Niyə rubl, təngə üzür, manat yox? –İqtisadçıdan təhlil

9 Yanvar 2017 14:03

Xəbər 49 dəfə oxunub

Ölkənin maliyyə sektorunun yüksək həddə dollarlaşması milli valyutanın güvənliyini zəiflədir və makroiqtisadi sabitliyi risk altına qoyur.

2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də bu keçid “tənzimlənmə” mərhələsində qalıb. “Tam üzmək” mərhələsinə keçid isə hələki ləngiyir.

Rəsmi sənədlərdə bu keçidin tezliklə baş tutacağı vurğulanır. Bu fikri bəzi ekspertlər də bölüşür. Tam üzən məzənnəyə keçidi zəruri edən səbəb manatın real bazar dəyərini tapmasına nail olmaq və bununla da valyuta bazarında sabitliyi təmin etməkdir. Digər tərəfdən siyasi və iqtisadi baxımdan bizə yaxın olan Rusiya və Qazaxıstanın tam üzən məzənnəyə keçidi hökumətimizi “onlarda mümkündürsə, bizdə niyə mümkün olmasın?” tipli suallarla üz-üzə qoyur. Sual haqlıdır, ancaq cavabı ürəkaçan deyil. Əgər tam üzən məzənnəyə keçid potensialı əsasında 3 ölkəni sıralasaq Azərbaycan şübhəsiz ki, sonuncu olar. Bu kiçik siyahıya isə əlbəttə Rusiya başçılıq edər. Elə nəticələr də sıralanmaya adekvatdır. Rusiyada tam üzən məzənnəyə keçid uğurlu alınıb, Qazaxıstanda bir sıra çətinliklər qalmaqdadır, Azərbaycan isə cəhd səviyyəsindədir.

Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür. Bu ideya hələ bir müddət deklarasiya səviyyəsində qalacaq.

Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edirlər. Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və bu səbəbdən prosesi uzadır. Milli valyutanın sabitliyi qiymətləndirərkən tədiyyə balansının vəziyyətini təhlil etmək, onun mövcud durumunu nəzərə almaq çox vacibdir. Bu, ən vacib indikatordur.

Həmkarımız Rövşən Ağayev Rusiya, Qazaxıstan və Azərbaycanın tədiyyə balanslarını analiz edərək durumumuzun yaxşı olmadığını göstərib və manatın tam üzəbilmə potensialını qiymətləndirib. Gəldiyi nəticə manat tam üzməyə hazır olmadığını bir daha təsdiq edib.

Milli valyutaların sabitliyini təmin edən digər indikator bank sektorunun dollarlaşması səviyyəsidir. Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. Biz həm də bu indikator vasitəsilə rus rublu və qazax təngəsindən fərqli olaraq manatın tam üzən məzənnəyə keçməsinin arzuolunan olmadığını görmək olar. Rus rublunun və Qazax təngəsinin niyə “üzə” bildiyini, manatın isə buna “hazır olmadığını” izah etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycanın bank sektorunun əmanət bazarında dollarlaşma səviyyəsinin mövcud durumunu diqqətinizə çatdırmaq istəyirəm.

2013-cü ildə – neft gəlirlərinin yüksək səviyyədə olduğu bir dövrdə Rusiyada əmanətlərinin dollarlaşma səviyyəsi (17,4%) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub. Neftin kəskin ucuzlaşması və sanksiyaların Şimal qonşumuzda dollarlaşma səviyyəsini kəskin artıra bilməyib və bu səviyyə hətta 30%-dən də aşağı olub. Halbuki Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az olsa da böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15%-ə qədər azalıb. (Qrafik 1)

Göründüyü kimi, hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin azalmasıdır.

Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15%-dən 2016-cı ilin 11 ayında 0,7%-ə düşüb. Qazaxıstanda oxşar göstəricilər 54,5% və 12,2% olub. Azərbaycanda isə 2015-ci ildə artım 31,79% olduğu halda 2016-cı ilin 10 ayında 21,8% azalma qeydə alınıb. (Qrafik 1)

Azərbaycan qeyri-maliyyə təşkilatlarının depozitlərinin dollarlaşması səviyyəsinə görə də digər iki ölkəyə uduzur. Rusiya və Qazaxıstan dollarlaşma səviyyəsini üzən məzənnəyə keçiddən əvvəlki səviyyəyə qədər azalda biliblər. Rusiyada müəssisələrin depozitlərində dollarlaşma səviyyəsi 2013-cü il, Qazaxıstanda isə 2014-cü il səviyyəsinə düşüb. Azərbaycanda azalma müşahidə edilsə də hələki dollarlaşma yüksək səviyyədə qalmaqdadır. (Qrafik 2)

Böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub. Statistik məlumatların təhlili göstəririr ki, Azərbaycan əmanətçiləri digər ölkə əmanətçiləri ilə müqayisədə milli valyutaya daha çox etimadsızlıq göstəriblər. Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6% artdığı halda Qazaxıstanda təngə əmanətləri cəmisi 0,6% azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9% olub.

Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edib.

 Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çox olmasına rəğmən əhali manata əmanəti qoymağa risk etmir. Rusiyada milli valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsi 10-11%, Qazaxıstanda 13-15%-dir. Azərbaycanda manat əmanətinə təklif edilən gəlirlilik daha yüksəkdir. Buna səbəb daha çox milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığıdır. 

Rus rublu 2015-ci ildə 29,6% ucuzlaşsa da 2016-cı ildə 16,8% möhkəmlənib. Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə dəyərini 86,2% itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8% möhkəmləndirib. Manat isə 2015-ci ildə 2 dəfəyədək (98,8%) dəyər itirməsindən sonra 2016-cı ildə daha 13,6% ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur. Qara bazarda manatın ucuzlaşması daha yüksəkdir.

Deməli, əsas səbəb milli valyutanın sabitliyinə inamdır. Valyutanın sabitliyi üçün iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabətqabiliyyətli daxili istehsalın mövcudluğudur. Hər bir maliyyə sabitliyinin arxasında milli valyutaya məcburi “sevgi hissi” yox real fəaliyyət durur. Maliyyə sektorunda, o cümlədən əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır.

Vaşinqton Raqqa uğrunda döyüşlərdə kimə üstünlük verəcək:Türkiyəyə, yoxsa kürdlərə? – Təhlil

Aleksandr Belov REGNUM IA, 17.03.2017   ABŞ və Suriya Demokratik Qüvvələri (SDQ) sırasından müttəfiqləri Suriyanın Raqqa şəhərinin İŞİD döyüşçülərindən azad edilməsinə hazırlaşır. ABŞ hərbçiləri indiki plan çərçivəsində SDQ-ə təlim keçməli və yardım etməlidir, lakin getdikcə risk artır ki, Türkiyə və ABŞ arasında kürd məsələsi üzrə ziddiyyətlərə görə Suriya şəhərinin azad edilməsi və sabitləşdirilməsi ilə məhz Amerika hərbçiləri ilgilənməli olacaqlar. ABŞ İŞİD-ə qarşı SDQ-nin simasında çoxmillətli və çoxtəriqətli koalisiya yaratmaq üçün xeyli səy qoyub. Aydındır ki, onun sırasında ən effektli döyüşçülərkürdlərdir. Buna görə də güman etməyə əsas yoxdur ki, Raqqaya hücum kürdlərin irimiqyaslı iştirakı olmadan uğurla nəticələnəcək. Silahlıların müdafiə sisteminin möhkəmliyi nəzərə alınmaqla hətta ABŞ aviasiyası və artilleriyasının dəstəyinə baxmayaraq, önəmli həcmdə ağır silah, o cümlədən zirehli maşınlar, tank əleyhinə silahlar və ağır minaatanlar göndərmək lazım gələcək. Kürdlər Raqqanın azad edilməsindən sonra da müvəffəqiyyətin konsolidasiyası, həmçinin döyüş zonasından sızmağa çalışan və miqyasca kiçik yaşayış məntəqələrində möhkəmlənib qisasa hazırlaşan İŞİD yaraqlılarının təqibi üçün gərək olacaqlar. Başqa sözlə, kürdlər silahlandırılmasa və Raqqa uğrunda döyüşlərdə fəal iştirakına imkan verilməsə, böyük ehtimal var ki, şəhər ABŞ-ın önəmli və birbaşa yardımı olmadan ələ keçirilməyəcək. Əməliyyatdan sonra isə yaraqlıların qalıqlarının təqibi və əzilməsinə görə məsuliyyət məhz ABŞ-ın çiyninə düşəcək. Hadisələrin bu cür inkişafı və yaraqlılar tərəfdən qızğın müqavimət halında ABŞ hərbçilərinin, ən azı, bir neçə min əsgər və tank, zirehli nəqliyyyat daxil olmaqla bir briqadası tələb olunur. Bu da o şərtlə ki, yerli müttəfiq güclər şəhərin civarını əldə saxlaya və azad edilmədən sonra onu sabitləşdirə bilər. Əks halda bu cür kontingent yetərsiz olacaq. Məsələn, İraqın Fəllucə şəhəri uğrunda ikinci döyüş çərçivəsində ABŞ dəniz piyadalarının iki bölməsi lazım gəlib. ABŞ 2004-cü ildə bu əməliyyatın gedişində qismən az sayda əsgər itirib – 70 ölü və 600 yaralı. Lakin Raqqa uğrunda döyüşün əsas ağırlığını çəkən ABŞ-a Suriyaya öz qoşunlarını göndrmək nəyinə lazımdır? Bu, Suriya kürdlərinə etibar etməyən və Türkiyədə yaşayan kürdlərlə onlar arasında heç bir fərq görməyən Türkiyə ilə bağlıdır. Ankara onlarla silahlı qarşıdurma aparır. Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir, buna görə də ABŞ istiblişmentinin birinci müdafiə instinkti bir institut kimi ittifaqın müdafiəsidir. Ankara öz tərəfindən qəzəbli xəbərdarlıq edib ki, ABŞ Raqqanın azad edilməsi və ardınca şəhərin, Suriyanın şimalının sabitləşdirilməsində kürdlərə güvənməməlidir. Rəsmi Ankara hansısa tutqun və hər şeydən göründüyü üzrə, qeyri-praktik sxemlər irəli sürür və onun suriyalı və ərəb müttəfiqləri bunun vasitəsilə türk ordusunun yardımı ilə şəhəri ələ keçirməlidir. Lakin bunun üçün mahiyyətcə kürdləri Ankaranın yolundan çəkilməyə məcbur etmək və türk qüvvələrinə Raqqaya çatmaq tələb olunur. Başqa sözlə, Türkiyə Ankaranın Raqqa problemini həll edəcəyi ümidilə ABŞ-dan kürdləri satmağı tələb edir. Buna görə də həm Raqqada qələbəni, həm də Türkiyənin ABŞ-ın tərəfində saxlanmasını zəmanətə alan yeganə kurs Vaşinqtonun şəhərin azad edilməsi üzrə məsuliyyəti öz üzərinə götürməyidir. Aydındır ki, ABŞ bu cür planda kürdlərin roluna Türkiyəni inandırmağa cəhd edir. Üzərinə vədlər yağdırılan Türkiyə bu cür plana razılaşa da bilər, lakin əks halda Trampın “Hər şeydən əvvəl Amerika!” prinsipi ciddi sınağa məruz qala bilər. Deməli, ABŞ-ın milli maraqları çərçivəsində şəhərin azad edilməsində əsas ağırlığın kürdlərin üzərinə düşməyi sərfəlidir, lakin Ankaranın marağı başqadır. O, suriyalı müttəfiqləri ilə birlikdə şəhərin azad edilməsini təmin etmək hazırlığını bəyan edir. Lakin türk ordusunun potensialı əhəmiyyətli olsa da, bunu Ankaranın Suriya müxalifətindən müttəfiqləri haqda demək olmur, buna görə də onların Raqqanı ələ keçirmək bacarığı ciddi şübhə doğurur. Hətta türklər və müttəfiqlərinin Suriyanın şimali-şərqini sabitləşdirmək ehtimalı çox da böyük deyil. Beləliklə, Türkiyəni kürdlərin iştirakına inandırmaq mümkün olmasa və Tramp administrasiyası bundan imtina etməsə, Türkiyəyə etinasız yanaşmaq və yaxud hətta müdaxilədən çəkindirməyə başlamaq lazım gələcək.

18 Mart 2017 15:04

Zahid Oruc Baş nazirə səsləndi – “Siz bu vəzifədən nə zaman gedəcəksiniz?”

“Hökumətimiz neft dövründə çox səxavətli idi. Amma indi nə qədər bəzi xəsislik edirsə, əvvəlki dövrlərdəki nöqsanları da demir”. Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, binalar üzlənir, bu çox yaxşı haldır. “Amma bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?”. Zahid Oruc bildirib ki, Azərbaycana un, şirniyyat məmulatlarnın böyük hissəsi xaircdən gətirilir. “Amma biz elə edə bilərdik ki, ölkə bazarı özü-özünü təmin edə bilsin. Baxın, hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin?!” - Zahid Oruc tənqidi fikirlər səsləndirib. Zahid Oruc icra hakimiyyətlərini də ittiham edib: “Bəziləri var ki, binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?! Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti baş nazir sizin xususiyyətlərini özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”. Faktinfo.az

17 Mart 2017 17:52

Putin Qəzzafinin qisasını Qərbdən alır

Rusiya Yaxın Şərq oyununda rəqibləri üçün yeni cəbhələr açmaqda davam edir. Qərb mətbuatı Moskvanın dünyanın istənilən nöqtəsinə döyüş bayrağını sancmaq iqtidarında olduğunu nümayiş etdirdiyini yazır. Mətbuatın yazdığına əsasən, Putinin ABŞ və Avropa üçün açacağı yeni cəbhə Liviya ola bilər. Xəbər verildiyi kimi, Rusiyanın dəstəklədiyi, özünü Liviya ordusunun komandanı adlandıran və marşal rütbəsi daşıyan Xəlif Xəftərin qoşunları Liviya sahillərində strateji əhəmiyyətə malik iki neft limanını, Ras Lanuf və Əs Sidri qaytarmağa müvəffəq olublar. Bununla Xəftər martın 3-də dinçi “Benqazi müdafiə dəstələri” təşkilatından aldığı məğlubiyyətin əvəzini çıxıb. Putin Liviyada da “tozanaq qopartmaq” istəyir, - deyə, Almaniyanın “Frankfurter Rundşau” qəzeti yazır. Qəzet yazarı Martin Gelenin fikrincə, Rusiya Suriyadakı iri miqyaslı hərbi əməliyyatlıları uğurla başa çatdırdıqdan sonra Liviyadakı nüfuz dairəsini genişləndirmək niyyətindədir. Bunu həyata keçirməkdən ötrü Moskva Misirin Sidi Barrani bazasına xüsusi təyinatlılar və pilotsuz təyyarələr yerləşdirib. Rusiyanın Liviyadakı əsas adamı Xəlif Xəftərdir. Xəftər məhz Moskvadan aldığı dəstək sayəsində Liviyanın neft limanlarına doğru hücum edir”. Müəllif Xəftərin hələ bu ilin yanvarında Liviyanın Tobruk limanında lövbər salan “Admiral Kuznetsov” təyyyarədaşıyan gəmisində Rusiya müdafiə naziri Sergey Şoyqu ilə videogörüşmə gerçəkləşdirdiyini xatırladır. Məqalədə Liviyanın BMT tərəfindən tanınan baş nazir Faiz Sarrac hökumətinin artıq situasiya ilə bacara bilmədiyi qeyd olunur. “Moskvanın müdaxiləsi BMT-nin xüsusi nümayəndəsi Martin Kobler vasitəsilə Liviyada hakimiyyət məsələsində kompromis əldə olunması ilə bağlı səylərini daha da çətinləşdirir. Xəftər Sərracla danışıqlara girməkdən imtina edir”, - məqalədə xəbər verilir. “Liviya dosyesi Moskva üçün strateji nöqteyi-nəzərdən Misir ərazisində hərbi planları baxımından da geniş imkanlar açır. Putin Liviya ilə Qəzzafi dövründə qurduğu münasibətləri bərpa etmək istəyir”, - Martin Gelen yazır. Məqalədə həm Vaşinqtonun, həm də Brüsselin Moskvanın fəaliyyətini təşvişlə izlədiyi bildirilir. ABŞ qoşunlarının Afrikadakı komandanı Rusiyanın Liviyada Suriya ssenarisi yaratmaq istədiyini bəyan edib”, - müəllif məqaləsində yazır. Almaniyanın digər populyar nəşr orqanı “Bild” də Rusiya xüsusi təyinatlılarının Misirin Liviyanın 100 km-liyində yerləşən Sidi-Barrani bazasında yerləşməsinə diqqət çəkib. Qəzet Rusiyanın son vaxtlarda mövqeləri zəifləyən və ard-arda zərbələr alan Xəlif Xəftərə hərtərəfli dəstək göstərmək üçün hərəkətə keçdiyini bildirir. Qəzetin rəyinə görə, Xəftər məhz bundan sonra vəziyyəti öz xeyrinə dəyişə bilib. “ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən Moskva Qəzzafi devrildikdən sonra Liviyada yenidən möhkəmlənmək cəhdlərini həyata keçirir. Rusları birinci növbədə neft yataqları maraqlandırır”, - qəzet yazır. “Rusiyanın Misirdə öz hərbçilərini yerləşdirməsi, Moskvanın aktiv şəkildə Xəlif Xəftərə dəstək göstərməsi iri miqyasda bir dönüşdən xəbər verir: Qərb özünü lider mövqelərindən çəkilməkdə, yaranan vakuum isə digər ölkələr tərəfindən doldurulmaqdadır, - “Tayms” qəzetinin icmalçısı Edvard Lukas qeyd edir. Lukasın fikrincə, Rusiya əsl dünya dövləti olmasa da qərar qəbul etməyə, riskə getməyə və oyundakı uduş qoyuluşunu artırmağa qadir olduğunu artıq sübut edib. “Lakin bizim hökumətlərin fəlakət dərəcəsində qeyd oluna biləcək süstlüyü müttəfiqlərimizi dəhşətə gətirməyə, düşmənləri isə cəsarətləndirməyə davam edir. Biz tərəddüd etdikcə, Kreml xəritədə hələ çox bayraqlar sancmağa davam edəcək”, - məqalədə qeyd olunub.

16 Mart 2017 12:43

“2017-ci ildə dollar 2 manatı keçəcək” –Ekspertdən dolların ucuzlaşmasına şərh

"Hərrac bitdi, dollar az da olsa ucuzlaşdı, rəsmi məzənnə 1,7279 oldu. Səbəblər çox bəsitdir və qısa zaman hesablanıb". Faktinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dolların bu şəkildə ucuzlaşmasının səbəbələri var: "Birincisi, Mərkəzi Bank manat kütləsini azaldıb – bu isə iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir. İkincisi, Novruz Bayramlarında İrandan və Ərəb ölkələrindən 20-30 min turist gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər. Üçüncüsü, banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar". Ekspert deyib ki, əslində dollar ucuzlaşmağına sevinməliyik, amma bunun nədən baş verməsini insanlara da izah etmk gərəkdir: "Dollar nə zaman ucuzlaşa bilər: 1) Ölkənin ixracatı artır, valyuta gəlirləri artır; 2) Ölkədə daxili istehsal artır, idxaldan asılılıq azalır; 3) Ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlir, bununla da valyuta ucuzlaşır; Bu 3 amilin HEÇ BİRİ bu gün müşahidə olunmur". Natiq Cəfərli bildirib ki, əslində nə baş verdiyi məlumdur: "Birincisi, FED faiz artırımına gedir – dollar dünyada bahalaşır, İkincisii, neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12% dəyər itirib, ölkəmizin gəlirləri azalıb. Üçüncüsü, ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4% azalıb, həmin dövrdə inflyasiya 13%-ə çatıb, ərzaq inflyasiyası 16% olu. Sadalananlara əsasən, deməli, ölkədə dolların möhkəmləssinin HEÇ BİR iqtisadi əsası yoxdur, tam tərsinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır. Yəni, vəziyyəti dərk etdiyimidən, gələcəkdə bu gün atılan addımların daha böyük fəsadlar törədə biləcəyi gördüyümdən, bu gün dolların müvəqqəti və inzibatı möhkəmlənməsinə sevinə bilmirəm. Bütün iqtisadi göstəricilər və iqtisadi məntiq onu deyir ki, 2017-ci ildə dollar 2 manatı keçəcək. Vəssalam".

14 Mart 2017 17:25

İraqda təklənən İran:Yaxın Şərqdə pozulan balanslar

Beynəlxalq siyasətdə diqqətlər Suriyadakı müharibəyə və siyasi həll arayışlarına yönələrkən, İraqda da regional və beynəlxalq siyasətə təsir edəcək proseslər baş verir. Bir növ, ölkədə siyasətin kodları yenidən cızılır. Bu vəziyyət İraqın həm daxili, həm də xarici siyasəti birbaşa əlaqəlidir. İŞİD-ə qarşı mübarizə üçün ABŞ liderliyində yaradılan koalisiya qüvvələrinin dəstəyi ilə 17 oktyabr 2016-cı il tarixində başlanan Mosulu qurtarma əməliyyatında əhəmiyyətli mərhələyə qədəm qoyuldu. İraqın Baş naziri Heydər İbadi 24 yanvar 2017-cı ildə Mosulun şərqinin tamamilə İŞİD-dən təmizləndiyini açıqladı. 19 fevralda isə Mosulun qərb yaxasında hərbi əməliyyatlar başladı. İraq təhlükəsizlik gücləri burada qismən irəliləsələr də, sözügedən əməliyyatın şərq yaxasıyla müqayisədə daha uzun çəkəcəyi ehtimal olunur. Bu ehtimalı qüvvətləndirən bir neçə məqam da var. Əvvəla, Mosulun qərb yaxası şərq yaxasından coğrafi sahə baxımından daha kiçik olsa da, burada daha sıx məskunlaşma prosesi gedib. Bu da İraq təhlükəsizlik qüvvələrinin məhəllələrin içlərinə girməsini çətinləşdirir. Şəhərin qərbində əhali də daha qələbəlikdir. Təxminən, 750 minlə 1 milyon arasında sakindən söhbət gedir. Mülki ölümlərinin qarşısının alınması üçün İraq təhlükəsizlik qüvvələrinin daha diqqətli davranması tələb olunur. Bu isə əməliyyatın sürətini yavaşladır. Digər tərəfdən, Mosulun qərb yaxasındakı İŞİD üzvlərinin sayının şərq yaxasına nəzərən, çox daha çox olduğu bildirilir. İraq təhlükəsizlik güclərinin başını şərqdə qatan İŞİD-in Mosulun qərb yaxasında gözlənilən əməliyyata daha ciddi hazırlaşması da iddialar arasındadır. Mosulun qərb yaxası tamamilə İraq təhlükəsizlik qüvvələrinin əlinə keçsə də, şəhərdə və ümumiyyətlə, İraqda sabitliyin təmin edilməsi qarşıda ən mühüm məsələ kimi dayanır. Çünki İraqdakı təhlükəsizlik və siyasi balans iç-içə keçmiş vəziyyətdədir və siyasi qeyri-sabitlik ciddi şəkildə davam edir.   ABŞ-ın regional balans arayışları   Suriyadakı vəziyyətin regional stabilliyə təsiri, İranın İraqdakı hücumları, Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı kimi aktyorların rolları da İraqdakı siyasi tarazlığı dəyişdirir. Suriyada avanqart rolunu Rusiyaya ötürmək məcburiyyətində qalan ABŞ  heç olmasa, İraqda nəzarəti əlində tutmağa çalışır. Bu səbəbdən də ABŞ-ın İraqda İŞİD-lə mübarizəsində qərarlı bir şəkildə İbadi hökumətinə dəstək verdiyi görünür. ABŞ İraqda əsgər sayını artırdığı kimi, bölgədəki müttəfiqlərini də səhnəyə çıxarır. Ölkədə hələ də 6 min civarında ABŞ hərbçisi var. Yeni seçilən ABŞ prezidenti Donald Tramp da çıxışlarında İŞİD-ə qarşı mübarizənin prioritet olduğunu açıq şəkildə dilə gətirib. Tramp bu mübarizədə "ABŞ-ın bölgədəki dostlarıyla" birlikdə hərəkət edəcəyini dəfələrlə ifadə edib. Son dövrlərdə Türkiyə və Səudiyyə Ərəbistanının İraq mərkəzi hökuməti ilə yaxşılaşan əlaqələri də bunun göstəricisidir. Bu nöqtədə ABŞ-ın regional balans çərçivəsində rəsmi Bağdadı Türkiyə və Səudiyyə Ərəbistanı kimi Vaşinqtonla yaxın ölkələrlə münasibətlərini yumşaltmağa məcbur etdiyi sezilir.   ABŞ-ın İraqda regional balans axtarışı içərisində olduğunu söyləmək mümkündür. Bu da səbəbsiz deyil. Çünki İranın İraqdakı fəaliyyəti ABŞ-ı çətin vəziyyətə salır. Vaşinqton bu məqsədlə Türkiyə və Səudiyyə Ərəbistanının İraqdakı təsirini artırmağa çalışır. Bu vəziyyət Türkiyənin də İraqla yaxşı əlaqələr qurmağa maraqlı olduğunu nəzərə alsaq, Ankara baxımından da müsbət hal kimi qiymətləndirilə bilər.   Türkiyə İraqdakı bütün qruplara eyni məsafədə dayanmaq mövqeyi sərgiləməyə çalışır. Bu səbəbdən də hansısa bir tərəfdə dayanmaq istəmir. Balanslaşdırılmış İraq mərkəzi hökuməti ilə Türkiyənin əlaqələrininin hər keçən gün daha irəli getdiyini söyləmək olar.   Səudiyyə Ərəbistanının isə İraqla əlaqələrini inkişaf etdirməkdə Türkiyə qədər istəkli olduğuna şübhələr var. İraqlı radikal sünnilər də əslində Səudiyyə Ərəbistanının İraq hökumətilə yaxınlaşmasını istəmirlər. Ancaq ABŞ-ın mövqeyi bu əlaqələri inkişafına yönəlikdir. Təsadüfi deyil ki, 2003-cü ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr, ötən ay İraqa getdi, İbadi və özünün iraqlı həmkarı İbrahim Əl-Cəfəri ilə görüşdü. Ziyarət böyük maraq doğurdu. Görüşlərdə əsas gündəm maddəsinin "terrorla mübarizə" olduğu barədə məlumatlar ictimaiyyətə açıqlandı ki, bu da Trampın fikirləriylə üst-üstə düşür.   İran İraqda nə qədər güclüdür?   ABŞ baxımından İraqda çətinlik yaradan əsas məsələ İranın fəaliyyətidir. Siyasi baxımdan İraqdakı təsiri əhəmiyyətli səviyyədə olan İran İŞİD sonrası dövrdə də Haşdi -Şabi və digər könüllü döyüşçü qruplar üzərində təmin etdiyi təsir gücüylə bu bölgədə əhəmiyyətli bir qüvvə halına gəlib. İran İraq mərkəzi hökumətini siyasi cəhətdən çətin vəziyyətə saldığı kimi, regiondakı qüvvələrə də güc nümayişi edir. Heydər İbadi Haşdi Şabini parlamentdə qəbul olunan bir qanunla İraq təhlükəsizlik qüvvələrinin bir hissəsi halına gətirərək, nəzarət altına almağa çalışsa da, digər könüllü hərbi qrupların varlığı və sahədəki fəaliyyətlərini hələ də davam etdirməsi İraq mərkəzi hökuməti baxımından böyük problemlər yaradır. Necə ki, bu qruplar silahlı qüvvələrinin tərkib hissəsi elan edilmələrinə baxmayaraq, təsirli olduqları bölgələrdə də siyasi addımlar atır. Haşdi Şabi ilə bağlı qəbul olunan qanunda onun heç bir şəkildə siyasətə daxil ola bilməyəcəyi ifadə edilsə də, könüllü qruplar ölkənin gələcəyində siyasətdə də iştirak edəcəklərini açıq bir şəkildə dilə gətirirlər. İraqdakı ən böyük və təsirli qruplardan biri olan “Əsaib-ül Əhlül Haqq”ın lideri Qeys-əl Həzali siyasətdə olacaqlarını gizlətmir.   Digər tərəfdən, Haşdi Şabi qruplarının da parçalandığı gün üzünə çıxmağa başlayıb. Haşdi Şabi içərisindəki qruplardan bəziləri İranın dini lideri Əli Xameneyinin, bəziləri isə İraqdakı ən böyük şiə din adamı olan ayətullah Əli əl-Sistaninin tərəfdarıdır. Bu vəziyyət İraqdakı Nəcəf və İrandakı Qum şiə din hövzəsi arasındakı görüş fərqliliyini inikas etdirir. İraqlı şiələrin böyük hissəsi bütün şiələrə "İran" gözüylə baxılmasından narahatdır.   Heydər İbadinin özündən əvvəl iki dəfə baş nazirlik etmiş Nuri Maliki qədər İrana meylli siyasət yürütməməsi Tehranda ciddi narahatlıq yaradır. Buna görə də Tehran Haşdi-Şabi və Maliki kimi özünə daha yaxın siyasilər vasitəsilə İbadini davamlı təzyiq altında saxlamağa çalışır. ABŞ da öz növbəsində 2003-cü ildə olduğu kimi İraqın əksəriyyətini təşkil edən şiə qruplarını konsolidasiya etməkdə çətinlik çəkir.   Kürdlər, sabitlik və balans   Oxşar parçalanma və daxili rəqabət İraqdakı kürd qruplar arasında da davam edir. 2003-cü il sonrası ABŞ-ın yenidən qurduğu ölkədə bəlkə də ən böyük layihəsi olan Şimali İraq Kürdüstan muxtariyyəti üzərindəki balans da pozulmuş görünür. Muxtariyyətin idarəetmə gücünü əlində tutan Məsud Bərzani hər nə qədər müstəqillik ritorikasından tez-tez istifadə etsə də, öz sosial dayaqlarını itirməyə başlayıb. İran, Kürdüstan Yurdsevərlər Birliyi (KYB) və “Gorran” üzərindən Məsud Bərzaniyə təzyiq edir. ABŞ isə Türkiyə və Səudiyyə Ərəbistanının köməyiylə bölgəyə nəzarəti əlində tutmağa çalışır.   Türkiyə də Şimali İraqda stabilliyin pozulmasından narahatdır. Çünki İraqda yaşananlar Türkiyəyə birbaşa təsir edir. Bu səbəbdən də Türkiyə Ərbil – Bağdad xəttində hər hansı gərginliyin meydana gəlməsini istəmir. Ancaq İranın yaşanan qeyri-sabitliklərdən və ortaya çıxan güc boşluqlarından faydalanmağa çalışdığı sezilir. Bu səbəbdən də ABŞ həmin boşluqları ya özü, ya da müttəfiqləri vasitəsilə doldurmağa səy göstərir.   ABŞ-ın İraq üçün beynəlxalq səfərbərlik elan etdiyini söyləmək mümkündür. Son dövrlərdə Birləşmiş Millətlər Təşkilatının İraq Yardım Missiyasının (UNAMİ) İraqdakı fəaliyyətləri bunun göstəricisidir. UNAMİ xüsusilə İraqda ictimai həmrəylik və sülhün bərqərar edilməsi istiqamətində aktiv və konkret addımlar atmağa çalışır. Bir sözlə, ABŞ bu istiqamətdə əlindəki bütün vasitələrdən İbadi rəhbərliyini ayaqda tutmaq üçün istifadə edir.   ABŞ ən azı 2018-ci ilin fevralında keçirilməsi gözlənilən parlament seçkiləri öncəsi Türkiyə və Səudiyyə Ərəbistanı kimi regional ölkələrinin də dəstəyini alaraq, idarə edə biləcəyi bir siyasi proses meydana gətirməyə çalışır. İran isə oyunpozanlıq siyasətini davam etdirir. Ancaq bu pozucu fəaliyyət İranın ciddi maliyyə yükü altına girməsinə səbəb olur.   Trampın Rusiyaya verdiyi mülayim mesajlar Türkiyə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə birgə fəaliyyətin təmin edəcəyinə istiqamətli işarələr İranı Yaxın Şərqdə çətin vəziyyətə sala bilər. Status-kvo Tehranı daha təcavüzkar xarici siyasətə sürükləyir. Bunun ağır bədəlini ödəyəcək ilk ölkələrdən biri isə İraqdır. Odur ki, İraqın regional qütblərdən kənarında balanslı siyasət yürütməsi, qütbləşmələrdən uzaq durması ölkədəki stabilliyin ən mühüm amillərindən biri kimi əhəmiyyət daşıyır. Bilgay Duman  Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi

10 Mart 2017 11:09

Yaxın Şərqdə növbəti vətəndaş müharibəsinə start verildi:Kürd “bırakuji”si

“Bəşər Əsəd rejimi və Rusiya tərəfindən maliyyələşdirilən humanitar yardım karvanının Menbiçe girdiyini, yanlarında zirehli texnikaların olduğunu gördük və hadisələri yaxından izləyirik. Bu, bizim fəaliyyətimizin bir parçası deyil və deyəcəyimiz söz bundan ibarətdir ki, regiondakı bütün tərəflərin İŞİD-lə mübarizəsini arzulayırıq”. Strateq.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnikJeff Davis Suriyanın şimalında baş verən son hadisələri şərh edərkən, belə deyib. Polkovnik Anadolu Agentliyinin suallarına cavabən onu da əlavə edib ki, PYD-nin nəzarətindəki ərazilərin Suriya ordusuna ötürülməsi onlar üçün də sürpriz olmayıb:“Amma bu, Suriyada həyata keçirməyə çalışdığımız siyasətə də qarşı deyil”. Bu açıqlamanın Türkiyə Müdafiə naziri Fikri İşıqın ABŞ-a ünvanladığı ismarışın ardından gəlməsi rəsmi Ankaraya cavab kimi də xarakterizə oluna bilər. Qeyd edək ki, Müdafiə naziri Türkiyənin prioritetinin Menbiç olduğunu vurğulayaraq, demişdi:“Başda ABŞ olmaqla koalisiya güclərindən bu mövzuda Türkiyəyə verilən sözləri tutmasını gözləyirik. Fəratın qərbindəki PYD və PKK ünsürlərinin Menbiçdən çəkilməsini tələb edirik. Bu, ABŞ-ın Türkiyəyə vədidir. Həmin öhdəliyin ən qısa müddətdə yerinə yetirilməsini gözləyirik". Türkiyənin həssasiyyətlərinə rəğmən, Pentaqonun hadisədən xəbərdar olduğunu və yaşananların ABŞ-ın maraqlarından kənara çıxmadığını açıqlaması düşündürücüdür. Qeyd edək ki, əl-Babı İŞİD işğalından azad etdikdən və “xilafət” qüvvələrinə sarsıdıcı zərbə vurduqdan sonra rəsmi Ankara növbəti hədəf olaraq Menbiç və Raqqanı göstərmişdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən irəli sürülən bu fikirlərdən sonra İŞİD əl-Bab ətrafındakı bir çox yaşayış məntəqələrini PYD və Suriya ordusuna ötürərək, Raqqaya çəkilmiş, dolayısıyla, onsuz da itirəcəyi coğrafiyada rəqiblərini üz-üzə gətirməyi hədəfləmişdi. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu PYD ilə girdiyi mübarizədə iki kəndi azad etdikdən sonra isə kürd separatçıları həmin bölgələri Rusiyanın himayədarlıq etdiyi Bəşər Əsəd qüvvələrinə təhvil vermişdi. Bununla da Türkiyənin Menbiç və Raqqaya uzanan yolu kəsilmişdi. Dünən Moskvadan gələn xəbərlər baş verənlərin arxasında Rusiyanın dayandığını göstərdi. Rusiya Baş qərargahının Hərbi əməliyyatlar dairəsinin rəisi Sergey Rudskoy mətbuat konfransı keçirib PYD-nin Fəratın qərbindən çəkilərək, bu əraziləri Suriya ordusuna verdiyini bildirdi. Bununla da Bəşər Əsəd ordusunu, bir növ, dəstəklədiyini ifadə etdi. Pentaqon yetkilisinin Rusiya və Suriya ordularının bu hərəkətinə təbii baxması isə Türkiyənin regionda tamamilə təklənməsi mənasına gəlir. Bəs, yolları tıxanan rəsmi Ankara bundan sonra nə edəcək? Rəsmi Ankara Suriyada öz dövlət maraqlarının əleyhinə yönələn gedişata laqeyd qalmayacağını dəfələrlə etiraf edib. Onun istər ABŞ, istər Rusiya tərəfindən dəstəklənən PYD qüvvələrinə birbaşa təsir imkanları azalsa da, prosesləri öz lehinə çevirmək potensialı tam tükənməyib. Böyük ehtimalla, Türkiyənin bundan sonra atacağı ilk addımlardan biri qarşıda dayanan rəqibinin daxili gücündən özünə qarşı faydalanmaq olacaq. Prinsipcə, bu istiqamətdə müəyyən addımların artıq atıldığını da görürük. Maraqlıdır ki, bu addımlar Suriyada yox, onun şərq qonşusu İraqda atıldı. Bölgədən gələn xəbərlərə görə, dünən İraqın Suriya sərhəddində yerləşən Sincar rayonunda Türkiyənin müttəfiqi Bərzaniyə bağlı qüvvələrlə PKK arasında atışma baş verib. İnsident nəticəsində 1 PKK-lı öldürülüb, 3-ü yaralanıb. Bərzaninin peşmərgələrindən də 4 silahlının yaralandığı xəbər verilir. Tarixən bir-birinə düşmən olan bu iki qüvvənin qarşı-qarşıya gəlməsi kürdlər arasında “qardaş qırğını” mənasına gələn “bırakuji” prosesini daha da sürətləndirə bilər.Bərzani iqtidarının artıq neçə ildir ki, Yezidi kürdlərin yaşadığı Sincarın PKK tərəfindən boşaldılmasını israrla tələb etməsi və son günlər bölgəyə 500 əsgərini göndərərək, oranı nəzarət altına almağa çalışması da “bırakuji” prosesinə start verildiyini göstərir. Qeyd edək ki, Sincar ərazi vahidi olaraq həqiqətən də Şimali İraq kürd muxtariyyatına aiddir. 2014-cü ildə İŞİD Yezidi kürdlərə qarşı qətliama başlayanda PKK qüvvələri öz soydaşlarının köməyinə gəlmiş və “xilafət” hücumlarının qarşısını ala bilmişdi. O gündən etibarən də, PKK Sincarı əlindən buraxmaq istəmir. Bərzani hakimiyyəti isə ona Kobaninin azad olunmasında peşmərgələrin də rol oynadığını xatırladır və PKK-nın Sincardakı  xilasedici missiyasının bir növ əvəzə sayılmasını istəyir. PKK isə bununla razılaşmaq istəmir. Yerli əhali arasında kimə tabelik barədə vahid bir fikrin olmaması da Sincarda vəziyyəti daha da gərginləşdirir. Şimali İraq kürd muxtariyyətinin hərbi gücü olan peşmərgəni Sincarda PKK ilə üz-üzə gətirən son hadisənin Məsud Bərzaninin Türkiyə səfərinin ardından baş verməsi bölgədəki hakimiyyətini bərpa etməyə çalışan muxtariyyətin Ankaranın razılığını almasından xəbər verir. Xatırladaq ki, həmin səfər çərçivəsində keçirilən tədbirlərdə İraqla yanaşı, kürd muxtariyyətinin də bayrağı qaldırılmışdı. Bu isə diplomatik protokola görə, rəsmi qonağın dövlət rəhbəri kimi qarşılanması demək idi ki, İraqın ərazi bütövlüyünü sual altında qoyurdu. İstər Bərzaninin Ankarada dövlət rəhbəri statusuna uyğun şəkildə qarşılanması, istərsə də PKK-peşmərgə mübarizəsinin aktivləşməsi İran tərəfindən dəstəklənən Təlabani qüvvələrinin də proseslərə laqeyd qalmayacağı ehtimalını gücləndirir. Dünən Təlabani “yurdsevərlər”inin də “bırakuji” prosesinə qoşulduqlarını təsdiqləyən məlumatların yayılmağa başlaması da bundan xəbər verir. Məlumata görə, Təlabani əşirəti öz nəzarətində olan Kərkük neft quyularının istismarına müvəqqəti ara verdiyini açıqlayıb. Nəzərə alsaq ki, Kərkük nefti Türkiyə üzərindən nəql olunur və Bərzanilərin rəhbərlik etdiyi Şimali İraqın əsas gəlir qaynağıdır, atılan bu addımın təsadüf olmadığı, uzun illərdən bəri hakimiyyəti əlində saxlayan indiki iqtidarı yıxmağa hesablandığı ortaya çıxır. İŞİD təhlükəsinin tədricən ortadan qalxmasıyla “peşmərgə”-PYD – “yurdsevərlər” konfliktinə Bəşər Əsəd rejimin də daxil olacağı gözlənilir.Çünki bu vaxta qədər rəsmi Dəməşqin PYD ilə “qol-boyun” olmasının yeganə səbəbi ortaq düşmənə qarşı birgə fəaliyyətin zəruriliyi idi. Bu zərurət ortadan qalxarsa, Bəşər Əsəd rejimi də ölkənin şimalının kürd separatçıları tərəfindən ələ keçirilməsiylə razılaşmayacaq, Suriyanın torpaq bütünlüyünü qorumağa çalışacaq.Bunun ən qısa yolu isə kürd separatçılarını daxildən parçalamaq, lazım gələrsə, onları bir-birinə qırdırmaqdır. Sözsüz ki, Bərzaninin müstəqilləşmə yolunda atdığı addımlar mərkəzi İraq hakimiyyətini və müasir çağımızda ilk kürd dövlətinin (Mahabad Xalq Respublikası) qurulduğu məkanı olan İranı da narahat etməyə bilməz. Ən azı ona görə ki, regionda start düyməsinə basılan “Böyük Kürdüstan” proyekti hər iki dövlətin ərazi bütövlüyünə təhdid deməkdir və onlar “bırakuji” prosesinin qızışdırılmasında maraqlı tərəf kimi çıxış edə bilər. İran tərəfindən dəstəklənən Təlabani əşirətinin Şimali İraqda nüfuzu isə heç də Bərzanininkindən az deyil. 2005-ci ildə muxtariyyətin parlamenti tərəfindən indiki vəzifəsinə təyin olunan Bərzani 2009-cu ildəki mübahisəli seçkilərlə öz hakimiyyətini legitimləşdirə bilib. Vəzifə vaxtının bitdiyi 2013-cü ildə isə “seçki keçirməyə pul yoxdur” bəhanəsiylə öz prezidentlik müddətini uzadıb. 2015-ci ildə də gətirilən eyni bəhanə Bərzaninin indiyə qədər ən yüksək postda qalmasına səbəb olub. Bu il həmin müddət də tamam olur və müşahidəçilər iki dəfə prezidentlik zamanı uzadılan Bərzaninin seçkiləri qazanacağına əmin olmadığından, bu addımı atdığına inanırlar. Elə bu faktın özü də Bərzani hakimiyyətinin tükdən asılı vəziyyətdə olduğunu göstərir. Qismən demokratik keçirilən 1992-ci il seçkilərində isə Bərzani Şimali İraq kürdlərinin 45%-nin, Təlabani isə 43,6%-nin səsini ala bilmişdi. Şimali İraqda seçicilərin əşirət təəssübkeşliyinə əsasən səs verdiyini nəzərə alsaq, 1992-ci il seçkilərinin bu nəticəsi hər iki tayfa mənsublarının muxtariyyət ərazisində təxminən eyni sayda olduğunu göstərir. Qüvvələr nisbətindəki bu bərabərlik isə kürd tayfaları arasında hakimiyyət uğrunda mübarizədən qaynaqlanan və region dövlətləri tərəfindən qızışdırılan potensial vətəndaş müharibəsinin xeyli ağır nəticələrinin olacağı ehtimalını yaradır.

4 Mart 2017 12:47

Asif Əsgərovun qatil oğlu həbsdən necə azad edildi?-Müəmmalı hadisə

“Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”. Bu, prezident İlham Əliyevin müşavirələrin birində səsləndirdiyi fikirlərdir. Hansı ki, ölkə başçısı artıq bir neçə ildir ki, hər çıxışında bu məsələyə toxunur. Amma çox təəssüf ki, bəzi məmurlar bu tapşırıqlardan nəinki nəticə çıxartmırlar, əksinə, daha da harınlayırlar. Belə məmurlardan biri də Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovdur. Bu yazıda (mövzumuz davam edəcək və digərlərini də əhatə edəcək) A.Əsgərovun icra başçısı kimi hansısa əməlindən yox, bir insan kimi yol verdiyi yanlışdan yazacağıq. Qısacası, afn.az saytı olaraq, bundan sonra cəza, bəd əməl törədən, lakin cəzasız qalan məmur övladları haqda silsilə yazılar hazırlamağa qərar verdik və ilk olaraq da insan ölümü ilə nəticələnən qəza törədən, lakin hazırda azadlıqda olan başçı oğlundan başladıq. 1998-ci il təvəllüdlü İlham Əsgərli “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuşdu. Hadisə 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb. Günahsız insanın həbsi… Hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, İlham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb. Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov ibtidai istintaq və bu işə məhkəmədə baxıldığı dövrdə azadlıqda olub. Təqsirləndirilən şəxs qismində tanınsalar da, İlham Əsgərli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri, Əhliman Süleymanov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verildi… Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular. Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı. Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinin yazdıqları… “Azadlıq” qəzeti yazır ki, İlham Əsgərli həbs olunandan sonra Kürdəxanıdakı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Qəza zamanı aldığı xəsarətlə əlaqədar həbs olunarkən də, ondan sonra təcridxanada da qoltuq ağacı ilə hərəkət edirmiş. O, daha sonra – iyulun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Elə həmin ərəfədə vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini İftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, “Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. İlham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”. İftixar Qurbanov Sabunçu Rayon Məhkəməsinə bu rəylə yanaşı, özünün ayrıca məktubunu da göndərib və məktubda da icra başçısının oğlunun şəxsi keyfiyyətləri barədə fikirlərini bildirib. Məsələn, onun ilk dəfə cinayət törətdiyini və bu əməlin ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğunu, həbsdə olduğu müddətdə özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına əməl edən şəxs kimi göstərdiyini yazıb. Cəzadan yayınan məmur övladları: Və… Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib. Prokuror Ceyhun Kazımov İlham Əsgərlidə “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklər siyahısı”ndakı ağır xəstəliyin aşkar edilmədiyini əsas gətirib və Sabunçu Rayon Məhkəməsinin qərarından protest verib. Amma Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyilə hakimlər kollegiyası bu protesti əsassız sayıb və İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı qüvvədə saxlayıb. Məhkəmə prosesində üzə çıxan ilginc faktlar niyə araşdırılmadı? İndi isə bir qədər geriyə – haqqında söhbət gedən məhkəmə prosesləri zamanı üzə çıxan faktlara qayıdaq. Hadisə zamanı dünyasını dəyişən Sənan Mirzəyevin atası, “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev hadisə baş verən zaman oğlunun daha çox diqqətsizlikdə dünyasını dəyişdiyini bildirib: “İlham gəlib Sənana özü ilə birlikdə Şüvəlana paintball oynamağa getməyi təklif edib. Sürücü olmadığına görə oğlum getmək istəməyib. Amma İlham deyib ki, mən öz sürücümlə gəlib aparacam səni. İlham Əsgərli yolda maşını sürücüdən alaraq özü idarə edib, nəticədə qəza baş verib. Mən oğlumu itirmişəm. İlham maşını böyük sürətlə idarə etdiyindən bu cür hadisə baş verib. Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü təcili olaraq Türkiyəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. İlham Əsgərliyə layiqli cəza verilməsini xahiş edirəm”. Əhliman Süleymanovun atası Qəhrəman Süleymanovun məhkəmənin gedişatı haqda dediklərindən: “Prezident məmurları yığıb tənbeh etdi. Xəbərdarlıq etdi ki, qulağıma gəlib çatır, məmur övladları çox qudurğanlıq edir. İndi həmin vəziyyətdir. Mənim övladım bir məmur övladının “avtoş”luğunun qurbanına çevrilib. Daha doğrusu, iki nəfər bu qurbana çevrilib. Biri mənim oğlum, hansı ki onu həbsxana gözləyir. Biri də bir iş adamının balası – hansı ki, qəbirdədir. Kasıb adamlarıq, oğlum günün 18 saatını işləyirdi, aldığı qəpik-quruşla iki azyaşlı balasını zorla saxlayırdı. 8 aydan çoxdur işsizdir, qalmışıq məhkəmə yollarında. Oğlumu həbs etmək istəyirlər. Başçının oğlu “avtoşluq” edib, nəticəsə ölüm baş verib. İndi onun cinayətini oğlumun üstünə yıxmaq istəyirlər… Övladımın da iki azyaşlı və xəstə övladı var. 8 aydır başımızı məhkəmə, get-gəllə qatıblar. Oğlum işini itirib. Bir nəvəmin gözü müalicə olunmasa tamamilə tutulacaq. O həbsə getsə, övladlarını saxlayıb böyütmək imkanımız yoxdur. Bircə yolum qalıb, əgər başçının oğlunun törətdiyi əmələ görə mənim oğlum həbsə düşsə, elə hökm çıxan kimi məhkəmədən birbaşa Səbail rayon İcra Hakimiyyətinin qarşısına gedib oradaca özümü yandıracam”. Əhliman Süleymanovun vəkili İlqar Musayev: Ona təqsirləndirildiyi maddə üzrə cəzanın maksimum həddi istənilib, yüngülləşdirici hallar nəzərə alınmayıb: “Prokuror bir tərəfdən yüngülləşdirici halları sadaladı, o biri tərəfdən cəza istəyəndə bu halların heç birini nəzərə almadan maddədə nəzərdə tutulmuş maksimum cəza həddini istədi. Həmin maddədə cəza 2 ildən 6 ilədək göstərilir ki, prokuror ən yüksək həddi tələb etdi. İlham Əsgərlinin maddəsində isə yüngülləşdirici hallar nəzərə alındı. Ona verilən maddədə cəza 4 ildən 8 ilədək nəzərdə tutulurdu. Prokuror 6 il 6 ay istədi. Artıq buradan məmur övladı ilə kasıb balasına göstərilən fərqli münasibət göz qabağındadır”. Əhliman Süleymanov da ağır xəstədir-qanında parçalanma gedir «İndi başçının subay-sultan oğlu azadlıqdadır, mənim tifilim, 2 qız övladı qohumlar ümidinə qalan günahsız Əhliman həbsdə… İl yarımdır onun xəstə balalarını yarıac, yarıtox qarınla ayaqda saxlayırıq. Əhliman ailənin yeganə qazanc yeri idi. Mən işləyə bilmirəm, belimdə iki «qrıja» var. Uşaqları qohumlar yedirdir. İmkansızlıqdan qızın birinin gözünü neçə ildir əməliyyat etdirə bilmirik», – bunu A.Əsgərovun oğlunun azadlığa çıxdığını eşidərkən hələ cəzasının bitməsinə 4 il yarım qalmış «Howo» sürücüsü Əhliman Süleymanovun atası Qəhrəman dayı deyib. Qəhrəman dayı onu da deyir ki, Əhliman özü qan xəstəsidir. Hətta xəstəliyinə görə əsgərliyə də aparmayıblar. Hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Qanında parçalanma gedir. Buna görə məhkəməyə, prezidentə müraciət edib. Hətta oğlunun sağlamlıq durumunu və ailə vəziyyətini ölkənin baş prokuroru Zakir Qaralova üzbəüz anladıb. Ancaq nəticəsi olmayıb.aztoday.az

24 Fevral 2017 14:21

Türk ekspert:”Yaxın Şərqdə hər kolun altından İran çıxır” – Təhlil

Nihad Əli Özcan Milliyet (Türkiyə), 22.02.2017   İran rəhbərliyi "Ərəb baharı"nın ilk günlərində gözə çarpacaq dərəcədə təşvişə düşmüşdü. Lakin İran tezliklə hadisələri öz xeyrinə çevirməyə nail oldu. Xüsusən də dövlət strukturlarının çökdüyü və vətəndaş müharibəsinin baş verdiyi ölkələrdə. Bu gün İranın izlərinə praktik olaraq hər yerdə rast gəlmək mümkündür. İran ilk plana qeyri-dövlət strukturlarının çıxdığı və vətəndaş müharbəsinin bürüdüyü ölkələrdə öz nüfuzunu şiə icmalarının vasitəsilə hiss etməyə məcbur edir. Heç şübhəsiz, İranın məxfi əməliyyyatlar potensialı ilə yanaşı kürəsəl tarazlığın dəyişilməsi və bununla bağlı qeyri-müəyyənlik də bu hadisələrdə az rol oynamır. Son zamanlar şahidi olduğumuz bəzi bəyanat və hadisələr işarə edir ki, İranın baxşı nöqtəsinə görə, mənzərə dəyişilə bilər. ABŞ-ın yeni prezidentinin bəyanatı, vitse-prezident Pensin təhlükəsizlik üzrə Münhen konfransındakı çıxışı göstərir ki, bundan sonra İrana dəxli olan hər şey yenidən nəzərdən keçiriləcək. Tramp hər əlverişli məqamda qeyd edir ki, Obama dövründə uğur kimi qələmə verilən nüvə sazişindən, yuşmaq şəkildə desək, vəcdə gəlmir. Tramp gizlətmir ki, bunun nəticələrinə şübhə ilə yanaşır. Trampın İranın keçirdiyi ortamənzilli raketlərin sınağına cavab reaksiyasından aydınlaşdığı kimi, onun etiraz və ittihamları işarə edir ki, hadisələr başqa məcraya yönələcək. Bu cür mənzilli raketlərin nüvə silahının ayrılmaz “tərkib hissəsi” olduğu nəzərə alınsa, aydınlaşır ki, Trampın əlinə mühüm kozır keçib. Nüvə silahı İranı hədəfə döndərən yeganə amil deyil. Görünür, hərc-mərclikdən keçən Yaxın Şərqdə İranın fəal olmadığı bir ölkə və gizlicə müdaxilə etmədiyi elə bir hadisə yoxdur. Və həqiqətən də, siyahı olduqca uzundur. Biz Fars körfəzindən tutmuş Yəməndəki vətəndaş müharibəsinə qədər, Əfqanıstandan İraqa qədər, Suriyadan Livana qədər geniş bir bölgə və hadisələrdən danışırıq. Siyahının əvvəlində İranın Fars körfəzi ölkələrindəki fəaliyyətidir. Hər şeydən əvvəl bu ölkələrin şiə vətəndaşlarını İranla bağlayan özəl münasibətlər daxili təhlükəsizlik və sabitlik baxımından çətin nəzarət edilən problemlər doğurur. Xidməti siyahı, İranın bu yöndəki  potensial və vərdişləri nəzərə alınsa, aydın olur ki, bu ideyalara etinasız yanaşmaq olmaz. Digər tərəfdən,vətəndaş müharibəsinin sürdüyü Yəmən də Səudiyyə Ərəbistanını narahat edən önəmli İran amilidir. İraqdakı mənzərə isə göründüyündən daha qəlizdir. İran bu cəbhədə eyni zamanda bir neçə oyunçunun vasitəsilə bu ölkəni faktiki olaraq özünün arxa həyətinə çevirib. İŞİD-lə mübarizəyə yardım edən “psixoloji üstünlük”, səfərbərlik, təşkilatçılıq və şiə yaraqlıların silahlanması potensialı göz qabağındadır. İran şərait hazırlayır ki, uzunmüddətli perspektivdə özünü “İŞİD-i yenən, Mosulu azad edən” hökumətin ən güclü müttəfiqi qismində qələmə versin. Lakin məsələ bununla da bitmir. İran Şimali İraqın kürd rayonunda siyasi, iqtisadi və hərbi məsələlərdə olduqca mötəbər və fəal “yerli dostlar” qazanıb. İran Livandakı nüfuzu və Suriyada artan iştirakı üzündən bu cəbhədə də fəal və həmişəkindən daha çox gözədəyəndir. Bu mənzərə nüvə sazişindən məyus olmuş və 2006-cı il görə (2006-cı il II İsrail-Livan müharibəsi nəzərdə tutulur-tərc.) “Hizbullah”dan elə ilk fürsətdəcə qisas almağa hazırlaşan İsrailə yaxşı “motiv” təqdim edir. Görünür, Trampın bəyanatı, həmçinin kürəsəl gözlənilməzlik səviyyəsinin artımı İranı yeni dövrdə “gündəmdəki prioritet ölkəyə” çevirir. Yeni bölgəsəl və kürəsəl tarazlıq axtarışları, həmçinin İranın sərgilədiyi reaksiya bölgəmizi diqqətlə izləmək zərurəti doğurur.  

23 Fevral 2017 14:00

Rus mətbuatı Ziya Məmmədovun həbs ehtimalından yazdı:“Bu, Fərhad Əliyev və Eldar Mahmudov işinə çox bənzəyir” – Təhlil

EAdaily.com, 17.02.2017   Cari həftə Azərbaycanda artıq iki il gözlənilən hay-küylü xəbərlə başlanıb.Prezident İlham Əliyevin sərəncamı ilə iki nazirlik – Rabitə və Yüksək Texnologiyalar Nazilriyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib. Yeni nazirliyə indiyə kimi rabitə və yüksək texnologiyalar naziri vəzifəsini tutmuş Ramin Quluzadə başçılıq edir, 2002-ci ildən nazir vəzifəsini tutan 65 yaşlı Ziya Məmmədov isə istefaya göndərilib. Bu xəbər böyük əks-səda doğurub, çünki Məmmədov Azərbaycanda ən nüfuzlu adamlardan biridir. Və qeyd etmək lazımdır ki, cəmiyyət ona böyük neqativlə yanaşıb. Məmmədova çoxları qeyri-simpatik idi və nifrət edirdi – xüsusən də dövlət məmuru işlədiyi illərdə topladığı böyük sərvətə görə. Nazir-oliqarx Ziya Məmmədov və atasının biznesinin böyük qismini yönəldən oğlu Anar Məmmədovun adı müxtəlif qalmaqallarla bağlı KİV-də dəfələrlə xatırladılıb. Məmmədovlar tayfasını rüşvətxorluq, israfçılıq, hərki-hərkilik və hətta “yaş işlər”də ittiham ediblər.   Kreslosunu özü ilə aparıb   Ziya Məmmədov Azərbaycanda son nəqliyyat naziri oldu. Yəni istefa motivləri hər necə olur-olsun, o, çox yaxşı getdi. Demək olar ki, eynilə əvvəllər milli təhlüksizlik naziri Eldar Mahmudovun 2015-ci ildə getdiyi kimi. Məmmədov uzaq 1971-ci ildə dəmiryol maşınçısının köməkçisi kimi işə başlayıb. Sonra elektrovoz maşınçısı, 1980-1981-ci illərdə ilk partiya təşkilatının katibi, 1981-1983-cü illərdə depo həmkarlar ittifaqı komitəsinin sədri, 1983-1984-cü illərdə Yollar İdarəsində lokomotiv dispetçer, 1984-1987-ci illərdə Biləcəri lokomotiv deposunun rəis müavini, 1987-1989-cu illərdə Biləcəri lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi işləyib. 1989-cu ildə 1991-ci ilədək işlədiyi Gəncə lokomotiv deposunun rəisi vəzifəsinə göndərilib. 1991-1993-cü illərdə Azərbaycan dövlət dəmiryolları lokomotiv təsərrüfatı xidmətinin rəisi olub. 1993-1996-cı illərdə yol rəisi müavini, 1996- 2002-ci illərdə isə Azərbaycan Dövlət Dəmiryollarının rəisi vəzifəsində çalışıb. Ziya Məmmədov 2002-ci il avqustun 8-də Azərbaycan Respublikası nəqliyyat naziri təyin olunub.   Portfelsiz nazir   Məmmədov yaxın illərdə ölkənin ali rəhbərliyinin qəzəbinə tuş gəlib. Ehtimalən, bu, 2014-cü ilin fevralında baş verib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin ardıcıl şəkildə azaldılması məhz bu dövrdən başlanıb ki, bu da Məmmədovun milyonlarla gəlir qaynağından məhrum olduğunu bildirib. Sonra Məmmədovların ailə biznesində də problemlər üzə çıxıb. Məmmədov portfelsiz nazirə çevrilib və heç harada gözə dəyməməyə çalışıb, övladı isə ümumiyyətlə ölkəni tərk edib. “Azadlıq”ın 2016-cı il 26 fevral məlumatına əsasən, Anar Məmmədov yaşamaq üçün ailəsi ilə həmişəlik İngiltərəyə köçüb və vətənə dönmək niyyətində deyil. Bu arada KİV işlərin bu cür kəskin şəkildə dəyişilmə səbəblərini sezməyə başlayıb.Versiyalar ifadə olunub ki, Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində avtobusun iştirakı ilə qəzadan sonra ona olan etibar sarsılıb. Hadisə iyunun 11-də 08.30-da Atletlər kəndinin nəqliyyat deposunda baş verib. “Bakubus” ASC-ə məxsus avtobus zolaqdan kənara çıxaraq avstriyalı sinxronçular Vanessa Saxinoviç və Luna Payeri vurub, həmçinin bir neçə başqa idmançı yaralanıb. Tezliklə ortalığa məlumat çıxıb ki, avtobusu əvvəllər mühakimə olunmuş sürücü idarə edib. Bu hadisə Bakının imicinə müəyyən qədər zərbə vurub, ölkə siyasi müxalifətinin və Oyunların keçirilməsi əleyhdarlarının əlinə kozır verib. Həmçinin başqa versiya qismində Anar Məmmədovun Respublika Gününə həsr edilmiş rəsmi qəbulda görünməsi – ki, protokola sığışmır – baş nazirin gözdən düşmüş keçmiş birinci müavini Abbas Abbasovla dostluq, Rusiya prezidentiVladimir Putinə birbaşa çıxış axtraışları, hələ o zaman ABŞ prezidentliyinə namizəd Donlad Trampla məxfi sövdələşmələr, “maliyyə xəyanəti”nin açıması irəli sürülür.   KİV təxmin edir, Əliyev sərəncam verir   Bütün bu əhvalatlar ölkədə parlament seçkilərinin astanasında hiss olunacaq dövriyyə toplamağa başladı. Buna görə də qənaətə gəlindi: struktur dəyişiklikləri yetişib, lakin yanlız seçkilərdən sonra baş verəcək. Bununla belə, prezidentin qərarını 17 ay gözləmək lazım gəlib. Bu yubatmanın cəmiyyətdə Məmmədova qarşı ehtirasların səngiməyinə hesablanıb-hesablanmadığı və yaxud hələ Heydər Əliyevin yüksək vəzifə etibar etdiyi məmur üçün daha bir şans nəzərdə tutulduğu hələlik aydın deyildi. Ola bilsin, bütün bu vaxt ərzində hökumətin sadəcə yadına düşməyib. Ancaq onun hakimiyyətdə saxlanması Azərbaycanın analitik mühitində çaşqınlıq və fikir ayrılığına səbəb olub. Məmmədovun "fatihə"sinin artıq verildiyinə nisbətdə şübhəni onun milyarder, ABŞ prezidenti kreslosunu tutan Donald Trampla dostluq və işgüzar münasibətləri də möhkəmləndirib. Fikir bildirilib ki, Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə Ziya Məmmədovun yardımı sayəsində Vaşinqtonla münasibətlər yenidən qaydaya salınacaq. Və hətta bununla bağlı Məmmədova baş nazir yeri güman edilirdi. Görünür, Məmmədovun özündə də Trampın ABŞ prezidenti postuna seçiləcəyi halda mövqeyinin güclənəcəyi və “günahlarının” yuyulacağına bəzi ümidləri var idi. Bəzi məlumatlara əsasən, ilkin seçkilərdə Trampın hər qələbəsindən sonra Məmmədov Bakıda bunu yaxınları ilə “Meridian” otelində qeyd edib. Bu arada Amerika KİV-ləri məlumat vermyə başladı ki, Azərbaycan oliqarxının oğlu Anar Məmmədovla əməkdaşlıq Trampa şərəf gətirmir.   "Not only business"   Azərbaycan analitikləri Ziya Məmmədovun istefasında siyasi siyasi motivlər görmürlər. Politoloq Zərdüşt Əlizadə istefanı EADaily-yə şərh edib: “Ziya Məmmədov prezidentin etimadını doğrultmayıb, missiyasını yerinə yetirməyib, budur, onu da işdən çıxarıblar. Axı hər kəs ölənə kimi ömrüboyu vəzifədə oturmamalıdır. Zaman-zaman kimisə işdən çıxardırlar. Nəqliyyat nazirliyinin yüksək səviyyədə korrupsiyalaşdığı və effektsiz işi nəzərə alınmaqla bu müəssisəni buraxıb başqa nazirliklə birləşdirib, bu gün hakimiyyətin böyük etimadından yararlanan yeni nazir təyin ediblər”. Başqa ekspert – Tofiq Abbasov Məmmədovun istefasını Azərbaycanda aparılan böyük yenidəntəşkil işinin başlanğıcı sayır: “Mətbuatdakı materiallara əsasən, bu, ölkə rəhbərliyini qane etməyib və prosesin gedişində hər şeyi və mövqeyini itirib. Ziya Məmmədov işin bəzi sektorlarından məhrum olmaqla ordusuz generalı xatırladırdı. İş elə buna da gedirdi. Digər tərəfdən, ölkədə səlis islahatlar gedir, bəzi müəssisələr, nazirliklər və s. birləşir. Prezident İlham Əliyevin özü dəfələrlə deyib ki, məmur aparatı bir qədər şişib və düşünürəm ki, bu, böyük yenidəntəşkil, struktur dəyişiklikləri, innovasiyalı qərarların yalnız başlanğıcıdır. Uduş bunda olacaq ki, millli bürokratiyanın tutumu azalacaq, idarəçilik sistemi nizama salınacaq, daha işlək və çevik olacaq”. Ekspertin sözlərinə görə, məsələ istisnasız olaraq hakimiyyətin qanadları arasındakı səlahiyyətlərin məhdudlaşdırılması, idarəçilik trendlərinin səmərəliləşdirməkdədir. Politoloq qeyd edir: “Ziya Məmmədov Trampın nə cür tərəfdaşı olur-olsun, o, böyük bir ölkənin prezidentidir və buna görə də ABŞ-ın maraqları xeyrinə qərar qəbul edir. Yəni Tramp müvəqqəti olaraq, ən azı, dörd il öz biznesini unutmalıdır ki, xaricdəki, o cümlədən ölkəmizdəki bir çox layihələrini yığışdıraraq bunu da edib”.   Tutacaqlar, tutmayacaqlar?   Ziya Məmmədov istefadan sonra mətbuat təmsilçiləri ilə artıq iki dəfə təmasda olmağa müvəffəq olub, lakin əvvəllər KİV-lə səmimi və isti münasibəti qeydə alınmayıb. Keçmiş nazir bildirib ki, nəyin və necə olacağını özü də bilmir. Keçmiş nazir indi hansı vəzifəni tutacağı haqda suala cavab verib: “Bu haqda heç nə deyə bilmərəm. Mən özbaşıma deyiləm. Bu sual mənim səlahiyyətimə aid deyil”. Məmmədovun sözlrinə görə, hazırda evdədir. “Hazırda nazir deyil, sıravi vətəndaşam”. Məmmədovun istefası ilə Azərbaycanda əvvəlki yüksəskçinli məmurların istefası tutuşdurulsa, keçmiş nazirin sonrakı taleyinə nisbətdə birmənalı proqnoz vermək çətindir. “Ziya Məmmədovun işi” Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, səlahiyyətləri tədricən alınmış və yekunda uzunmüddətli həbs almış “Fərhad Əliyevin işi”nə çox bənzəyir. Başqa tərəfdən, bu hadisə yuxarıda sözügedən və bu gün də azadlıqda olan Eldar Mahmudovun əhvalatına da çox çəkir. Lakin təxmin etmək olar ki, onu ittiham etmək üçün yetərincə maddə tapmaq mümkündür.

18 Fevral 2017 16:39

“Putin boş danışan adam deyil…” –Rusiyalı politoloq “aprel” döyüşü”nün təkrarlanacağına inanmır

Rusiyalı ekspert Sergei Markedonov hesab edir ki, yaxın zamanlarda Ermənistan–Azərbaycan münaqişəsi zonasında gərginlik qalacaq, ancaq ötən ilin aprel hadisələrinin təkrarlanacağı ehtimalı azdır. "Yeni gərginləşmələr olacaq, ən çox mümkün ssenari diversiya əməliyyatlarının davamı ola bilər. Bu əməliyyatlarla eyni vaxtda danışıqların davam etdirilməsi də mümkündür. Məsələn, iki ölkənin xarici işlər nazirlərinin görüşünün baş tutması mümkündür", – deyə Markedonov "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində bildirib. Politoloq qeyd edir ki, Qarabağ münaqişəsi postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir və bu gün onun nizamlanmasını təsəvvür etmək son dərəcə çətindir. Onun sözlərinə görə, 25 il ərzində Qarabağda artıq Azərbaycan ərazisində yaşamağın nə demək olduğunu bilməyən iki nəsil yetişib. «Digər tərəfdən, dünyada daha uzun tarixə malik münaqişələr var», – deyə Markedonov əlavə edib. Onun fikrincə, Qarabağ münaqişəsinin yaxın gələcəkdə həllini gözləməyə dəyməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən çox fərqlənir. «1994-cü ildən bəri artıq bütün mümkün həll variantları təklif edilib. Bütün məsələlərin bir paketdə həllini nəzərdə tutan «paket variant» var, ancaq sonradan bəlli oldu ki, bu, mümkün deyil. Münaqişənin mərhələli həlli də çətindir. Çünki sual yaranır: birinci kim başlayacaq?» – deyə Markedonov sözünə davam edib. Bu gün ABŞ, əsasən, öz daxili problemləri ilə məşğuldur. Fransada isə prezident seçkiləri gözlənilir. Belə bir zamanda bir sıra ekspertlər güman edirlər ki, yaxın aylar ərzində Qarabağ məsələsi ilə ancaq bir ölkə – ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya məşğul ola bilər. Sergei Markedonovun sözlərinə görə, bu münaqişənin tarixində Moskva artıq iki dəfə baş rolu oynayıb. "1994-cü ildə, atəşkəs haqqında saziş imzalananda və 2008-2011-ci illərdə, ozamankı prezident Dmitry Medvedevin təşəbbüsü ilə üçtərəfli yüksəksəviyyəli görüşlər təşkil olunanda. Ancaq bu təşəbbüs 2011-ci ildə Kazanda uğursuzluğa düçar oldu. O zaman Azərbaycan prezidenti İlham Əliyev əvvəlcədən razılaşdırılmış sənədi imzalamaqdan imtina etdi. Aprel müharibəsindən sonra barışdırıcılıq rolunu Rusiya prezidenti Vladimir Putin öz üzərinə götürüb. O isə boş danışan adam deyil. Digər tərəfdən, nə Medvedev, nə də Putin ermənilərlə azərbaycanlıların yerinə qərar qəbul edə bilməzlər", – deyə rusiyalı ekspert qeyd edib. Rusiyanın Azərbaycana silah satmasına gəlincə, Markedonovun fikrincə, bu, ikinci dərəcəli məsələdir: "Burada birinci dərəcəli məsələ vuruşmaq istəyinin olmasıdır. Silahı isə Azərbaycan, məsələn, İsrail, Türkiyə və Ukraynadan da ala bilər", – deyə politoloq bildirib. O əlavə edib ki, Rusiya Cənubi Qafqazda "balanslaşdırılmış siyasət" yürütməyə çalışır. "Moskva artıq Gürcüstanda öz nüfuzunu itirib və indi də Azərbaycanda nüfuzunu itirə bilməz", – deyə, S.Markedonov qeyd edib.

17 Fevral 2017 16:10

Prezidentdən maraqlı aksiya –Hər bir ailəyə 20 cücə paylanır

Özbəkistanın Zəfərabad rayon rəhbərliyi hər bir aztəminatlı ailəyə 20 cücə paylayır. Rayon administrasiyasının əməkdaşı deyir ki, sponsor vəsaitləri hesabına alınan cücələr insanlarda toyuqçuluğa maraq yaratmaq üçün pulsuz paylanır. Bu barədə "Azadlıq Radiosu"nun Özbəkistan xidmətinə yerli evdar qadınlardan biri məlumat verib. O, bunu təsdiqləmək üçün özbək xidmətinə pulsuz cücələrin fotosunu da göndərib:“Dünən mhəlləmizin ağsaqqalı və iki nəfər maşınla bizə gələrək 20 cücə verdilər və dedilər ki, onları böyüdün, həmişə evinizdə yumurta olacaq. Bunu hakimiyyət hədiyyə edib”. Qadının sözlərinə görə, qalan aztəminatlı ailələrə də pulsuz cücələr paylanıb. Zəfərabad rayon rəhbərliyinin nümayəndəsi Kadır Rizayev də "Azadlıq Radiosu"nun müxbirinə məlumatı təsdiqləyib: “Hazırda bizdə 257 belə ailə var. Onların hər birinə 20 cücə paylayırıq. Bu cücələri sponsor hesabına Qallyaralsk rayonundakı “Sanqzor-Parranda” toyuq fabrikindən gətirir və hakimiyyətin göstərişi ilə aztəminatlı ailələrə paylayırıq. Əsas məqsəd insanlarda toyuqçuluğa maraq yaratmaq və onlara maddi kömək etməkdir”. Amma o, sponsorun kimliyinə aydınlıq gətirməkdən boyun qaçıırb. Kadırov deyib ki, hər bir aztəminatlı ailənin 100 toyuqla təmin edilməsilə bağlı hökumət proqramını yerinə yetirmək üçün Zəfərabad rayon rəhbərliyi yerli sakinlər arasında təbliğat aparır. Onun sözlərinə görə, hazırda banklar toyuqçuluq, maldarlıq və limonçuluqla məşğul olmaq üçün insanlara 9 faizə 7,5 milyon sum kredit buraxır. Amma bir neçə sakinin "Azadlıq Radiosu"na dediklərinə görə, yerli sakinlərin heç də hamısı bu krediti almağa tələsmir. İşsiz müəllim Zeydulla Razzakov hesab edir ki, işsiz adamın kredit götürməsi çox təhlükəlidir: “Mən bu krediti hansı pulla qaytaracam? 100 toyuq saxlamaq elə də asan iş deyil. Onlara yem, saxlamaq üçün yer lazımdır. Əgər toyuqlar hansısa xəstəlikdən qırılsa, onda krediti necə bağlayacam?Əgər bu pula mal-qara alsan ona da yem lazımdır. Onların kökəlməsinə isə azı bir il vaxt lazımdır.Əgər insanların bu krediti 3 ildən sonra ödəməyə başlamasına icazə versəydilər, onda riskə getmək olardı”. Qeyd edək ki, kənd yerlərində hər bir ailənin 100 toyuq saxlaması ideyasını prezident Shavkat Mirziyaev bu yaxınlarda Karakalpak regionuna səfəri zamanı vermişdi. Prezident hesab edir ki, bu ölkədə yoxsulluğa son qoyacaq. Prezident həmin vaxt yerli hakimiyyətlərə bu göstərişin həyata keçirilməsini, banklara isə insanlara kredit buraxmağı göstəriş vermişdi.

17 Fevral 2017 16:09

8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı –Şok

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan dustaq Rövşən Əhmədov 2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı ifadə vermək istəyir. Rövşən Əhmədov vaxtilə çalışdığı işlə bağlı 8 il əvvəl Bakının mərkəzində törədilən qətl işinin təşkilatçısı haqda bilgilərə malikdir. Onun iddiasına görə, Rail Rzayevi güllələyən killer Orta Asiya ölkələrindən birindən Bakıya gətirilibmiş... Bu haqda  Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova məlumat verib. O bildirib ki, hazırda R.Əhmədovun həyatına təhlükə mövcuddur, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüb orada öldürmək planı var. Rövşən Əhmədov kimdir və Rail Rzayevin qətli haqda bilgilərə necə sahiblənib?  Rövşən Əhmədov 2016-cı ilin aprelində Nəqliyyat Nazirliyində illərlə birgə çalışdığı yaxın qohumu Çingiz Baxşıyevin şikayət ərizəsi əsasında saxlanılıb. Onu Ç.Baxşıyevin 50 kiloqram qızılını oğurlamaqda ittiham ediblər. Hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. X.Əhmədova vaxtilə Nəqliyyat Nazirliyində müşavir vəzifəsini tutmuş Çingiz Baxşıyevin onun həyat yoldaşını aradan götürmək istəyinin səbəbini belə izah edib: “Rövşən Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edir. O, ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istəyir. Rövşəni Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürməsələr, Çingiz Baxşıyev əlaqələri vasitəsilə onu da zəhərlədib öldürəcək. Vaxtilə o, general rütbəsində olan müşaviri də Türkiyədən gətirtdiyi həblə zəhərləmişdi. Bunu Rövşən detallı şəkildə bilir. Həmin müşavir 9 ay müalicədən sonra zorla özünə gəldi. Rövşən həmin cinayət haqda məlumatlıdır. Rail Rzayevin killeri haradan gəlib, onu kim gətirdib, bunları da bilir. Çingiz Baxşıyev həyat yoldaşımı məhz bu cinayətlər haqda məlumatlı olduğuna görə öldürtməklə susdurmaq istəyir”. “Rövşən sonradan onun belə göstərişlərini yerinə yetirməkdən imtina etdi” X.Əhmədovanın sözlərinə görə Ç.Baxşıyev əlaqələri, pula həris məmurların əli ilə bir müddət əvvəl onun həyat yoldaşını əvvəlcə Bakı İstintaq Təcridxanasından Şüvəlan İstintaq Təcridxanasına qanunsuz olaraq köçürülməsinə cəhd göstərib: “Bu cəhdləri baş tutmadı. Çingiz Baxşıyev açıq-aşkar bizə hədə mesajları yollayır, deyir ki, Rövşən Əhmədov susmalıdır, onunla haqq-hesab çəkəcəyəm. Bundan sonra isə mənimlə də haqq-hesab çəkəcəyini deyir. Özü yaxınlarının yanında deyir ki, Rövşən mənim qızıllarımı oğurlamayıb, amma yanımdan getdiyinə görə onu cəzalandıracağam, aradan götürəcəyəm. Məsələ də belə olub ki, Çingiz Baxşıyev 12 il Rövşənlə işləyib. Rövşənin adı ”Sərnişinnəqliyyat"da müfəttiş gedirdi. Faktiki isə Çingiz Baxşıyevin göstərişlərini yerinə yetirirdi. Həbsindən az əvvəl Çingiz Baxşıyev Rövşəni gecələr şəhərin müxtəlif nöqtələrinə göndərirdi. Bir dəfə deyib ki, “Comfort taksi”dən bir “BMW X6" götür get ”Spar" mağazasına, orada maşının işıqlarını iki dəfə ardıcıl, bir dəfə də qısa fasilədən sonra yandır söndür. Maşına gətirib yük qoyacaqlar, həmin yükü götür gəl. Rövşən də onun dediyini etmişdi. Maşına bir böyük çantada ağzına qədər pul qoymuşdular. Ondan sonra Rövşəni bir neçə dəfə “İvanovka” mağazasına göndərmişdi. Orada da eyni qaydada müəyyən işarələr veriləndən sonra maşına böyük “skvoyaj”da pul qoyulmuşdu. Bakıda S.Vurğun küçəsindəki çay fabrikinin yaxınlığına göndərmişdi, oradan da maşına çantalarla pul qoyulmuşdu. Rövşən sonradan onun belə göstərişlərini yerinə yetirməkdən imtina etdi. Bu, Çingiz Baxşıyevin xoşuna gəlməmişdi. Rövşənin “Sərnişinnəqliyyat”dan aldığı aylıq “paket” maaşını kəsdirmişdi. Rövşən də gedib işdən çıxması haqda ərizə yazmışdı. Çingiz Baxşıyev bu haqda məlumat alandan sonra Rövşəni yanına çağırıb dilə tutmağa çalışdı ki, işə qayıtsın. Demişdi ki, illərlə birgə işləyiblər, geri qayıtsın. Bu  söhbətdən sonra Rövşənə demişdi ki, guya İranda Azərbaycanın Müdafiə Nazirliyi ilə iş qurur, onu da ora özünün nümayəndəsi kimi göndərəcək,  ayda da 500 min dollar əmək haqqı verəcək. Rövşən isə razılaşmadı. Bildirdik ki, həmin iş dediyi qanunsuz fəaliyyətdir. Ona görə də razılıq vermədi. Bundan sonra Çingiz Baxşıyev ona vaxt vermişdi, demişdi ki, əgər təklifi ilə razılaşmasa, oğlumuzu ön cəbhəyə göndərəcək və orada öldürtdürəcək. Bu söhbət 2016-cı il aprelin 2-də  olmuşdu. Onun dediklərindən əsəbiləşən Rövşənlə Çingizin aralarında böyük mübahisə olmuşdu". r   “Rövşəni dindirsələr, Rail Rzayevin qətli, general rütbəli müşavirin zəhərlənməsi...” X.Əhmədova deyir ki, bu mübahisədən 2 gün sonra Ç.Baxşıyev həyat yoldaşına şər atmaqla onun tutdurub:  “Aprelin 4-də Çingiz Rövşəni qondarma, yalan şikayəti əsasında həbs etdirdi, aprelin 19-na qədər sənədsiz-sübutsuz onu həbsdə saxlatdırdı, həmin gün də ittiham verdirdi. Əgər Rövşən Çingizin 50 kiloqram qızılını oğurlayıbsa, niyə həmin qızılların pulu ilə məni müalicə etdirməyib? Axı mən 5 ildir ki, onkoloji xəstəyəm, kimyəvi terapiya hesabına yaşayıram. Pulumuz olsaydı, əməliyyata gedərdim. Çingiz Baxşıyev bütün bunları ona görə edir ki, Rövşən onun böyük dövləti cinayətləri haqda bildiklərini kimsəyə çatdıra bilməsin. Bilir ki, Rövşəni dindirsələr, Rail Rzayevin qətli, general rütbəli müşavirin zəhərlənməsi, ölkəyə at südü adı altında daşınanların əslində nə olduğunu açıb deyəcək. Çingiz Baxşıyev bu gün var gücü ilə çalışır ki, Rövşəni Bakı İstintaq Təcridxanasından çıxarsın, müalicə müəssisəsinə köçürüb orada öldürtsün. Rövşən onun cinayətlərinin lazımsız şahidinə çevrilib deyə onu hər vasitə ilə susdurmaq istəyir. Rövşən isə məhkəmədə susmur, danışır, bildiklərini deyir. Çingiz Baxşıyev acgöz adamlarla əlbir olub Rövşənə qarşı ölüm aktını tezləşdirmək üçün əlindən gələni edir. Özü deyir ki, Rövşəni susdurmaq üçün qızıl söhbətini ortaya atıb. Təsəvvür edin ki, bütün nəsli bir-birinə düşmən edib. Rövşənin Salyanda yaşayan bacılarını da onun üzünə qoyub. Guya Rövşən onları döyüb. Çingiz Baxşıyev Rövşənin bacısı Zərinə İsmayılovanın oğlu Təhmasib İsmayılovu narkotiklə həbs etdirəcəyi ilə hədələyib və öz doğma qardaşının üzünə qoydurub. Mən tələb edirəm, Rövşən oğurladığını iddia etdiklərini qoysunlar ortaya. Bu adam 3 gün əvvəl mühafizəçisini göndərib, deyir ki, qızılları istəmirəm, evinizi adıma keçirin, Rövşəni həbsdən çıxarım. Çingiz Baxşıyev görür ki, verdirdiyi saxta ittiham təsdiqini tapmır, bu yolla istəyir ki, bizi suçlu çıxarsın. Evi adına keçirək, desin ki, qızılların əvəzinə evi mənə verdilər. İstəyir ki, bu yolla saxta ittihamı təsdiqlətsin, Rövşəni uzunmüddətli həbsə göndərib orada öldürülməsinə nail olsun. Məni bu gün  heç kim eşitmir”.   “Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar” X.Əhmədova ölkə başçısına videomüraciətinin hazır olduğunu, özünün və həyat yoldaşının başına bir iş gələrsə, ölkə rəhbərliyinə, beynəlxalq təşkilatlara göndəriləcəyini də açıqlayıb: “Rövşənin Çingizin elə cinayətləri haqda bilgisi var ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə çatdırmaq istəyir. Onu DTX-nin təcridxanasına köçürsünlər, orada təhlükəsizliyinə təminat versinlər, o bütün bildiklərini danışmağa, deməyə hazırdır. Çingiz Baxşıyev bu gün vaxtilə Rövşənə gördürtdüyü işləri öz kürəkəni Mübariz Ələkbərova gördürür. ”Comfort taksi"dən bahalı “BMW”, “Audi” götürürlər, Salyan yolundakı xüsusi məntəqəyə,  Quba yolundakı xüsusi məntəqəyə, Astaradakı yerlərə gedib maşına yükü vurub Bakıya gətirirlər. Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar. Rövşən bunları bildiyi üçün onu aradan götürmək istəyir. Rail Rzayevin qətli də bu işlərə görədir. Rail Rzayev də, Çingiz Baxşıyev də, başqa bir general da Salyandandırlar. Bir-birilərini tanıyıblar, münasibətləri olub. Bu qətl elə-belə törədilməyib".(musavat.com)

10 Fevral 2017 12:40

BƏDƏN DİLİNİN SİRLƏRİ – MÜTƏXƏSİSLƏR DANIŞIR

İnsan, həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan, bədən dilini istifadə edir. Bədənimiz, hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir. "Bədən dili”ndə ən vacib nöqtə, məlumat axınının davamlılığıdır. İki, ya da daha çox insan bir yerə yığıldığı zaman "bədən dili” dövrəyə girər. Bu mesajlar qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk. Bədən dili haqqında çox danışmaq olar. Ünsiyyət prosesində insanın özü belə hiss etmədən ən çox istifadə etdiyi bədən dili əslində düşüncələrimiz, xasiyyətimiz haqqında bizə çox şey deyir. Tədqiqatlar da göstərir ki, ünsiyyət zamanı cəmi 7 % informasiyanı biz sözlərlə, 38%-i isə səs tonu ilə ötürürük. 55% informasiyanı isə bizim bədən dilimiz verir. Deməli, bədən dilindən düzgün istifadə etməklə səmərəli ünsiyyətin qurulmasına nail olmaq olar. Bədən dili haqqındaSherg.az-a geniş danışan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Anar Həsənovun fikirlərinə görə, bəzilərimiz qarşı tərəfə hisslərimizi, düşüncələrimizi sözlərlə anlatdığımızı, ancaq gözəl quruluşlu cümlələrlə fikirlərimizi ifadə etdiyimizi düşünürük. Amma, əslində qarşımızdakı insana sözlərimizdən çox bədən dilimiz məlumat verir. O deyir ki, hətta bəzən bədən dilimiz bizim gizlətdiyimiz, biruzə vermək istəmədiyimiz düşüncəmizi də qarşı tərəfə bildirir: "Nə qədər çalışsaq da, bəzən sözlərimiz qarşı tərəfə inandırıcı gəlmir, təbəssümümüz süni təsir bağışlayır, məmnun etmək istədiyimiz insan narazı qalır. Bütün bu kimi hallara səbəb olan bizim qeyri-verbal sözlərimiz, yəni bədən dilimizdir. Əbəs yerə demirlər ki, ehtiyatlı olun, bədəniniz danışır! Bədən dilini bilməklə biz qarşımızdakı insanın əsl, gerçək düşüncəsini, hisslərini və niyyətlərini anlaya bilərik. Bu dili bildikdə, həm də öz bədən dilimizi düzgün idarə etməklə anlaşılmazlıqlardan, qarşı tərəfin narazılığına səbəb olan hərəkətlərdən qaça bilərik”. Mütəxəssis bədən dilinin gündəlik həyatımızda yerindən, hansı hərəkətlərin, mimikaların nədən xəbər verməsindən danışıb. O bildirib ki, bədən dili – mimika, jest, toxunuş, fiziki hərəkətlər, bədənin duruşu, tərz və s. vasitələrlə qurulan ünsiyyətdir. Əslində, hərəkətlər sözlərdən daha çox ifadə kəsb edir: "Bir çox bədən dili elementlərinin açılışını qeyd etmək olar. Məsələn, qarşınızdakı insanın ünsiyyət zamanı hulqumunun tərpənməsi onun həyəcanından, yaxud yalan danışmağından xəbər verir. Bir əl bədənin qarşısından digər əli tutursa, bu özünə əminsizlik göstəricisidir. Əllərin açıq olması səmimilik, çarpaz şəkildə sinədə birləşdirilməsi isə özünü kimdənsə və ya nədənsə mühafizə etmək, neqativ münasibət duyğusudur. Bədən dilinə görə, tez-tez göz qırpmaq həyəcandan xəbər verdiyi kimi, gözü ovxalamaq utanmaq və ya yorğunluq əlaməti olaraq səciyyələnir. Çənəni sığallamaq şəxsin qərarı düşünmək, qiymətləndirmək cəhdindən irəli gəlir. Danışarkən üzə, o cümlədən ağıza, göza, qulağa, boyuna toxunmaq həqiqəti gizlətməyə cəhd etmək, əsəbi olmaq anlamına gəlir. Boyunu arxadan sığallamaq təhlükə hiss etməkdən xəbər verir. Əlləri arxada birləşdirmək özünə əminlik və ya hakimiyyətlilikdən, əllərinin içini ovxalamaq isə uğura ümid etməkdən xəbər verir. Dodaqları dişləmək həyəcan, danışmamaq niyyətidir, sıxılmış dişlər isə frustrasiya və əsəb göstəriciləri olan bədən dili hərəkətləridir. Tez və ya qəfil nəfəs almaq gördüyü. Eşitdiyi bir şeyə heyran olmaq, hətta şok vəziyyətinə düşməyin göstəricisidir. Nəhayət, tam boy üzrə qamətli duruş, hakimiyyət və rəhbərlik niyyətindən xəbər verir”. "Bədən dili vasitəsi ilə insanların ötürdüyü siqnalları anlamaq – çox faydalı sosial səriştədir” –deyən A. Həsənov qeyd edib ki, bəziləri bu siqnalları intuitiv oxuyur, digərləri isə ümumiyyətlə, oxumurlar. Amma bunları təcrübə və diqqəti səfərbər etməklə öyrənmək olar: "Belə ki, işgüzar və şəxsiyyətlərarası münasibətlərin bilavasitə real forması məhz ünsiyyətdir. İstər işgüzar, istərsə də şəxsi həyatda ünsiyyət qurmaq bacarığı vacib elementdir. Məhz düzgün ünsiyyət qurmaq bacarığı müxtəlif xarakterli və düşüncəli insanların özünüifadə etməsini, özünütəqdim etməsini, biri-birini qəbul və dərk etməsini, habelə, birgə fəaliyyət qurmasını təmin edə bilər. Təbiidir ki, bədən dilini mükəmməl bilən insan bundan öz məqsədləri üçün istifadə edə bilər. Məsələn, müştəri və vətəndaş xidmətləri göstərilən yerlərdə əməkdaşlar müştərilərlə səmərəli ünsiyyət qurmaq üçün düzgün mimika və digər bədən dili elementlərindən istifadə etməlidirlər. Hər birimizin müəyyən zaman kəsiyində problemlərimiz ola bilər ki, bunlar da gərgin psixoloji durumla nəticələnə bilər. Amma bu o demək deyil ki, biz bu vəziyyətimizi ətrafdakı insanlara göstərib onların da emossional durumunu çətinləşdirməliyik. Məhz bədən dilindən düzgün istifadə etməklə ətrafımızdakı insanların gözündə daha yaxşı təəssürat yarada bilərik”. Psixoloq Fərqanə Mehmanqızı isə bədən dilindən danışdıqda bir çox şeyləri diqqətə almaq lazım olduğunu vurğulayıb. O, deyir ki, bədən dili psixologiyanın bir qolu olaraq özünü hər bir hadisədə göstərə bilir. Psixologiya elminin sirlərinə malik olmayan birinin sadəcə əzbər olaraq bədən dilini öyrənməsi səhv nəticələnə bilər: "Jestler insanın o ankı psixoloji durumundan, emosiya, həyəcan, sevinc, kədər qorxusundan geniş məlumat verə bilər. Lakin bunu da müəyyən qaydalara istinad edərək izləmək və nəticələrə gəlmək lazımdır. Ümumiyyətlə, insanın ruh halı, psixoloji durumu fiziki duruşuna sirayət etdiyindən psixologiya ilə əlaqəsini görmək çətin deyil. Bədən dili münasibətlərimizdə çox böyük rol oynayır. Bədən dilinin sayəsində qarşımızdakı şəxsin emosiyalarını, hisslərini asanliqla anlayıb, buna uyğun davranırıq. O anki psixoloji durum hadisəyə və ya şəxsə aid münasibət özünü bədən dilində jeslərlə aydın göstərə bilər. Bütün bunlara baxmayaraq, emosiyalarımızı, hiss həyacanlarımızı nəzarətdə saxlayıb, jestlərimizi məqsədyönlü idarə edə bilərik. Bu böyük iradə, səbr və adət halına gətirilə bilən təcrübə ilə olur. Bunun üçün hisslər ikinci plana keçməli məntiq düşüncədə əsas rol oynamalıdır”. F. Mehmanqızının sözlərinə görə, insanların adət halında işlətdiyi jestlər onların xarakterinə hoparaq, artıq şəxsiyyətindən xəbər verə bilir: "Məsələn, emosional insanların həyəcan zamanı əllərinin əsməsi, melonxoliklərin sanki donub, qalmağı kimi halları qeyd edə bilərik. Adətən pasientlər əvvəl utancaqlıqdan psixoloq qarşısında sıxılaraq əyləşir. Daha sonra isə relaks oturaq vəziyyət və güvəndiyini hiss etdirən jestlərlə danışmağa başlayır. Təbii ki, biz bu jestləri bildiyimizdən, nəzərə alıb, buna uyğun davranırıq. Hər şəxs özünü idarə etməyi öyrənməlidir. Bu xüsusi ilə ən emosional anlarda vacib hala çevrilir. Çünki jestlər onlar haqqında yalnış məlumat verə bilər. Jestlər danışarkən bizim fikirlərimizin təsdiqi üçün gərəklidir və qarşındakına təsir etmək imkanını artırır. Jestlər dünyada müxtəlif cür tərcümə oluna bilir. Bizim üçün "hər şey yaxşıdır” anlamını verən jest müəyyən ölkələrdə təhqir kimi qəbul edilir. Ona görə də jestlərin istisnaları duruma və şəxsə görə dəyişilir. Məsələn, insan yalan danışarkən tez-tez əlini burnuna aparır. Amma burada bir məsələ var. Bəzi insanların bu adətidir, danısarkən əlini burnuna toxundurur. Deməli, biz yalnış məlumat ala bilərik. Bunun kimi bir çox misallar gətirmək olar. Ona görə, hər kəs jestlərin psixoloji durumla uzlaşmasını bilmədən nəticəyə gələ bilməz”. Aysel Aslan

9 Fevral 2017 21:27

“Goldman Sachs”dan neft proqnozu:“ABŞ-ın şist neftini sürətlə bərpa etməsi ucuzlaşma riski yaradır”

ABŞ-da şist nefti hasilatının sürətli bərpa olunması WTI neftinə dair 2018-ci  il üçün proqnozlaşdırılan 55 dollarlıq qiymət təxmini üçün risk yaradır. Bu barədə dünyanın iri və nufuzulu investisiya banklarından olan “Goldman Sachs” Bankının analitikləri açıqlama verib. Bununla bərabər bank qlobal neft bazarının 2017-ci ilin ilk yarısında tələb təklifi üstələyəcəyi ilə bağlı proqnozundan imtina etməyib. “Goldman”ın analitiklərinə görə, ABŞ-da neft ehtiyatlarının son dövrdəki artımı qlobal neft tələbinin artması ilə əlaqədar olaraq bu ilin mart ayından dayanacaq. Bankın OPEC-in hasilatı azaltması nəticəsində qlobal neft bazarının bu ilin ilk yarısında tələbin təklifi üstələyəcəyi ilə bağlı fikrini dəyişmədiyini qeyd etməsindən sonra neftin qiyməti yüksəlib. Digər tərəfdən, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 13.8 milyon barel ilə tarixinin ikinci ən böyük artımını həyata keçirib. “Goldman”, OPEC və digər istehsalçıların hasilatı azaltmaları ilə yanaşı, mart ayından etibarən ABŞ ehtiyatlarındakı artımın dayanacağını, düşməyə başlayacağını və ölkənin xaricdən neft alışlarının zəifləyəcəyini qeyd edib. Yanvarın 1-dən qüvvəyə minən, OPEC və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa dair müqavilədən bəri neft qiymətləri 50 dolların üzərində qalır. Amerikalı istehsalçılar artan qiymətlərin üstünlüyündən istifadə etmək üçün istehsalı və qazılan quyuların sayını artıra bilərlər. "ABŞ neft bazalarında son dövrdə görülən artımlar, ehtiyatlarda mərhələli olaraq azaltması fikrimizi dəyişdirmədi. Çünki dünyanın digər hissəsi tələbin artdığı işarələri göstərir. İndiyə qədər öhdəlik götürülən istehsal azaldılmasına yüksək səviyyədə əməl edilməsi ilə, bazardakı vəziyyət mart ayından etibarən tərsinə dönəcək" – deyə “Goldman” analitikləri bildiriblər. Qərbi Texas Neft (WTI) Nymex birjasında 16 sent yüksələrək bareli 52.50 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 17 sent yüksələrək bareli 55.29 dollara çıxıb. Faktinfo.az  

9 Fevral 2017 11:45

Manatın bahalaşması üçün fundamental səbəb varmı? –İqtisadçıdan bədbin proqnoz

"Bu gün keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Nəticədə manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək". Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə ggörə, görünən odur ki, valyuta bazarındakı gərginlik əhaliyə keçib:"Banklara dollar borcu olanlar sevinir, dolları alıb yığanlar isə narahat olmağa başlayıb. Dolların bahalaşması necə narahatlıq yaradırsa, onun ucuzlaşması da eyni gərginlik yaradır". Axı nə baş verib ki, manat bahalaşır? Bəlkə ölkəyə dollar axını güclənib? Və ya idxal kəskin azalıb? Yaxud da hərraca çıxarılan dolların həcmi dəfələrlə artıb? Bu suallara aydınlıq gətirən Samir Əliyevin sözlərinə görə, təəssüf ki, bunların heç biri baş verməyib: "Ölkəyə dollar yenə də bir kanalla – Dövlət Neft Fondu vasitəsilə daxil olur. Hərraca çıxarılan dolların həcmində nəinki artım var, hətta azalma qeydə alınıb. Ötən il hərraca 50 milyon dollar çıxarıldığı halda indi 25-35 milyon dollar arasında dəyişir. İdxal cəmisi 7,6% azalıb. Hətta dövlət satınalmalarında 2018-ci ilə qədər idxal mallarının alışına qadağanın qoyulması idxalı əhəmiyyətli azalda bilməyib. İxrac 20%, qeyri-neft ixracı 28% azalıb. Neftin qiyməti isə il başlayandan 54-56 dollar arasında dəyişib. Yəni neft də bahalaşmayıb". Bəs onda manat niyə bahalaşır? Manatın bahalaşması üçün fundamental səbəb varmı? Samir Əliyev deyir ki, manatın möhkəmlənməsinin fundamental əsası yoxdur: "Manatın bahalaşması uzunmüddətli və dayanıq deyil. Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar: 1. Manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar. 2. Xarici borcların qaytarılması. Hər il olduğu kimi bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfdən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Məsələn, mətbuatda gedən məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard ABŞ dolları həcmində borcu öhdəsinə götürüb. Ancaq təxminən 1 milyard dollara yaxın borc isə büdcə vasitəsilə qaytarılacaq. Manatın ucuzlaşması həmin borcların qaytarlmasına çətinlik yaradır. 3. Büdcə xərclərinin azlığı. Bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur. Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki “makroiqtisadi sabitlik” pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır. Bir şey aydındır ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil. Gözlənilməz proseslər baş verməsə hökumət 2017-ci ildə manatın məzənnəsi rahatca idarə edə biləcək. Bu manatın möhkəmlənməsi anlamına və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir. Hökumət Neft Fondunun aktivləri hesabına tədiyyə balansındakı kəsiri örtə biləcək. Ancaq bir sıra amillər var ki, onların nəzərə alınması vacibdir: Kapital axının səviyyəsi, idxalın səviyyəsi, xarici ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və neftin qiyməti". İqtisadçı bildirir ki, üzən məzənnəyə keçiddə daim vurğuladığımız məqamlardan biri özünü artıq göstərir: "Manatın məzənnəsi qeyri-sabitliyi müşahidə edilir. Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir. İndiki zamanda vacib olanı manatın sabitliyidir. Çünki bütün qiymətlər 1.90 həddinə uyğunlaşıb. Manatın 1,80 və ya 1.70-ə yüksəlməsi qiymətləri ucuzlaşdırmayacaq. Əksinə sahibkarlıq üçün problemlər yaradacaq. Ona görə də Mərkəzi Bank məzənnəni real bazar dəyərini alana qədər tədricən ucuzlaşdırmalıdır. Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşajidə ediləcək".

7 Fevral 2017 16:23

Portuqaliya nəşri:“Avropanın əsas düşməni Putindir” – Təhlil

RF prezidenti Vladimir Putin və Macarıstan baş naziri Viktor Orban © RİA Novosti, Aleksey Drujinin   Aleşandre Omen Kriştu Observador (Portuqaliya), 06.02.2017   Donald Tramp (ABŞ), Marin Le Pen (Fransa), Aleksis Sipras (Yunanıstan), Gerta Vilders (Niderlandiya), Haynts-Kristian Ştraxe (Avstriya) və Viktor Orbanı (Macarıstan) birləşdirən nədir? Onların hamısı Vladimir Putinlə qoltuq-qoltuğa gəzir. Xeyr, bu, sui-qəsd nəzəriyyəsi deyil. Amerikanın yeni prezidentinin Rusiya hökmdarı ilə qurduğu özəl münasibətlər hamıya məlumdur və ciddi təşviş doğurur. Tramp çox yox, keçən bazar günü növbəti dəfə rusiyalı həmkarına məftunluğunu ifadə edib. Amma Putin Trampla kifayətlənmir. Unutmaq lazım deyil ki, Marin Le Pen öz prezident kampaniyası üçün milyonlarla maliyyəni Kremldən alır. Sipras ölkəsinin Avropa pullarından asılılığını aradan götürmək üçün Putinin simasında yeni sponsor qazanmağa cəhd edib. Orban keçən həftə Budapeştdə Putini qəbul edib və ona kompliment yağdırıb. Və yaxud seçkiöncəsi ilə baxmayaraq Niderlandiyada Putin və Vildersi əvvəlki tək möhkəm münasibət bağlayır. Avropalıların başı bu gün Donald Trampa o qədər qarışıb ki, Vladimir Putini yaddan çıxarıblar. Bu, fəlakətli səhv ola bilər. 2017-ci ilə Fransa, Almaniya və Niderlandiyada seçkilər planlaşdırılıb. Özü də Kreml bu şahmat lövhələrinin hamısında öz fiqurlarını yerbəyer edib. Bir tərəfdən sorğuların nəticələrinə görə öz ölkələrində liderlik edən populist namizdələr Marin Le Pen və Vildersi dəstəkləyir. Digər tərəfdən isə Almaniyada baş verənlər haqda sosial şəbəkələrdə yalan məlumatlar, məsələn, bir dəstə yerli müsəlman sakinin ölkənin ən qədim kilsəsinə od vurduğu haqda yalan məlumat yaymaqla Angela Merkelin mövqelərini zəiflətməkdən ötrü əlindən gələni edir. İllüziya bəsləməyinə dəyməz: Le Penin seçkilərdə qələbəsi və yaxud Angela Merkelin məğlubiyyəti Avropa Birliyi üçün məşum olacaq. Kremlin Trampın xeyrinə Amerikada prezident kampaniyasının nəticəsinə təsiri təsdiqlənən kimi Putinin bu il Avropa seçkilərinə müdaxilə təhlükəsini lazımınca dəyərləndirməmək hədsiz dərəcədə başısoyuqluq olardı. Bundan savayı, “havayı qəlyanaltı olmadığı” haqda qayda beynəlxalq siyasətdə də kara gəlir. Putinin “Milli Cəbhə”nin bank hesabına köçürdüyü milyonlarla avro təkcə ideoloji istiqamətlərlə bəraət qazanmır. Bütün dünya üzrə kommunizm ocaqlarını yemləyən keçmiş SSRİ-nin izlədiyi ideoloji maliyyələşmə məntiqi daha qüvvədə deyil. Putin Qərb qüvvələrinə inamı sarsıtmaq, onların güc və mənəvi nüfuzunu zəiflətməyə nail olmağa çalışır. Hansı məqsədlə? Öz coğrafi təsir zonasında yenidən möhkəmlənmək üçün. Qonşularını NATO zonasından uzaqlaşdırmaq üçün. Həmçinin öz qonşularının ondan asılılığını artırmaqdan yana Avropada siyasi və iqtisadi əməkdaşlığı zəiflətmək. Marin Le Penin Fransa prezidenti olarsa, Krımı Rusiya ərazisi kimi tanıyacağı haqda bəyanatı da təsadüfi deyil. Qarşımızda Avropa hakimiyyətinin fraqmentləşməsi və Rusiya hakimiyyətinin ardıcıl şəkildə etirafıdır. Bax, Putin öz vəsaitlərini buna yönəldir. Və buna görə də Putin, Le Pen və Siprası nəyin ayırdığı o qədər də önəmli deyil.Onları birləşdirən mətləb daha güclüdür. Onlar iqtisadi proteksionizmi kürəsəlləşmədən üstün tutur, liberalizmin Qərbdəki məğlubiyyətinə işarə edir, suverenliyin möhkəmləndirilməsinə çağırır və Avropa Birliyində siyasi inteqrasiyanın faydasını inkar edir, II dünya savaşından bəri dünya düzənini müəyyən edən NATO və digər beynəlxalq təşkilatları şübhə altına alırlar. Onların siyasi layihələri nə qədər müxtəlif olur-olsun (mahiyyətcə fərq o qədər də böyük deyil), onun gerçəkləşməyi üçün Avropa institutlarının zəifləməsi birinci şərtdir. Putin böyük maliyyə, texnoloji və siyasi resurslara malik olmaqla Avropa Birliyinə və onun dəyərlərinə müharibə elan etmiş bu azadlıq düşmənləri dəstəsinin başında durur. Üstəlik, onlar indi Donalda Trampın, dünyada ən nüfuzlu adamın sayğısına bel bağlaya bilərlər. Mənzərə kifayət qədər qorxunc görünür, yoxsa daha nəsə əlavə edək? Tramp avropalıların bu günki təşvişinin əsas səbəbi olub. Bu arada Putin Avropann gələcəyinin asılı olduğu bu taktiki oyunda üstünlük qazanır. O, sonda qələbəni car çəksə, övladlarımıza təhvil verəcəyimiz Avropa indikindən kəskin şəkildə fərqlənəcək: daha qapalı və yekcins, inkişaf və azadlıqda zəif olacaq. Vaxt var idi ki, bütün bunlar Kreml strateqlərinin cəfəng xülyasını xatırladırdı. Lakin 2017-ci ildə bütün bunların şahidi olmağa həmişəkindən daha yaxın olduğumuzu etiraf etməmək sərsəmlik olardı.  

7 Fevral 2017 14:41

“Araz Əlizadənin danışdığı nağıldır və gülüncdür” – Baş redaktordan CAVAB

Deputat Araz Əlizadənin Modern.az-a müsahibəsi cəmiyyətdə rezonans doğurub.   Araz Əlizadə müsahibədə “ Erməniləri bizim üstümüzə salan Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi” fikirlərini səsləndirib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı məsələ ilə bağlı Modern.az saytınadanışıb.   O bildirib ki, Araz Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı kitab oxumadığı təqdirdə, heç bir tarixi fakta söykənməyən fikirlər irəli sürüb.   “Çox təəssüf ki, bunu adi bir insan deyil, bir millət vəkili söyləyir. Milləti təmsil edən bir millət vəkilinin bir milləti təhqir etməyə, alçaldacaq ifadələr işlətməyə və tarixi təhrif etməyə ixtiyarı yoxdur. Tarixi hamı çox gözəl bilir. Və hesab edirəm ki, Azərbaycan parlamentinə seçilən deputatlar da Azərbaycanın dövlətçilik tarixini heç olmasa müəyyən mənada mənimsəmiş olsunlar. Azərbaycan Xalq Cümhuriyyəti dönəmi ilə bağlı kifayət qədər sənədlər faktlar var. O sənədlərin, faktların heç birinə istinadən olunmadan Osmanlının və müasir Türkiyənin addımları tənqid olunur. Araz Əlizadə deyir ki, Osmanlının etdiklərinə görə Türkiyəyə haqq qazandırmır. Bu iddiaların heç bir əsası yoxdur.   Araz Əlizadənin bu çıxışlarından təbii ki, ermənilər çox gözəl istifadə edəcək. Mən hesab edirəm ki, Araz Əlizadə heç sosial-demokrat deyil. Araz Əlizadə bilməlidir ki, Azərbaycanda olan sosial demokratlar Azərbaycanın müstəqilliyinin tərəfdarı olub. Heç vaxt Azərbaycanı Rusiyanın bir müstəmləkəsi kimi görmək istəməyib.  Çox təəssüf ki, Araz Əlizadə Azərbaycanı Rusiyanın bir müstəmləkəsi olaraq görmək istəyir.  Ammao bəyan edir ki, guya Rusiyapərəst deyil. Deyir ki, Rusiyanın mövqeyini müdafiə etmir. O deyir ki, Aərbaycanpərəstdir”.   Akif Aşırlı qeyd edib ki, Araz Əlizadə Batumi konfransından danışır. Və Batumi konfransı may ayının 11-dən iyun ayının 4-nə qədər davam edib.   “Orada Türkiyə hökumətinin rəhbərləri də, Osmanlı Türkiyəsinin hərbi heyəti və siyasi heyəti də təmsil olunub.  Osmanlı Türkiyəsi ermənilərə heç vaxt torpaq verməyib. 9000 kv.km  ərazini ermənilərə Türkiyə verməyib. Bu tarixi obyektiv bir səbəb idi. Səbəb də bundan ibarət idi ki, Qafqaz seymini təşkil edən 3 dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan - idi. Bunların hamısı bu ərazilərdə dövlətə sahib olmalı idilər.  Ermənistanın yaradılması labüd idi, bunun Türkiyə və Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə he çbir əlaqəsi yoxdur. Sadəcə ermənilərin iddialarına qarşı onlar mübarizə apardılar. “Tarixən erməniləri Azərbaycanın üzərinə türklər qaldırıb” kimi fikirlər isə gülüncdür”. 1905-ci ildə ermənilərin Bakıda, Tiflisdə, Azərbaycanın bölgələrində, ümumiyyətlə müsəlmanlara və azərbaycanlılara qarşı törətdiyi soyqırımı nə idi?! Bu zaman da Türkiyə erməniləri bizim üstümüzə qaldırmışdı?! Bu ermənilərin tarixən Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi faciələrdir. Bu faciəni törədənlər Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən Azərbaycana köçmüş ermənilər idi. Bu ermənilər zaman-zaman Azərbaycana, müsəlmanlara qarşı qərəzlə məşğul idi. Bu qərəzlərin nəticəsində Azərbaycana bu faciələri törətdi”. Baş redaktorun sözlərinə görə,  Araz Əlizadə Qafqaz İslam ordusunun komandanı Nuru Paşa ilə bağlı yanlış fikirlər səsləndirib. “Əvvəlcə həmin tarixi şəraiti bilmək lazımdır ki, Qafqaz İslam Ordusu necə formalaşdı.  Kim yardım etdi Türkiyəyə? 1918-ci ilin mart ayının 31-dən dən aprel ayının 2-nə qədər, 3 gün ərzində ermənilər 18000-ə yaxın müsəlmanı və azərbaycanlını qətl etmişdilər, 7 min insan Şamaxıda qətl edilmişdi.  Üzeyir bəy Hacıbəyli məqalələrindən birində bildirir ki, ermənilər Qafqazı qan hamamına çeviriblər. Məgər bunları türklər etmişdi?   Azərbaycanın istiqlaliyyətini, ərazi bütövlüyünü təmin etmək üçün hərbi qüvvəyə ehtiyacı var idi. Həmin dönəmi də Məhəmməd Əmin Rəsulzadə belə xarakterizə edir ki, Azərbaycanı bu vəziyyətdən qurtara biləcək yeganə qüvvə varsa o da Türkiyədir. Buna görə də Türkiyəyə müraciət edildi.  4 iyun dostluq müqaviləsinin 4-cü bəndinə əsasən, hüquqi baxımdan öz ərazi bütövlüyünü, təhlükəsizliyini, asayişi təmin etmək üçün Türkiyəyə müraciət etdi və hərbi yardım aldı. İlk dəfə Qafqaz İslam Ordusu 5500 nəfərlik heyətlə Azərbaycana gəldi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi.   İndi də Araz Əlizadə bir nağıl uydurur ki, Nuru Paşa Gəncədə oturmuşdu, Hacı Zeynalabdin Tağıyev faytonla qızıl göndərəndən sonra Bakıya doğru hərəkət etdi.  Bu iddialar çox gülməlidir. Araz Əlizadə əvvəlcə gedib Azərbaycan tarixini vərəqləsin, ondan sonra fikir söyləsin. Nuru paşanın Azərbaycan gəlməsi may ayının 25-də olub və gələndə xalqın böyük coşqusu ilə qarşılanıb. Qafqaz İslam Ordusunun ilk heyəti  iyun ayının 6 da Qazaxa gəldilər, 9-da isə Gəncəyə getdilər. Gəncədə əməliyyat keçirildi və ermənilər tərksilah olundu. Nuru paşa Gəncədə oturmayıb, qoşunu Göyçay istiqamətinə sövq elədi. Göyçayda bolşeviklərlə savaş apardılar və Azərbaycanın müstəqilliyi təmin olundu.   Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Tiflisdə istiqlaliyyətini bəyan edəndə paytaxtın Bakı olduğu elan edildi. Araz Əlizadə ağlına gələni danışır. Onun danışdığı nağıldır, məqsəd Türkiyəyə qarşı nifrət oyatmaqdı. Araz Əlizadənin çıxış etdiyi mövqe Rusiyanın mövqeyidir. O, 1918-ci ildəki bolşeviklərin mövqeyidir. Onun sosial demokrat ideyasına heç bir aidiyyəti yoxdur. Ən böyük sosial demokrat Nəriman Nərimanovdur, o Azərbaycanın müstəqilliyini axıra qədər müdafiə edib. Bu fikrinə görə, 1925-ci ildə Kremldə qətlə yetirilib.   Erməni milli şurası, Rusiya milli şurası, bolşeviklərin siyasi mövqeyi  necə idisə Araz Əlizadənin də fikirləri elədir”.  

3 Fevral 2017 19:26

ABŞ və İngiltərə qurmaq istədiyi yeni dünya düzənində Türkiyəyə özəl yer ayıracaq –Təhlil

1967-ci ildə Kiprə görə ABŞ və Türkiyə arasında fikir ayrılığı olarkən prezident Lindon Conson baş nazir İsmət İnönüyə məktub yazmış və hədə gəlmişdi ki, Türkiyə gəmilərinin adaya yaxlınlaşmasının qabağını alacaq. İnönü cavabında ABŞ prezidentinə bildirib ki, dünya dağılsa, “Türkiyə yeni dünyada özünə yer tapacaq”. Bu gün əlli il keçəndən sonra Donald Trampın Amerika prezidenti seçilməsi dünyanı həyəcanlanmağa məcbur edib, çünki ABŞ milli maraqlara söykənən yeni dünya düzəni yaratmağa cəhd edir. Bundan savayı, Böyük Britaniya Avropa Birliyini tərk etməyə hazırdır. Böyük Britaniya baş naziri Tereza Meyin Vaşinqtonda Trampla danışıqlardan sonra keçən istirahət günlərində Ankara səfər etməyi və Тürkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşməyi faktı təxmin verir ki, ABŞ və Böyük Britaniya yeni ittifaq hazırlayır və burada Türkiyə üçün də yer ayıra bilər. AB dağılır, NATO isə məchulluğa üzür, buna görə də ABŞ və Böyük Britaniya dünyada Türkiyə və Rusiyanın dünya səhnəsində açar oyunçular olacağı yeni düzən yaradır. Mey Türkiyə səfəri ilə diqqəti buna vurğulayıb ki, Böyük Britaniya Brexit-dən sonra kürəsəl açar oyunçu kimi qalacaq və etibarlı ticarət və müdafiə münasibətləri quracağı Türkiyə də daxil olmaqla gələcək tərəfdaşlarını seçəcək. Baş nazir Meyin səfəri zamanı Türkiyənin milli qırıcı layihəsinin (TF-X) inkişafı üçün Türkiyənin aerokosmik sənaye şirkəti (TAI) ilə Britaniya nəhəngi BAE Systemsşirkəti arasında çərçivə sazişi Türkiyə ilə Böyük Britaniya arasındakı münasibətlərin istiqamət və dərinliyinin dəqiq  göstəricisidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq dost və müttəfiqlər arasında ola biləcək ən incə və məxfi münasibətdir. Heç bir şübhə yoxdur ki, Türkiyə və Böyük Britaniya bunu Vaşinqtonun xeyir-duası ilə edir. Türkiyə özünün inzibati problemlərini qanunvericilik sisteminin dəyişdirilməsi və prezidentlik sisteminin qurulması yolu ilə həll edir və eyni zamanda bir tərəfdən Rusiya ilə etibarlı münasibətlər qurmaq və digər tərəfdən Qərb təmaslarını sıxlaşdırmaqla öz mövqelərini möhkəmləndirir. Bu bildirir ki, Türkiyə Tramp dönəmində Vaşinqtonla daha sıx əlaqələr qurmağa can atacaq. Yeni dünya düzəni doğulur. Bu, Türkiyənin növbəti dəfə açar oyunçu olduğu Yaxın Şərqdə köklü dəyişimləri ifadə edir. ABŞ və Böyük Britaniya istəyir ki, Yaxın Şərq kürdləri bu bərabərliyin tərkib hissəsi olsun və İraq, İran, Suriya və Türkiyədə təhlükəsiz sərhədlərdə yaşasınlar. Türkiyə də bunu istəyir. Ankara məhz buna görə İraqın şimalındakı Bərzani administrasiyası ilə bu cür isti münasibətlər qurub. Bununla belə, biz təhlükəsiz sərhədlər və kürdlər üçün Yaxın Şərqdə təhlükəsiz məskunlaşma mühitini ölkəni parçalayan və öz xalqına ziyan vuran terrorçuların separatçı hərəkatından ayırmalıyıq. PKK terror  təşkilatı Qərbdən bəzi dostlarımızın köməyi ilə, demək olar, 30 il müddətində separatçı fəaliyyət göstərir. Bu fəaliyyətin Türkiyə üçün bədəli çox böyük idi. PKK İraqın Sinjur əyalətində, həmçinin Suriyanın şimalında separatçı fəaliyyət göstərir. Buna dözüm göstərmək olmaz. Türkiyə məhz bu məsələdə yeni müttəfiqləri tərəfindən anlayışa səy edir.

3 Fevral 2017 16:19

Bir ayda 54 intihar: ziyalılar nə deyir

Azərbaycanda intihar edənlərin sayı barədə həyacanlı rəqəmlər açıqlanır. Təkcə 2017-ci ilin yanvar ayı ərzində respublika ərazisində 54 intihar hadisəsi və ya intihara cəhd baş verib. Həyatına qəsd edənlərdən 11 nəfəri sağ qalıb, 43 nəfəri isə dünyasını dəyişib. Bu dəhşətli statistika onu deyir ki, hər gün azı 1-2 nəfər özünü öldürmək üçün müxtəlif yollara əl atıb. İntihar edənlər müxtəlif yaş kateqoriyalarına aiddir, onların arasında 10-12 yaşında uşaqdan tutmuş 80 yaşlı qocaya qədər müxtəlif insanlara - məktəbliyə, tələbəyə, əsgərə, polisə, psixoloqa, müəllimə, pensiyaçıya rast gəlinir. Rəsmi statistikaya görə, ötən il intihar edənlərin sayı 500-dən çox olub. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 2016-cı ilin təkcə 9 ayı ərzində intiharla bağlı ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfər olub.2015-ci ildə isə özünəqəsdlə bağlı 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub. Bəs insanı həyatına qıymağa vadar edən nədir? Cəmiyyətdə gün-gündən artan suisidlərin qarşısını müəyyən qədər azaltmaq olmazmı? Son bir ayın statistikası həyəcan siqnalı deyilmi? İntiharların mümkün səbəblərinə gəldikdə isə bunlar müxtəlif olur: yoxsulluq, sosial-iqtisadi vəziyyətin çətinliyi, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, psixi xəstəliklər, ailədəki problemlər, sağalmaz xəstəliklərə yoluxma və sair. Bəzi ekspertlər hesab edirlər ki, intihar statistikasını azlatmaq üçün sadalanan problemləri həll etməklə yanaşı həm də psixi sağlamlıqla bağlı qanunun qəbuluna ehtiyac var. Yəni, cəmiyyət psixoloji istiqamətdə maarifləndirilməli, ailə quran gənclər psixoloji baxımdan da bir-birini tanımalıdırlar. Tibb Universitetinin dosenti Rəşid Mahmudov hesab edir ki, intiharların olmaması üçün düzgün cəmiyyət olmalı və yaxşı şərait olmalıdır. Ekspertinvirtualaz.org-a bildirdiyinə görə, psixoloji yardım institutları ilə bu problem aradan qaldırmaq mümkün deyil. “Hər ailədə bir problem var. Eləsi var ki, dolana bilməmək ucbatından intihar edir. Kişi, qadın münasibətlərinə görə intihar edənlər var. Uşaq var ki, ailəsindəki problemə dözmür özünü öldürür.Hər intihara bir səbəb olur. Psixoloji yardım institutnu düzəltməklə intiharları aradan qaldırmaq olmaz. Ailə heç bir qanunla idarə olunmur. Hər ailənin öz qibləsi var. Oxumaqla, qanunla ailə nizama salına bilməz. Bunun üçün cəmiyyətin fomalaşmalıdır, bəzi şeylərə qarşı qınağın olması lazımdır. Əgər cəmiyyət düzgün formalaşsa, onda intihar hallarının sayı da azalar”. Millət vəkili Elmira Axundova da intiharların sayının narahatedici həddə olmasını təsdiqləyir. Lakin dəfələrlə bununla bağlı mətbuatda çıxış etdiyini və Milli Məclisdə məsələ qaldırdığını deyən millət vəkilinin sözlərinə görə, intiharların yayılmasının qarşısını almaq üçün psixoloq institutunu gücləndirməyə ehtiyac var. “Bu rəqəm əlbəttə, narahatedicidir. Cəmiyətdə artan zorakılıq, psixoloji gərginlik, aqressivlik və bunun zəminində artan ölüm halları, suiqəsdlər var. Bunlar bir-biri ilə bağlıdır. Əsasən intihar edənlər cavanlardır. İntiharlar müxtəlif səbəblərlə bağlıdır, birinci amil həyatın çətinliyidir. Bütün terrorçu təşkilatlar əsasən gənc insanları təsir altına alır, üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici “boevik” və pozucu internet-saytların təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm kişiləri ağır cinayətlər törətməyə və intiharlara sövq edir. Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidir. Buna görə də, hər bir kənddə psixoloq və sosioloqlar ciddi işləməlidirlər. Azərbaycanda “Psixoloji yardım haqqında” qanun qəbul olunmalıdır”, - deyə millət vəkili bildirib. Millət vəkili hesab edir ki, bu qanunun qəbulundan sonra belə halların azalmasına nail olmaq mümkündür...

2 Fevral 2017 18:03

Elçin Şıxlinski:“Xəbər vermək istəməyən redaktorlar qəzeti, saytı bağlasın, başqa işlə məşğul olsun”

"Mənim də təklifim belədir ki, intihar halları ilə bağlı xəbərləri vermək istəməyən redaktorlar işlədikləri və ya işlətdikləri qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun". Bu sözləri Sherg.az-a bəzi baş redaktorun "İntihar hallarına dair xəbərlər mətbuatda dərc olunmasın" təklifinə münasibət bildirərkən "Ayna" – "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. O qeyd edib ki, hər hansı xoşagəlməz bir hadisə haqqında xəbəri verməməklə həmin problemi həll etmiş olmuruq: " Biz o xəbərləri verməsək belə, intihar halları yoxa çıxmayacaq. Ölkənin baş psixatrı, iqtisadçıları və idarəçiləri var. Onlar araşdırma aparsın. Lazımı bir qrup toplasınlar, həmin qrup da intihar hallarının səbəblərini araşdırsın. Hər bir intihar hadisəsindən sonra, bizim hüquq mühafizə orqanları o hadisənin səbəblərini araşdırır. İntihar həddinə çatdırma halları varsa, kimisə intihara həddinə çatdıran mühakimə olunur. O adamı tutub, araşdırma aparırlar və lazımı tədbirlər görürlər. Mənə elə gəlir ki, öncə insanları intihar həddinə çatdıran səbəbləri araşdırılmalıdır. O səbəbləri aradan qaldırmağa çalışmalıdırlar. Yoxsa, xəbər verməməklə bir şey alınmır. Jurnalistika xəbər verməklə məşğul olmalıdır. Böyük əksəriyyət sosial -iqtisadi çətinlikdən və bank kreditlərinin içərisində itib- batdığına görə, bu yola əl atır. Yəni pulsuz adamın psixikasında sapmalar əmələ gəlir. Mən bunu ilk baxışdan söyləyirəm. Amma bunun mütəxisləri olmalıdır. Onlar əsas səbəbləri tapmalı və aidiyyatı qurumlar da ona müvafiq işlər görməlidir". Qeyd edək ki, son günlər intihar hadisələri ilə bağlı xəbərlərin mətbuatda dərc olunmaması məsələsi gündəmə gəlib.

2 Fevral 2017 16:41