Prezident: Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik olmayıb

5 Yanvar 2017 23:46

Xəbər 46 dəfə oxunub

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibəti ilə təbrik edib.

Faktinfo.az -ın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

“Hörmətli həmvətənlər! Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapıb. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynayıb. Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmayıb.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Əziz dostlar! Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”.

Zeynəb Xanlarovadan müharibə çağırışı

Neçə illərdir Milli Məclisdə hamı çıxış edir. Özümüz deyib, özümüz eşidirik. Torpaqlarımız işğal edilib, şəhidlərimiz olub. Birdəfəlik müharibə edək. Onlar da qırılsın. Mən onu demək istəyirəm ki, bu danışıqlara qulaq asan, bu işlərə baxan, problemi həll edən yoxdur. Elə müharibə edib torpağımızı geri alaq. Öz torpağımızı alırıq da. Bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin sessiyasında çıxışı zamanı deyib. Z.Xanlarova qeyd edib ki, son 25 ildə kifayət qədər qədər şəhidlər vermişik: “Birdəfəlik ya ölüm, ya da qalım olsun. Nə ATƏT-ə, nə də filankəsə qulaq asıram. Mənim evimə giriblər. Mən heç kimin evinə girməmişəm. Amma hər şeyin bir həddi var. Həmişə sülh tərəfdarı olmuşam. 25 ildir burada danışırıq. Hər dəfə şəhid olanda elə bilirəm ki, balalarım ölür, ağlamağım gəlir, bağrım çatlayır. Biz haçana qədər dözməliyik? Onsuz da onlar müsəlmanın düşmənidir. Mənim müharibə etməyə gücüm çatar. Niyə onlardan xahiş edirəm ki, icazə verin, torpağımı geri qaytarsınlar? Niyə icazə istəməliyəm? Torpağımı alıb, mən də gedirəm torpağımı geri almağa. Xocalını geri qaytarmaq lazımdır. Ürəyimdən gələn sözləri deyirəm. Həmişə xaricə gedəndə öz disklərimin yerinə Xocalı soyqrımı ilə bağlı diskləri aparırdım. Allah erməniləri vurub. Vuruşmaq və torpaqları almaq lazımdır”.

24 Fevral 2017 14:47

Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub (FOTO)

Pakistanın “Election Times” qəzetində və elektron portalında “Xocalı soyqırımı və Dağlıq-Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə dərc olunub. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Xocalı soyqırımının XX əsrin ən qanlı və mənfur hadisələrindən biri olduğu qeyd olunur və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 yaşlı və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır. Müəllif həmçinin, cari il fevralın 20-də işğal olunmuş ərazilərdə keçirilmiş qeyri-qanuni referendumun Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pisləndiyini bildirir, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazinin adının dəyişdirilməsi cəhdinin Ermənistanın təxribatı olduğunu, bu ölkənin münaqişənin həllində maraqlı olmadığını və status-kvonu möhkəmləndirməyə çalışdığını vurğulayır. Eyni zamanda, BMT-nin qurumları tərəfindən Ermənistanın təcavüzünü pisləyən və işğalçı qoşunların Azərbaycan ərazilərini tərk etməsini tələb edən müvafiq qətnamələrin qəbul olunduğunu xatırladır. Məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən yenidənqurma işlərinə də toxunulur və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin həmin kəndi zayarət etdikləri qeyd olunur. Müəllif münaqişənin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin sülh prosesinə heç bir töhfə vermədiyini, bəzi hallarda isə əksinə prosesə zərər vurduğunu qeyd edir. O, ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın münaqişənin həllinə öz töhfəsini verə biləcəyini və bunun üçün Rusiya prezidenti ilə sıx işləməli olduğunu diqqətə çatdırır. Sonda, Pakistanın bu məsələdə Azərbaycana verdiyi dəstək və Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaması vurğulanır, bu yaxınlarda Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində bir daha tanıyan qətnamənin qəbul olunduğu nəzərə çatdırılır. (daha&helliip;)

21 Fevral 2017 22:23

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24