Yaxın tarix- 15 iyun 1993-cü il hansı suallara cavab verdi?

Yaxın tarix- 15 iyun 1993-cü il hansı suallara cavab verdi? 

Müstəqil Azərbaycan Respublikasında yaşayan istənilən vətəndaş, tarixçi bilir ki, Qafqazın aparıcı xalqı kimi Azərbaycanın böyük ərazisi ilə qalmasını onun düşmənləri heç vaxt istəməyib.

 Respublikamız müstəqillik qazandıqdan bir az sonra  ermənilər, onların havadarları xırda bir qiymətləndirmə aparıb başa düşdülər ki, əgər Azərbaycan müstəqil olaraq getdikcə güclənərsə , bir neçə il sonra qarşısı alınmaz bir dövlətə çevriləcək, zaman-zaman yağmalanmış torpaqlarının geriyə qaytarılması istiqamətində hərəkətə keçəcəkdir. Ermənilərin havadarları isə dərk edirlər ki, Azərbaycan Türkiyənin bu regionda maraqlarına imkan yaradarsa, onlar bir daha imperialist maraqlarından çıxış etsələr belə , istəklərinə nail ola bilməyəcəklər. Məhz erməniləri havadarları ilə birləşməyə sövq edən də budur. Tarixə nəzər salanda açıqca görünür ki, Azərbaycanın istismar edilməsinin, xalqının ikinci plana keçirilməsinin əsas səbəbi budur. Sadəcə, hər dəfə ermənilər torpaq iddiaları ilə çıxış edib, imperialist güclər isə maraqlar müqabilində Azərbaycan torpaqlarının müəyyən faizini  zorla ermənilərə bəxş ediblər.

1991-ci il oktyabrın 18-dən etibarən xalqımız təkrar müstəqillik qazandı. Amma 1993-cü ildə ölkənin başı üstə yenə qara buludlar gəzməyə başladı. Azərbaycanın sərhədlərində ermənilər at oynadır, xarici müdaxilə qaçılmaz bir şəkildə müstəqilliyi təhdid edir,ölkədə çaşqınlıq yaradırdı. Məqsəd respublikanı dörd bir tərəfə parçalamaq, düşmən  qüvvələr üçün lazım olan şəxsi ölkə rəhbərliyinə gətirmək idi. AXC hakimiyyəti,prezident Əbülfəz Əliyev və onun komandası bunu bilir,amma yaranmış vəziyyəti aradan qaldırmaqda çətinlik çəkirdilər. Belə vəziyyətdə qətiyyət nümayiş etdirmək, xalqın haqq səsini dünyaya çatdırmaq, hakim komanda olaraq birləşib yekdil qiymətləndirmə apararaq hərəkət edilməməsi mərhum Əbülfəz Elçibəyi məyus edirdi. Onlar bunu bacarmırdılar. 1993-cü ilin may ayından başlayaraq siyasi gərginliyin artması siyasi xaosa gətirib çıxardı.

 1993-cü ilin 4 iyun hərbi qiyamı baş verdikdən sonra hakimiyyətdə olan AXC çıxılmaz vəziyyətdə qaldı, yaranmış situasiyaya görə hakimiyyət nümayəndələri bir-birilərini ittiham etdilər.Tarixi bilən şəxslər üçün isə artıq IX əsr xanlıqlar dövrü xatırlanırdı. Müstəqilliyimizin əldən getmə təhlükəsi an məsələsi idi. Hətta, xarici müdaxilə elə planlaşdırılmışdı ki, KİV-i  oxuyan ölkə vətəndaşları kimin doğru, kimin yanlış fikir söylədiyini bilmirdi.Xəbərlər bir-birini təkzib edirdi.Xalq kimin arxasınca gedəcəyini, kimin sözünə riayət edib, ona dəstək verə  biləcəyini anlamırdı.Bu da xalq üçün ən axrıncı hədd, qorxulu vəziyyət və müstəqilliyin sonu ola bilərdi. Bunu o vaxtkı iqtidar, hazırkı iqtidara müxalif olan bütün siyasi qüvvələr dərk edir, qorxu və həyəcan içində çabalayırdılar.

Bəs çıxış yolu nə idi? Bu suala cavab tapa bilmirdilər. Zaman isə düşmənin xeyrinə işləyirdi. Ölkənin sabahına biganə qala bilməyən bir qrup tanınmış ziyalı isə Heydər Əliyevin Naxçıvandan Bakıya dönməsini təkidlə səsləndirir, iqtidarda olanlara istiqamət verirdilər. Bir sözlə, Əbülfəz Elçibəy hakimiyyəti və bir qrup ziyalı Heydər Əliyevi Bakıya dəvət etdiyi günlərdə xalq Parlamentin qarşısında  bu çağırışa təkidlə dəstək verməyə başladı.

Heydər Əliyev Bakıya gəlib mövcud vəziyyəti yaxından öyrənəndən sonra Gəncəyə yola düşdü. Onu orada nələrin gözlədiyini bilə-bilə... Bunları 1993-cü ilin sessiya iclaslarına baxanlar, o dövr az da olsa ictimai-siyasi vəziyyəti qiymətləndirə bilənlər, hadisələrə şahidlik etmiş şəxlər, bütövlükdə daxilində ədalət hissini hələ də itirməmiş bütün insanlar bilir. Real vəziyyət nədən ibarət idi? Heydər Əliyevi sonrakı mərhələdə nələr gözləyirdi? Heydər Əliyev bu mürəkkəb situasiyadan respubilkanı çıxara biləcəkdimi?

Heydər Əliyev isə çox gözəl anlayırdı ki, proseslərin arxasında hansı dövlətlər durur, istəkləri nədir? Mən üzərimə götürdüyüm bu missiyanı müstəqilliyimizə xələl gəlmədən necə həll edəcəyəm? Amma, onu həm də bir sual düşündürməmiş deyildi: mən bacara biləcəyəmmi? Tarix, həm də xalqım qarşısında üzərimə götürdüyüm bu taleyüklü işi yerli şəraitin, xarici müdaxilənin, daxili çəkişmələr girdabında çökməyə məruz qalmış iqtisadi vəziyyətlə necə uzlaşdırıb vəziyyətdən çıxacağam? İstənilən siyasətçi bunları fikirləşərdi,  olsun ki, Heydər Əliyev kimi təcürbəli siyasətçi ...

Həqiqətən düz deyiblər, nəzəri biliyin nə qədər olur-olsun, bu bilik təcrübə ilə uzlaşmırsa, demək, onun bir o qədər anlamı yoxdu. Xoşbəxtlikdən, Heydər Əliyev uzun illər Respublikaya rəhbərlik etmiş, SSRİ Nazirlər Kabinetində çalışmışdı. Bu səbəbdən şəraitə uyğun atılacaq bütün siyasi addımlara qarşı qoyulacaq konturların ştrixlərini belə özü üçün müəyyənləşdirə bilmişdi. Elə bu səbəbdən o, Milli Məclisdə  MDB-yə üzv olmaq üçün parlamentdə qüvvələr nisbətini xeyrinə dəyişdi. Çox-çox sonralar isə xalqımız anladı ki, bu addım doğru imiş, zaman isə göstərdi ki, sonradan MDB-nin elə də anlamı olmadı və bu quruma alternativ GUAM kimi bir təşkilat da yaradıldı.

Heydər Əliyev Respubilkaya rəhbərliyinin bir neçə ayında siyasi müstəvidə mübarizə mərhələlərini keçir, milli dövlət quruculuğu fövqündə güclü hakimiyyət yaradıb,  imperiya xislətli qüvvələrin  yerli sindromlarını rədd edə bilirdi. Bunu hiss edib imperiya həsrəti ilə alışıb yanan dövlətlər xalqımızı çörəklə imtahana çəkdilər, qəvi düşmən ermənilər isə bütün sərhədlərimiz boyu fəallaşdılar.

Təkrar müstəqilliyimizə qorxu yarandı. Cənubda Talış-Muğan, şimaldan sadvalçılar, daxildən siyasi gərginlik,qısa müddətdə bir illik Əbülfəz Elçibəy hakimiyyəti dövründə olduğu vəziyyətə bənzədi. Amma, bu son deyildi. Heydər Əliyev gecələr yatmır, yuxusuz gecələrdən borc aldığı zamanlar hesabına respublikanın gələcəyinin konturlarını ustalıqla cızırdı. O,tədricən beynəlxalq aləmə çıxır, milli siyasət yeridir, dövlətlərarası bərabərhüquqlu  diplomatik münasibətlər qurur, yeni parlamenti formalaşdırır, ilkin hal kimi bazar iqtisadiyyatı fövqündə daxili iqtisadi siyasəti  qismən də olsa həyata keçirirdi. Çünki, Heydər Əliyev bilirdi ki, müstəqillik əldə etmək şərt olsa da, onu qoruyub hifz etmək ondan da ağır bir prosesdir. Xalqımızın başına gətirilənlərin əsl səbəbi də budur. Çünki, Azərbaycan xalqının içində milli dövlətçilik ruhu güclü olsa da, ayrı-ayrı tarixi mərhələlərdə ötəri olub, əbədiyyət rəmzinə çevrilə bilməmişdir. M. Ə. Rəsulzadə hakimiyyəti 23 ay mövcud oldu, bir illik Əbülfəz Elçibəy hakimiyyəti dövrü müstəqilliyimizə təhdidlərlə yekunlaşıb, qorxulu dövr yaşatdı.

 Bu səbəbdən müstəqil dövlət olmaq istəyirsənsə, ilkin şərt kimi güclü hakimiyyət formalaşdırıb, təxirəsalınmaz tədbirlər həyata keçirməlisən. Bu mütləqdir. Düzdür, bu həyatını, sağlamlığını risk altına alacaq, amma bunu etməmək mümkünsüzdür. Bunun üçün isə birinci şərt rəhbərdən tələb olunan iradə və daxilində olan cəsarətdir. Bu da Heydər Əliyevdə olduğundan onun qarşısında möhtəşəm vəzifələr dururdu:

1.Ölkədə anarxiyaya, xaosa son qoymaq üçün ictimai-siyasi sabitliyə nail olunmalıdır.

2.Hərbi üstünlüyə malik olan düşmənlə atəşkəsə nail olmaq lazımdır.

3.Milli dövlət quruculuğu yolunda  əsaslı işlər görülməlidir.

4.Özünü doğruldan təsərrüfat sisteminə keçmək üçün torpaq islahatı aparılmalıdır.

5.Paralel olaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Avropa-ABŞ istiqamətində diplomatik gedişlər edilməlidir.

6.Özəl xarakter daşıyan batalyonlardan imtina edərək vahid komandanlıq yaradılmalıdır.

7.Xarici investorların Azərbaycana cəlb edilməsi üçün  ilkin olaraq, əsrin müqaviləsi imzalanmalıdır.

Beləliklə,müstəqilliyimizə təminat verəcək bu əsaslar həyata keçirilərdisə, iqtisadi- siyasi -hərbi imkanlarımızı zamanla səfərbər edib işğal altında olan torpaqlarımızı şərait yarandığı təqdirdə geri qaytara bilərik.
Bunun üçün isə mütləqdir ki, əvvəlki siyasi rəhbərlərin edə bilmədiklərini edib, fərqlənəsən. Bu isə fiziki cəhətdən yox olmaq qədər qorxulu bir iş idi. Ya tarixdə qalmalı, ya da çəkilib bir kənarda sakit yaşamağı tərcih etməlisən. Təbii ki, indiyə qədər olduğu kimi məhkum millətlərə hakim olan imperiya , məkrli qüvvələr tarixin səhnəsindən könüllü imtina etməyəcəkdir. Dövlət müstəqilliyimizin əleyhinə düşmənçilik niyyətində olanlar həmişə regionda strateji maraqlarını təmin etmək, aparıcı siyasi, iqtisadi mövqelərini qorumaq üçün xalqın mübarizə əzmini qırmaq, çaşqınlıq yaratmaq üçün istənilən vasitələrə əl atacaqlar. Keçid dövrünün çətinliklərindən istifadə etmək kimi bütün mexanizmlər hərəkətə gətiriləcəkdir.

Həqiqətən də belə oldu:- xalqımızın başına hansı müsibətlər gətirilmədi ki?..

Beləliklə,  Heydər Əliyev ölkədə anarxiyaya, xaosa son qoyaraq ictimai-siyasi sabitliyi bərqərar etdi. Əsrin neft müqaviləsini  reallaşdıra bildi.

Həmçinin,nə qədər qorxulu və çətin olsa da,  özəl xarakter daşıyan batalyonları ləğv edərək vahid komandanlıq yaratmaq lazım gəldiyini subuta yetirdi.O,bununla çox möhtəşəm və mürəkkəb olan məsələni - Əbülfəz Elçibəy dövründə də müstəqilliyimizin təhdid edilməsini  belə aradan qaldırdı.

Xarici investorların Azərbaycana sərmayə qoyması gerçəkləşdi. Artıq Azərbaycan güclənir, bir zamanlar onu qəbul etməyən dövlətlərin qəbul edə biləcəyi anlamında çiçəklənən bir dövlətə çevrilirdi.

 Əbəs yerə deməyiblər ki, tarixdə fikirlər deyil,daha çox əməllər qalır. Bununla, təkzibedilməz tarixə obyektiv qiymət verə biləcək,nəsillər üçün Heydər Əliyevin ictimai-siyasi və diplomatik fəaliyyətinin 1993-cü ilin iyun ayının 15-dən başlayaraq maneəli, əzablı, çətin olduğu müəyyənləşdi. Beləliklə, respublikamız üçün 15 iyun 1993-cü il tarixdə nəyin başlanğıcı olub, harda tamamlandığını Heydər Əliyev xarakteri cavablandırdı.

O bilirdi ki,nə qədər Azərbaycan dövləti iqtisadi cəhətdən güclü olub, heç bir dövlətdən asılı olmayacaq,iqtisadi amil hər zaman müstəqil siyasət yeritməyə rəvac verəcək,xalqın mənafeyinə zidd hər hansı bir akta imza atılmasına yol verilməyəcək. Elə də oldu. İndi kim deyə bilər ki, xalqın, millətin, dövlətin xeyrinə olmayan hər hansı xarici siyasət həyata keçirilir, nələrəsə göz yumulur? Budur, 1993-cü il 15 iyunda Heydər Əliyevin ikinci dəfə respublika həyatına rəhbərlik dövrünün yadda qalacaq cəhətləri, 15 iyunla bağlı axtardığımız suallara verdiyi cavab.

Beləliklə, 1993-cü il iyun ayının 15-də xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev tarix qarşısında öz missiyasını maksimum layiqincə yerinə yetirdi, Respubilkanı dörd bir tərəfə parçalanmaqdan qorudu. Heç vaxt büdrəməyəcək, güclü, qüdrətli Müstəqil Azərbaycan Dövlətinin təməl prinsiplərini yaradıb, həmişəlik xarici müdaxilələrdən hifz etdi və istənilən xarici müdaxiləyə qarşı aşılmaz bir sədd yaratdı. Siyasi meydanda, müstəqilliyimiz uğrunda mübarizə apardı, buna da nail oldu.

Özünü tanıyanlar,tarixini bilənlər anlayır ki, Şah İsmayıl Xətai,Nəriman Nərimanov kimi  şəxsiyyətlərlə çiyin- çiyinə dayandı,tarixi obrazını yaratdı.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi