“İlk “onluq”da Azərbaycan idmançılarını görürük”

6 Yanvar 2017 20:51

Xəbər 24 dəfə oxunub

“Azərbaycan Rio Olimpiadasında çox gözəl çıxış etdi. 6 cüdoçunun hər birinin çıxışı əla alındı”. Bunu apasport.az saytına Rusiya Cüdo Federasiyasının Şimal-Qərb bölgəsi üzrə rəhbəri Elman Qurbanov deyib.

 

Təcrübəli mütəxəssis Azərbaycanda cüdonun bu günündən danışıb.

 

Millimizin Rio-2016-da 2 gümüş medal qazanmasını böyük uğur adlandıran Qurbanov bildirib ki, hazırda bu növdə intibah dövrü yaşandığından nəticələrin ardı gələcək: “Podolskda təlim-məşq toplanışındaydıq. 2009-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya Azərbaycanla oynayırdı. 0:2 hesabı ilə uduzduq. Orda ruslar bunu xüsusi dedilər, bir qədər də zarafatlaşdıq. Mən də bildirdim ki, futbolu idman deyil, şou sayıram. Ardınca vurğuladım ki, SSRİ dağıldıqdan sonra bu gün Azərbaycanda Nazim Hüseynovla Elnur Məmmədli kimi 2 Olimpiya çempionu var, amma sizdə yoxdu. Düzdü, onlar ardınca London Olimpiadasında pis güləşmədilər. 3 qızıl medal qazandılar. Mən bu gün Azərbaycan birinciliklərinin protokollarına baxıram, bir çəki dərəcəsində 40-50 gənc güləşir. Rəqabət olan yerdə də güclü idmançı da yetişəcək. Hər biri də irəli getmək, vətənini tanıtmaq istəyir. Dünya reytinqində çəkilər üzrə də baxanda da ilk “onluq”da Azərbaycan idmançılarını görürük”.

 

Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi seminarla əlaqədar hazırda Azərbaycan paytaxtında səfərdə olan mütəxəssis yığıncağın açılışında eşitdiyi statistikaya görə sevindiyini də qeyd edib: “Azərbaycan təxminən 10 milyon əhaliyə malikdi. Amma Rusiyada 140 milyon əhali yaşayır. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də bildirdi ki, bu gün 10 min uşaq bu idman növü ilə məşğul olur. Bu, çox sevindiricidi. Rusiyada isə bu rəqəm ən çox bəlkə də 20 min nəfər təşkil edər”.

 

Azərbaycan tərəfdən təklif almadığını deyən mütəxəssis bildirib ki, işini Rusiyada davam etdirməyin tərəfdarıdı: “İşimi qurmuşam, buna orda da davam etdirmək istəyirəm. Fikrimcə, Rusiyada ola-ola öz millətimə daha çox xeyrim dəyər”.

 

Əslən Gəncədən olan Qurbanov Azərbaycandan necə ayrılmasını da xatırlayıb. O bildirib ki, 1988-ci ildə məktəbi qurtardıqdan sonra təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb: “1 il sonra hərbi xidmətə yollandım. Əsgərliyimi MOİK-də keçdim. Sonra yenidən Ukraynaya qayıtdım. İnstitutu bitirdikdən sonra elə alındı ki, bu işlə məşğul oldum. Rusiyanın Çerepovets gəldim. Burada cüdo anlayışı belə yox idi. 1997-ci ildə hər şeyə sıfırdan başladım. 400 min əhalisi olan şəhərdə bu gün öz məktəbim var”.

 

Sabiq SSRİ-də idman ustası adına da yiyələnmiş mütəxəssis Azərbaycanın tanınmış simalarından Mövlud Mirəliyev, Fərhad Məmmədovla birgə məşq edib. O, sambo üzrə Azərbaycan çempionatının mükafatçısı da olub. 2014-dən hakimlikdə A kateqoriyasına yiyələnən həmyerlimiz Rusiya Cüdo Federasiyasında işə başlamasını əməyinin bəhrəsi hesab edir: “Yaşadığım Çerepovets şəhərində müxtəlif yarışlar və spartakiadalar keçirməklə federasiyanın diqqətini cəlb etdim. Bundan sonra da federasiyadan işbirliyi təklifi gəldi. Bu gün cüdoda Şimal-qərb bölgəsi üzrə hər şeyə cavabdehliyi mən daşıyıram. Regionumuzdan müxtəlif yaş qrupları üzrə yığmaların heyətinə düşən qızlar və oğlanlar var. Demirəm ki, aparıcı regionuq. Amma artıq inkişafa nail olmuşuq”.

 

Qurbanov 20 illik karyerası ərzində 2016-cı ili uğurlu hesab edib. O vurğulayıb ki, artıq tarixin yaddaşına köçən ildə bir sıra lazımı nəticələr qazanıblar: “15 yaşadək yeniyetmələrdən ibarət komandam Rusiya birinciliyini qalibi oldu. Olimpiya məktəbləri arasında 3-cü yeri tutduq və bunun nəticəsi kimi məktəbimizin adına “Olimpiya ehtiyatları” adı da əlavə edildi. 1 milyon rubl qrant udduq, ona da lazımı ləvazimatları aldıq. Fikrim var ki, şəhərdə Şimal-Qərb bölgəsi üzrə bir mərkəz də tikək. Dövlət səviyyəsində, həmçinin biznesmenlərdən kömək var”.

 

Qeyd edək ki, mütəxəssis öz yetirmələrindən Kseniya Tuquşini artıq Azərbaycan millisinə təklif edib.

Azərbaycan futbolunda RÜŞVƏT – İki klub çempionatdan qovuldu

Martın 16-da AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda danışılmış oyunlar məsələsi müzakirə olunub.  UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı sərt qərarar qəbul edilib. Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib: “Şahdağ” (Qusar) İqrar Səmədov Uce Cukenyere “Rəvan” (Bakı) Elvin Əliyev Cəmşid Məhərrəmov “Göyəzən” (Qazax) Arzuman Vəliyev Tunar Şahtaxtinski “Energetik” (Mingəçevir) Elvin Əlizadə Kamran  Lalayev Ruslan Həmidov Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılıb. Hər iki klub I Divizionda oyunların  50 faizdən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilib. I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilib. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılıb. Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib. “Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilib.

16 Mart 2017 12:24

Bu gün “daydaylı” uşaqları legionerlər əvəz edir – ŞOK İDDİA

Bəziləri fikirləşir ki, arxa-dayağı olmadan idmanda, xüsusən də futbolda uğur qazanmaq mümkün deyil. Hətta bununla bağlı müzakirələr də az olmayıb. Yeniçağ.az idman jurnalistləri arasında məsələ ilə bağlı sorğu keçirib. İdman mediasının üzvlərinə “Azərbaycan futbolunda, ya digər idman növlərində “dayday” hesabına qalan varmı? Ümumiyyətlə, belə bir durum mümkündür?”- suallarını ünvanladıq. “Futbol+” qəzetiin əməkdaşı Sərxan Musalı: “Azərbaycan idmanında bu problem həmişə aktual olub. Əvvəllər yığmalara daha çox Bakıda yaşayan idmançılar cəlb olunur, bölgə idmançılarına qarşı haqsızlıqlar edilirdi. İndi vəziyyət bir qədər dəyişib. Legionerləri qabağa verirlər, özümüzünkülər qalır kənarda… Futbolda da tapşırılmış oyunçular çoxdur. Xüsusən də aşağı yaş qruplarında bu “filankəsin”, o “bəhmənkəsin” oğludur deyib, komandalara yararlı-yararsız uşaqları götürürlər. Bu da futbolumuza zərbə vurur. Vaxtilə Zeynal Zeynalov futbol yığmamızda oynayırdı. O, unikal insan idi. Həm futbolda, həm futzalda, həm də çimərlik futbolunda əsas komandaya cəlb olunub. Onun tapşırılmış futbolçu olduğunu deyirdilər. İndi də Məhəmməd Qurbanov barədə eyni fikirlər səslənir. Bu fikirlər əsassız deyil. Belə şeylərdən qurtulmalıyıq. Axı belədə kimlərinsə haqqı tapdanır. Tapşırılmış idmançı hansısa güclü həmkarının yerini tutur. Neçə-neçə idmançı olub ki, belə şeylərə görə karyerasına son qoyub”. Komanda.az saytının baş redaktoru Rəşad Ergün: “”Dayday”lar nəinki idmanda, bütün sahələrimizdə var. Konkret idmana gəlincə, AFFA prezidenti Rövnəq Abdullayev PFL-in rəhbəri Ramin Musayevin “dayday”ı deyilmi? Ramin Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “dayday”ı deyilmi? Ramin Musayev Gürcüstandan gələn məşqçilərin, futbolçuların “dayday”ı deyilmi? O günlərdə bir nəfər sosial şəbəkədə maraqlı bir fikir paylaşmışdı. Yazmışdı ki, Gürcüstandan olan bir məşqçi azərbaycanlı mütəxəssislərdən birindən soruşub ki, sən niyə işləmirsən? İstəyirsən, Ramin Musayevə deyim, sənə iş versin. O adam da deyəsən, bunu qəbul etməyib. Bəlkə də adi söz-söhbət kimi qəbul edəcəksiz. Amma belə şeylər var bizim futbolda… Mən hələ milli komandalarımıza dəvət alan futbolçular barədə danışmıram. Hansı ki, uzun zaman nə klubda çalışıb, nə də top üzü görüb. Siz də sual verirsiz ki, bizdə “dayday” məsələsi varmı? Var əlbəttə, xirtdəyə kimi….” Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva: “Bu sualı 7-8 il öncə versəydiniz nəinki ad çəkərdim, adlar çəkərdim. Amma etiraf edək ki, bu gün federasiyalar məsələyə daha diqqətlə yanaşırlar. İndi “daydaylı” uşaqları legionerlər əvəz edir. Amma gücü olan, ağlı olan idmançı heç kimə arxalanmadan da uğur qazana bilər”. Sport7.az-ın baş redaktoru Amal Abuşov: “Azərbaycan futbolunda “daydayı” olan futbolçular əsasən “milliləşdirilənlər” və legionerlərdir. Hazırda ən böyük “dayı” AFFA-nın baş katibi Elxan Məmmədovdur. O, bilavasitə Dağıstandan, Ukraynadan və digər ölkələrdən Azərbaycana gətirilən, milli pasportla təmin edilən futbolçuların himayədarıdır. Bir vaxtlar Daniel Axtyamov, Murad Hüseynov kimi futbolçular var idi. Onlar burdan gedən kimi futbol səhnəsindən silindilər. Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov kimiləri də onların tayıdır. Onlar Rusiyada həvəskarlar liqasında oynayacaq səviyyədədirlər. Amma Azərbaycan millisinə qədər yüksəliblər. Prosineçki inadla Məhəmməd Qurbanovda gizli istedad gördüyünü desə də, həmin “istedadı” açmaq mümkün olmadı. Ötən yay İrandan indi adını belə xatırlamadığım iki futbolçu gətirmişdilər. Digər “milliləşdirilmiş” futbolçular kimi onların da ilk dayanacağı “Sumqayıt” oldu. Klubun prezidenti Kamran Quliyev onların bizim dildə danışmasından o qədər həvəslə bəhs edirdi ki… Qış fasiləsində Samir Abbasov həmin iranlıları komandasında görmək istəmədi və rəhbərlikdən onların göndərilməsini tələb etdi. Bu cür nümunələr yetərincədir. Legionerlərin himayədarları isə adətən, menecerlər olur. Onlar klub rəhbərləri ilə müəyyən faiz qarşılığında anlaşır, gətirdikləri futbolçuların müntəzəm meydana çıxmasına nail olurlar. Amma hazırda bu proses zəifləyib. Çünki mətbuatın, azarkeşlərin gözü tərəzidir. Layiq olmayan legioneri uzun müddət oynatmaq çətindir. Eyni tendensiya idmanın digər növlərində də müşahidə olunur və bu işdə federasiya rəsmiləri, nazirlikdə oturan “dayday”lar fəaldır”. Futbolpress.az-ın baş redaktoru Elçin Cəlilov: “”Dayday” institutu Azәrbaycan cәmiyyәtinin sütun dәyәrlәrindәndir; nәinki idman, әn müxtәlif sahәlәrdә də bu institutun tәşәkkülü mümkün olub vә dayaqları çox möhkәmdir. Konkret adlar çәkib, saatlarla oxuyacağınız siyahı әmәlә gәtirmәkdәnsә, qısaca belә deyim ki, azı 90% bu cür hal mövcuddur. Hәm Gәnclәr vә İdman nazirliyindә, hәm Milli Olimpiya Komitәsindә, hәm də müxtәlif idman cәmiyyәtlәri vә klublarında, yerli idarәlәrdә “dayday” dayağı danılmazdır”.

9 Mart 2017 14:51

ÇL 1/8: “Barsa”dan fantastik geri dönüş

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub. Əsas diqqətlər Barselonaya yönəlmişdi. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibi ilə “Nou Kamp”da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb. Günün digər qarşılaşmasında isə “Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir. “Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1 Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1) İlk oyun – 0:4 “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0 Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80 İlk oyun – 0:1

9 Mart 2017 11:25

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir – Yenilənir

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilir. Faktinfo.az-ın məlumatına görə, bu gün keçiriləcək 2 görüşdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olacaq. “Arsenal” öz meydanında “Bavariya”nı qəbul edəcək. Bu cütün taleyi böyük ölçüdə həll olunub. Münhendə 5:1 hesabı ilə qalib gələn “Bavariya”nın London səfərində bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil. “Napoli” - “Real” matçında da meydan sahiblərinin işi çətin görünür. Düzdür, “topçular”dan fərqli olaraq Neapol təmsilçisini 2 cavabsız qol da növbəti mərhələyə daşıyacaq. Lakin Zinəddin Zidanın komandası çətin səfərdə asanlıqla təslim olmayacaq. Çempionlar Liqası 1/8 final mərhələsi, cavab oyunları 7 mart 23:45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) İlk oyun - 1:5 23:45. “Napoli” (İtaliya) - “Real” (İspaniya) İlk oyun - 1:3 8 mart 23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa) İlk oyun - 0:4 23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) İlk oyun - 0:1 14 mart 23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) İlk oyun - 2:0 23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) İlk oyun - 1:2 15 mart 23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə) İlk oyun - 3:5 23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya) İlk oyun - 4:2 (daha&helliip;)

7 Mart 2017 10:46