“MTN işi”ndə zərərçəkmiş: “Sərbəst buraxılmağım üçün 1 milyon manat və…”

3 Yanvar 2017 20:25

Xəbər 31 dəfə oxunub

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan əməkdaşlarının iş adamı Mübariz Paşayevi qanunsuz olaraq azadlıqdan məhrum edib, hədə-qorxu tətbiqi ilə ondan külli miqdarda pul aldıqları məlum olub.

 
 APA-nın əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs Paşayev Mübariz Qurban oğlu istintaq zamanı ifadələrində göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib.
Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb: “Həmin daşlar 2000 karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada yaşayan zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580.000 ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim.
Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq. Dubaydan aldığım brilyant daş-qaşın 300.000 ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim.
Təxminən 20 gün keçəndən sonra axşam saat 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə  zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə “biz trasda səni gözləyirik” dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərin qan içəni” kimi eşitmişdim. Zəngdən sonra qaynım Nəzərov Ramin Şamil oğlu ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan, özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun «Koroğlu» stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi.
MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar. Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları Araz Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər. Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 09-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1.000.000 ( bir milyon)  manat pul və Dubaydan gətirdiyi 580.000 ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı. Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280.000 ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300.000 ABŞ dolları dəyərində brilyantların da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300.000 ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər”.
Zərərçəkmiş Mübariz Paşayev bildirib ki, brilyantları Fizuli və Natiq əlindən aldıqları üçün pula ehtiyacı olduğundan sonrakı dövrdə adına olan, Nərimanov rayonu ərazisindəki 4 otaqlı evi 200.000 ABŞ dollarına tanımadığı müştəriyə satıb.
Məlumata görə, istintaq orqanına Dövlət Təhlükəsizliyi Xidmətinin göndərilən məktubda mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən qanuni əsas olmadan Fizuli Əliyevin təşəbbüsü ilə Paşayev Mübariz Qurban oğlu barəsində 2010-cu ildə siqnal cinayət işi açılıb, lakin heç bir nəticə əldə olunmadığı üçün 18 dekabr 2010-cu ildə işin icraatı dayandırılıb.

BSU təkzib edir…

Faktinfo.az-a Bakı Slavyan Universitetinin  mətbuat xidməti tərəfindən göndərilən  məlumatda bildirilir ki,dünən bir çox saytlar BSU-da əmək haqlarının yubanması ilə bağlı  qərəz nümayiş etdiriblər. Mətbuat xidməti tərəfindən göndərilən  məlumatda bildirilir ki, universitetdə fevral ayının əmək haqqı yubadılır, amma bunun   universitetin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, ölkənin 12 universiteti üç aydır ki, tələbələrin təqaüdlərini verə bilmir, bir çox universitetlər isə əmək haqqını yubatmaqdadırlar. Əslində, bunun universitetlərin rəhbərliklərinə heç bir aidiyyatı yoxdur. Təqaüdlərlə bağlı Maliyyə Nazirliyi özü açıqlama yayıb. Orada deyilir: “Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək". Bu təqaüdlərin məsələsi. Əmək haqlarına gəldikdə isə, bəlli olduğu kimi, ölkədə dolların kursu sabitləşmədiyindən valideynlər təhsil haqlarının ödənişləri ilə bağlı müəyyən poblemlərlə qarşılaşmışlar. Onlar ilin əvvəlindən bəri ödənişlərin bir hissəsini versələr də, onu tam ödəməkdə çətinlik çəkməkdədirlər. Universitet isə əmək haqlarını həmin ödənişlərin hesabına həyata keçirir. Digər tərəfdən, məsələ heç də bəzi saytların yazdığı kimi deyil, yəni universitet hamının maaşlarını saxlamayıb, texniki heyət və xidmət personalı əmək haqlarını əvvəlki qaydada, vaxtında alıblar. Müəllimlərin əmək haqqına gəldikdə isə, onların maaşlarının da ayın sonunadək verilməsi nəzərdə tutulmuşdur. Qaldı universitetdə bayram tədbirinin keçirilməsi və universitet rəhbərliyinin tələbələrlə birgə şənlik etmələrinə, burada qəribə heç nə yoxdur. Biz bununla bağlı onlara ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlatmağı zəruri hesab edirik. Azərbaycan dövlətinin qurucusu ulu öndər demişdir: “Bu bayram əmin-amanlığın, sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amil olubdur, müstəqilliyimiz möhkəmlənir, inkişaf edir. Şənliklər onu sübut edir ki, daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar”. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ulu öndərin layiqli varisi kimi Novruzun yüksək səviyyədə qeyd olunmasını Vətənə bağlılığın rəmzi kimi dəyərləndirmişdir: “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma Vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”. Bundan əlavə, BMT-nin Baş Məclisi 2010-cu il fevralın 23-də keçirilmiş iclasında “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsini qəbul etmiş və həmin gündən bu bayram qeyd olunur. Belə olduğu təqdirdə BSU-nun prorektorlarının tələbələrlə birgə rəqs etməsində, arada səmimiyyət körpüsünün olmasında nə pis iş var ki? Əslində sevinmək lazımdır ki, universitet rəhbərliyi ilə tələbələr bir-birinə bu qədər yaxın və doğmadır. Qaldı, universitetin tikinti meydanına oxşamasına, bu abadlığın, quruculuğun rəmzidir. Bu universitetə demək olar ki, hər gün xarici qonaqlar gəlir, onların üzünə yüksək səviyyədə təmir olunmuş, abadlaşdırılmış bir ali məktəbin qapıları açılır, üzümüz ağ olur. Universitetdəki tədbirdə müğənnilərin iştirakına gəldikdə isə, bunu birmənalı şəkildə bəyan edirik ki, heç bir müğənni gəlib universitetdə mahnı oxumasına görə universitet rəhbərliyindən pul almayıb. N.Əliyeva YAP-ın Qadınlar Şurasının sədri kimi arada olan xətir-hörmətə əsasən onları dəvət edib və onlarda tədbirdə iştirak ediblər. BSU-nun Mətbuat xidməti

17 Mart 2017 18:54

ADAU -da Novruz şənliyi keçirilib

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri olan Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bir dəyərdir. Bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi də əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəkləyir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.  ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu müqəddəs bayram təhsil müəssisəsinin bütün fakültələrində yüksək coşqu və böyük məhəbbətlə qeyd edilib. Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə  bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb. Aqranomluq fakültəsində isə tədbir daha mıhtəşəm formada qeyd edilib. Fakültənin dekanı Məhərrəm İsmayılov müqəddəs günün dəyərlərindən danışıb, dövlətin bu bayramı dünya səviyyəsində tanıtmasından söz açıb və universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından tədbirə toplaşanları təbrik edib. Rəngarəng musiqilər, mahnı və rəqslər, yumoristik səhnəciklər tədbirin dəyərini qat-qat artırıb. Tələbələrin müəllimləri ilə birgə rəqsləri isə bayrama xüsusi şirinlik gətirib. Bayram şənliyi alovlanan tonqalın ətrafında davam edib və tələbə dünyasına Novruz bayramı doğrudan da yeni gün kimi yazılıb.

17 Mart 2017 18:07

Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada cəmi 50 qəpiyə?

Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır... Virtualaz.org xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür “qəpik-quruş” ola bilməz. Nəticədə “Komsomolskaya Pravda” qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoskopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.   Həmin fotolar şəhərin Sena meydanındakı “talkuçka”da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: “Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?”. Xala “bax o cərgədə” deyib, “amma birinci cərgədən almayın, onlar 50-yə satır”-xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir. Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. “Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir”-Əzizə adlı özbək satıcı jurnalistə deyir. Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. “Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq”-o əsaslandırmağa çalışır. Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?

16 Mart 2017 21:09