"Azərbaycan Belarusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"

"Azərbaycan Belarusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" -DEPUTAT

"Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılmışdır. Bu gün iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.


Əlbəttə ki, bu münasibətlərin formalaşmasında və inkişafında Azərbaycan və Belarus Prezidentləri arasındakı səmimi dostluq əlaqələri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də böyük əhəmiyyət kəsb edən hadisədir. Birmənalı olaraq demək olar ki, bu səfər çərçivəsində aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına önəmli töhfə olacaq. Cənab Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını müfəssəl şəkildə təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər."

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat daha sonra bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə Belarus mütəxəssislərinin cəlb edilməsi çox böyük səmərə vəd edən təşəbbüsdür: “Cənab Prezident İlham Əliyevin Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etməsi düzgün düşünülmüş və hər iki ölkə üçün kifayət qədər böyük səmərə verəcək qərardır. Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü və həyata keçirəcəyi işlərin miqyası çox genişdir. Dövlət başçımızın dediyi kimi, sıfırdan bərpa edilməsi tələb olunan ərazilər sahəsinə görə Livan dövlətinin ərazisindən 1,5 dəfə böyükdür. Bütün bu ərazilərdə işğal dövründə hər şey dağıdılıb. Bütün infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Məhz buna görə də Belarus şirkətlərinin bu prosesə fəal qoşulmaları son dərəcə məqsədəuyğundur. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. Bu təcrübə Azərbaycan üçün keçmiş məcburi köçkünləri yeni tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq, həmçinin onları müvafiq işlə təmin etmək kimi məsələlərin həllində çox faydalı ola bilər. Öz növbəsində Belarus tərəfinin Azərbaycanın azad edilmiş ərazilərində aqroşəhərciklər və bununla bağlı bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazır olduqlarını bildirmələri bu layihələrin tezliklə gerçəkləşəcəyini deməyə əsas verir"– deyə, Aqiyə Naxçıvanlı qeyd edib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər