Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası mənimsəmələrə yol verib-

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası mənimsəmələrə yol verib- Vəzifəli şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunacaq

Azərbaycan Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Faktinfo.az xəbər verir ki, Report.az-ın məlumatına görə,auditlə əhatə edilən dövrdə akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılıb, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib.

Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib.

Maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Qeyd edək ki, Akademiyanın daxilolmaları 2016-cı ildə 98,4%, 2017-ci ildə 99,6%, xərclər smetası üzrə isə kassa xərci müvafiq olaraq 99,7% və 98,8% icra edilib. Auditlə ümumilikdə 11699,9 min manat, o cümlədən 2016-cı ildə 5829,7 min manat və 2017-ci ildə 5870,2 min manat məbləğində vəsait əhatə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Gənclər və İdman Nazirliyinə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi