumata görə, Azərbaycana açıq şəkildə müəyyən qədər siqaret gətirilir. Hesab edirəm ki, siqaretin belə satışında ciddi problemlər yaranır. Ona görə də bu məsələni hüquq-mühafizə orqanları və İqtisadiyyat Nazirliyi araşdırmalıdır ki, niyə siqaretin qiyməti belə bir vəziyyətə gəlib çatıb. Araşdırmaq lazımdır ki, niyə siqaret ayrı-ayrı yerlərdə müxtəlif qiymətlərə satılır. – Belə çıxır ki, deyildiyi kimi, Azərbaycanda qiymət siyasəti lazımi səviyyədə deyil…  – Ümumiyyətlə, qiymət siyasəti Azərbaycanda bu dəqiqə ən diqqət çəkən məsələlərdən biridir. Bu qiymət siyasətinə baxmaq lazımdır. Biz deyirik ki, qiyməti bazar tənzimləyir. Amma bazar o vaxt tənzimləyir ki, bazarda kifayət qədər mal olsun və rəqabət olsun. Biz hələlik bu rəqabəti görmürük. Rəqabət də olmadığı üçün istənilən malı istədikləri qiymətə qoyub satırlar.

10 Fevral 2017 13:54

İrina Ağalarova: “Səs versəydim Donald Trampı seçərdim”

Müğənni-bəstəkar Emin Ağalarovun anası, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun xanımı İrina Ağalarova müsahibə verib. Faktinfo.az İ.Ağalarovanın “Time to eat” dərgisinə verdiyi müsahibəni  ixtisarla təqdim edir:  Səyahəti sevirsiniz, sizi Moskvada tapmaq çətindir. - Mənim ABŞ-da da biznesim var. Ona görə də Rusiya ilə Amerika arasında qalmışam. İki ölkədə yaşayıram. Biznesim mənim onunla maraqlanmağımı tələb edir. Eyni zamanda qızım Şeyla Amerikada yaşayır. Prezident seçkiləri zamanı səs vermişdiniz? - Xeyr, bunun üçün əvvəlcədən qeydiyyatdan keçməliydin. Mən isə gecikmişdim. Amma səs versəydim Donald Trampı seçərdim. O, çox xarizmatik biridir. Sizin şəxsi tanışlığınız var. Necə tanış olmusunuz? Çox mülayim biridir. Bizi “Miss ABŞ”a dəvət etmişdi. Şam yeməyində görüşmə imkanımız olmuşdu. Bizimlə mehriban söhbət edir, Eminlə zaraftlaşırdı. Ona bizimlə oturmaq xoş idi. Adətən Donald 15 dəqiqədən artıq oturmağı xoşlamır. Bizimlə isə bir neçə saat əyləşdi. Hətta sonra bizi müsabiqədən sonrakı partiyə də dəvət etdi. Uzun dəhlizlə gedirdik, Tramp qəfildən geri döndü və Eminə dedi: “Təsəvvür edirsən "Kainat gözəli”ndən sonra necə parti olmalıdır?”. Emin cavab verdi: “Sənə söz verirəm – təcili yardımın köməyi olmadan ötüşməyəcək”. Eminin bu zarafatı Trampın xoşuna gəldi.  Hazırda ən çox nə arzulayırsınız? - Mən xəyalpərəst deyiləm, realistəm. Biznesimi böyütmək istəyirəm və bir müddət sonra gerçəkləşir. Nəyi düşünürəmsə olur. Araz Ağalarovla necə tanış olmusunuz? Bir sinifdə oxuyurduq, eyni partada otururduq. Dost idik, həmişə mənim çantamı daşıyırdı. Sonra universitetə daxil olduq, dördüncü kursda evlənmək qərarına gəldik. Toyumuzun biri Bakıda, digəri Moskvada oldu. Həmin vaxtlar ailə qurmaqla bağlı düşüncələr fərli idi. Boşanmaq qəbul edilmirdi. Hamı deyirdi ki, ailə qurmaq əbədidir: bəyənsən də, bəyənməsən də, yaxşı da, pis də olsa... Uğur sirriniz nədir? Bu hər kəsdə fərqli formadadır. Bəziləri deyir çox işləmək lazımdır, amma bəzən nə qədər çox çalışsan da uğur qazana bilmirsən. Əsas odur ki, uğurlu olmağı istəyəsən. Ətrafımdakı insanlar bizneslə məşğul olandan sonra mən də iş xanımı olmağı arzuladım və başladım. Rəfiqəmlə gözəllik salonu açdım. Əvvəlcə birini, sonra ikincini... Sonra hədiyyələr mağazası, kosmetoloji mərkəz, butik açdım. İndi Amerikada əmlak işi ilə də məşğulam. Qızımla orada ev alır, təmir etdirir, kirayə verir və satırıq. Xəz mağazası biznesinizi necə qurdunuz? Bunu Emin təşkil etdi. Bilirdi ki, xəz geyimlərinin satışını arzulayıram. Bir gün Amerikadan qayıdanda dedi ki, "Ana, sənə sürpriz hazırlamışam”. Düşündüm ki, yeni maşın alıb, mənimkini bəyənmir. Getdik, hazır formada mağazanı gördüm. Ətrafımızda olan hər kəsin bundan xəbəri var idi, amma susurdular. Sevincimdən ağladım. Oğlunuz Emin musiqi sahəsində də böyük uğur qazandı... - O, uşaqlıqdan lider idi. Hər zaman düzgün qərarlar verirdi. Bütün kritik məqamlarda tez və düzgün qərar verməyi bacarır. Mənə məsləhət lazım olanda, həmişə onun yanına gedirəm. Bəs, qızınız? Şeyla çox səliqəlidir. Məsələn, mənim iş masamda kağızlar dağınıq olur. Amma Şeyla hamısına ciddi yanaşır, hər şey yerində olmalıdır. Mənim avtomobilimə oturanda başlayır salonu səliqəyə salmağa. Ətrafında lazımsız əşyalar olmasını xoşlamır. Hətta çantama, pulqabıma da baxıb, səliqəyə salır. Şeylanı ABŞ-dakı həyatı qane edir. Şəhərdən kənardakı evimiz onun çox xoşuna gəlir: sakit, gözəl və ətrafda meşə var. Bunu məndə sevirəm, amma çox qala bilmərəm – aktiv həyat tərzini sevirəm, həyatın ritmini hiss etməyi xoşlayıram. Bəs, Emin? Emin çox məşğuldur. Bizə gələndə danışır, ordan getmək istəmir. Çox sakit və rahat olduğunu deyir. Eminin uşaqlığı ilə bağlı hansı xatirəni bölüşə bilərsiniz? Bir dəfə evə gec gəldi. 11-ci sinifdə oxuyurdu. Hamıya zəng vurub Emini soruşurdum, artıq polisə xəbər verməyə hazırlaşırdım. O isə bir dostunun evində yatıb qalıbmış. Qızımla bu Cür hallar yaşamamışam, ona heç səsimi də qaldırmamışam. Hətta hərdən deyirdim ki, bəsdir dərs oxudun, yat. Necə nənəsiniz?  Nəvələrimi gec-gec görürəm. Amma onları hədsiz sevirəm. Görən kimi qucaqlayıram, öpürəm. O qədər öpürəm ki, yanaqları qızarır. Çalışıram incitməyim, amma alınmır. Birlikdə nələrsə hazırlayırıq, onların xoşuna gəlir. Gələn kimi başlayırlar ki, İra, gəl nəsə bişirək... Nəsə bişirməyənə qədər onlar yatmırlar. Ad gününüz dekabrın 31-də olur. Bu günə kimi aldığınız ən unudulmaz hədiyyə nə olub? Ad günümü Mayamidə, günəşli havada, palmaların ətrafında qeyd etməyi sevirəm. Eminin “Escalade” markalı avtomobili var idi. Emin olmayanda həmin maşını götürürdüm. Böyük və rahat idi, onunla gəzməyi çox xoşlayırdım. Bir dəfə dostlarımızla çimərlikdə dincəlir, günəş vannası qəbul edirdik. Hədiyyələrdən söz düşdü, Emindən anasına nə bağışladığını soruşdular. “Ana, sənə maşınımı verirəm” dedi. Onda Eminin 22 yaşı var idi, çox sevindim. Mənim üçün ən gözəl hədiyyə o olub. Sizin üçün ən ideal gün nə vaxtdır? Bazar günü... Uşaqlarım bizə toplaşır. Onlar üçün nəsə bişirirəm, səhər yeməyi yeyir, oturub söhbətləşir, gülürük. Hamımız iş adamıyıq. Bir yerə toplaşmaq bizim üçün böyük sevincdir. Ailə - həyatdakı ən dəyərli şeydir

1 Fevral 2017 20:43

Türk yazar:“Rusiya kürdləri Suriya prosesindən təcrid etmək niyyətində deyil” – Müsahibə

Astanada müxalifət döyüşçüləri ilə Bəşər Əsəd hökuməti təmsilçiləri arasında danışıqlar © AFP 2017, Kirill Kudryavtsev   Zeynəb Kuray Birgün (Türkiyə), 24.01.2017   Suriya mövzusu ilə məşhurlaşmış türk jurnalisti Musa Özuğurlu “Birgün” qəzetinə müsahibəsində Türkiyə və Rusiyanın təşəbbüsü ilə Astanada Suriya üzrə keçirilən danışıqları şərh edib. Müsahibəni  oxuculara təqdim edirik.   -Astanada Suriya üzrə başlanmış danışıqları necə dəyərləndirirsiniz? -Nikbinliyi saxlamağa müəyyən səbəblər var, lakin əlbəttə, bu bildirmir ki, problem yoxdur. Hər şeydən əvvəl, bu danışıqlara Suriyadakı bütün tərəflər qatılmayıb. Bu baxımdan “Demokratik Birlik” Partiyasının (PYD) olmamağı böyük nöqsandır. Yəqin ki, bu, Türkiyənin bir sıra etiraz və hesablamalarının nəticəsidir. Bu və ya digər formada Suriya probleminin həllini tapmaq istəyən Rusiya hələlik Türkiyənin bu istəyini qəbul edir, amma düşünmürəm ki, Rusiya kürdləri təcrid etmək niyyətindədir, çünki Suriya hadisələrinin bütün iştirakçılarının bu danışıqlarda təmsil olunmağını zəruri sayır.   Bu, əsil müxalifət deyil   -Astana danışıqlarına qatılmış qrupların profilinə baxarkən onları həqiqətən də müxalifət adlandırmaq olarmı? -Müxalifət adlandırılan və kürdlərdən, Suriyada görünməyən və səsi gəlməyən bəzi müxalif qruplardan kənarda duran təşkilatlar bu və ya digər şəkildə “Əl-Qaidə” ideologiyasına uyğun hərəkət edir. Onların bir hissəsi – İŞİD, “ən-Nusra”, “Əhrar əş-Şam” birbaşa “Əl-Qaidə”nin törəmələridir. İŞİD və “ən-Nusra” bütün dünyanın bu təşkilatlar haqda razılığa gəlməyi səbəbindən danışıqlardan rəsmən çıxdaş olunub. Lakin digər qruplara gəlincə, Türkiyənin onlara təsir edəcəyi ehtimal olunduğundan və hələlik onu danışıqlardan uzaqlaşdırmayınca Rusiya Ankaranı incitməmək üçün Türkiyənin bu qrupları “mötədil” saydığına göz yumur. Bu məsələdə Rusiya və Türkiyənin ikitərəfli və iqtisadi münasibətləri rol oynayır.   Astana – ilk addımdır   -Türkiyənin rolu hansıdır? -Türkiyə bu gün kürdlərlə müharibə durumundadır və istəmir ki, onlar Suriya siyasətində hansısa şəkildə təmsil olunsunlar. Türkiyə istəyir ki, Suriya rəhbərliyi PYD-i “terrorçu təşkilat” kimi qiymətləndirsin. Amma Suriya hökuməti indiyə qədər bundan hər cür yayınıb. Mən Suriya KİV-lərini çox diqqətlə izləyirəm və məsələn, birbaşa dövlətin nəzarətindəki mass-mediada Xalq özünü müdafiə dəstələri (YPG) haqda həmişə “Xalq müdafiə dəstələri” kimi danışılır. Bu isə göstərir ki, gələcəkdə Astanada siyasi nizamlamada irəliləyiş zamanı Dəməşq kürdlərlə danışıqlar masası arxasına əyləşəcək. Bu qayda ilə bu prosesdə Astananı ilk addım kimi nəzərdən keçirmək lazım gəlir.  

25 Yanvar 2017 11:09

Mehman Əliyev: “Trampın dövründə dünyada və daxildə ciddi proseslər gedəcək” –MÜSAHİBƏ

"Turan" İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev Trampın prezidentliyə başlamasından sonra atacağı addımlar, o cümlədən bölgəmizdə cərəyan edən proseslərə baxışı ilə bağlı öz proqnoz və düşüncələrini bölüşüb. Faktinfo.az Teleqraf.com-a istinadən onun bu və ya digər məqamlarla bağlı müsahibəsini təqdim edir: – Mehman bəy, prezident Trampın inauqurasiya mərasimində çıxışı zamanı dünyaya verdiyi mesajları necə qiymətləndirirsiniz? – Mesajlar ABŞ-ın inkişaf istiqamətlərini ortaya qoyur. Birincisi, Tramp dedi ki, ABŞ-ın qüdrətini özünə qaytaracağam. Burada söhbət daha geniş, güclü, yüksək iqtisadi inkişafdan gedir. Əlbəttə, böhrandan sonra dünyada böyük iqtisadi inkişaf olmalıdır. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının üçdə birini təşkil edir. Odur ki, ABŞ bu iqtisadi inkişafdan mümkün qədər bəhrələnməyə çalışacaq. Biz istəyib- istəməməyimizdən asılı olmayaraq, ABŞ-da yeni iş yerləri açılacaq, iqtisadi canlanma baş verəcək. Tramp da bu istiqaməti gözəl bilir və bu məsələdə oynayır. Bunu da özünün gələcək siyasəti kimi təqdim edir. Bu proses sadəcə, onun dövründə baş verəcək, onun komandası da bunu icra edəcək. İkincisi, radikal islam və İŞİD-lə bağlı fikirləri oldu. Aydındır ki, 2018-ci ilə qədər İŞİD məsələsi bitməlidir. Bu mənada 2017-ci il çox ciddi hadisələrlə zəngin olacaq. Əslində bu tendensiya görünür. Diqqət etsəniz görərsiniz ki, bu məsələdə qlobal və regional güclər birləşib. Söhbət ABŞ, Rusiya, Türkiyə, İran və körfəz ölkələrindən gedir. Aydındır ki, İŞİD məsələsi həll ediləcək. Tramp da bunu sadəcə təsdiqləyir. Üçüncüsü, miqrasiya problemi. Tramp bəyan edir ki, ABŞ vətəndaşlarının iş yerlərini qoruyacaq, qeyri- qanuni miqrant axınının qarşısını alacaq və s. Əslində iqtisadi inkişaf mərhələsində miqrant axını səngiyəcək. Həm də aydındır ki, investisiyaların böyük hissəsi ilk növbədə inkişaf edən dövlətlərə gedəcək. Yəni Yaxın Şərq, Afrika ölkələri, Avrasiya ölkələri və s. Həm də iqtisadi canlanma olanda miqrasiya axını səngiyir. Məsələn, Suriyada müharibə dayanan kimi Avropaya, Türkiyəyə gedən suriyalıların böyük bir qismi geri qayıdacaq. Bu real məsələdir. Tramp sadəcə, hansı siyasi proseslərin gedəcəyini təsdiq edir. – Trampun radikal islamla bağlı fikirləri Yaxın Şərqdəki qanlı müharibənin üzərinə su səpəcək, yoxsa əksinə onu daha da alovlandıracaq? – Əgər biz vəziyyətə baxsaq görərik ki, İran, körfəz rejimlərində radikal islama qarşı mövqe dəyişir. Elə götürək Azərbaycandakı şiə və ya digər təriqətləri. Bəyəm onlar radikal islamı, İŞİD-in addımlarını dəstəkləyib? Bu məsələyə baxış kifayət qədər dəyişib. Əgər islam dünyasında illər əvvəl radikal islamçıların hərəkətlərinə daha çox bəraət qazandırırdılarsa, baş verən proseslər hər şeyi ortaya qoydu. İran və digər ölkələrin İŞİD-ə qarşı koalisiyaya qoşulması göstərir ki, islam dünyasında vəziyyət dəyişib. Bütövlükdə inanclı müsəlman insanlar arasında bu məsələyə müsnasibət pisdir və buŞ ümumi mövqedir. – ABŞ-da anti-Trump etirazlarına səbəb nədir? – Fikrimcə, bu geniş mövzudur və həm də qısa müddətə ona cavab vermək olmaz. Əslində Trampın hakimiyyətə gələcəyi gözlənilmirdi. Ancaq bunun niyə baş verdiyi və s məsələlər aydındır. Normalda Tramp iş adamıdır və peşəkar siyasətçi deyil. Amma indi siyasətə gəlib və ABŞ prezidentidir. Həm də müəyyən qədər populistdir. Belə böyük nəaliyyətləri olan iş adamı həm də ciddi adamdır. ABŞ-da mitinqlər, nümayişlər var. Sanki hamı duyur ki, əgər Tramp nəzarətə alınmasa, müəyyən çərçivəyə düşməsə, problem yarada bilər. Odur ki, siyasət, nəzarət, çərçivə ona görədir ki, fərqli hadisələr baş verməsin. Həm də nəzərə alın ki, Trampın dünyanın müxtəlif ölkələrdə müəyyən maraqları var. Rusiyada tikinti işi aparırdı, Gürcüstanda müəyyən biznes əlaqələri var və s. Burada həm də onun əlaqələri məsələsi ortaya çıxır. Çoxları da çalışır ki, onunla biznes fəaliyyəti zamanı yaranan əlaqələrdən istifadə etsin, ona müraciət etsin və s. Bu da Trampun indi tutduğu postla ziddiyyətlər təşkil edir. Bir sözlə, burada həm də əsas odur ki, Trampa ciddi təsirlər olmasın. Göstərmək istəyirlər ki, Tramp nəzarətdədir, ona yaxın gəlməyin, ona təzyiq etməyin. Çünki ortada ABŞ xalqı və cəmiyyəti var. Hesab edirəm ki, bu proseslərin arxasında həm də bu mesajlar dayanır. – Trampa impincment elan edilməsi və ya onun Ali Məhkəmə tərəfindən prezidentlikdən uzaqlaşıdırlması ehtimalları nə qədərdir? – Açığını deyim ki, mən bu kimi ehtimalları real saymıram. İş ondadır ki, Reyqan artist idi, sonra siyasətə gəldi, prezidentliyə qədər siyasət yolunu keçdi. Amma fakt odur ki, Reyqana zamanında bir artist kimi hətta qeyri-ciddi yanaşılırdı. Amma onun dövründə nələrin baş verdiyini, onun nə qədər uğurlu prezident olduğunu siz məndən də gözəl bilirsiniz. Hesab edirəm ki, Obamanın dövrü ciddi zaman idi. ABŞ dərin iqtisadi böhranla üz-üzə idi. Obama hakimiyyəti bu vəziyyəti stabilləşdirmək, daxildə və xaricdə ABŞ-ın nüfuzunu qoruyub saxlamağa çalışdı. Mən deyə bilmərəm ki, buna nail ola bildilər. Trampın dövründə isə ciddi proseslər başlanır. Bu dövrdə dünyada və daxildə proseslər gedəcək. Nəzərə almaq lazımdır ki, bu siyasətin arxasında Amerika institutları və böyük bir cəmiyyət durur. Tramp administrasiyası sadəcə olaraq, bu prosesdə icraçıdır. Prezident özü isə bu siyasətin rəmzidir. Fikrimcə, rəmz kimi Tramp kifayət qədər üzərinə düşən rolu oynaya biləcək. – ABŞ-İran münasibətləri necə olacaq. Tramp İranla bağlı nüvə sazişinin əleyhinə ciddi çıxışlar edir… – Nəzərə alın ki, İran daxili dəyişikliklərə getmək istəmirdi. İndi Trampın bu mövqeyi İranı müəyyən qədər qorxutmaq və göstərməkdir ki, ondan öncə qəbul edilən şərtlər yerinə yetirilməlidir, əks halda biz bu məsələlərdə prinsipial olacağıq! Mən vəziyyəti bu cür görürəm. Gələcək 4 il ərzində İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər də daha çox daxili islahatlar, Qərb ölkələrini İran bazarına buraxmaq, proseslərin açıq cəmiyyət istiqamətində getməsi və s. – Ancaq Əli Əkbər Salehi elan edib ki, problem yaransa, İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyinə qayıda bilər… – Bu mümkün deyil. İş ondadır ki, İran nüvə proqramı ilə bağlı danışıqlara, daha sonra güzəştlərə neftin qiymətinin dünya bazarında aşağı düşməsi dövründə getdi. Həmin vaxtda neft ölkələrinin çoxu çalışdı ki, konstruktiv mövqe tutsun. Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiymətləri ABŞ-ın nəzarətindədir. Tramp gəlməzdən əvvəl bəyan etdi ki, ABŞ-da daxili embarqonu götürəcək, neft istehsalına imkan verəcək və s. Mən hesab edirəm ki, İran bu məsələyə qayıda bilməz. İkincisi, bəllidir ki, Suriya və İraq məsələlərində İran-ABŞ əməkdaşlığı var. Hesab edirəm ki, İran ABŞ-dan daha çox asılıdır. Bu mənada düşünürəm ki, bu mövzuda problem olmayacaq. – İsrailin baş naziri Benyamin Netenyahunun İran xalqlarına müraciəti oldu, baş nazir iranlıları dost və mübariz xalq adlandırdı, İran hakimiyyətini isə ciddi tənqid atəşinə tutdu. Sizcə, bu müraciətin arxasınca hansı məqsədlər dayanır? – Mən iki amili qeyd edim. Birincisi, İsrail nüvə danışıqları məsələsində prinsipiallıq nümayiş etdirib. Və həm də xəbərdarlıq edirdi ki, İran nüvə proqramını həyata keçirsəŞ havadan zərbələr endirəcək. Əvvəllər bu hal olmuşdu. İkincisi, Suriya məsələsi. İranın Livan və Fələstin məsələsində kifayət qədər konstruktiv mövqeyi var. Yəni münasibət konfrontasiya yönlü deyil. Bu mənada müəyyən qədər yaxınlaşma var. Tərəflər Yaxın Şərqdə baş verən olaylarda konstruktiv yaxınlaşma mövqelərinə daha çox üstünlük verir. Əlbəttə, qapalı, və gizli danışıqlar, razılaşmaları kimlərsə apara bilər. Amma biz üzdə olanlara baxanda görürük müəyyən məsələlərə dair yaxınlaşma var.  Bu hiss edilir. Hesab edirəm ki, proseslər daha çox bu istiqamətdə davam edəcək.

24 Yanvar 2017 11:53

Nəzakət Teymurova: “İki il əvvəl teatrdan çıxmalı idim” –MÜSAHİBƏ

Xalq artisti Nəzakət Teymurovanın uzun illər işlədiyi teartdan getməsi ilə bağlı sualları cavablandırıb. Faktinfo.az APA-ya istinadən həmin müsahibəni oxuculara təqdim edir: – Nəzakət xanım, Opera və Balet Teatrının səhnəsindən niyə getdiniz? İstərdim, əsl səbəbini deyəsiniz… – Bunu özüm istəmişəm. Ərizə yazdım, işdən çıxdım. Mən özümə hörmət edən adamam. Həmişə deyirdim ki, müəyyən yaşa gələndən sonra çıxıb gedəcəyəm. Ona görə də, ərizəmi yazmışam. – Hər halda, səbəb olmasa, heç kim öz istəyi ilə 20 il çalışdığı teatrdan getməz… – Mən teatrda təkcə Leyli rolunda çıxış etmirdim. İrili-xırdalı yeddi rol oynamışam. “Leyli və Məcnun”da Leyli hər zaman mənim üzərimə düşüb. Həvəsdir, bəsdir. – İrili-xırdalı yeddi obrazın aqibəti necə olacaq? – Bu haqda Opera və Balet Teatrının rəhbərliyi danışa bilər. Zəhmət olmasa, onlarla əlaqə saxlayın, necə olacağını, kimlərin çıxış edəcəyini onlar desinlər. Mən özümə cavabdehəm. – Siz məcbur olub getmisiniz? – Mənim tələbələrim də orda çalışır. Artıq üç aydır Opera və Balet Teatrından çıxmışam. Məcburiyyətdən, yaxud başqa səbəbdən, bu barədə heç nə demək istəmirəm. Opera işi mənim yaradıcılığımın bir qoludur. Səsim, ifa tərzim üstümdədir. İllərlə çıxış etmişəm, indi isə teatrdan getmişəm. – Hazırda teatrda münasibətlər, mühit necədir? – Məncə, bu suala teatrın direktoru cavab verə bilər. Teatrda son tamaşamı may ayında oynamışam. Ona görə deyə bilmərəm ki, hər hansı gərginlik var, ya yox. – Teatrdan getməyinizə görə sonra peşman olmayacaqsınız? – Niyə peşman olum? Lentlərim var, müəyyən yaş var. Peşman o vaxt olardım ki, məni işdən xaric edərdilər. Özüm ərizə yazmasaydım, pis təsir edərdi ki, kimsə məni  işdən çıxardı. Özüm istəmişəmsə, niyə peşman olum? Teatra da özüm gəlmişəm. Vaxtilə müsabiqə yolu ilə qəbul olmuşam. Özüm gəlmişəm, özüm də gedirəm. Tamaşaçılara da hər zaman hörmətlə yanaşmışıq. Ona görə də neçə ildir tamaşaçılar bizi seviblər. Mən də çalışmışam, operamızı təmsil edim. O vaxt Asəf Zeynallı adına kollecdə olanda nazirlikdən məsləhət bilmişdilər, təyinatını teatra verin. Dördüncü kursda oxuyanda nazirliyin nümayəndələri, müəllimlərimiz məsləhət görmüşdülər ki, sənin səsin opera səsidir. Müsabiqə yolu getmişəm, qəbul olmuşam. Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səkinə İsmayılova, Qəndab Quliyeva və bir çox sənətkarlarımız orda işləyirdilər və məni də onlar qəbul etmişdilər. Gedən gündən də mənə Leylini həvalə etmişdilər. – Siz işdən getmək haqqında qərar verəndə demədilər, qalın işləyin? – Mən iki il bundan əvvəl işdən çıxmalı idim. Teatrın direktoru Akif Məlikovun xahişi ilə teatrda qalmışam. – Akif Məlikovla münasibətləriniz necədir? – Çox normal. Direktor və solist kimi aramızda heç bir narazılığımız olmayıb. Daha doğrusu, mən tərəfdən narazılıq yoxdur. Onlar tərəfdən də mənə həmişə hörmət olunub. Ümumiyyətlə, heç vaxt işlədiyim yerə hörmətsizlik etməmişəm. Onlar da mənə həmişə hörmət ediblər. – Tamaşaçılarınız sizin Leylinizi səhnədə görməyəndə, onlara cavabınız necə olacaq? – Qərarı özüm vermişəm. Bu o demək deyil ki, sənətdən gedirəm. Allah qoysa, konsertlərim olacaq, gəlib dinləyə bilərlər. Amma Leyli kimi, Gülbahar kimi, Şahsənəm kimi görməyəcəklər. – Teatrdan çıxmağınız maddi məsələlərdə sizə problem yaratmayacaq? – Vallah, heç vaxt Opera və Balet Teatrından maddiyyat güdməmişik. Maaşlarımız elə də çox deyil. 400 manata yaxın maaş almışam. Amma sənət eşqi olub. Mən prezident təqaüdü alıram. Ona görə heç bir çətinliyim yoxdur. Ruzini verən Allahdır. – Danışığınızdan və səsinizdən hiss edirəm ki, obrazlarınızdan ayrılmaq çətindir… – Gülüstan Əliyevanın konsertində teatrın direktoru Akif Məlikova yaxınlaşıb artıq işləmədiyimi demişəm. Demişəm ki, bəsdir, oxumayacağam. Yəqin bunu özü də təsdiq edər. – Akif müəllim soruşmadı ki, niyə gedirsiniz? – Niyəsi belə olub ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam. – Yəni iki işi bir yerdə çatdıra bilmirsiniz… – Bəli, çatdıra bilmirəm. – Nəhayət, səbəbi dediniz… – Bəli, səbəb odur ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.

13 Yanvar 2017 21:45

Repçi Anar Nağılbaz iş axtarır

“İşsizəm, satıcı da olsa işləməyə hazıram”. “İşsizəm əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır”. Faktinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış reper Anar Nağılbaz bildirib. Onun sözlərinə görə, böyük iş təcrübəsi ola-ola, hazırda daimi iş tapa bilmir: “Öz dövlətimdə 9 il televiziyalarda işləmişəm; AZTV-də böyük redaktor; İctimai TV-də telefilm departament direktor müavini; CTV-də (Lənkəran) baş musiqi tərtibatçısı, prodüser və rejissor; Bakı Mədəniyyət və Turizm idarəsi; Bakı gənclər və idman idarəsi; Ə. Vahid Mədəniyyət evində – müavin, Türkan Mədəniyyət Sarayı – bədii rəhbər; Qaraçuxur Mədəniyyət Sarayı – direktor müavini; 2000-2003-cü illər Qafqazın ən böyük prodüsser mərkəzinin böyüyü olmuşam. Ölkənin ən böyük (8.5 metr) kino kranı məndə olub. Dövlət televiziyasından tutumuş, bütün kanallar həmin kranı bizdən kirayə götürürdü. Kənan MM, Rüfət Axundov, Hüseyn Dərya (rəhmətlik) kimi (və bir çoxları) sənətkarlar ordan sənətə vəsiqə alıb; Şəxsi işlərim; İncəsənət universitetinin yanında –“Dadlı Video” dönər kafem olub; ABŞ-da scrub (həkim və xəstə geyimlərini 200 hospitalda satmışam (yaxşı faizim olub); ABŞ-da qocalar evinin şəxsi şoferi olmuşam; ABŞ-da 8 ştatda və Avropada klublarda, kazinolarda, mədəniyyət ocağlarında həm konsertlər təşkil etmişəm. Eləcə də çıxışlar etmişəm; Bakıda ingilis dili müəllimi kimi də məktəb və litsey şagirdlərilə praktikam var”, – deyə Anar Nağılbaz bildirib. Rep ustadı deyir ki, 2013-cü ildən bəri işsiz qalıb: “2013, oktyabrın biri işimdən azad olmuşam (öz ərizəmlə, məcbur). Bununla bağlı hər yerə müraciət etmişə, ərizəmi Bakı Mədəniyyət və Turizm İdarəsinə göndəriblər. Onlar da bildiriblər ki, bir də müraciət etmə. Get Mədəniyyət Nazirliyində müsabiqə ver. Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəz bəylə də şəxsi görüşlərim olub. Deyiblər, sən tanınmış adamsan, toyların çoxdur. Demişəm elə deyil, rep milli musiqi deyil, ancaq elə klublarda oxuya bilirəm. Bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq”. Anar Nağılbaz deyir ki, 2 övladı ilə birgə işsiz qalıb. İndi nə işi olur-olsun çalışmağa hazırdır: “Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur. Ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm! Özünüzdən muğayat olun! Allah əmanətində! Amin!”

5 Yanvar 2017 00:32

Suriya müftisi şeyx Əhməd Bədrəddin Hassun Qarabağı “erməni torpağı” sayır

Suriyanın baş müftisi şeyx Bədrəddin Hassun Rusiya KİV-lərinə müsahibə verib. Suriya müftüsü Suriya ətrafında gedən situasiya və dünyadakı siyasi proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna toxunub.  Müftinin sözlərinə görə, dünyada ərazi mübahisəsinə son qoymağın çatdığı regionlar var. Şeyx bunlara nümunə olaraq Dağlıq Qarabağı örnək göstərib. “Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir.Bununla hesablaşmamaq olmaz”. Qeyd edək ki, bu ermənipərəst müfti Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilən birisidir. Sünnilik məzhəbinə məxsus olmasına rəğmən İrana olduqca yaxın olan Hassun tez-tez orada müxtəlif konfranslarda, simpoziumlarda iştirak edir. Bundan başqa, Hassun Rusiyada da bir çox ictimai-siyasi fikri adamı ilə sıx əlaqələrə malikdir.  Qatı Əsəd rejim tərəfdarı olan bu müfti Hələbdə anadan olub. Atası Məhəmməd Ədib Hassun da özü kimi şeyx olub. Dini təhsil alan Hassun 2002-ci ildə Hələbin  müftisi təyin edilib.  2005-ci ildə isə o, Suriyanın baş müftisi Əhməd Kiftarunun (kürd əsillidir) ölümündən sonra onun yerinə keçib. Bundan başqa o, Suriyadakı Ali Fitva Şurasının, habelə Xalq Məclisinin (parlament) üzvü olub. Özünü dinlərarası dialoqun tərəfdarı, liberal və dünyəvi görüşlərə sahib bir din adamı kimi qələmə verən Hassun müəyyən dövrdə Avropa mediasının da diqqətini çəkmişdi. Şeyx 2007-ci ildə hətta Avropa parlamentdində çıxış etmək üçün dəvət olunmuş və onun çıxışı böyük təqdir toplamışdı. Lakin Suriyada vətəndaş müharibəsi başladıqdan sonra müftünün mətbuata verdiyi açıqlamalar olduqca böyük mübahisələrə səbəb olub. Məsələn o, Suriyadakı vətəndaş müharibəsinin ilk dövrlərində ABŞ və Avropanı öz ölkələrində intihar terror aktları ilə hədələyib. Bununla bağlı olaraq Hassunun youtube-dakı müraciətində belə deyilirdi: “Suriya istiqamətinə ilk raketin atılması ilə Suriya və Livanın bütün övladları Avropa və Fələstin torpaqlarında intihar aktını həyata keçirmək üçün yola çıxacaq. Bütün Avropa və Amerikaya səslənirəm. Suriya və Livanı bombaladığınız təqdirdə ölkələrinizdə intiharçılar hazırlayacağıq. Bu gündən etibarən gözə-göz, dişə-diş... və öncə başlayan daha zalımdır. Siz bizə zülm etdiniz. Ərəb olan, insan olan hər kəsə belə deyəcəyik”,- deyə səslənir. Hassun həmişə bir-birinə zidd çıxışları ilə fərqlənib. Suriya müftüsü olan bu şəxsin “Peyğəmbərimiz məndən yəhudiliyi və ya xristianlığı  inkar etməyi istəsəydi, mən Məhəmmədi inkar edərdim. Peyğəmbər mənə insanları öldürməmi əmr etsəydi, mən onun özünü inkar edərdim” kimi sözləri həmin dövrdə böyük hay-küyə səbəb olmuşdu. Mətbuat şeyx Hassunun əslində Əsəd rejiminə xidmət edən agent olduğunu və onun bir çox din adamının, habelə ictimai xadimlərin həbsində əli olduğunu da yazır. Belə ki,  Suriyadakı vətəndaş müharibəsinin başlanğıcından bu yana rejimə qarşı olduqları şübhəsi ilə 223 dini alimin həbs edilməsində Şeyx Hassunun xüsusi rolu olduğu barədə informasiyalar var. Hassunun həbslər zamanı həmin dini alimləri öz katibi ilə bərabər şəxsən istintaq etdiyi də yazılır. Bundan başqa, Hassunun Suriya kəşfiyyatına işlədiyi və hələ 80-ci illərdə dini icmalar haqqında məlumat toplayan agent olduğu da gələn xəbərlər arasındadır. Hassunun Suriyada sonradan Türkiyəyə qaçan Şeyx Əbdülqadir İsa, Şeyx Əbdülfəttah Əbu Quddə, şeyx Mustafa Əz-Zarka və Dəvalibi kimi bir çox alim barədə Suriyanın xüsusi xidmət orqanlarına məlumat ötürdüyü bildirilir. Bütün bunlardan əlavə, Hassunun Şeyx Məşuq Əl-Həzləvinin öldürülməsi hadisəsində adı keçir. Şeyxin ermənilərə olan məhəbbəti isə yəqin ki, elə doğuşdan başlayıb. Çünki Suriya ermənilərin kompakt halda yaşadığı yerlərdən biri hesab olunur və burada erməni diasporasının təsiri olduqca güclüdür. Hassun ilk dəfə 2006-cı ilin sentyabrında Ermənistanı ziyarət edib və burada həm din, həm də dövlət adamları ilə bir sıra görüşlər keçirib. Həmin vaxt şeyx Bədrəddin Hassun qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Onun həmin abidə üzərində yazdıqları diqqət çəkir: “Əgər bütün xalqlar öz dinlərinə əməl etsəydi heç bir qırğın olmazdı. Erməni xalqı bu acının öhdəsindən gəlməli və yenidən yaşamalıdır”. Vaqif Hüseyn,  Müsavat.com (daha&helliip;)

3 Yanvar 2017 18:33

Şahmar Mövsümov:“Neft Fondunun tarixində ilk dəfə olaraq onun ümumi xərcləri gəlirlərini üstələyib” – MÜSAHİBƏ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Trend-ə müsahibə verib. Faktnfo.az  müsahibəni təqdim edir: -2016-cı ildə Fondun fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz? – Ümumilikdə Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildəki fəaliyyətini uğurlu qiymətləndirmək olar. Neft qiymətlərinin düşdüyü, neftin satışından əldə olunan gəlirlərin azaldığı dövrdə və ümumiyyətlə bu sektorda davam edən neqativ trendlər fonunda Dövlət Neft Fondunun ölkənin maliyyə stabilliyinin təmin olunmasında rolu artıb. 2016-cı ildə Fond dövlət büdcəsinə transfertləri, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi kimi ümummilli əhəmiyyətə malik sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsini həyata keçirib. Cari il ərzində ARDNF Cənub Qaz Dəhlizi, “STAR” neft emalı kompleksinin tikintisi layihələrində dövlətin iştirak payının maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, Fond xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsilinin maliyyələşdirilməsini də davam etdirib. Ötən ilin sonunda uzunmüddətli dövrdə şaxələndirilmiş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. Məsələn, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə, 5 %-dən 10%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 2016-cı ildə Milan şəhərində yerləşən Palazzo Turati ofis kompleksinin satınalınması başa çatdırılıb. Eyni zamanda daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl kapital fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki xüsusi çəkisi artırılıb. – 2016-cı il büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində müəyyən olunmuşdu, il ərzində orta qiymət kifayət qədər yüksək idi. İlin yekunlarına görə, büdcənin nə dərəcədə profisitli olacağı gözlənilir? – Qeyd etdiyiniz kimi 2016-cı ildə neftin 1 barelinin qiyməti həm ARNDF-nin büdcəsində, həm də dövlət büdcəsində 25 dollardan hesablanmışdı. Bu qiymətlə Fondun 2016-cı il üçün büdcə gəlirləri 2,8 milyard dollar nəzərdə tutulub. Lakin 2016-cı il ərzində neftin 1 barelinin orta qiyməti 41,7 ABŞ dolları təşkil etdiyindən, Fondun ilin sonuna büdcə gəlirinin təqribən 5,8 milyard dollar olacağı gözlənilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Fondun investisiya portfelinə daxil olan valyutaların məzənnələrinin dəyişməsi Fondun dollar ilə ifadə olunan aktivlərinin ilin sonuna olan həcminin dəyişməsinə səbəb ola bilər. – ARDNF səhm payının, yəni daha riskli aktivlərin artırılması planlarını nəzərə alaraq investisiya portfelinin idarə olunması üçün yeni menecerlərin cəlb olunmasını, eləcə də azad vəsaitlərin yerləşdirilməsində zərurətin yaranmasına səbəb ola biləcək dövlət büdcəsinə transfertlərin azaldılması addımını planlaşdırırmı? – ARDNF uzunmüddətli dövrü əhatə edən, daha riskli aktivlərin portfeldə həcminin artırılması yolu ilə yüksək diversifikasiyalı investisiya portfeli qurmağı hədəfləyib. Bu istiqamətdə də Fond səhm yatırımları kimi uzunmüddətli dövrdə daha yüksək gəlirlilik vəd edən maliyyə alətlərinin investisiya portfelində çəkisinin artırılmasını planlaşdırır. Hal-hazırda isə mövcud investisiya siyasəti çərçivəsində səhm sub-portfelinə yeni yatırımların həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ARDNF artıq səhm portfelinin idarə edilməsini həyata keçirəcək yeni xarici menecer(lər)in cəlb edilməsi ilə bağlı xidmət təklifləri sorğusu elan edib və nəticələrin gələn ilin əvvəlində yekunlaşacağı qənaətindəyik. Xarici menecerləri idarəetməyə cəlb edərkən məqsəd Fond üçün yeni olan maliyyə alətlərinə investisiya zamanı onların təcrübəsindən istifadə etmək, onların bu və ya digər sahədə bilik və təcrübələrini öyrənməkdən ibarətdir. Xarici menecerlər seçilərkən bu əməkdaşlıq nəticəsində gələcəkdə həm Fondun mütəxəssislərinin hazırlıq səviyyəsinin artırılması, həm də daxili texniki infrastruktur bazasının genişləndirilməsi imkanları da nəzərə alınır. Beləliklə, xarici menecerlərin idarəetməyə cəlb edilməsi ilə ARDNF həm Fonddaxili insan resurslarının inkişaf etdirilməsi, həm də aktivlərinin idarə edilməsinin effektivliyinin daha da yüksəldilməsi məqsədini güdür. – Fondun məhz hansı səhmlərə (hansı dövlət və ya şirkətin) investisiya yerləşdirəcəyi barədə konkret planları varmı? Fondun daşınmaz əmlaka investisiya ilə bağlı hansı planları var? Yeni coğrafi bazarlara çıxmaq niyyəti varmı? – Qeyd edildiyi kimi ARDNF-nin uzunmüddətli investisiya strategiyasının əsas məqsədi risklərin yol verilə bilən həddə saxlanılması ilə vəsaitlərdən əldə edilən gəlirliliyin artırılması və diversifikasiya edilmiş investisiya portfelinin qurulmasıdır və səhm yatırımlarının artırılması da məhz bu hədəfə xidmət edir. Artıq 2012-ci ildən etibarən ARDNF qlobal səhm bazarında özündə müxtəlif şirkətləri, ölkələri və sektorları birləşdirən yüksək diversifikasiyalı səhm indekslərinə passiv üsulla investisiya istiqamətini seçib (qeyd etmək lazımdır ki, bu proses həm xarici menecerlər, həm də Fondun əməkdaşları tərəfindən həyata keçirilir). Hal-hazırda səhmlərə bu tip passiv üsulla investisiyanı davam etdirmək planlaşdırılsa da, risklər nəzərə alınmaqla daha çox gəlirlilik vəd edən alternativ investisiya strategiyaları da nəzərdən keçirilə bilər. Səhmlərə investisiya edərkən Fond optimal diversifikasiya və səhm bazarlarının qiymət dəyişkənliyi riskinin azaldılması prinsipinə ciddi şəkildə əməl edir. Daşınmaz əmlak investisiyalarına gəldikdə isə, bu sahədə əsas strategiya inkişaf etmiş bazarların və müxtəlif tip daşınmaz əmlakların təmsil olunduğu portfelin yaradılmasından ibarətdir ki, gələcəkdə də bu istiqamətdə yatırımların davam etdirilməsi nəzərdə tutulub. Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsədi yüksək və stabil icarə haqqının alınması yolu ilə gəlirliliyin artırılması və eləcə də, uzunmüddətli perspektivdə potensial qiymət artımı ilə müşayiət edilə biləcək yüksək keyfiyyətli aktivlərin əldə olunmasından ibarətdir. Bu sahədə bizi ən çox Avropa, Asiya və Sakit Okean Hövzəsi və Amerika Birləşmiş Ştatlarının daşınmaz əmlak bazarları maraqlandırır. Hal-hazırda Fondun dünyanın böyük şəhərlərinin mərkəzi biznes ərazilərində kommersiya daşınmaz əmlak investisiyaları mövcuddur və yaxın gələcəkdə də Fond qeyd edilən coğrafi regionlarda fəaliyyətini genişləndirməyi planlaşdırır. ARDNF həmçinin daşınmaz əmlak fondlarına da investisiya qoyuluşu həyata keçirməyə başlayıb ki, bu da həm yüksək gəlirliliyi təmin etməyə, həm də diversifikasiyanın artırılmasına xidmət edir. Beləliklə, daşınmaz əmlak fondlarına investisiya ARDNF-yə daha çox ölkə və regionları əhatə edən daha böyük bazarlara birbaşa çıxış imkanı qazandırır. Bu yatırımlar investisiyaların coğrafi mövqeyinin genişləndirilməsi ilə yanaşı, daşınmaz əmlak portfelinin strategiya (hazır, tikilməkdə olan) və tip (yaşayış, logistik və s.) üzrə də diversifikasiyasını genişləndirməyə imkan verir. – 2017-ci ildə valyuta hərracları nəzərdə tutulur? 2016-cı ildə valyuta hərracları vasitəsilə nə qədər dollar satılıb? – Qeyd etmək istərdik ki, ARDNF-nin büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir. ARDNF-nin növbəti il üçün büdcəsində icrası manatla olan öhdəliklər nəzərdə tutulduğundan Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı 2017-ci ildə də davam etdiriləcək. 2016-cı ilin 11 ayı ərzində ARDNF tərəfindən valyuta hərracları yolu ilə ümumilikdə 4,6 milyard dollar həcmində vəsait satılıb. – Parlamentin son plenar iclasında bəzi deputatlar ARDNF-in xarici banklarda yerləşdirilmiş vəsaitlərini ölkə daxilinə keçirməyi və ölkənin bank sektoruna dəstək məqsədilə yerli banklarda yerləşdirilməsini təklif etmişdi. Həm risklərin, həm də gəlirliliyin nəzərə alınması ilə ARDNF-a öz vəsaitlərini yerli banklarda yerləşdirmək nə dərəcədə sərfəlidir? Bu cür addımı bankların dəstəyi üçün məqsədəuyğun hesab edirsinizmi? – ARDNF-nin suveren fond kimi yaradılmasında əsas məqsəd ölkənin makroiqtisadi stabilliyinin qorunub saxlanılması və tükənən təbii sərvət olan neft və qazın satışından əldə olunan gəlirlərin səmərəli idarə edilməsi ilə nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsidir. Son dövrlər neftin qiymətinin aşağı və qeyri-stabil olmasını nəzərə alaraq Fondun ölkədə makroiqtisadi sabitliyi qorumaq funksiyası daha çox ön plana çıxıb. Belə ki, 2015-ci ildə ARDNF-nin tarixində ilk dəfə olaraq onun ümumi xərcləri gəlirlərini üstələyib. Bank sahəsinin dəstəklənməsi ilə bağlı qeyd etmək istərdik ki, həm ölkə rəhbərliyinin, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə qeyd etdiyi kimi bank sektorunun sağlamlaşdırılması ilk növbədə prudensial qaydalar, effektiv korporativ idarəetmə və həmçinin ehtiyac yarandığı təqdirdə bankların növbəti konsolidasiyası prosesləri ilə tənzimlənməlidir. Hesab edirik ki, Fondun hazırki investisiya portfeli, eləcə də onun risk/gəlirlilik nisbəti mövcud investisiya strategiyasının məqsədlərinə nail olmaq üçün daha optimaldır. – Bu il Neft Fondu Azərbaycan Beynəlxalq Bankına ilk depozitini yerləşdirdi. Depozitin həcmini nəzərdə tutulan iki milyard səviyyəsinə çatdırmaq planlaşdırılırmı? Vəsaitlər ABB-yə depozit olaraq hansı şərtlərdə yerləşdirilib və bu depozit xarici banklarda saxlanması ilə müqayisədə nə dərəcədə sərfəlidir? – “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ın 3.3. bəndinə əsasən Fond investisiya portfelinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanına malikdir. Hazırda, ARDNF-nin yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər. Depozitin yerləşdirilmə şərtlərinə gəldikdə isə qeyd etmək istərdik ki, bu vəsait bankda illik 4% olmaqla 1 il müddətinə yerləşdirilib. Faiz dərəcələrinin formalaşdırılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi şərtlərinin yaranmasında ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sahəsinin inkişaf səviyyəsi, aktivlərin həcmi, kredit reytinqi və s. əhəmiyyətli rol oynayır. Təbii ki, bu göstəriciləri nəzərə almadan gəlir barədə danışmaq bir qədər düzgün yanaşma sayılmaz və bu səbəbdən də biz müxtəlif banklarda depozit yatırımlarını sırf gəlirlilik baxımından müqayisə edə bilmərik. – Bu il Azərbaycan EITI-də namizəd statusunu saxlaya bildi. 2017-ci ildə Təşəbbüsün idarə heyətində üzvlüyün bərpa olunması üçün səy göstərilməsi planlaşdırılırmı? EITI idarə heyətinə yenidən daxil olması üçün Azərbaycan qarşısında hansı şərtlər irəli sürülür? – 2015-ci ilin aprel ayında Qiymətləndirmə prosesindən (2015-ci ilin yanvar ayında baş tutan) sonra Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin qərarına əsasən ölkəmizin MHŞT-dəki statusu “Tamhüquqlu üzv”dən “Namizəd ölkə” statusuna endirilib. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın “Tamhüquqlu üzv” statusunu bərpa edə bilməsi üçün növbəti Qiymətləndirməyədək (2016, iyul) yerinə yetirilməli islahedici addımları müəyyən edib. 2015-2016-cı illər ərzində Azərbaycanda MHŞT Standartının tələblərinə uyğun olaraq MHŞT-nin ölkədə tətbiqi davam etdirilib, Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən edilmiş islahedici addımların icrası ilə bağlı müəyyən fəaliyyətlər və Təşəbbüsün tətbiqi çərçivəsində əksər işlər həyata keçirilib. 2016-cı ilin iyul ayında MHŞT üzrə növbəti Qiymətləndirmə keçirilib və Beynəlxalq İdarə Heyətinin cari ilin 26 oktyabr tarixində Astanada baş tutmuş sonuncu iclasında Azərbaycanın MHŞT-nin tətbiqi üzrə gördüyü işlərə əsaslanaraq qəbul etdiyi qərara əsasən Azərbaycan MHŞT çərçivəsində “Namizəd ölkə” statusunu saxlayıb. Beynəlxalq İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tətbiqində iştirak edən qeyri-hökumət təşkilatlarının və həmçinin qrantların qeydiyyata alınması ilə bağlı konkret suallara dair islahedici tədbirlərin hökumət tərəfindən həyata keçirilməsi üçün Azərbaycana İdarə Heyətinin növbəti iclasınadək (mart 2017-ci il) vaxt verilib. Həmçinin, 2017-ci ilin iyul ayınadək Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin MHŞT prosesinin tətbiqində iştirakını və MHŞT hesabatlılığı sahəsində bəzi texniki məsələlərin həlli istiqamətində müəyyən tələblərin yerinə yetirilməsini təmin etməlidir. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin son iclasından sonra (24-26 oktyabr 2016, Astana) Azərbaycanın MHŞT üzrə Çoxtərəfli Qrupu tərəfindən Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair irəli sürdüyü şərtlərin müzakirəsinə başlanılıb və islahedici tədbirlər üzrə Fəaliyyət Planının hazırlanması qərara alınıb. 2017-ci ildə də MHŞT Standartının bütün tələblərinə uyğun olaraq Təşəbbüsün ölkədə həyata keçirilməsi davam etdiriləcək və MHŞT prosesində iştirak edən vətəndaş cəmiyyəti üzvlərinin şəraitlərinin yaxşılaşdırılmasına səy göstəriləcək.

27 Dekabr 2016 12:09

İqtisadçı Qulu İbrahimlidən Mərkəzi Banka sərt ittihamlar:”Süni valyuta qıtlığı yaradır…” – MÜSAHİBƏ

Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı ekspert Qulu İbrahimli "Amerikanın Səsi"nə maraqlı müsahibə verib. O, həmin müsahibəsində valyuta bazarındakı mövcud durum, risklər, manatın devalvasiyasının səbəblərindən danışaraq, Mərkəzi Bankı ölkədə süni valyuta qıtlığı yaratmaqda suçlayıb. Faktinfo.az həmin müsahibəni  təqdim edir: – Ölkənin maliyyə-bank sektorunda mövcud durumu və perspektivləri necə görürsünüz? – Ölkənin bank sektorunda mövcud problemləri bilmək üçün, birinci səbəbləri öyrənmək lazımdır. Bu gün maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas səbəbi Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməsidir. O cümlədən, Dövlət Neft Şirkətinə (ARDNŞ) 2015-ci ildə Mərkəzi Bankın 2 milyarda yaxın vəsait ayırmasıdır. Çünki bu gün maliyyə-bank sektorunda yaranmış problemin kökü bununla bağlıdır. Atılan addım Mərkəzi Bankın balansında tarazılığın pozulmasına səbəb olub. Eyni zamanda, bu gün Beynəlxalq Bank və Neft Şirkətini xilas etmək yolu ilə Mərkəzi Bankın valyuta rezervlərindən istifadə olunması ümumiyyətlə ölkənən maliyyə-bank sektoru üçün böyük risklərə səbəb olub. Buna baxmayaraq, yenə də dövlət Beynəlxalq Bankla bağlı vəsait ayırmaq istəyir. Hesab edirəm ki, bu, növbəti illərdə də gərgin və ağır fəsadlarını verəcək. – Mərkəzi Bank yaxın zamanda valyuta bazarında tam üzən məzənnəyə keçiləcəyini bildirib? Üzən məzənnəyə keçid valyuta bazarında sabitləşmə yarada biləcəkmi? – 2016-cı ildə dünya valyutaları içərisində üzən məzənnə rejimində işləyən bir valyuta olubsa, o da Azərbaycan manatıdır. Çox təəssüf ki, hökumət bəzi iqtisadçıların dili ilə cəmiyyətə izah etmək istəyir ki, sanki manata təzyiq mövcud olmuşdur. Ötən müddət ərzində Mərkəzi Bank tərəfindən manatın qorunması üçün heç bir tədbir görülməyib. Ona görə, biz baxmalıyıq ki, ötən müddət ərzində Mərkəzi Bank özünün valyuta ehtiyatlarından manatın dəstəklənməsi üçün istifadə edib-etməyib? Mərkəzi Bank çox təəssüflər olsun ki, resurslarından manatın dəstəklənməsi üçün istifadə etməyib. Bizdəki məznnənin bir adı var. Bu məzənnənin adı – "Azərbaycan Beynəlxalq Bankı sindromu"dur. Çox təəssüf olsun ki, 2017-ci ildə də Beynəlxalq Banka daha 10 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da domino effekti kimi, yenə də gələn il də manatın məzənnəsi ilə bağlı risklərə səbəb olacaq. – Hazırda “qara valyuta bazarı” sürətlə genişlənir və dollar sürətlə bahalaşır? Fikrinizcə, manatın dollar və avroya nisbətdə ucuzlaşması hansı həddə qədər davam edəcək? – Son bir ayda hökumət “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb. Biz ötən ildən də bilirik ki, Azərbaycanda valyuta bazarına təqdim olunan valyutanı əsasən iki bank alırdı. Bu iki bankın əli ilə valyuta bazarına dollar axıdılırdı. Maraqlı məsələ budur ki, bəs niyə son bir ayda hökumət bu “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb? Bazarın özü bizə yaxşı bir göstərici verir ki, bazarda bu günədək dollar qıtlığı olmayıb. Bu gün “qara bazar”da olan vəziyyətin təhlili də göstərir ki, Azərbaycan manatının dəyəri süni şəkildə ucuzlaşdırılır. Heç bir sahibkar, iş adamı bu günədək deyə bilməz ki, o, valyuta qıtlığı ilə qarşılaşıb, ehtiyac duyduğu valyutanı bazardan ala bilməyib. Çox maraqlıdır ki, rəsmi məzənnə nə qədər artırsa, qara bazarda artım daha az olur. Bu da göstərir ki, manata təzyiq olmayıb. Manat indiyədək üzən məzənnə rejimində işləyib. Əgər manatın məzənnəsi yuxarı olsa idi, təzyiq olsa idi, ən birinci buna “qara bazar” reaksiya verərdi. Yəni, rəsmi kursun müəyyənləşməsindən asılı olmayaraq bu, bazarda kəskin fərqlənməlidir. İndi dekabrın 31-i gəlir, Mərkəzi Bankın balansı təsdiq olunmalıdır. Mərkəzi Bankın valyuta ehtiyatlarının daha yuxarı məbləğdə yenidən qiymətləndirilməsinə əsas yaradılmalıdır. İndi “qara bazar” ləğv olunub, Mərkəzi Bank imkan vermir ki, “qara bazar”da valyuta dövriyyəsi olsun. Beləliklə, valyuta qıtlığı yaradıb. Cəmiyyətə də çatdırmaq istəyir ki, sanki valyuta yoxdur, manata təzyiqlər var və dekabrın 31-dək manatın bahalaşdırılması, xüsusi vurğulamaq istəyirəm ki, süni şəkildə bahalaşdırılmasına əsas yaratmaq üçün bu gün “qara bazar”ı ləğv ediblər. Belə sual ortaya çıxır, axı, niyə indiyədək “qara bazar”ın mövcudluğuna göz yumulurdu və indi ləğvi başlanıldı? Ona görə başlanıldı ki, bu “qara bazar”a təkcə valyuta hərraclarında təqdim olunan valyuta deyil, ümumiyyətlə vətəndaşların əllərində olan dolların bazara təqdim olunmasında çətinlik yaradılsın. Yəni, süni yaradılmış valyuta qıtlığı cəmiyyətə çatdırılsın və ilin sonunadək Azərbaycan manatının kəskin bahalaşdırılmasına əsas yaratsınlar. Mən hesab edirəm ki, bu günki məzənnə də sünidir. Bəzi iqtisadçıların dili ilə yenə manata qiymət qoyurlar. Heç bir əsaslandırma olmadan dolların manata nisbətini 2.20 – 2.50 manat göstərirlər. Bununla da cəmiyyətə, ictimai firkə diktə edirlər ki, sanki valyutanın qiyməti bu olmalıdır. Amma bunun bir səbəbi var, Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi. Bu, real iqtisadi hadisələrlə bağlı deyil. – Kommersiya banklarının dollar satmamasının səbəbi nədir? Bazarda süni dollar defisiti yaradıla bilərmi? – Dollar defisiti yaradıla bilər yox, artıq yaradılıb. Bu gün hüquq-mühafizə orqanlarının bu işə cəlb olunması ilə “qara bazar”ın faktiki olaraq ləğv olunması göstərir ki, hökumət manatı dollar qarşısında süni şəkildə ucuzlaşdıracaq. Çox təəssüf olsun ki, indiyədək bunun hər hansı əsaslandırılması verilmir. 2016-cı il üçün Mərkəzi Bankın balansı dərc olunanda biz bunu görəcəyik. Necə ki, 2015-ci il dekabrın 21-də manatı yenidən devalvasiyaya uğratdılar. Bunun da səbəbi onunla bağlı idi ki, 3 milyard manat Beynəlxalq Banka vəsait ayrılması ilə Mərkəzi Bankın balansında tarazılıq pozulmuşdu. Bu il də Beynəlxalq Banka 7 milyard pul verilib, Mərkəzi Bankın balansının tarazılığı pozulub. “Qara bazar”ı da ləğv edilməklə süni valyuta qıtlığı yaradılıb ki, ilin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılsın…

20 Dekabr 2016 19:15

Şuşalı Aram Karapetyan: “Ermənilər Qarabağdan qaçır”

Aram Karapetyan erməni xalqının yeni nəslinin nümayəndəsidir. Qarabağ münaqişəsi barədə düşüncəsini yeniləmiş minlərlə digər erməni kimi, o da vətənində sülh arzusundadır. Minlərlə digər erməni kimi, A.Karapetyan da Ermənistanı tərk etmək məcburiyyətində qalıb, çünki əmindir: Sarkisyan rejimi ölkəni siyasi müflisləşmə və yoxsulluq səviyyəsinə çatdırıb. A.Karapetyan Ukraynada “Qürur inqilabı”nda fəal iştirak edib, Avromaydanın ön sıralarında olub. Bu gün o, öz ölkəsi üçün dəyişikliklər və inqilab istəyir. İctimai fəal Ermənistan-Azərbaycan sülhməramlı platformasının yaradılması üçün Bakı deklarasiyasına qoşulmağa qərar verib. Əmindir ki, bu, iki xalqı barışdırmağın və iki Qafqaz ölkəsi arasında böyük sülhə törədilən əngəllərə qarşı ən real yollardan biridir. Aram Karapetyanın saytımıza verdiyi müsahibəni diqqətinizə çatdırırıq: - Bakı deklarasiyasını imzalamaq qərarını necə verdiniz və onun barəsində nə bilirsiniz? - Əvvəlcə Bakı platforması barədə KİV-də dərc olunanlardan öyrəndim, səhv etmirəmsə, bir aya yaxın bundan əvvəl olmuşdu, sonra bu barədə ukraynalılar və ermənilər danışmağa başladı. Onun ideyaları məni dərhal cəlb etdi, yalnız ona görə yox ki, erməniyəm və hər zaman fəal vətəndaşlıq mövqeyim olub, həm də ona görə ki, atam Şuşada anadan olub böyüyüb və mən erkən uşaqlıq dövründən onun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını xatırlayıram. Buna görə də, həddən çox uzanmış və fikrimcə, tamamilə mənasız münaqişənin başlanmasından sonra ilk dəfə barışığa real addımların atılmasını öyrənəndə çox sevindim. Məhz buna görə “Ermənistan və Azərbaycan arasında sülh platforması”na qoşulmaqla bağlı Bakı deklarasiyasına milliyyətindən asılı olmadan bütün xoş niyyətli insanların, ilk növbədə isə, münaqişə tərəflərinin vətəndaşlarının qoşulması çağırışına cavab verdim. Hər zaman möhkəm dostluq əlaqələrinin bağladığı iki xalqın barışdırılması işində mənim də əməyimin olacağına ümid edirəm və inanıram ki, bu dostluq tezliklə yenidən bərpa olunacaq. Mən Qafqazda ermənilərlə azərbaycanlıların sülh və barışını nəzərdə tuturam, çünki Qafqazdan kənarda aranızda düşmənlik heç vaxt olmayıb. Məsələn. yaşadığım Ukraynada mənim həm erməni. Həm də azərbaycanlı çoxlu dostlarım var. Azərbaycanlı fəallar bizimlə çiyin-çiyinə Maydanda mübarizə aparıblar. Bundan başqa, bir çox azərbaycanlılar dostumuz, Kiyev hadisələrində həlak olmuş Sergey Niqoyanın xatirəsinə həsr olunmuş yürüşdə iştirak ediblər. - Maydanı xatırladınız, amma son bir neçə ildə Ermənistanda da Maydan proqnozlaşdırılsa da, o baş vermədi. Sizcə, nəyə görə vətənimizdə Sarkisyanın qeyri-legitim hakimiyyəti belə möhkəm dura bilib? - Doğrudan da, belə proqnozlar çox olub, hətta il yarım bundan əvvəl erməni xalqı kommunal xidmətlərin qiymətlərinin həddən çox qaldırılmasına qarşı üsyan etmişdi. Bu il isə Ukraynada Yerevanda baş verənlərdən danışırdılar. Polis alayının zəbtini nəzərdə tuturam. Lakin inqilab baş vermədi və bu, belə desək, hakimiyyətin “nailiyyəti”dir. Təəssüf ki, “Elektromaydan” vaxtı da, bu il də üsyana qalxmış xalq hakimiyyətin özünün yetişdirdiyi əldəqayırma müxalifətçilərin manipulyasiyalarına uydu. Ümumiyyətlə, Ermənistanda, anladığım qədəri ilə, bu cür təxribatçıların hakimiyyətin nəzarət etmədiyi istənilən proseslərə müdaxiləsinin özünəməxsus sxemi hazırlanıb.  Hələlik bu sxem səhvsiz işləyir. - Bəs bununla necə mübarizə aparmalı? - Bu çox çətindir, faktiki olaraq, qeyri-mümkündür. Ukraynada bu mümkün oldu, lakin burada vəziyyət tam başqa idi. Biz Avropanın və ABŞ-ın dəstəyini hiss edirdik. Lustrasiya Maydanın nəticələrindən biri oldu. Ermənistana da məhz lüstrasiya lazımdır, lakin təbiidir ki, ölkənin özündə buna nail olmaq heç kəsə nəsib olmayacaq. Aydın məsələdir – hakimiyyət imkan verməyəcək. Bunu xaricdən, diaspordan etməlidirlər. Yeri gəlmişkən, bilirəm ki, son zamanlar erməni diasporu Sarkisyan rejimi ilə mübarizədə fəallaşıb və bu sevindirir. Təəssüf ki, bu mənada Ukrayna erməniləri arasında belə bir tendensiya yoxdur, lakin inanıram ki, zamanla Ukraynada da vətənimizin naminə proseslərə təsir etmək gücü olan cəmiyyət formalaşacaq. - Sonuncu dəfə nə vaxt Ermənistanda olmuşunuz və oradakı vəziyyətlə bağlı təəssüratlarınız necədir? - İki il əvvəl Yerevana getmişdim, buna qədər də ailəmlə orada olmuşdum. Leninakanda (Gümridə - red.) də olmuşam, anam əslən oradandır. Təəssüratlara gəlincə... Ağrılıdır, çox ağrılıdır və təəssüfvericidir ki, SSRİ zamanında tanıdığım çiçəklənən, firavan ölkəni bu cür yoxsul vəziyyətə gətirib çıxarıblar. Yerevanda gördüklərim rəngarəng, qəşəng hava şarına bənzəyirdi. Bu şarın cəlbediciliyi yalnız şəhərin mərkəzinə aiddir. Bu hissədə normal, ləyaqətli həyat izləri var. Lakin mərkəzdən azca uzaqlaşdıqda, yaxud da paytaxtdan çıxdıqda, bu şar dərhal partlayır və anlayırsan – klublar, mehmanxanalar yalnız gözəl giriş qapısıdır və gəlmələrin gözünə kül üfürmək üçündür. Anamın rəfiqəsi, səhv etmirəmsə, Yerevanın Çarbax adlanan rayonunda yaşayır. Orada gördüyüm dağıntını və kasıblığı dillə demək mümkün deyil. Elə təəssürat oyanırdı ki. hansısa əsir düşərgəsinə düşmüşəm. Leninakandakılar isə qorxu filmini xatırladır – bu qədər evsiz-eşiksiz və vaqonlarda yaşayanlar barədə mən heç bir yerdə nə eşitmişdim, nə də görmüşdüm. Elə oradaca məmurları və hansısa imkanlıları gördüm ki, bahalı maşınlarda gəzirlər, özlərinə elə malikanələr tikiblər ki, 50 milyonluq əhalisi olan Ukraynada belələrinə rast gəlməzsən. Aydın məsələdir ki, erməni oliqarxları xalqın hesabına varlanıblar. Buna görə də, ölkədə total yoxsuluq hökm sürür. - Qarabağ münaqişəsinə qayıdaq. Fikrinizcə, bu münaqişə nə vaxt və əsas da necə bitəcək? - Bilirsiniz, atamın Şuşada xeyli dostu qalıb, burada mən bir neçə il öncə Stepanakertdən (Xankəndindən – red.) gəlmiş bir oğlanla dostluq edirəm. Buna görə də, bilirəm ki, orada vəziyyət hətta Ermənistanda olduğundan da bərbaddır. Ermənilər oradan qaçır. Ona görə yox ki. müharibənin bir addımında yaşayırlar, ona görə ki, yaşamaq mümkün deyil. Stepanakertli oğlan, misal üçün, deyir ki, orada iş tapmaq qətiyyən mümkün deyil. Hətta adicə yükdaşıyan, fəhlə kimi də işə düzəlmək olmur. Aydın məsələdir ki, bunun səbəbi bu münaqişədir. Onun həlli üçün, ilk növbədə, mənbəyini tapmaq lazımdır – necə yaranıb, kim yaradıb. Axı bu, SSRİ-nin dağilmasi ilə eyni vaxtda olub. Buna görə də, düşünürəm ki, qarşıdurmanı yalnız iki xalqın iradəsi yox edə bilər. Vasitəçilərdən əl çəkmək və özləri danışıqlar masasına oturmağa cəhd etməlidirlər. İndi siz bunu QHT və ya vətəndaş sektoru səviyyəsində edirsiniz, mən isə dövlət başçılarından danışıram. Əlbəttə, anlayıram ki, sahibləri Sarkisyana belə addım atmağa imkanı çətin versinlər, lakin dünya yalnız onun üzərində qurulmayıb və görürəm ki, onun axırına çox qalmayıb. Ümid edirəm ki, onun yerinə gələn Sarkisyan kimi Kremlin əlində oyuncaq olmayacaq və yalnız bu halda Qarabağ münaqişəsində normal və sürətli həll mümkündür. Məlum olduğu kimi, Ermənistanın nəzarətinə keçmiş torpaqların əksəriyyəti artıq neçə illərdir ki, boşdur. Ermənilərin onları qaldırmağa, orada nəsə tikməyə, yaratmağa nə gücü, nə də arzusu var. Maraqlı sual ortaya çıxır – bəs nəyə görə həmin torpaqları bu cür qoruyub, hələ əsgərləri də qurban verirsiniz? - Yeni il ərəfəsində ermənilərə nə arzu edərdiniz? - Fikir vermişəm ki, Yerevanda olan ermənilərin, yaxud oradan bura gəlmişlərin üzündə həmişə qüssə olur. Onlar gülümsəmir. Hətta işləyəndə də, kafedə dincələndə də gözlərində kədər var. Səmimi qəlbdən arzu edirəm ki, nəhayət, ermənilərin üzlərində təbəssüm yaransın. - Bu cür cəsarətli addım atdığınız və sülhməramlı platformaya qoşulduğunuz üçün təşəkkür edirik. Vahan Martirosyan Virtualaz.org

17 Dekabr 2016 14:26

“Aprel müharibəsi İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi”

  “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Publika.az-a müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini şərh edib Faktinfo.az həmin müsahibəni təqdim edir: - Bu səfər ikitərəfli münasibətlərə necə təsir edəcək? - İsrailin Baş nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərlə ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq. Bundan sonra siyasi, hərbi-texniki əməkdaşlıq, həmçinin, iqtisadi əlaqələr daha da güclənəcək. Aprel müharibəsi Azərbaycanın dostunun kim, düşməninin kim olduğunu göstərdi. Sirr deyil ki, Azərbaycan-İsrail arasında hərbi-texniki əlaqələr yüksək səviyyədədir və bu əlaqələr bundan sonra da davam edəcək. - Amerikada Donald Tramp prezident seçildi. O, İranla nüvə proqramının ləğv olunmasını istəyir. Bunun fonunda İranın Ermənistanla əlaqələri göz qabağındadır. Necə hesab edirsiniz, İsrailin Baş nazirinin Bakıya səfəri regionda siyasi prosesləri hansı məcraya yönəldəcək? - Azərbaycan-İsrail əlaqələri heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. İkitərəfli münasibətlərin başında çox yaxşı siyasi dialoq dayanır. Həmçinin, güclü iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı da yüksək qiymətləndirilməlidir. İranla bağlı isə hər şey aydındır. Misal üçün, Netanyahunun Azərbaycana səfərindən sonra İran prezidenti Ermənistana səfər edəcək. Bunun özü Azərbaycanın dostunun kim olduğunu sübut edir. Donald Trampın prezident seçilməsinə gəlincə, deyə bilərəm ki, bu, həm İsrail, həm də Azərbaycan üçün önəmlidir. Çünki bu günə qədər ABŞ administrasiyası nə Yaxın Şərqdə, nə də Cənubi Qafqazdakı hadisələri düzgün qiymətləndirirdi. Tramp İsrail dövlətinin və yəhudi xalqının böyük dostudur. Bunu hər zaman söyləyir. İnanıram ki, Tramp İsrail-Azərbaycan münasibətlərinin inkişafında da böyük rol oynayacaq. Eyni zamanda, qeyd edim ki, ABŞ-da güclü yəhudi lobbisi fəaliyyət göstərir. Son dövrlər Azərbaycanla yəhudi diasporunun sıx əməkdaşlığı mövcuddur. Bu ilin 12 sentyabr tarixində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Bakıya səfər etmişdi. Azərbaycan Prezidenti ilə yüksək səviyyəli görüşlər oldu. Netanyahunun səfərindən sonra da bu əlaqələr inkişaf edəcək. - İki ölkə arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? - İqtisadi əlaqələr inkişaf edir. Həmçinin, İsrail Azərbaycana iqtisadi baxımdan çox yardım edə bilər. Həm kənd təsərrüfatı, həm səhiyyə, həm də digər sahələrdə İsrailin innovativ işləri Azərbaycanda da tətbiq oluna və bəhrəsini verə bilər. - Səfər çərçivəsində Fələstin-İsrail, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də gözləniləndir. İki lider münaqişələrin həllinə hansı töhfələri verə bilər? - Aydındır ki, liderlər həm Dağlıq Qarabağ, həm də Fələstin-İsrail münaqişələrini müzakirə edəcəklər. Onu deyə bilərəm xki, İsrail hər zaman Azərbaycanın yanındadır, onun ərazi bütövlüyünü tanıyır və bunu ən yüksək səviyyədə bildirir. Aprel müharibəsi də İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi. Məhz buna görə, Ermənistanda anti-İsrail isteriyası yaranıb. Lakin buna baxmayaraq, İsrail-Azərbaycan münasibətləri inkişaf edir. Yəhudi lobbisi də Azərbaycanla bağlı məsələlərdə İsrailə dəstək verdiyi kimi dəstək verir. - Azərbaycan Fələstin-İsrail, İsrail də Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilərmi? - Bu bir qədər çətin məsələdir. İsrailin Qarabağ münaqişəsinin həllində nəsə edə biləcəyi çətin olduğu kimi, Azərbaycanın da Fələstin-İsrail münaqişəsində nəsə etməsi çətindir. Fələstin-İsrail münaqişəsi bu günün yox, 60-70 ilin münaqişəsidir. Azərbaycan bu regiona yaxın olsa da, təsir imkanları yoxdur. Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətlərinin özünün inkişafı hər iki ölkənin problemlərinin həllinə gətirib çıxara bilər.

13 Dekabr 2016 18:52

Emma Ələkbərzadə: “Əslində, ərim bacımın pərəstişkarıydı…” – MÜSAHİBƏ

Aile.lent.az-ın suallarını müğənni Emma Ələkbərzadə cavablandırıb. - Çoxdandır müsahibə vermirsiniz. Niyə mətbuatdan uzaqlaşmısınız? - Az görünüm, amma hörmətlə görünüm. Belə daha hörmətli olursan. - Sosial şəbəkələrdən görürük ki, oğlunuzla daha çox vaxt keçirirsiniz. - Elədir. David artıq 1 yaş 6 aylıqdır. Çox dəcəldir. Amma hər şeyi anlayır. Özünü böyük uşaq kimi aparır. Qız uşaqları ilə heç arası yoxdur. Ona böyük oğlanlarla, kişilərlə daha maraqlıdır. Səhər gözünü açan kimi birinci “Ema, Emil” deyir. Görür ki, əsəbiyəm “mama” deyə çağırır. Sevanın (Sevda Ələkbərzadə) adını çəkə bilmir, ona “Meya” deyir. Özü də uzadaraq, “Mmmmeya”. Çox gözəl eşitmə qabiliyyəti var, mahnıları duyur. Seva musiqiyə qoymağımızı istəyir. Deyirəm ki, gündə 8 saat qamma çalmaq yolunu mən keçmişəm. Əgər istedadı varsa, özü musiqi ilə məşğul olacaq, yoxdursa, lazım deyil. - Hamiləlikdə qadınlar artıq çəki alır. Sonra ondan xilas olmaq bir az çətin olur. Amma siz tez bir zamanda əvvəlki çəkinizə qayıtdınız. Bunun öhdəsindən necə gəldiniz? - Hamilə olduğumu biləndə 48 kilo idim. Son 3 ay şişkinlik yarandı. Doğuşa girməzdən əvvəl 85 kiloqram idim. Ancaq baxanda bu çəkini vermək olmazdı. Davidi dünyaya gətirəndən sonra 1 il 3 aya əvvəlki çəkimə qayıtdım. Yəni tədricən. Oğluma ana südü vermirdim deyə asanlıqla  pəhriz saxladım. İndi artıq normal qidalanıram. Həm də mədəm o qədər balacalaşıb ki, istəsəm də, normadan artıq yeyə bilmirəm. İdman etmirəm. Çünki idmanı dayandıranda əvvəlki çəkiyə qayıdırsan. Mənim idmanım Daviddir, baxmayaraq ki, dayəsi var. David elə bil cırcıramadır. Dayəmiz yad insan deyil, rəfiqəmin anasıdır. Hətta Rəhilə xala da Davidin əlindən arıqlayıb. Kök xanım idi, bizə gəldi arıqladı. Seva demişkən, bizim evə gələn hamı arıqlayır. - Çoxları artıq çəkidən azad olduqdan sonra ideal çəkini saxlaya bilmir. Bir müddət sonra yenə həmin artıq çəki yığılır. Amma siz bir dəfə arıqladınız və uzun illərdir ki, ideal çəkinizi qoruyub saxlayırsınız. - Öz günahlarıdır. Elə bilirlər ki, ideal çəkiyə çatdılarsa, daha kökəlməyəcəklər. Amma unutmaq olmaz ki, insan yaşa dolduqca köklüyə doğru gedir. Mənim 43 yaşım var. Ona görə çalışıram ki, öz çəkimi saxlayım. Sadəcə normal qidalanıram. Heç nədən imtina etməmişəm, az-az yeyirəm. Ürəyim qızardılmış ət istəyirsə, mən onu yeyəcəm. Heç vaxt ürəyim istəyən yeməyə “yox” demərəm. Birinci dəfə arıqlayanda hər şeydən imtina etmişdim. Amma bu da düzgün deyil. Dietoloqlar pəhriz yazanda siyahıya toyuq, ət, süd salırlar. İranda dietoloqlar mütləq kərə yağı əlavə edirlər. Mən anadangəlmə kərə yağı yeməmişəm, sevmirəm. Amma həyat yoldaşım kərə yağında kartof qızardır, Davidə verirəm. Çünki o yeməlidir. Mən də dadına baxarım, çünki adam ondan yeməsə şişər (gülür). - Ümumiyyətlə, imtina etdiyiniz qida var? - Heç vaxt xaş yemirəm. Acığım gəlir. Quyruq, piy, qoyun əti də sevmirəm. Qoyun ətini yalnız Qurban bayramında yeyərəm. Bizim ailədə, ümumiyyətlə, qoyun əti istifadə edilmir. - Özünüzün mətbəxlə aranız necədir? - Heç aram yoxdur. Mətbəxdə həyat yoldaşım mənə kömək edir. Çünki özü elə şef-aşpazdır. Onun əl qabiliyyətinə söz ola bilməz. Təbii ki, mən ona çata bilmərəm. Emil işdə olanda Davidə, Sevaya mən yemək hazırlayıram. Davidə nə bişirsəm, Sevda da yeyir. Çünki Davidə bişirilən qidalar sağlam olur, piydə, quyruqda bişirilmir. Amma soğan kərə yağında qovrulur. Şirniyyat sevirik, ürəyimiz istəyəndə Emil məmnuniyyətlə hazırlayır. - Əlinizin duzunu bəyənir? - Deyilənlərə görə, pis alınmır. Amma deyim ki, plov dəmləyim, yarpaq, kələm dolması büküm, yox, bacarmıram. Yalnız toyuq, ət supu, bozbaş, qarabaşaq, kartof qızartması hazırlaya bilərəm. - Həyat yoldaşınız yemək hazırlayarkən sizin zövqünüzü, pəhrizinizi nəzərə alırmı? - Emil mənim nə xoşlayıb-nə xoşlamadığımı bilir. Amma bəzən istədiklərimi deyirəm. Məsələn, xahiş etmişəm ki, yeni ilə sobaya toyuq qoysun, yanında kartof, “Olivye” salatı hazırlasın, amma mayonezsiz, xama ilə. Çünki mən ilk növbədə oğlumuzu fikirləşirəm ki, ona mayonez verməyək. Salatların isə tamına baxır. Çünki həm xeyirlidir, həm də ağzının dadı olsun. Davidin ağzının dadı şükür, pis deyil. - Emma xanım, Azərbaycan mentalitetinə görə gec yaşda ailə qurdunuz. Amma yəqin ki, bu yaşa qədər evlilik təklif edən olmuşdu. - Əlbəttə, evlilik təklifi olmuşdu. Amma ailə qurmağım öz seçimim idi. 39 yaşımda ailə qurdum. Sevindiricidir ki, bu cür fikirlər bir az arxada qalıb. Artıq müasir xanımlar ali təhsil almaq, karyera qurmaq, öz ayaqları üzərində durmaq istəyir. - Amma çox zaman ailə, ətraf qıza ailə qurmaq yaşının keçdiyini deyir. Bir növ yaxşı mənada xanımlara təzyiq edilir, “ailə qurmaq vaxtındır, niyə ərə getmirsən?” deyirlər. - Bizim ailədə heç vaxt belə təzyiq olmayıb. Sən 20 yaşında ailə qurmaq istəyə bilərsən, amma Allah məsləhət görmürsə, alınmayacaq. Hər şeyin öz vaxtı, zamanı var. Zamanı gəldikdə bu olmalıdır. - Gec yaşda ana oldunuz. Bunun müsbət və mənfi tərəfləri nədir? - Hər yaşın öz gözəlliyi var, necə ki, hər fəslin öz gözəlliyi var. Əgər mən gec yaşda ana olmuşamsa, bunu Allah belə istəyib, məndən asılı deyildi. Yəqin Allah ömrümü də uzadar ki, övladımı ayağa qaldırım, böyüdüm, məktəbə yola salım, ali təhsil verim, evləndirim, evimə gəlin gətirim. İnsan istər-istəməz qocalır. Gec-tez onsuz da bu dünyanı hamı tərk edəcək. Amma hər zaman Allaha yalvarıram ki, əgər sən mənə 41 yaşımda övlad vermisənsə, ömrümü də uzat ki, onu doyunca görüm, yetərincə diqqət yetirim. - Bəs həyat yoldaşınızla necə tanış oldunuz? - Əslində Emil özü də yaradıcı insandır. Kulinariya da bir sənətkarlıq, yaradıcılıqdır. Biz sosial şəbəkədə, “facebook”da tanış olduq, 4-5 ay danışdıq. Mən onda Amerikada idim. Oradan gələndən sonra görüşdük. - Emil bəy sizin fanatınız olub? - Yox,əslində Sevdanın pərəstişkarı olub. - Evlilik təklifini çox düşündünüzmü? - Mən Emilin ağ saçlarına vuruldum. Çünki ağ saçların aşiqi, xəstəsiyəm. Bir də mənə “stake” qonaqlığı söz vermişdi. Artıq 4 ildir evliyik, hələ də “stake” yoxdur (gülür). Düzdür, restorana dəvət edəndə dostları mənim üçün hazırlayır. Amma öz əlindən hələ yeməmişəm. Yəqin ki, 20 il də gözləyəcəm, Davidin toyuna hazırlayar. David heç birimizə oxşamır. Çox sarışındır. Mən uşaqlıqda ağbəniz olmuşam, amma gözüm-qaşım qara olub, həm də arıq idim. Balaca da yanaqlarım vardı. Sonradan anam və nənəm məni kökəltdi. İndi də mən Davidə “ye, mama, qurban” deyirəm. David boyuna verir. O qədər qaçır ki, bilinmir yeməyi hara gedir. Uşaqla həyat çox maraqlıdır. Bütün həyat hələ irəlidədir, onun bağçası, məktəbi var. Ona da səbr və ömür, cansağlığı lazımdır. Bunlar insan üçün önəmlidir. Bu yerdə həyat yoldaşı Emil bəy də söhbətə qoşulur: - “Tənhayam” mahnısı çıxanda çox bəyənmişdim, hər gün dinləyirdim. Avtobuslarda eşidirdim. O vaxt internet indiki kimi populyar deyildi. Mahnını axtarırdım, satıcılardan soruşurdum ki, bu mahnını kim oxuyur. Çox adam da bilmirdi, deyirdilər tanımırıq, eşitməmişik. Bir neçə il əvvəl saytların birində Emmanın müsahibəsinə rast gəldim. Şəklə baxdım gözlərimə inanmadım. Emma çox arıqlamışdı. Dedim ola bilməz bu qədər arıqlaya. Müsahibəni oxudum. Deyirdi “facebook”da dostluq yollayırlar, sonra axmaqlıq edirlər. Həmin an mən də “facebook”da qeydiyyatdan keçdim və Emmaya dostluq yolladım. Məktub yazdım, əhval-ruhiyyəsini qaldırmaq istədim. Yazdım ki, “elə adamlara fikir verməyin, hər cür adamlar var. Şəklinizi görəndə siz olduğunuza inanmadım. Çox dəyişmisiniz”. Üstündən iki həftə keçmişdi. Gördüm cavab gəldi. Təşəkkür edirdi. Öz-özümə təəccübləndim ki, “aaa insanlarla danışırmış”. Axı o vaxt belə stereotiplər vardı, deyirdilər müğənnilərə, tanınmış insanlara yaxın durmaq olmaz, çox göylə gedən adamlardır. Yenə bir məktub yazdım. 3 gündən sonra cavab gəldi. Yenə yazdım və həmin dəqiqə cavab verdi. Beləcə, danışmağa başladıq. Nə işlə məşğul olduğumla maraqlandı. Kulinar olduğumu dedim. O da yeməkləri çox sevdiyini dedi, əsas da “stake”i. Mən də onu “stake” yeməyə dəvət etdim. Üstündən 2 ay keçdi. Bir də baxdım ki, Amerikadadır. 2 aydan sonra qayıtdı. Mən də ona yazdım, “stake” qonaqlığını yadına saldım. Soruşdu ki, kiminlə gəlim? Cavab verdim ki, mənimlə. Razılaşdı. Görüşdük. - Aranızda sevgi necə yarandı? - İlk dəfə bir-birimizə baxanda hiss etdik ki, nəsə var. Sonra da başladıq yavaş-yavaş görüşməyə. Əvvəlcə dost kimi danışıb, görüşürdük. Ümumi dostlarımız vardı, onlara qonaq gedirdik. Bir-birimizi dost kimi təqdim edirdik. Sonra sevgi yarandı. - Evlənmə təklifini necə etdiniz? - Təklif demək olmaz buna. Hər şey evliliyə doğru gedirdi. Evlənəcəyimizi artıq bilirdik. Söhbət edirdik ki,evləndikdən sonra necə olacaq, necə yaşayacağıq. Amma evlilik təklif etmədim. - Bəs ilk dəfə sevgisini kim etiraf etdi? - Mən təbii ki. Artıq hiss edirdim ki, onun üçün darıxıram. Qısqanırdım. - Tanınmış insanla, müğənni ilə ailə qurmaq sizə çətin gəlmədi? - İlk görüşdə onun arxasınca gəlib restorana apardım. Ona “Emma xanım” deyə müraciət edirdim. Yarım saat sonra dedi “bəsdir mənə Emma xanım dedin. Məni qocaltma”. Səhər saat 4-dək söhbət etdik. Uşaqlığından, səhnəyə gəlməsindən, həyatından danışdı, etiraflar etdi. Bu səmimiyyəti məni heyrətləndirdi. Aylarla yazışmışdıq. Şəkillərimizi görmüşdük. Amma ilk görüşdə bu qədər səmimiyyət, qarşındakına inanıb, etibar etmək məni təsirləndirdi. Həmin anda məndə şou biznes adamları haqqında stereotiplər qırıldı. Gördüm ki, onlar da sadə insanlardır. Bu, mənim çox xoşuma gəldi. Sonra ailə üzvləri ilə tanış oldum. Yavaş-yavaş yaxınlaşdıq. - Xüsusən də məşhur xanımlar haqqında fikirlər birmənalı olmur... - Gizlətmirəm, məndə də belə fikirlər olub. Amma Emma və Seva haqqında pis şey fikirləşməmişdim, nə də eşitmişdim. Qulağıma bu bacılar barədə heç bir mənfi söz gəlib çatmamışdı. Qalmaqallarını da eşitməmişdim. Və bu, məni bir az da cəlb etdi. - Araşdırma apardınız? - Yox. Bu, mənim seçimim idi. Nəyi araşdırardım. Bunlar məndən uzaq davranışlardır. - Emma xanım, necə bildiniz ki, Emil bəyə inanmaq olar? - Hiss etdim. Hər şeyi onun üzündən oxudum. - Necə qərara gəldiniz ki, o, sizə yaxşı həyat yoldaşı olacaq? - Aylar keçdi. Tanıdıqca gördüm onunla ünsiyyət qurmaq, dil tapmaq mümkündür. Beləcə, qərarımı qətiləşdirdim. - Azad ruhlu xanım həyat yoldaşının qadağalarından qorxmadı? - Yox. Ümumiyyətlə, bir-birimizə heç bir qadağamız yoxdur. İndi də Emilə desəm ki, gələn həftə harasa gedirəm heç nə deməz. - Yenidən uşaq planlaşdırırsınız? - Xeyr. Birini verən Allaha qurban olum. Amma gələcəyi bilmək olmaz. Qismət...  

12 Dekabr 2016 14:03

“Prezidentin hər şeydən xəbəri var” -Yəhudi əsilli deputatdan ilginc açıqlamalar

Yevda Abramovun Milli Məclisdəki büdcə müzakirələrində hökumətin tənqidinə yönəlik sərt çıxışı xeyli müzakirələrə səbəb olub. Onun çıxışında dolların “qara bazar”ı ilə bağlı məqam da vardı. Deputatla müsahibəmizdə ilk olaraq bu barədə soruşduq: - Yevda müəllim, sizin çıxışınızdan sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Demək olarmı ki, bu, sizin çıxışınıza hökumətin reaksiyasıdır?  - Vallah mən deyə bilmərəm. Hökumət nə edibsə, sağ olsun. Mən Azərbaycan xalqının, prezidentin heyranıyam. Harada olsam, mənim üçün bu xalqdan, bu millətdən, bu respublikadan, bu prezidentdən üstün heç kim, heç nə yoxdur. Mən tək adamam. Bunlar başa düşə bilmirlər... Mənim bundan sonra nazir olmaq fikrim yoxdur. Bu vəzifədən pensiyaya çıxıb gedəcəyəm balalarımın yanına. Ona görə istəyirəm ki, parlamentdəki illərim hədər getməsin, nə isə edə bilim. Məni partiya bura gətiribsə, cənab prezident etimad göstəribsə, gəlib elə-belə burada otura bilmərəm. Mən xalqın dərdini o salona gətirməliyəm. Sadə həyatımı yaşayıram, heç nədə gözüm yoxdur. Amma mənim bu xalqa yazığım gəlir. Mən ay yarımdır rayonda qazla, işıqla məşğul oluram, qaynaqçı ilə bir yerdə işləyirəm. Nələrdən danışım, problemlər çoxdur... Ordan-burdan, iş adamlarından boru alıram. Köhnəlmiş, sovet dövründə çəkilmiş boruları dəyişirəm. İş adamlarını bu işlərə cəlb eləyirəm. Cənab prezident yüzlərlə qonaq göndərir, Allah canını sağ eləsin. Bütün xarici qonaqlar Qubaya gəlir. Soyqırım Muzeyinin də işığı yanmır... - Parlamentdə də bu barədə dediniz. Niyə söndürüblər işığı? - Yoxdur da, işıq. Pul tapa bilmirlər ki, borcu ödəsinlər. - Nə qədər borc yığılıb?  - Vallah bunu dəqiq icra başçı bilir. Gedir Prezident Administrasiyasına, xahiş edir, düzəlmir ki, düzəlmir. Gənclər Meydanıdır, başçıya deyirəm ki, bunu Gənclər və İdman Nazirliyi öhdəsinə götürsün. Heyfdir bu binalar, tikilib qalıb. Yəqin oturub danışacaqlar, bir əncam çəkəcəklər. Axı belə olmaz, bu iki binanın işığı olmalıdır, kimlərsə ona yiyə durmalıdır. Bu muzey yerin altındadır, oranı işıqsız saxlamaq olmaz. Bunlar elə bilir ki, mən bunu populizm kimi deyirəm, ya mənə imic üçün lazımdır. Mən 70 yaşa gəlib çatmışam. Bundan sonra kiminsə məni tərifləməsinin əhəmiyyəti yoxdur. Üzünə demirəm, Elşad, inan ki, çox jurnalistlərdən uzaq olmağa çalışıram, telefonları açmıram. Amma sənə danışıram, bilirəm ki, olduğu kimi yazırsan. Görürsən bəziləri yalan yazırlar, kontekstdən çıxarırlar, sözlərimi qırıq-qırıq verirlər. Televiziyada çıxışına baxırsan, görürsən ki, məruzənin mayası çıxarılıb, mətn dəyişib, tamaşaçı, ya oxucu sənin fikrini tuta bilmir. Axı mən də vaxtilə jurnalistika ilə məşğul olmuşam. Mənim belələrinə sözüm odur ki, dediyimi ya tam yazın, ya heç yazmayın! Eybi yoxdur, mənə “qoyunların çobanı” deyirlər, mən bundan incimirəm, bütün peyğəmbərlər çobanlıqdan gəliblər. Mən gedib həmin adamı məhkəməyə verən deyiləm ki, yazıb da... - Yevda müəllim, xoş sözlərə görə sağ olun. Amma deyim ki, parlamentdəki çıxışınız çox yerdə təqdir olundu. Tənqid etdiyiniz ünvanlardan necə, sizə qınaq, irad, inciklik mesajları gəldimi? - Yox, vallah. İnan Allaha, mənə heç kim deməyib ki, bunu niyə dedin, niyə demədin. Nə partiya sədri, nə katibi, nə də spiker... Mən sözümü demişəm. Orda mən cinayət işlətməmişəm, təhqir deməmişəm. Qubadan zəng edirlər ki, Yevda müəllim, 100 dollar almaq olmur, hamısını yığışdırıblar. - Büdcə müzakirələrində elektrik enerjisi və qazın bahalaşması ilə bağlı deputatların etirazları da nəzərə alınmadı...   “Mən kiminsə qoyun saxlamasının paxılı deyiləm”   - Nə deyək? Borcumuz xalqı narahat edən problemləri zala gətirmək, dövlətlə xalq arasında vasitəçi rolunu oynamaqdır, biz də onu edirik. İndi necə alınır, alınmır, bu, Azərbaycan reallığıdır, Azərbaycan dövlətidir, o da öz yorğanına görə ayağını uzadır. Nə bilim... Mən onu da gözləmirəm ki, nə deyiriksə, elə həmin gün yerinə yetirilməlidir. Mən sözümü dedim, xalq da sağ olsun, təşəkkürünü bildirir. Əslində mən bunu təşəkkür, ya imic qazanmaq üçün eləməmişəm. Həyatda nə qazanmışamsa, qazanmışam. Bütün vəzifələri görmüşəm, müəllimdən tutmuş millət vəkilliyinə qədər gəlmişəm. Necə işləyirəmsə, siz bilirsiniz, xalq bilir. Allahın qabağında da düzəm, prezidentimin, partiya sədrimin qabağında da tərtəmizəm. Məni tanıyan insanlar var. Elə mənə dərs deyən Yaqub Mahmudov deputatdır. Məni 1985-ci ildə müəllimlikdən İcraiyyə Komitəsinin sədri gətirən Arif Rəhimzadə zaldadır, birinci katib olub. Tələbə dostlarım bilir ki, mən institutu əla bitirmişəm. Mən burda necə danışıramsa, Strasburqda da, Konqresdə də, Senatda da o cür danışıram, deputatlar da görürlər. Çox kəskin danışıram. Mənim danışıq formam belədir.   - Belə fikir də var ki, Yevda Abramovun arxasında yəhudi lobbisi, İsrail dövləti dayandığı üçün belə açıq və cəsarətli danışa bilir... - (Möhkəm gülür) Lobbi deyəndə ki, dünyada azdan-çoxdan tanıyırlar. Hara gedirəm, öpüşürəm, qucaqlaşıram. Bütün dünyanın yəhudi parlamentarları ilə mənim dostluğum var. Əksəriyyəti ilə, lordlarla da... Amma mənim arxamda mənim partiyam, mənim prezidentim var. Əlbəttə, Azərbaycan, Qarabağ, Xocalı məsələsi naminə mən sizinlə razılaşıram. Düz deyirsiniz, bəli, mən bu fikirdən istifadə edirəm. Ermənilər də bunu bilirlər. Yəqin erməni saytlarında da oxumusunuz, bütün günü məni orda söyürlər.   - Quba həssas bölgələrdəndir. Oradakı problemlərin həlli ilə bağlı işlər görülürmü? - Axşam zəng elədilər ki, qara baxmayaraq, qaz idarəsinin bütün işçiləri işləyirlər, sağ olsunlar. Orda bir transformatorun qoyulması ilə bağlı da uşaqlara demişdim kömək eləsinlər. Onu da qururlar. Özüm həftədə 1-2 dəfə rayona gedib gəlirəm, həmişə seçicilərimin yanındayam. - Siz və həmkarlarınız təkliflər verdiniz, çıxışlarınız oldu. Necə bilirsiniz, hökumət dekabrın 16-da büdcə ilə bağlı parlamentin qərar verəcəyi iclasa nə ilə gələcək? - Bəlkə də büdcənin bəzi parametrlərində cüzi, kosmetik dəyişikliklər edə bilərlər. Ancaq mən əsaslı nə isə gözləmirəm. Bütün fikirlər səsləndirilib. Daha nə qalıb ki, nə ilə də gəlsin?   - Yevda müəllim, çıxışınızda qoyun sürülərindən danışdınız, amma sahibləri olan məmurların adını çəkmədiniz, bu da fərqli yozumlara səbəb oldu... - Azərbaycanda bir ağsaqqallıq institutu, ədəb-ərkan var. Hər halda, yəqin həmin insanlar evlərində bu barədə bir az fikirləşirlər. Mən kiminsə qoyun saxlamasının paxılı deyiləm.  Allaha and olsun! O sürülər lap min, milyon olsun. Mən onu istəyirəm ki, heç olmasa o ərazilərdən keçib qışlağa gedirlər, o bələdiyyələrə bir az kömək etsinlər. Keçən il də Qonaqkənd məsələsini hökumətin hesabatında qaldıranda həyəcan təbili çaldım. Heç olmasa həmin çıxışımdan sonra Qonaqkəndə getməliydilər, məsələlərə müdaxilə etməliydilər. Mən kiminsə qoyun saxlamasına paxıllıq edirəmmi? Ay tövbə! Mən çox ali bir seyid ailəsindənəm, bir Allah adamıyam. Mən deyirəm ki, insan varından, dövlətindən bir az da xalqına kömək etsin. Cənab prezident bu qədər iş görür, bu qədər islahatlar həyata keçirir, nə olar onun yanında olanda?! Nə olar onunla bu məsələlərdə həmrəy olanda?! Belə pis vaxtda öz vəsaitindən bir az xalq üçün xərcləyəndə nə olar?! Qoy bir-iki il orta səviyyədə yaşayaq, orta səviyyədən aşağı yaşayaq, amma xalqımız, dövlətimiz sağ olsun.   - Qoyun sürülərinin sahiblərindən danışmışkən, deməli, sürü sahibləri əraziləri də ələ keçiriblər, eləmi? - Təbii  ki. Orada qışlaqlar var. Yaxşı ki, cənab prezident bu məsələni duydu, istifadə olunmayan torpaqlarla bağlı qərar verdi. Sizə bir şey deyim: cənab prezidentin hər şeydən xəbəri var. Ona düzgün məlumat verilir, verilmir, özü bunu yoxlayır. O bütün xalqın ürəyindən xəbər verir. Qərardan sonra həmin torpaqlar da geri alındı. İndi orada böyük bir iş gedir, on minlərlə fındıq ağacı əkilir. Torpaqlar geri qaytarılır. Prezidentin qərarı budur ki, qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsulları ilə dünya bazarına çıxaq və ölkəmizə valyuta axınını təmin edək. Bu, çox doğru siyasətdir. Bilirsiniz ki, 12 maddədən ibarət iqtisadi inkişafın “Yol xəritəsi” də hazırlanıb. Yəqin ki, biz 2017-18-ci illərdə həmin “Yol xəritəsi” ilə gedəcəyik və bizi uğurlara aparacaq. Cənab prezidentin dediyi kimi, biz neft kapitalını insan kapitalına çeviririk. İnsan kapitalının da biliyini, savadını kənd təsərrüfatı sahəsinə yönəldəcəyik. Dünyanın bir sıra ölkələri var ki, nefti yoxdur, kənd təsərrüfatı ilə dolanır. Ölkə var nefti, qazı yoxdur, amma on ildir ki, dollarla milli valyutasının arasındakı tərəddüd 2-3 qəpikdir. 10 ildir! Bunlar necə bunu bacarırlar? Bax, bu təcrübəni öyrənmək lazımdır.   - İsrailin iş adamları Azərbaycana yatırım qoya bilərmi? - Burada İsrail iş adamlarının investisiyaları var. Azərbaycanda bir sıra tərəvəz məhsullarının, xüsusilə pomidor və xiyarın yetişdirilməsi İsrail mütəxəssislərinin köməyi və texnologiyası, onların layihələri ilə həyata keçirilir. İstixanalarda damcı ilə suvarma sistemi İsrail sistemidir.(musavat.com)

10 Dekabr 2016 14:37

Deputat Fazil Mustafa:”İstənilən an iqtisadi proseslər tam nəzarətdən çıxa və sosial gərginliyi artıra bilər” – MÜSAHİBƏ

Birinci devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran dərinləşməkdə davam edir. Tarif Şurasının işıq və qazın qiymətinin artırılması ilə bağlı qərarından sonra vəziyyətin daha kritik həddə çatacağı gözlənilir. Təbii ki, iqtisadi gərginliyin siyasi arenaya da keçməsi mümkündür. Bu və ya digər məsələlərlə bağlı "Reytinq" qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, ölkədə ciddi islahatlar aparılmasa, vəziyyət daha kritik ola bilər: – Ümumi götürdükdə hazırda Azərbaycandakı sabitlik başqa ölkələrlə müqayisədə fərqli müstəvidədir. Bu da müsbət tendensiyadır və Azərbaycanda ictimai asayişin kifayət qədər normal səviyyədə qorunduğunu göstərir. İndiki dövrdə dövlətlər üçün ən böyük təhlükə nə demokratiyanın azlığı, nə insan hüquq və azadlığının məhdudluğudur – ən əsas qarışıqlığın, xaosun olmamasıdır. Amma digər fakt odur ki, əhali müəyyən iqtisadi problemlərlə üz-üzə qalıb, iki devalvasiya şokunu yaşayıb, üstəlik, qiymətlərin artması əhalinin gəlirlərini aşağı endirib. Belə şəraitdə daha zəruri bir neçə istiqamət var ki, orada hər hansı qiymət artımı büdcənin sabitləşməsinə xidmət etməlidir. Digər tərəfdən, əhalinin də bu yükün altından qalxmasına şərait yaradılmalıdır. – Amma Tarif Şurasının qazın və işığın qiymətini qaldırması ilə bağlı qərarı bu istiqamətlərdən sayıla bilməz… – Bəli. Təəssüf ki, qazın və işığın bahalaşması büdcənin müəyyən dərəcədə artmasına xidmət edən addım kimi göstərilmir, ümid də edilmir ki, bununla büdcə məsələsi həll olunacaq. Çünki büdcədəki əsas problem israfçlıq və korrupsiyadır. Bunu ortadan qaldırmadan, əhalinin hesabına, onun sıxıntısı hesabına büdcəni doldurmaq yanlışdır, əksinə, bu addım vəziyyəti daha da kritikləşdirəcək. Çünki bu addımlar əhalinin yaşam standartlarını xeyli aşağı salacaq.Eləcə də, çörəklə bağlı məsələ aktualdır. Bu qərardan sonra çörək də bahalaşıb. Düzdür, qiyməti dəyişməyiblər, amma çəkisini azaldıblar. Əslində, belə bir vəziyyətdə bu addımlar daha ciddi müzakirə olunmalı və ondan sonra qərar verilməli idi. Məncə, Tarif Şurasının bu qərarı tam və ciddi şəkildə müzakirə olunmayıb. Bunun əhaliyə nə qədər zərbə vuracağı bir tərəfə, ən ciddisi odur ki, kənd təsərrüfatına böyük zərbə dəyəcək.Bildiyiniz kimi, istixanalarda və digər yerlərdə istehsal olunan məhsulların bir qismi ixracat potensiallıdır. İndi istehsal kütləvi şəkildə dayanacaq və bu sahədə sahibkarlığın inkişafını təmin etmək mümkün olmayacaq. Bax, əsas problem budur. Bu səbəbdən də bəzilərinin iddia etdiyi kimi, hansısa addımların sosial gərginliyi yumşaldacağını iddia etmək doğru olmazdı. Bu baxımdan, biz də narahatlığımızı ifadə etmişik. – Fazil bəy, deyirsiniz ki, əsas ölkədə qarışıqlığın, xaosun olmamasıdır. Necə düşünürsünüz, hazırki vəziyyət və gözlənilən iqtisadi təlatümlər ölkəni xaosa sürükləyə bilərmi? – Xaotik vəziyyətə sürükləməz. Amma burada söhbət ondan gedir ki, qarşıda ciddi bir proses durur – bizim valyuta məsələsi. Manatın məzənnəsinin düşməsinin qarşısı alınır, amma bu tədbirləri də bir müddət davam etdirmək olar. Əgər bu proses daha da dərinləşərsə, ölkədə sahibkarlıq tamamilə aradan qalxacaq. Dollar bahalaşdığından xaricdən mal almaq mümkün olmayacaq.Biz bu ərəfədə fürsətləri də qaçırmışıq. Qeyri-neft sektoru lazımi şəkildə inkişaf etdirilməyib. Regionlara o qədər vəsait qoyulub, amma regionların büdcədə gəlirlilik çəkisi minimuma bərabərdir. Bakıdan başqa rentbelli olan hansısa bölgə yoxdur.İdman kompleksləri, parklar vədigər obyektlər tikilib, amma bunların heç biri istehsal xarakterli müəssisələr deyil. Bu da yerlərdə işsizlik, insanların gəlir səviyyəsinin aşağı olmasına səbəb olub. Ona görə də indiki şərtlərdə manatın kursunun sabitləşməsi, yaxud real vəziyyətinə gətirilməsi baş vermədiyi halda, istənilən zaman iqtisadi proseslər tam nəzarətdən çıxa və sosial gərginliyi artıra bilər. – Hökumət nümayəndələri gələn ilin əvvəlində əmək haqlarının və pensiyaların 10-15 faiz artacağını bildirirlər, amma insanların xərcləri daha çox artıb. Bəs, gəlirlərlə xərclər arasında ciddi fərq yarananda necə olacaq? – Bu, bötövlükdə cəmiyyətə mənfi təsir göstərəcək. Çünki əmək haqqının 10-15 manat artırılması vəziyyətdən çıxış yolu deyil. Qiymətlər 50-100 faiz qalxır, amma əmək haqları 10-15 faiz. Belə olan təqdirdə vətəndaş infilyasiyanın altında əzilməli olur. Ona görə də daha fərqli yollar izlənilməlidir. Daha gəlirli hökumət modelinə keçmək lazımdır. Rentabelli olmayan sahələr dərhal özəlləşdirilməlidir ki, dövlət onun yükündən xilas olsun.Hesab edirəm ki, əsas çıxış yollarından biri bələdiyyə qurumlarının yenidən formalaşdırılmasıdır. Yenidən bələdiyyə seçkiləri keçirib müstəqil, özünüdolandıran bir sistemin formalaşmısını təmin etmək lazımdır. Çıxış yolu budur. Yəni, aşağıdan başlamaq lazımdır. Çünki yuxarıdan hansısa bir prosesi başlatmaq aşağdakı problemin həllinə təsir göstərmir. Bu istiqamətdə işlər görülsə, müəyyən şeyləri dəyişmək olar. – Son qiymət artımına münasibətdə bir daha sübut olundu ki, çətin durumlarda Milli Məclis xalqın yanında olmadı, xalqın maraqlarını müdafiə edə bilmədi… – Hesab etmirəm ki, Milli Məclisin səlahiyyətləri əvvəlki kimi böyükdür. Bir də ki, Milli Məclisin özünə də monoton qurum kimi baxmaq olmaz. Əhalinin problemlərini dilə gətirən müəyyən yanaşmalar var və biz də öz mövqeyimizi bildiririk.Onu da deyim ki, xalqın yanında olmaq anlayışını işlətmək doğru deyil. Reallıqların, obyektiv vəziyyətin yanında olmaq lazımdır. Bəlkə elə tələblər var ki, xalq tərəfindən irəli sürülür, amma lazımlı tələblər olmaya da bilər. Xalq dəstəkləyəcək deyə, populizm naminə xalqın istədiyi şəkildə danışmaq da doğru deyil. Ən vacib olanı məsələyə obyektiv münasibətdir. Mənim fikrimcə, bu, hakimiyyətin də marağına uyğun deyil. Biz xalqla dövlətin maraqlarını birlikdə düşünürüksə, məsələyə yanaşmamız da bu aspektdən olmalıdır. Hesab edirəm ki, vəziyyətin düzəlməsi üçün ciddi islahat xarakterli addımlar atılmalıdır. Bunlar olarsa, vəziyyət kökündən dəyişə bilər. – Fazil bəy, mən xatırlayıram, 10 ilə yaxındır ki, Sizinlə söhbətlərimizdə siyasi, sosail, iqtisadi islahatların aparılmasının labüdlüyünü vurğulayırsınız. Bu islahat söhbətini nə qədərə uzadacağıq? – Biz siyasətçiyik və siyasi irədəmizi, düşüncəmizi dilə gətirərək, proseslərin müəyyən dərəcədə dəyişməsini istəyirik. Amma dəyişiklikləri gerçəkləşdirən hökumətdir. Biz hökumətdə təmsil olunmuruq, hansısa real imkanlara sahib deyiliksə, nəyi dəyişə bilərik? Ona görə də bizimki deməkdir, təkliflərdir, arzulardır, fikirlərdir. Bu məsələdə də, məncə, narahat olmağa dəyməz. Bütün dünyada belədir, müxalifət fikrini deməlidir, hökumət də onu nəzərə alsa, xeyrinədir, almasa, ziyanınadır. Amma biz istəyirik ki, bunu daha tez nəzərə alsınlar və vəziyyət kökündən dəyişsin. – Bəlkə, deməyin yaxşı yolunu tapmırıq, elə ona görə də fikir verən yoxdur? – Yox, bundan artıq nə deyək? Mən Azərbaycan qrammatikasını, orfoqrafiyasını və digər üslub variantlarını az-çox bilirəm. Fikirlərimi kifayət qədər açıq ifadə edirəm. Hökumət eşitmirsə, bu, mənim problemim deyil. – Onda başqa bir sual. Hökumət deyilənləri eşitmir, yoxsa eşitmək istəmir? – Əslində eşidir. Sadəcə, addım atmaq həmişə problem olur. Tənbəlləşirlər, arxayın olurlar ki, elə bu cür də gedəcək. Sonda fəlakətli nəticə ortaya çıxanda hamı peşman olur ki, gərək filan vaxt bunu edəydik. Bütün bunlar azərbaycanlı psixologiyasında yer alan bir davranış formasıdır. Bunu dəyişmək lazımdır. Qarabağ da gedəndən sonra yeni yollar axtarırıq. Deyirik ki, o vaxt filan işi eləsəydik, yaxşı olardı və sair. Halbuki prosesin içində doğru fikirləri anlasaydıq, Qarabağı itirməzdik. – Bəs, dünya təcrübəsi nə göstərir? Bu cür davranan hökumətlərlə hansı dildə danışmaq lazımdır? Bəzi müxalifət qüvvələri sərt reaksiyaların verilməsini, kütləvi aksiyaların keçirilməsini təklif edirlər. Amma belə baxanda, müxalifət də çox zəifləyib. Belə olan halda, çıxış yolu nədir? – Müxalifətin zəiflədilməsi, özünün də zəifləməsi əslində, Azərbaycanın ziyanınadır. Ola bilsin ki, mövcud vəziyyət hakimiyyətin xeyrinədir, amma bu da heç kimi dinləməmək sindromu yaradır. Amma dinləmək lazımdır. Hazırda elə bir vəziyyət yaranıb ki, narazılığı təkcə müxalifət dilə gətirmir, hakimiyyətyönlü insanlar da prosesin yaxşı istiqamətə getmədiyini söyləyirlər. Odur ki, ölkədə ciddi islahatların vaxtı çatıb.

6 Dekabr 2016 09:57