Qəzetlərə məcburi abunədən kimlər qazanır, hansı peşə sahibləri narazıdır?
Məlum olduğu kimi, rayonlarda büdcə təşkilatlarında çalışan şəxslər ildə 2 dəfə məcburi şəkildə dövlət qəzetlərinə, eləcə də hakimiyyətə yaxın digər bir sıra qəzetlərə abunə yazılırlar.
Faktinfo.az xəbər verir ki, artıq bəzi rayonlarda qəzetlərə abunə yazılması üçün işə başlanlıb. Bu məqsədlə Rayon İcra Hakimiyyətlərinin qeyri-rəsmi tapşırığı əsasında büdcə təşkilatlarında işləyən şəxslərin maaşlarından ildə iki dəfə 20-30 manat pul tutulur,bəzən məktəb direktorları bu məqsədlə müəllimlərdən pul istəyir.Xüsusilə rayonlarda çalışan müəllim, həkim və digər maaşa baxan təbəqə üçün indiki çətin vəziyyətdə əlbəttə ki, bu az məbləğ hesab edilmir. Maraqlısı odur ki, sonradan həmin qəzetlərin əksər hissəsi ünvana çatdırılmır. Çatdırılanlar da əsasən meyvə-tərəvəz yeşiklərinə sərilmək üçün istifadə edilir.
Bu işdən rayon İcra Hakimiyyətləri də pis qazanmır. Belə ki, büdcə təşkilatlarından,müəllim və həkimlərdən yığılan 50-60 min manatlarla vəsaitin 30-40 faizi redaksiyalara köçürülür,yerdə qalan məbləğ mənimsənilir.
Bu proseslər hər kəsin gözü qarşısında baş verdiyindən artıq – müəllimlər, həkimlər, digər məvacibə qulluq edənlər əməlli-başlı cana doyublar və narazılıqlarını açıq-aşkar büruzə verməkdən belə çəkinmirlər,beynəlxalq praktikada qəzetlərə abunə yazılmağa məcbur edilmənin yolverilməz olduğunu ifadə edirlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın