“Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma” iştirakçıları Yeni il münasibətilə Azərbaycan və Ermənistan xalqlarına müraciət edib

31 Dekabr 2016 12:44

Xəbər 28 dəfə oxunub

Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları Yeni illə əlaqədar Azərbaycan və Ermənistan xalqlarına müraciət edib.

Müraciət müəllifləri bildiriblər ki, başa çatan 2016-cı il erməni və Azərbaycan xalqı üçün Ermənistan və Azərbaycan arasında Sülh naminə Platformanın yaradılması ilə yaddaqalan olub.

Müraciətdə vurğulanıb ki, bütün qarşıdurma dövrü ərzində ilk dəfə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkələr arasında sülhə nail olunması, ümumi razılıq və anlaşma əsasında Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə uzunmüddətli həllinin tapılması üçün sülhməramlı təşəbbüslə çıxış ediblər. Bu təşəbbüs çoxlu siyasi və ictimai xadimlər tərəfindən ictimai dəstək qazanıb, Platforma iştirakçılarına ünvanlanan çoxsaylı müsbət çağırışlar da bunu göstərir. Platforma iştirakçıları qəti əmindirlər ki, qarşıya qoyduqları məqsəd hər iki tərəfin ictimaiyyət nümayəndələrinin əməkdaşlığının genişlənməsinə kömək edəcək, bu təşəbbüs sülh və xalqların xoşbəxt gələcəyi uğrunda çıxış edən bütün sağlam düşüncəli vətəndaşlar tərəfindən dəstəklənəcək: “Bizim şübhəmiz yoxdur ki, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma ətrafında birləşən bütün sülhsevər qüvvələrin prinsipial və ardıcıl fəaliyyəti xalqlarımıza nifrət və bir-birinə düşmən münasibətə son qoymağa imkan verəcək. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə və Azərbaycanla Ermənistan arasında uzun müddətdir ki, gözlənilən sülhün əldə olunmasına gətirib çıxaracaq. Ancaq təəssüf ki, mənasız müharibə hələ də xalqlarımızın “qapısını döyür”, gəncləri həyatdan aparır. Dekabrın 29-da da sərhəddə növbəti toqquşma baş verib. Biz səmimi qəlbdən Azərbaycan və Ermənistanda ölənlərin ailələrinə başsağlığı veririk. Xalqlarımızın gələcəyi bizim çiyinlərimiz üzərindədir. Ölkələrimizin vətəndaşları irəliləyişlər, inkişaf və irəliləyiş yolu ilə getmək istəyirlər. Biz hamımız gələcək nəsillərin işıqlı gələcəyi üçün məsuliyyət daşıyırıq. Gəlin düşmənçiliyi, nifrət, təhqir və mübahisələri dayandıraq. Erməni və Azərbaycan xalqlarının ümumi rifahı naminə Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma ətrafında birləşək, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün öz şəxsi səylərimizi ortaya qoyaq. 2017-ci ilin, Yeni ilin başlaması münasibəti ilə hamınıza sülh, rifah, əmin-amanlıq, rifah və tərəqqi arzu edirik”.

Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş cəmiyyəti fəalları Anait Sinanyan və Armen Karapetyan, Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri), “Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, vətəndaş cəmiyyəti fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının üzvü Rasim Ağayev imzalayıblar.

Tramp seçkilərə 2012-ci ildən hazırlaşırmış

Faktinfo.az xəbər verir ki, ABŞ-da noyabr ayında keçirilən prezident seçkilərində qələbə qazanan   Donald Tramp  prosesə 4 il  əvvəldən hazırlaşıb.  CNN-nin topladığı məlumata görə Tramp prezident kürsüsünə oturmazdan öncə ona mənsub olan şirkətlərin 3 min 643 internet sayt adını satın aldığı faktı ortaya çıxıb. 2012-ci ildə alınan "Trampa Səs Vermə", "Trump Getməli" və "Artıq Trampı İstəmirik" kimi sayt adlarının da olduğu qeyd edilən xəbərdə bu yanaşmanın Trampın seçkilərdən 4 il əvvəl prezidentliyə namizəd olma planlarına aid olduğu vurğulanır.Bura Trampın 2015-ci il prezident seçkilərinə namizəd olacağını bildirdiyi vaxtdan bir neçə ay əvvələ təsadüf edən  "Amerikanı Yenidən Hegemon Et" adlı sayt adını və bunun törəmələrini aid etmək olar. Seçki kampaniyası dövründə isə Trampın 93 adı əlavə  satın aldığı iddia edilir. Onun ayrıca özünə qarşı istifadə edilə biləcək sayt adlarını da satın aldığına dair məlumatlar var. Bunlardan   ikisi  Trump Fraud.org və Trump Scam.com-dur. Trampa aid şirkətlərin səlahiyyətlisi Amanda Miller mövzu ilə əlaqədar fikir bildirib. “ Sayt adının bir başqası tərəfindən alınması və ya gələcəkdə  pis niyyətli insanların əlinə keçməsi dünya səviyyəsində bütün böyük şirkətlərin qarşılaşa biləcəyi  bir problemdir. "deyə əlavə edib. Miller şirkətin imicinin qorunması məsələsini çox ciddi qəbul etdiklərini və bu çərçivədə müsbət ya da mənfi adları satın aldıqlarını etiraf edib.

24 Fevral 2017 18:43

İlham Əliyev Yaponiya ilə siyasi əlaqələrdən danışdı

Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Faktinfo.az xəbər verir ki ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. *** Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı və uzun tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Faktinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev siyasi sahədə əlaqələrimizin razılıq doğurduğunu deyib. Dövlət başçısı Yaponiyanın maliyyə dəstəyi ilə Azərbaycanda bir çox mühüm layihələrin icra olunduğunu, Yaponiya hökumətinin kreditləri ilə ölkəmizdə çox önəmli infrastruktur layihələrinin artıq istismara verildiyini qeyd edib. Azərbaycanın neft-qaz sektorunda da Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan prezident İlham Əliyev bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gözəl imkanların olduğunu deyən dövlət başçısı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bütün bu mövzuların və xüsusilə ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyinə, geniş fikir mübadiləsi aparılacağına və əməkdaşlıq haqqında qərarlar qəbul ediləcəyinə əminliyini ifadə edib. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Y. Matsumura prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu deyib. O, ölkəmizə səfərinin Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin 9-cu iclasında iştirakının onda böyük sevinc hissi yaratdığını deyib. Y. Matsumura ölkəsinin Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, səhiyyə, insan resursları, yeni yaradılmış sənaye zonalarına texnologiyaların gətirilməsi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22 Fevral 2017 22:02