Günün qoroskopu: evdə qayğılar arta bilər

qoroskop_045

8 Yanvar 2017 03:39

Xəbər 40 dəfə oxunub

Faktinfo.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edərək başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.

Buğa – bir sahədə uduzsanız, başqa sahədə mütləq önəmli irəliləyişə nail olacaqsınız. Alış-verişdə simiclik etməyin.

Əkizlər – əmlak, birgə mülkiyyətlə bağlı problem yarana bilər. Belə zamanda kim isə itirir, kim isə tapır. Şərait sizdən güzəşt tələb edərsə, razılaşın. Hər şey bərpa olunacaq, yerini tapacaq.

Xərçəng – şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur. Günəş və Pluton sizin üçün tərəfdaşlıq müstəvisini fəallaşdırıb. Münasibətlərdəki problemlər sizi narahat edərsə, onları məhz indi həll edin.

Şir – təmasların ab-havası sakit, yaradıcı və dostyana olacaq. Gələcəkdə karınıza gələ biləcək unikal ideya yarana bilər. Azad nəfəs almağınıza imkan verən “təmizləmə” əməliyyatı aparın.

Qız – aktiv, enerji ilə zəngin sizə faydalı və çoxsaylı işləri görməyə imkan verən gündür. Müxtəlif yerlərdə olacaq, fərqli insanlarla görüşəcəksiniz.

Tərəzi – evdə qayğılar arta bilər. Qonaq gələcək, dəvət alacaqsınız. Səhər saatlarında görəcəyiniz işləri müəyyənləşdirin, axşam saatlarında isə istirahət edin, əylənin. Fiziki iş məsləhətdir, amma özünüzü çox yormayın.

Əqrəb – güzəştə getməyi bacarın, cavab reaksiyasını gözləməyin. Belə davranış münasibətləri tənzimləməyin ən yaxşı yoludur.

Oxatan – çətin, güclü emosiyalar günüdür. Çətinlikləri yeni imkanların carçısı hesab edin. Situasiyaya fərqli baxın və ola bilər ki, ən mürəkkəb vəziyyətdə sərfəli məqamlar tapasınız.

Oğlaq – görüşü axşam saatlarına qədər təxirə salın. Günün ilk yarısında münasibətlərin aydınlaşdırılması planları poza bilər. Axşam saatlarında havanızı dəyişin, gəzintiyə çıxın.

Dolça – əgər kimsə səbr kasınızı daşdırmağa çalışırsa, reaksiya verməyə tələsməyin. Axınla hərəkət edin, hər şey yaxşı ola bilər. İşlə bağlı məsələlərin sizi narahat edəcəyinə hazır olun. Bu gün virtual və ya real görüşləri müəyyənləşdirin.

Balıqlar – mühüm situasiya böhran mərhələsinə daxil ola bilər. Batini dəyərləndirmədə fərqli vəziyyət yaranacaq. Ətrafınızda dəyişən şərtlərə, özü barədə məlumat vermək istəyənə, gələn xəbərlərə diqqət yetirin.

OĞLU ÖLDÜRÜLƏN ATANIN FƏRYADI – YAP sədrini kim məsuliyyətdən yayındırır?

manaf-vaqif-azpolitika

Baki şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyev “AZPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Cəmşid İrzaquliyevin oğlu Tariyel Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə vurularaq, həyatını itirib. Ancaq ortada ölüm faktının olmasına baxmayaraq, hadisədən keçən 4 ay ərzində heç kim həbs edilməyib. Gözü yaşlı ata da Prezidentdən oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun müraciətini qısa ixtisarla dərc edirik: “Cənab Prezident! Aşağıda qeyd olunan cinayət hadisəsinin baş verdiyi tarixdən artıq 4 aylıq bir zaman keçib. Təəssüf ki, bunca zaman ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyatı orqanlara etdiyim müraciətlərin bir nəticəsi olmadı. Demək olar ki, məsələnin bu şəkildə, yəni mətbuat vasitəsi ilə diqqətinizə çatdırmağa məcbur edildik. Belə ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrində fotosunu gördüyünüz oğlum Tariyel İrzaquliyev Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun (özüdə maşında olmaqla) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (bu gün də bizdə şübhə var ki, sükan arxasında o özü olmuşdur) həyatına son qoyulmuş, ailəsi azyaşlı övladı ilə başsız qalmışdır. Diqqətinizə çatdırıram ki, biz Tariyeli yaşatmaq üçün ailə olaraq çox məşəqqətlərdən keçmiş, on il öncə İranda ona böyrək çatışmazlığından böyrək köçürtdürmüş (07.10.2006), həyatda qalması üçün on il İranın yollarında bütün maddiyatımızdan və canımızdan belə keçmişik. Lakin bizi ən çox ağrıdan isə həyatda qalması üçün özünün çəkdiyi onca acı və məhrumiyyətlərin bir nadanın müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu. Hadisəni törədənlər, başda Manaf Manafov olmaqla, maşını saxlamamış, hadisəni törətdikləri sürətlə sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan bir hərəkətlə oradan uzaqlaşmışlar. Bunu görən hadisə yerinin yaxınlığındakı 981 saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkənda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq adamların – Manafın maşınında olanların qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsi, əksinə, kənardan gedişatı müşahidə etmələri onun nə qədər mənəviyyatsız biri olmasını göstərmişdir. Cənab Prezident, ilkin istintaqın Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən birtərəfli qaydada aparılması səbəbindən Sizə və aidiyyatı orqanlara etdiyimiz çoxsaylı müraciətlərdən sonra, iş alınıb 14.10.2016-cı il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Nəqliyyat şöbəsində icraata verilmişdir. Təəssüf ki, işin həmin şöbədə olmasından da artıq 2 ay yarım keçməsinə baxmayaraq, bu günə kimi əsl cinayətkarın üzə çıxarılması yönündə heç bir əməli tədbir görülməmişdir. Şöbə bunca zaman ərzində sadəcə qovluğa əhəmiyyətsiz kağızlar doldurmaqla məşğul olmuşdur. Hətta bu günə kimi maşında olub, şübhəli bilinənlərdən heç biri haqqında ilkin həbs qəti imkan tədbiri seçilməmişdir. Bu da hələ həmin şöbənin müdiri Vüqar Əhədovun özünün dediyi kimi, guya DİN və Baş Prokurorun nəzarətində olan işdir ki, onun da Vüqar Əhədov tərəfindən ciddiyə alınmaması göz qabağındadır. Bizi ən çox narahat edən digər məsələ hadisədən 4 aydan artıq bir zaman keçməsinə baxmayaraq, insanlıq və humanistlik hisslərindən uzaq olan Manaf Manafov haqqındaYAP Mərkəzi Aparatına və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova indiyə kimi etdiyimiz müraciətlərə baxılmaması, onun haqqında heç bir tədbir görülməməsidir.Rayon sakinlərindən verilən məlumatlara görə, işlədiyi yerlərdə (həmçinin də Nizami rayonunda) YAP adından müxtəlif xoşagəlməz əməllərlə məşğul olan bu zat, bütün bu olanlardan sonra da YAP rayon təşkilatının sədrliyində qalmaqda davam edir. Təbii ki, buna havadarlıq edən də Başçı Vasif İmanovdur. Təəssüf ki, Sizin bütün çıxışlarınızda zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, maşında olanlar bu günə kimi Vasif İmanov tərəfindən qorunaraq vəzifələrində saxlanılmazdılar. Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla, icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı- yəni 06.09.2016-cı il tarixdə həmin Rayonun İcra başçısı Vasif İmanovunqəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr irəli sürməklə məşğul oldu. Sanki, bir gəncin taleyi müzakirə mövzusu deyildi. O, bu hadisənin yuxarılara çatdırılmamasını məsləhət görür, guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı yalnız maddiyyatda görən mənəviyyatsızlar!) özü də daxil omaqla, hadisəni törədənlərə tövsiyyə edirdi. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də hadisə zamanı maşında olanlardan Niftəliyev Həsəni sorğularkən (bu da icra hakimiyyətinin işçisidir və bu gün də vəzifəsində saxlanılır), onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eybəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında bizim şübhələrimizi daha da artırmış oldu. Cənab Prezident, vəzifəsindən asılı olmayaraq, tutduğu bu cür qeyri-insani və mənəviyyatsız mövqeyə görə Manaf Manafovun Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın yerli təşkilatının başında olması böyük utancdır və yerli təşkilatda olan ləyaqətli insanlara bir hörmətsizlikdir . Sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə baxılması və bu hadisədə əsl cinayətkarın üzə çıxarılması işinin sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”. Qeyd edək ki, “AzPolitika.info”ya Manaf Manafova yaxın mənbədən daxil olan məlumata görə, Tariyel İrzaquliyev vurularkən, sükan arxasında Manaf Manafovun olduğu sübut olunub. İstintaqçılar çox asanlıqla dəqiqləşdiriblər ki, sükan arxasında M.Manafov olub, lakin hadisədən dərhal sonra o, öz sürücüsünü (Baxşıyev Bağış) hadisə yerinə çağıraraq, məsuliyyəti öz üzərinə götürməsini tapşırıb. Lakin bu zaman çox mühüm bir məqam unudulub. İstintaqçılar mobil operatorlar vasitəsilə çox asanlıqla dəqiqləşdiriblər ki, hadisə baş verən dəqiqələrdə məsuliyyəti öz üzərinə götürən sürücü başqa məkanda olub. Bununla belə, atanın müraciətindən də göründüyü kimi, nədənsə istintaq obyektiv mövqe tuta bilməyib.   P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Hadisəni diqqətdə saxlayacağıq.

16 Yanvar 2017 15:35

Mövlam Şıxəliyev 500 min dollar rüşvət verməyən iş adamına “fahişə” deyərək söyüb… -“İTTİHAM AKTI”

1484377285_0001

«Təzadlar» xatırladır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışındadır… Məhkəmə prosesində iştirak edən “Təzadlar”ın əməkdaşı bildirir ki, yanvarın 12-də Bakı Hərbi Məhkəmədə keçirilən növbəti məhkəmə prosesində bu cinayət işi üzrə hazırlıq iclası başa çatdı, cinayət işi artıq məhkəmə baxışına verildi. Növbəti proses yanvarın 26-na təyin edildi… (Əvvəli dünənki buraxılışda) ...İş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Sultanov Bahəddin Abdulla oğlu ifadələrində 1994-cü ildən 2004-cı il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 102 saylı Mənzil istismar sahəsinin rəisi, 2004-cü ildən 2005-ci ilədək isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işlədiyini, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil cinyətkərlıqla mübarizə idarəsində istintaq edilən cinayət işi üzrə dələduzluq ittihamı üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçildiyini qeyd edib göstərmişdir ki, 2007-ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirmişdir... Bununla yanaşı 1994-1995-cı illərdə Abşeron rayonunda, Bakı Sumqayıt yolunun “Vazın kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ədəd ferma və inzibati binalar tikdirərək oğlu İntiqamın adına sənədləşdirilmişdir. 2008-ci ildə Qazaxıstan Respublikasında tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gələrək ailəvi dostluq münasibətlərində olduğu “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovdan 1.000.000 ABŞ dolları istəmiş, Zal onun işlərinə bələd olduğundan rəhbərlik etdiyi fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra biləcəyini demişdir. O da oğluna həmin sənədləri götürüb Zal Yusifovun yanına getməyi tapşırmışdır. İntiqam ilə Zal Yusifov arasında 1.000.000 ABŞ dolları kredit verilməsinə dair müqavilə imzalanmış, torpağın girov müqaviləsi isə Abşeron rayonu, Xırdalan şəhərində 1 saylı notariusda tərtib edilmiş, buna baxmayaraq Zal Yusifov 3-4 ay müddətində krediti verməkdən yayınmış, müqavilə bağlananda oğlunun guya kredit pulunu alması barədə sənədlərə imza etdirmişdir. Zal Yusifov pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini demişdir. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb etmiş, Zal Yusifov isə oğlunun adına krediti götürdükdən sonra borclarını tamamilə qısa müdətdə bağlaması barədə arayış vermişdir. Həmin arayış əsasında 1 saylı notariusdan ferma və torpaq sahəsinin girov sənədlərini geri almışlar. Bundan az sonra, 2008-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi əsasında torpağı 810.000 manata sataraq pulun qarşılığında 1.000.000 ABŞ dolları alıb bir hissəsini tikintiyə yönəltmiş, qalanını isə evdə saxlamışdır. 2009-cu ilin əvvəllərində oğlu İntiqam MTN-nin Vüsal Ələkbərov adlı müstəntiqi tərəfındən dəvət edilmiş, o da oğlu ilə birlikdə oraya getmiş, Vüsal Ələkbərov onun Masis rayonundan olduğunu soruşduqda anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu demiş, atası Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını demişdir Vüsal onlara “Zal Yusifovla birlikdə dövətin pulun alıb yeyəndə bilmirdiz belə olacaq”-demiş, belə halın olmadığını, kreditin faktiki götürülmədiyini və bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirsə də, Vüsal Ələkbərov bankdan götürülmüş krediti ödəməyi tələb etmişdir. “Rasim Musayevə vəziyyəti demiş, sonuncu isə MTN-nin İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırmışdır...” Vüsal Ələkbərov İntiqamı və onu dəfələrlə MTN-nə çağırıb sorğu-sual edərək bankın pulunu ödəməyi tələb etmiş, o da torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim etmiş, Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu, kreditin ödənilməli olmasını demişdir. Belə olduqda əvvəllər Binəqədi rayon polis idarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə vəziyyəti demiş, sonuncu isə MTN-nin İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırmışdır. Bundan sonra Vüsal Ələkbərov onu yenidən çağırıb Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə danışdığını, bu işi həll etmək üçün 500.000 ABŞ dolları tələb olunduğunu, pul veriləndən sonra oğlunun adının siyahıdan çıxarılacağını demişdir. O isə Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyini dedikdə sonuncu “onda bizdən küsmə nəticə yaxşı olmayacaqdır”-demiş, bundan sonra Vüsal Ələkbərov 2009-cu ilin iyun ayında onu iki dəfə öz otağına çağırıb təklikdə krediti qaytarmasını tələb etməyə başlamışdır. “Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olmuş, onu təhqir edərək krediti ödəməyi tələb etmiş, 15 iyun 2009-cu il tarixdə oğlu İntiqam həbs edilmişdir...” Ona və oğluna başqa heç kim kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu demiş, həmin ərəfədə bir dəfə Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olmuş, onu təhqir edərək krediti ödəməyi tələb etmiş, 15 iyun 2009-cu il tarixdə oğlu İntiqam həbs edilmişdir. Daha 10-12 gün sonra Vüsal Ələkbərov onu çağırıb “rəbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni tutub içəri salaq”-demiş, bundan qorxub Vüsaldan kömək istəmiş, o da “gözlə gedim Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir”-deyərək getmiş, 10 dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360.000 ABŞ dolları tələb etdiyini, əks halda içəri basmağı dediyini bildirmişdir. Özünün də tutulacağından qorxub Vüsalın dediyi ilə razılaşmış, Vüsal özü üçün də əlavə 10.000 ABŞ dolları istəmiş və 360.000 dollarının ona aidiyyəti olmadığını deyərək balasının canına and içmiş, Vüsal Ələkbərov pulu həm onu tutmamaq, həm də oğlu İntiqam Sultanovu həbsdən azad etmək üçün istəmiş və öz telefon nömrəsini vermişdir. O da saat 15-16 radələrində qardaşı Mirzə Paşayevə zəng edərək 250.000 ABŞ dollarını evdən götürüb qohum, dost, tanışdan da almaqla ümumilikdə 360.000 ABŞ dolları düzəltməyi və MTN-nə gətirməyi tapşırmışdır. Vüsal Ələkbərov “pul gəlsin səni buraxaq çıx get, sonra da oğlunu buraxacağıq”-demiş, o da etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözləmiş, yanında mülki geyimli, 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, təxminən 175 sm boya malik adını bilmədiyi bir şəxs də olmuşdur. “Mövlam Şıxəliyev yenə otağa girib Vüsala "bunu hələ salmamısan içəri, sənə dedim axı bu qəhbəni sal içəri”-deyib onu təhqir etmişdir...” Növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib Vüsala "bunu hələ salmamısan içəri, sənə dedim axı bu qəhbəni sal içəri”-deyib onu təhqir etmiş, Vüsal Ələkbərov isə “rəis, gəlirlər, çatırlar”-demiş, saat 14-15 radələrində qardaşı Mirzə kirvəsi İbrahimlə birlikdə Vüsalın otağının qapısına gəlmiş, içəri daxil olmadan onunla uzaqdan görüşmüşdür. Vüsal Ələkbərov onlara Mövlam Şıxəliyevin otağına girəcəklərini demiş, 2- 3 dəqiqədən sonra Mirzə və İbrahimlə öz otağına qayıtmış, daha sonra Mirzəgili yola salmaq üçün gedən Vüsal otağa qayıdıb onunla 30 dəqiqə söhbət etmiş, “pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir”-demişdir. Sonra əvvəl istədiyi 10.000 ABŞ dollarını həmin gün saat 19:30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməsini tapşırmış və saat 15 radələrində onu yola salmış, o da evdən 10.000 ABŞ dolları götürüb yenidən MTN-nə qayıtmış, Parlament prospekti ilə hərəkət edib deyilən vaxtda MTN-nin hasarının tinində ara yolda avtomaşında gözləmişdir. Modelini xatırlamadığı tünd rəngli minik maşını ilə gələn Vüsal əli ilə işarə edib arxasınca gəlməsini bildirmiş, o da maşınını Vüsalın arxasınca sürmüş, həmin küçə ilə bir az irəliləyib dayanmışlar. O, maşından düşüb Vüsal Ələkbərovun avtomaşınında arxa oturacağa əyləşmiş, maşında qabaq sağ oturacaqda başqa bir nəfər də olmuş, həmin şəxs arxaya dönmədiyindən üzü tam görünməmiş, Vüsal Ələkbərov ondan 10.000 ABŞ dollarını qəbul edib “gələrsən kağızını verərəm, oğlunu götürüb gedərsən”-demişdir. Bundan iki gün sonra Vüsal Ələkbərov özü zəng edərək onu nazirliyə çağırmış, əsas giriş qapısında oğlunun həbsdən azad edilməsi üçün qərarı ona vermiş, o da qərarı Bakı İstintaq Təcridxanasına təqdim etmiş, həmin gün həbsdən azad edilən İntiqamın işi Zal Yusifovla birlikdə məhkəməyə göndərilmiş, məhkəmədə oğluna iki il şərti cəza verilmişdir... (Davamı var)

14 Yanvar 2017 11:58

Müğənni ilə şoumenin pul davasına Mirşahinin adı qarışdı

samir-kamran-300x225

Samir Piriyev Kamran Həsənlidən nazirə şikayət etdi – 115 minlik qalmaqal böyüyür Müğənni Samir Piriyev şoumen Kamran Həsənlidən şikayət edib. S.Piriyev daxili işlər naziri Ramil Usubova müraciət edərək haqsızlıqla üzləşdiyini bildirib. Bu haqda musavat.com-a müğənninin hüquqşünası Ruslan Əhmədoğlu məlumat verib. Vəkil şikayətin bir nüsxəsini redaksiyaya təqdim edib. Həmin müraciətdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev haqda da iddialar var. Samir Piriyev daxili işlər nazirinə ünvanlandığı müraciətdə bildirib ki, şoumen Kamran Həsənli və bacısı Gülər Həsənli onun etibarından sui-istifadə edərək 115 min ABŞ dolları məbləğində pulunu Türkiyədə iş qurmaq adı ilə alıblar: “Onlar ölkədən bir manat vəsait çıxartmayıblar. Buna görə də mənə illərdir heç bir hesab nömrəsi və ya səhm təqdim edə bilmirlər. Bununla yanaşı, hətta özünün belə səhmlərini təsdiq edən heç bir sənəd təqdim olunmur. Mənim şikayətimdən sonra Nərimanov Rayon Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi başlanıldı. İş Nərimanov Rayon RPİ istintaq şöbəsində olanda istintaqa çoxsaylı təzyiqlərdən sonra sizə müraciət etdim. Bundan sonra iş Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinə verildi”. Müğənni bildirir ki, bu gün də istintaqa çox böyük təsir var: “Mən buna heç inanmaq istəmirəm. Lakin hansı məclisə qonaq dəvət edilirəm, orada mənə deyirlər ki, sən Kamran Həsənliyə heç nə edə bilməzsən. Çünki Kamranın ən yaxın dostu, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ilk gündən Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlini tapşırıb. Kamranın havadarları oradan bu işi nəzarətdə saxlayıblar. Mən inanmıram ki, Mirşahin belə bir addım atıb, dələduzu müdafiə edər. Ona görə də onu ittiham etmirəm! Lakin bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Kamran Həsənli yenidən ANS-də işə qayıdana qədər məndən aldığı pulu hissə-hissə qaytarırdı. 15 min dollarını pul şəklində, 20 min dolların əvəzində isə avtomobilini mənə vermişdi. ANS-ə işə düzələndən sonra bildirdi ki, get, nə bilirsən elə, əlin kimə çatırsa, şikayət et. Kamran Həsənlinin iki səs yazısını protokol qaydasında istintaqa təqdim eləmişəm və sözü gedən yazılarda o, borclu olduğunu etiraf edir və yalvararaq bildirir ki, evini satıb, pulumu qaytaracaq. Mənim vəkilim Ceyhun Yusifova daxil olan məlumatlara görə, Bakı Şəhər Prokurorluğunun idarə rəisi Mircavan müəllim Kamranın həmyerlisi və yaxın dostu olduğu üçün istintaqın gedişinə mane olur! İşi aparan müstəntiq Türkiyəyə mövcud olmayan səmhlərlə bağlı sorğu göndərib və cavabını gözləyir!”. Müğənni müraciətində daha sonra bildirir: “Cənab nazir! Təsəvvür edin ki, müstəntiq ortada bu qədər fakt və sübut ola-ola mövcud olmayan səhmlərlə bağlı sorğunu gözləyir və işin icraatını dayandırır. Cənab nazir, xahiş edirəm məni qəbul edəsiniz və bu dələduzluq işinin ört-basdır olunmasının qarşısını alasınız”.

13 Yanvar 2017 19:57