PYD-dən etiraf: “ABŞ bizə silah verir”

9 Yanvar 2017 19:33

Xəbər 29 dəfə oxunub

ABŞ Demokratik Suriya Qüvvələrinə hərbi yardım göstərir. ABŞ-la yaxşı əlaqələrimiz var.

Bu açıqlama ilə PYD-nin həmsədri Saleh Müslim çıxış edib.

Ankaranın ABŞ-ı YPG-yə dəstək verməkdə tənqid etməsindən danışan Müslim qeyd edib ki, İŞİD-ə qarşı ən təsirli mübarizəni YPG aparır:

“Demokratik Suriya Qüvvələri İŞİD ilə mübarizədə koalisiya qüvvələri ilə birgə hərəkət edir. Türkiyə koalisiya qüvvələrinin YPG ilə əlaqədə olmasını, onlara silah verməsini istəmir”.

Faktinfo.az

“Elmar Vəliyevin orta əsrlərdəki kimi “xərac” yığmasından cana doymuşuq”

Redaksiyamızın elektron poçtuna Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən şikayət daxil olub. Şikayət müəllifləri DİA.AZ-a yazırlar: "Artıq bir aya yaxındır ki, Hesablama Palatası Gəncə şəhər Səhiyyə İdarəsində yoxlamalar keçirir. Bu yoxlamaları bəhanə gətirərək Gəncə ş. İH-nin başçısı Elmar Vəliyev adəti üzrə, həmişə olduğu kimi Gəncə ş. səhiyyə müəssisələrindən haqq istəyir, Gəncədə fəaliyyət göstərən hər bir xəstəxana 30-70 min manat arasında Elmar Vəliyevə haqq verməlidir. Səbəb kimi də Hesablama Palatasını "razı salmaq üçün" Elmar Vəliyevin Palataya verəcəyi rüşvət göstərilir. Gəncə həkimləri olaraq biz bəyan edirik, bu yalandır! Artıq cana doymuşuq Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından!" Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bu hal Gəncədə mütəmadi təkrarlanır, həkimlərin şərəf və ləyaqəti təhqir olunur, Baş həkimlər hədələnir, etiraz etmək istəyən həkimlərə təzyiq olunur, ixtisarlar və həbslərlə qorxudulurlar. Səhiyyə müəssisələrinin işçiləri təzyiq altında, qorxudularaq onlardan külli miqdarda haqq yığılmasına cəlb olunurlar. Məlum səbəblərdən həkimlər təqibə məruz qalacaqlarından qorxurlar. Gəncədən yığılan pulların müqabilində Elmar Vəliyev Hacıkənd qəsəbəsində, Mixaylovka kəndində, Gəncə ş. 4 saylı orta məktəbin yanında və şəhərin digər yerlərində dəbdəbəli villalar, istirahət məkanları tikdirib. Mixaylovka kəndindəki villasında Elmar Vəliyevin cins itləri üçün ayrıca ev tikilib, yeraltı üzmə hovuzu inşa edilib. Vəliyevin "Lexus" markalı zirehli avtomobilinin qiyməti yarım milyon manatdan çoxdur. Gəncənin həkim kollektivi acınacaqlı haldadır, Elmar Vəliyevin Gəncə xəstəxanalarından yığdığı haqq həkimləri cana doydurub. Sosial vəziyyətin onsuz da ağır olduğu Gəncədə səhiyyə işçilərinin təhqir edilməsi və onların Elmar Vəliyev tərəfindən təzyiqə məruz qalması həkimlərin etiraz aksiyalarına başlamasına səbəb olacaq". Müraciət müəllifləri dia.az-a yolladıqları məktublarını belə bitirirlər: "Sizdən xahiş edirik, bu məsələni ictimailəşdirin, səsimizi eşitsinlər. Həkimlər bu məktubu təzyiqdən və hədələrdən bezərək yazıblar. Onsuz da həkim kimi kasıb həyatımızdan bezmişik, bu haqq yığımı da səbr kasamızı daşırdıb. Gəncə şəhər səhiyyəsinin acınacaqlı hala salınmasında məhz Elmar Vəliyevin "xidmətləri" xüsusi rol oynayıb. İmza: Alçaldılmış və təhqir edilmiş Gəncə ş. səhiyyə işçiləri"

24 Fevral 2017 12:14

“Odlar Yurdu” Universiteti bağlanır

Keçmiş biznesmen-deputat Əhməd Vəliyevin “imperiyası” süqut etməkdədir Faktinfo.az bildirir ki, Politika.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq millət vəkilinin rəhbəri olduğu “Muğanbank” və “Odlar Yurdu” universiteti yaxın gələcəkdə fəaliyyətini dayandıracaq. Ə.Vəliyev erasının bitdiyini iddia edən mənbə qeyd edir ki, ali məktəbin “Təfəkkür” universitetinin taleyini yaşayacağı, bankın da “Zamin bank”, “Bank Standart”ın aqibəti ilə üzləşəcəyi gözləntisi var. Məlumatlara görə, təhsil sektorunda gedən islahatlar və adı rüşvətə bulaşmış, karton diplom istehsal edən təhsil ocaqları qapadılır, devalvasiyadan çökən, kredit verməkdən başqa işi olmayan bankların lisenziyası ləğv olunur. Bu tendensiyanın davamı olaraq Ə.Vəliyevin biznes şəbəkəsi iflas edir. Sabiq millət vəkili Əhməd Vəliyevə bağlı olan təsisatların başı üzərini qara buludlar alıb. Əhməd Vəliyevin birbaşa nəzarətində olan "Odlar Yurdu" Universiteti və "Muğanbank" əvvəlki etimadını itirdiyindən ciddi risklərlə üz-üzədir. İndiki halda nə "Odlar Yurdu" Universitetinə, nə də "Muğanbank"a qarşı hansısa təzyiqlərin olduğunu iddia etmək doğru olmazdı. Adıçəkilən hər iki qurumda işlərin "axsaması" sadəcə olaraq Əhməd Vəliyevin adının arzuolunmaz olaylarda hallanmasıdır ki, bu da istər-istəməz həm "Odlar Yurdu" Universitetində, həm də "Muğanbank"da problemlərin yaranması ilə müşaiyyət olunur. Məlum "dollar ajiotajı" fonunda digər bankların fəaliyyətində də müəyyən problemlər yaranıb. Amma "Muğanbank"dakı problemlər miqyasına görə digərlərindən fərqlənir. İndi həm dollar ajiotajı, həm də bankın sahibi Əhməd Vəliyev haqda heç də xoş olmayan iddiaların səslənməsi "Muğanbank"a müştəri etimadını sıfıra endirib. Əhməd Vəliyevin formalaşan yeni parlamentdə təmsil olunmaması da etimadsızlıq mühitinin formalaşmasında böyük rol oynayıb". Adıçəkilən bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların "Muğanbank"dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Qeyd edək ki, səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.) Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, "Muğanbank" Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. Təbii olaraq, həm universitetin, həm bankın lisenziyasının ləğvi aktualdır. Faktinfo.az

23 Fevral 2017 15:20

Müstəqil Azərbaycan dövlətinin milli inkişaf strategiyası barədə tədqiqat

Bugünlərdə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin formalaşdırdığı milli inkişaf strategiyasının mahiyyətini və məramını açıqlayan, ulu öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dünyada “Azərbaycan modeli” kimi tanınan bu konseptual nəzəriyyənin müddəalarını uğurla gerçəkləşdirməsindən bəhs edən daha bir nəşr oxuculara təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyevin zəngin siyasi-nəzəri irsinin çağdaş oxuculara çatdırılması ilə bağlı səmərəli araşdırmalarını davam etdirən politoloq və iqtisadçı-ekspert Məhərrəm Məmmədov bundan əvvəl “Elm” nəşriyyatında Azərbaycan dilində nəşr olunmuş “III Respublika: milli inkişafın model və strategiyası” kitabına xarici oxucuların marağını nəzərə alaraq onun rus dilində variantını hazırlayıb nəfis şəkildə çap etdirmişdir. Yeni nəşrdə ulu öndərin dünya miqyasında maraq doğuran və yüksək dəyərləndirilən milli inkişaf modelinin praktik uğurlarının son mənzərəsi də əksini tapmışdır. Xatırladaq ki, bu dəyərli əsərin yüksək elmi-nəzəri mənbə kimi ərsəyə gəlməsində elmi redaktorlar – mərhum professor, Əməkdar elm xadimi Seyfəddin Qəndilov və Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, filologiya üzrə fəlsəfə doktoru Novruz Məmmədov üzərlərinə düşən yükü və məsuliyyəti yüksək peşəkarlıqla yerinə yetirmişlər. Milli Məclisin deputatları Aydın Mirzəzadə və Musa Quliyev də elmi məsləhətçi və rəyçi kimi müəllifə faydalı köməklərini göstərmişlər. Kitab-albomun buraxılışına məsul olan Prezident Administrasiyasının bölmə müdiri  Qafar Əliyev və tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva da nəşrin ən yüksək səviyyədə işıq üzü görməsini təmin etmişlər. Əsər rus dilinə “Bakinski raboçi” qəzetində Rəhim Babayev tərəfindən tərcümə olunmuşdur. Ölkəmizin milli inkişaf strategiyası barədə aktual tədqiqatına ulu öndər Heydər Əliyevin “Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir” və Prezident İlham Əliyevin “Azərbaycan siyasi və iqtisadi baxımdan güclü ölkə olmalıdır” deyimlərini epiqraf seçmiş müəllif tarixə Şərqdə ilk demokratik dövlət kimi daxil olmuş AXC-nin dirçəltdiyi çoxəsrlik dövlətçilik ənənəsinin yeni şəraitdə davam etdirilməsi və zənginləşdirilməsi ilə bağlı ümummilli liderin işləyib hazırladığı milli inkişaf modelinin qarşıya qoyduğu  təxirəsalınmaz vəzifələrin və dövlət başçısının son 14 ildə nail olduğu möhtəşəm qələbələrin geniş mənzərəsini elmi dövriyyəyə gətirmiş və sistemləşdirmişdir. Giriş sözündə Məhərrəm Məmmədov  mürəkkəb tarixi şəraitdə milli inkişaf kimi taleyüklü məsələdə nəinki yerli özünəməxsusluğun nəzərə alınması, hətta orijinal bir modelin yaradılmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunun onun öz xalqının maraqlarına dərindən bağlı olan həqiqi milli lider, qlobal miqyasda düşünməyi bacaran fenomenal siyasətçi  olmasından qaynaqlandığını söyləyir. Müəllif dünyada analoqu olmayan belə bir mükəmməl strategiyanın düzgünlüyünün həyatda ardıcıl təsdiqini tapmasını isə Prezident İlham Əliyevin ulu öndərin irsinə və idarəetmə məktəbinə mükəmməl yiyələnməsi ilə əlaqələndirir. Politoloq və iqtisadçı-ekspert irəli sürdüyü bu iki tezisini kitabın sonrakı bölmələrində Azərbaycanın çağdaş milli inkişafının əsas tendensiya və nəticələrindən alınmış arqumentlərlə sübuta yetirir. “Tərəqiyə doğru inkişaf: tarixi düşüncənin təcrübəsi” adlı birinci fəsildə müəllif müstəqil dövlətin milli inkişaf modelinin hazırlanmasında Azərbaycan dövlətçilik yaddaşının çar Rusiyası və sovet imperiyası dövründə yaşadılması və dirçəldilməsi təcrübəsinin lazımi səviyyədə nəzərə alındığı qənaətinə gəlir. “Azərbaycan özünəməxsusluğunun saxlanması problemi” başlıqlı ikinci fəsildə ulu öndərin yaratdığı milli inkişaf modelində bu amilin də tam nəzərə alındığı sübuta yetirilir. “İqtisadi tərəqqi və islahat strategiyası” adlı sonuncu fəsildə isə  ümummilli liderin öz modelini quruculuq müstəvisinə çıxarmaq üçün işləyib hazırladığı radikal islahatlar və sistemli icra proqramlarının mahiyyəti açıqlanır, irəli sürülən mülahizələr sonrakı dövrün uğurlu göstəriciləri ilə isbata yetirilir. Yekunda Məhərrəm Məmmədov ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının əsas parametrləri və yönləri barədə qənaətlərini ümumiləşdirir, bu modelin Azərbaycanın dövlət müstəqilliyinin nəzəri təminatı olduğunu bildirir,  ölkəmizi hərtərəfli inkişaf və əhatəli yeniləşmə yolu ilə irəli apardığını təsdiq edir. Kitabda müəllifin elmi-nəzəri açıqlamaları milli inkişaf strategiyasının uğurla gerçəkləşdirilməsi prosesinin illüstrativ görüntüləri kimi yaxın tariximizə daxil olmuş fotolarla müşayiət olunmuşdur. Tahir AYDINOĞLU, “Xalq qəzeti”

15 Fevral 2017 13:14

Nazirliyin idarə rəisi haqda ciddi iddia – “Mənə əxlaqsızlıq təklif edib”

Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova işdən çıxarıldığı üçün “Qafqazinfo”ya müraciət edib. Şikayətçi İdarə rəisi Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia edir: “11 il dövlət qulluğunda qanuni işçi kimi fəaliyyət göstərmişəm. Hacıqulu Sadıqov iyun ayında bizə yeni rəis təyin olunandan sonra 15-ə yaxın işçini qanunsuz şəkildə işdən çıxarıb. O, bir dəfə mənə də əxlaqsız bir təklif etdi. Təklifini qəbul etmədiyim təqdirdə işdən azad edəcəyini dedi. Qanuni dövlət qulluqçusu olduğumu və belə asanlıqla işdən azad olunmayacağımı bildirsəm də, dediyindən dönmədi. Oktyabr ayında mən xəstə olarkən bülletenim olduğu halda nazirliyə məktubla müraciət edib və ştatımı bağlatdırıb. Bu barədə mən də nazirə yazsam da, hər hansı bir cavab gəlməyib. Həmin şəxs heç dövlət qulluqçusu da deyil, adi latın əlifbasını da bilmir. Daha bilmirəm, hansı yolla o vəzifəyə qoyulub. Qanunsuz işdən çıxarılan əməkdaşlarımızdan Elxan Hüseynov da H. Sadıqovu məhkəməyə verib və hazırda proses gedir. Müxtəlif qurumlara, prezidentə belə məktub yazmışam. Mən öz haqqımın tapdanmasını istəmirəm”. Haqqında səsləndirilən iddialarla bağlı Dövlət Qaz Nəzarət İdarəsinin Rəisi Hacıqulu Sadıqovla əlaqə saxladıq. Deyilənləri təkzib edən rəis işdən çıxarılan əməkdaşın ona şər atdığını bildirib: “İşdən çıxan biri nə deməlidir? Şər atmalıdır da. 57 yaşım var, Ülkər mənim oğlum, qızım yaşındadır. Özü bu yolun yolçusudur deyə, bizə də şər atır. Hətta valideynləri ondan imtina edib. Tam qərəzli mövqedir. İxtisara düşüb, biz ona başqa bir iş təklif etdik, qəbul etmədi. Dünəndən bir neçə sayt bu haqda yazıb, ancaq biri zəng vurub mənim fikrimlə maraqlanmır. Yazıblar ki, latın əlifbasını bilmir, heç maraqlandılar ki, bilirəm ya yox? Bunların hamısı yalandır”.

15 Fevral 2017 12:46

SOCAR-ın “Qara Kassa”sı: Vitse-prezidentlərin prezidentlik İDDİASI…

Bir müddət əvvəl səhər saat 5 radələrində Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəzada daha 10 nəfər neftçinin taleyinə qaranlıq çökdü. Ötən il baş verən və 30-dan çox neftçinin öldüyü qəzanın bir ilin tamamından az keçməmiş daha 10 neftçi ailəsinə od düşdü. Və görünür, bu, elə belə də davam edəcək. O vaxta qədər ki, SOCAR rəhbərliyində Mikayıl İsmayılov, Xalik Məmmədov, Vaqif Əliyev, Samir Kərimov, Əliheydər Süleymanov kimi kadrlar, daha doğrusu, adları mətbuatda əməli iş sahibləri kimi yox, hansısa qalmaqallı hadisələrdə çəkilən yüksək vəzifə zəbt edən məmurlar var. Bəs görəsən, SOCAR-ın tabeliyində olan bütün bu platformalarda baş verən qəzaların məsuliyyətini kimlər daşıyır? Qəzalı olan və ölkədə ən kiçik hava hadisəsindən sonra uçub dağılan bu platformalarda işləyən neftçilərin həyatlarına kim cavabdehdir? SOCAR dövlətin iqtisadi lokomotivi olduğu halda, nədən bu qədər ailə gözüyaşlı qalır? "Bir insanın ölümü faciə, milyonların ölümü statistikadır" Bu ifadəni bilənlər bilir, bilməyənlərin nəzərinə çatdıraq ki, ifadə Stalinə məxsusdur. Amma Stalinin SOCAR-a aidiyyatı olmasa da, dediyi ifadənin bu qurumda işləyən vəzifə sahiblərinə aidiyyatı çoxdur. Bu şirkətdə çalışan və eləcə də dənizlərə qərq olan ötənilki və bu yaxınlarda baş vermiş hadisə qurbanlarının faciəsi ola bilsin ki, bu şəxslər üçün statistikadır, amma Xəzərdə batan və hələ də sağ qalıb-qalmamasından xəbər olmayan bu insanların ailələri üçün faciədir. Amma bu faciəni hamılıqla yaşasaq, nə dənizdə batan olar, nə də quruda SOCAR-dan giley-güzar edənlər... Oxucuların marağını nəzərə alıb, SOCAR-da yüksək vəzifə sahiblərinin nə işlə məşğul olduqlarını incələməyə çalışacağıq. Mikayıl İsmayılov "evlər kralı" imiş Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi "evlər kralı" olan məmurdan bəhs edib. Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Sirr deyil ki, bəzi məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Bəzi məmurların saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə vətəndaşlara satıb kapitallarını "yuyur" və həm də artırırlar. Ancaq indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə başlaması həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu da söyləyə bilərik. Bu baxımdan ölkədə peşəkar şəkildə kirayə biznesi ilə məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab etmək olar. Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə imkanları var. Ancaq sonradan məlum oldu ki, Sərdar Cəlaloğlunun "evlər kralı" adlandırdığı məmur Mikayıl İsmayılov imiş. SOCAR-ı kim idarə edir- Rövnəq Abdullayev, yoxsa Mikayıl İsmayılov? Vitse-prezidenti ARDNŞ-in əsas söz sahibinə çevirən amillər... Milyonlara sahib olan məmur bəzi yüksək nüfuzlu şəxslərin adından istifadə edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin Rövnəq Abdullayev tərəfindən deyil, məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib, onun sahibi olduğu geniş biznes şəbəkəsi haqda konkret faktlar ortalığa qoyulub. Amma ya zəlzələdən, ya da vəlvələdən ARDNŞ-də əsas söz sahibinə çevrilən, deyilənə görə, bir çox hallarda Rövnəq Abdullayevin belə tapşırıqlarına əhəmiyyət verməyən Mikayıl İsmayılova "gözün üstə qaşın var" deyən olmayıb. ARDNŞ-in əsas söz sahibinə çevrilən məmuru hərbi xidmətdə olmayıb? Məlumat üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Vitse-prezidentin "vikipediya"da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə olmadığı aydın olur. SOCAR-ın "Qara kassası" - Əliheydər Süleymanov və ya Mikayıl İsmayılovun ağır artilleriyası Miq.Az-a daxil olan şıkayət məktubunda ARDNŞ-nin Auidit Departamentinin rəisi Əliheydər Süleymanov adlı SOCAR yetkilisindən bəhs olunur. Redaksiyaya şikayət edən şəxs bildirir ki, SOCAR şirkətində hamının bildiyi, lakin heş kimin tədbir görə bilmədiyi bir problem var. Mikayıl İsmayılova güvənən və SOCAR-da "QARA KASSA" deyilən bir qeyri-qanuni qurum yaranıb. Şikayət məktubunda göstərilir ki, kassanın "sahibi"nin - gözəgörünməz adamın kim olduğu bilinməsə də, ideyanın müəllifi bilinir... və hətta "Qara kassa"nın kassiri də bilinir- Əliheydər Süleymanov. SOCAR-da çalışanlar Əliheydər Süleymanovu Mikayıl İsmayılovun sağ əli adlandırır. Və bu adam SOCAR-da bütün idarə-müəssisə rəhbərlərinə aylıq haqq qoyub. Şikayətçinin dediyinə görə, Əliheydər Süleymanov idarə və müəssisə rəhbərlərindən aldığı aylıq haqqı yuxarılara ötürürür...Və heç kim Mikayıl İsmayılovun qorxusundan bu adama gözün üstə qaşın var deyə bilmir...(Mikayıl İsmayılov - Əliheydər Süleymanov-"Qara-Kassa" mövzusunu yaxın günlərdə daha geniş işıqlandıracağıq) Vaqif Əliyev- Gülən təriqətinin "Dəmir Gümbəzi" Vaqif Əliyevin adı Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra PETKİM (SOCAR Türkiye) şirkətinə əməliyyatla yenidən gündəmə gəldi. Təmizləmə əməliyyatından sonra Vaqif Əliyev "SOCAR Türkiye”nin İdarə Heyətinin rəhbəri təyin olundu. Bu təyinatdan belə anlaşılır ki, V. Əliyevin FETÖ ilə heç bir əlaqəsi yoxdur və o, məhz FETÖ terror təşkilatının ələ keçirmək istədiyi şirkəti "xilas etmək” üçün gedir. Bu, "quzunu qurda tapşırmaq” misalının həyatda öz əksini tapması kimi bir şeydir. Çünki Vaqif Əliyev FETÖ-nün SOCAR-dakı türklər demiş, ən "has” adamlarından biridir. Bu ilin 27 avqust tarixində (artıq Türkiyədə FETÖ-nün çevriliş cəhdi baş vermişdi, PETKİM-də FETÖ əməliyyatı keçirilmişdi və Vaqif Əliyev bu şirkətin İdarə Heyətinə sədr göndərilmişdi-red) Türkiyənin "nabizhaber.com” saytında yayımlanan məqalədə Vaqif Əliyevin Fətullah Gülənin SOCAR-dakı əsas adamlarından biri olduğu qeyd olunur. Bu şəxs fətullahçıların SOCAR-da yerləşməsində mühüm rol oynayıb. Vaqif Əliyevin adı SOCAR-da FETÖ-ya bağlı olan Xaliq Məmmədov, Süleyman Qasımov, Samir Kərimli kimi şəxslərlə eyni sırada çəkilir. Azərbaycanda FETÖ-çüların təmizlənməsi Elnur Aslanovun timsalında ciddi şəkildə aparılıb. Lakin nədən SOCAR kimi dövlətin strateji strukturundakı gülənçilərə toxunulmur? Vaqif Əliyev niyə PETKİM-ə sədr göndərildi? Bu suallar cavabsız qalır. Lakin sonuncu suala cavab olaraq onu deyə bilərik ki, Pensilvaniyada əyləşən Gülənin adamı Vaqif Əliyevin mətbuatda yazılan qazandığı milyonlar Azərbaycan sərvətindən qazandıqlarıdır. Amma tək "SOCAR”-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”- nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin AKP höküməti tərəfindən "terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim olunması da bu dairənin fəaliyyətini dəfələrlə kiçiltmiş olardı. ”Paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran "SOCAR” –a da öz adamlarını yerləşdirmək təkcə Samir Kərimlinin işi olmayıb. Əslində "paralel dövlət” "SOCAR”-da "Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq kimi missiyalarını uğurla həyata keçirmək olub. Bu missiyanın başında duran, hətta "SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxs isə şirkətin insan qaynaqları departamentinin (kadr idarəsi) rəhbəri İlqar Mehmetoğlu idi. Hal-hazırda bu adam Türkiyə hüquq-mühafizə orqanları tərəfindən məlum çevriliş hadısələrinə görə istintaq altında saxlanılır. SOCAR mənsubları kimin və hansı "kompromat"larından qorxur? Miq.az-a daxil olan qeyri-rəsmi informasiyalara görə SOCAR-da xeyli gərginlik yaşanır. Hətta mətbuatda haqqlarında səsləndirilən tutarlı faktlara belə gülənçilər indinin özündə də bu ifadələri işlədir: Kim nə yazır yazsın, it hürər, karvan keçər” misalının da bu gərginlikdən qaynaqlandığına şübhə etmirik. Amma Fətullah Gülənin ən aparıcı adamlarından birini arxayın və güvəncli bir şəkildə dediyi ”onsuz da yuxarılar məni hansı faktlar olur-olsun ata bilməzlər” deyimində hansı hədənin dayandığını isə anlamaq çətin olmadığı qədər asan da deyil! Şəxsən Türkiyə prezidenti Ərdoğanın nəzarəti altında olan istintaq altında yatan həmin şəxslərdən biri ola bilsin o, hansısa sirləri, daha doğrusu, hansısa qlobal "maxinasiyaları” bildiyi üçün belə danışır, hətta yuxarılara ciddi bir ultimatım da mesaj etməkdən cəkinmir. Əhəmiyyətini itirməyən dosyelər - Milyonlar... villalar... Miq.az-ın bəzi araşdırmalarının hələ yekunlaşmayan nəticələrinə görə,  bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olan şəxlər nə vaxtsa bütün kartları açacaqlar. Bu işlərin kimin tapşırığı və şirkətin hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi nə bu gün, nə də ən yaxın gələcəkdə əhəmiyyətini itirməyən dosyelərdir. Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır. Bildirilir ki, Türkiyədə böyük investisiyaları olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var. Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfəri kimin maliyyələşdirdiyi barədə məlumat verməməsi olmuşdu. Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var. "Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda "Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir. S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verib, bununla da "paralel dövlət”ə maddi dəstək təmin edib. Fətullah Gülənin nəzarətində 50 milyard dollardan çox pul var Türkiyə Hökumətinin məlumatına görə, Fətullah Gülənin nəzarətində 50 milyard dollardan çox pul var. O pulun neçə milyardının Azərbaycanda qəfil peyda olan və qəfil tenderlərin qalibləri hesabına formalaşmasını dəqiq bilməsək də, yəqin ki, bu sahədə apardığımız araşdırmalar bir nəticə ortalığa çıxaracaq. Odur ki, Gülən təriqətinin SOCAR-dakı ağır artileriyaları olan Vaqif Əliyev, Samir Kərimov və Xalid Məmmədov kimi mühüm vəzifə sahiblərinin Gülən bağlantıları haqqında araşdırmalarımız davam edəcək (Miq.az).

10 Fevral 2017 13:42

Vidadi Zeynalovla Beytulla Hüseynov yenə sabiq naziri hədəfə gətirdi –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov nazirlik tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülən mülki iddiadan imtina edildiyini bildirib. Onun sözlərinə görə, təqsirləndirilən Emin Məmmədovun rəhbəri olduğu "Rabitə Mülki Tikinti” MMC və təqsirləndirilən Bayram Vəliyevin rəhbəri olduğu "Təmir Təchizat Servis"in vergi borcları yoxdur. Sonra prosesdə şahidlər ifadə verib. Həsən Orucov bildirib ki, 2004-cü ildən Ağstafa filialında rəis işləyib. O istintaqa verdiyi ifadəsini təsdiq edib. Vaqif Hacıyev isə deyib ki, tikinti şirkətinin rəhbəri olub. Onun sözlərinə görə, tenderlərdə qalib gəldikdən sonra ayrılan vəsaiti təqsirləndirilən Oktay Rüstəmova verib. O. Rüstəmov isə ondan pul almadığını deyib:"İndi şahid burada danışır, mən ad çəkmək istəmirəm. Bu şahidi 2007-ci ildən tanıyıram. Pulu kimə verib. Qoy desin". Təqsirləndirilən Vidadi Zeynalov isə deyib ki, şahid Vaqif Hacıyev nazirin göstərişi ilə tenderlerdə iştirak edib. Sonra hakim bildirib ki, bir neçə şahidlə bağlı məhkəməyə ərizə daxil olub. Həmin ərizədən məlum olub ki, şahidlərdən biri ölkədən qaçıb, buna səbəb həyat yoldaşı ilə boşanması və aliment ödəməməsidir. Digər şahidlərdən biri vəfat edib, bir neçəsi isə xəstələnib və bu səbəbdən prosesə gələ bilmirlər. Vidadi Zeynalov deyib ki, prosesdə daha ciddi məsələləri araşdırmaq lazımdır: "İttiham aktında çox qüsurlar var, həmin qüsurlu məsələləri araşdırmaq gərəkdir". Hakim isə Vidadi Zeynalova ifadə verməyi təklif edib. Vidadi Zeynalov deyib ki, işdə olan maliyyə məsələləri araşdırılandan sonra ifadə verəcək. Hakim bildirib ki, V. Zeynalov məhkəmədə ifadə verməkdən imtina etsə, onun ifadəsi elan oluna bilər. Daha sonra Beytulla Hüseynova yeni vəkil təyin olunduğu elan olunub. B. Hüseynov vəkilinin suallarını cavablandıraraq, bildirib ki, işlərin görülməsi üçün nazirin razılığı olub. Digər təqsirləndirilən Bayram Vəliyev bildirib ki, tenderlərdə iştirak etmək üçün rəsmi icazəsi olub. O qeyd edib ki, nəzərdə tutulan işlərin hamısı görülüb. Beytulla Hüseynovun vəkili təqsirləndirilən Bayram Vəliyevə görülən işlərdə qiymətlərin şişirdilməsi ilə bağlı suallar verib. Bayram Vəliyev qiymətlərin şişirdilməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Sonra şahid qismində Nürəddin Kərimov ifadə verərək deyib ki, Samux telefon qovşağının rəisi vəzifəsində çalışır. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. Proses fevralın 15-də davam etdiriləcək(APA). Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

8 Fevral 2017 13:16

Vidadi Zeynalov Əli Abbasovu tələb elədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, Bakı Rabitə Təmir Tikinti və Təmir Təchizat Servis MMC-lərinin direktoru Bayram Vəliyev, Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov və Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin gəlmədiyi elan olunub. Hakim bildirib ki, məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onlar telefon zənglərinə cavab verməyiblər. Təqsirləndirilən V.Zeynalov isə sabiq nazir Əli Abbasov məhkəməyə gəlməyənə qədər ifadə verməyəcəyini deyib. Proses fevralın 8-dək təxirə salınıb. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru C.Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, Bakı Rabitə Təmir Tikinti və Təmir Təchizat Servis MMC-lərinin direktoru B.Vəliyev, Optik Qurğular İdarəsinin rəisi N.Məmmədov və Aztelekom MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

3 Fevral 2017 11:49

Çanaqqala” restoranının sahibi “MTN işi” ilə bağlı ifadə verdi –General Mövlam Şıxəliyev məhkəmədən niyə qaçır?

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. "Report"un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsdən onun vəkillərindən biri olan Cahangir Cavadova etiraz edib-etməməsi ilə bağlı sual verilib. V.Ələkbərov vəkilinə etiraz etməyib. Zərərçəkmiş Nizami Kazımovun hüquqşünası isə qeyd edib ki, C.Cavadov təqsirləndirilən V.Ələkbərovu müdafiə edə bilməz. Onun sözlərinə görə, 2008-ci ildə N.Kazımov həbs olunan zaman C.Cavadov onun müdafiəçisi olub. N.Kazımovun özü də bu faktı təsdiqləyib. Hakim hazırkı mərhələdə C.Cavadovun məhkəmədə iştirak etmədyini söyləyib. V.Ələkbərov isə vəkilindən imtina etmədiyini qeyd edib. Hakim deyib ki, bu işə qanunla nəzərdə tutulmuş qaydada baxılır və obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılır: "Vəkilin prosesdə iştirak edib-etməməsinə, həmçinin təqsirləndirilən şəxsi müdafiə etməsi məsələsinə növbəti məhkəmə iclaslarında baxılacaq”. Daha sonra V.Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Vəsatət təmin edilməyib. Daha sonra məhkəmədə elan olunub ki, prosesə zərərçəkmiş N.Kazımovun epizodu üzrə adı keçən şahidlər gəlib: "Lakin bu iş üzrə adı keçən MTN-nin baş istintaq idarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyevin iki telefonundan heç birinə zəng çatmayıb, bu səbəbdən onun məhkəməyə gəlməsini müəyyən etmək mümkün olmayıb. Şahid, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə əlaqə saxlamışıq, o, məhkəməyə gəlməyəcəyini bildirib. Həbsdə olan Zal Yusifovun da məhkəməyə gətirilməsi mümkün olmayıb”. Prosesdə zərərçəkmiş N.Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov şahid qismində ifadə verib. O, N.Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olduğunu deyib: "Azərbaycana qayıdandan sonra Nizaminin həbs edildiyini eşitdim. Dedilər ki, banka pul qoyub, buna görə də həbs olunub. Əvvəl buna inanmadım, Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami həbsdən azad edilməsi üçün 2 milyon dollar istədiklərini dedi. Həmçin o, bankda pulu batdığını söylədi. Vüsal Ələkbərova isə ilkin olaraq 1 milyon dollar verildi. Pulu MTN-nin binasının yanına 4 nəfər apardıq. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan gördüm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi”. Bundan sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. T.Əbdülqasımovun sözlərinə görə, banka oğlunun adına 704 min avro qoylub: “1 milyon dolların toplanması üçün məndə 500 min dollara yaxın pul qoymuşam. 1 milyon dolları torplayaraq Vüsal Ələkbərova vermişik. Biz pulu aparanda oğlum Samir, sürücüm Vüqar və mühafizəçim Şahin də orada olub". T.Əbdülqasımov bildirib ki, V.Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər: "Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, bizi onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələdilər". Daha sonra N.Kazımovun kürəkəni Samir Nadirli şahid qismində dindirilib. O, ifadəsində “Texnikabank”a qoyulan depozit puldan, sonra N.Kazımovun həbs edilməsindən danışıb. Şahidin sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib. S.Nadirli həmin vəsaiti V.Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini təsdiqləyib. Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.

2 Fevral 2017 18:29

“Əli Abbasov onu Vidadi Zeynalovun yanına göndərib” – “Rabitə işi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Emil İbrahimov ifadəsində deyib ki, “Elor-İC” MMC-nin rəhbəri vəzifəsində çalışıb. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. İfadəyə əsasən, E. İbrahimov işlə bağlı nazir Əli Abbasovun qəbulunda olub. Nazir xahişə müsbət cavab verib və onu Vidadi Zeynalovun yanına göndərib. Vidadi Zeynalov isə ona deyib ki, nazirliyin qurumlarında aparılacaq təmir-tikinti işlərinin bir hissəsini ona həvalə edəcək. Bir müddət sonra İbrahimov “Azərpoçt” MMC-nin təmir-tikinti işlərinə nəzarət edən Abdulla Qeybullayevlə görüşüb və ona Göyçay Poçt Filialının 3 şöbə binasının tikilməsi tapşırılıb. Tikintilər üçün keçirilən “kodirovka” sorğusunda onun təşkilatı formal olaraq qalib elan edilib. İbrahimova şərt qoyulub ki, tikinti üçün ayrılan vəsaitdən ƏDV çıxılmaqla, ümumi məbləğin 35 faizini onlara nağd şəkildə verməlidir. O, da razılaşıb. Mirbaba Babayev Yasamal telefon qovşağının rəisi vəzifəsində işlədiyini deyib. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. İfadəyə əsasən, qovşaqda keçirilən kotirovka sorğuları formal xarakter daşıyıb və bu sorğularda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun özünə və tanışı Bayram Vəliyevə məxsus tikinti şirkətləri əvvəlcədən qalib elan olunub. Digər şahid Elman Səfərov bildirib ki, Yevlaxda poçt filialının müdiri vəzifəsində çalışıb. O da ibtidai istintaqa ifadəsini təsdiq edib. Şahid qismində ifadə verən Yasin Fərzəliyev isə qeyd edib ki, Nizami telefon qovşağının baş mühəndisi işləyib. O da ibtidai istintaqa ifadəsini təsdiq edib. Proses fevralın 3-də davam etdiriləcək. Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Faktinfo.az

1 Fevral 2017 13:34

“Azneft” İstehsalat Birliyində işçilərin vəzifə dərəcələri aşağı salınır – ŞİKAYƏT VAR

““Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərə tutduqları vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar ərizə yazdırırlar”. Bu haqda Modern.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. O deyib ki, işçiləri narahat edən dərəcələrin aşağı salınması ilə yanaşı, əmək haqlarının da azaldılmasıdır:“Məsələn, 5-ci dərəcəli çilingər 3-dərəcəyə keçirilməsi üçün ərizə yazır. Yaxud 12-ci dərəcəli mühəndisə 10-11-ci dərəcəyə keçirilməsi ilə əlaqədar ərizə yazdırılır”. “Azneft” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli Modern.az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, bu barədə qərar 1 yanvar 2015-ci il üçün verilib: “Lakin qərarın icrası 1 il müddətinə təxirə salınmışdı. Səbəb də müşahidələrin daha da genişləndirilməsi üçün idi. Əmrə əsasən, işçilərə fərdi keyfiyyətlərinə görə yeni dərəcələrin verilməsi nəzərdə tutulub”. V.Həsənli əmək haqlarının azaldılması məsələsinə də aydınlıq gətirib: “Yeni qaydaya görə, bəzi işçilərin dərəcəsi aşağı salınıb, bəzilərininki artırılıb. Əksəriyyət isə əvvəlki dərəcəsində saxlanılıb. SOCAR-ın əmrinə əsasən, əməyin ölçülməsi beynəlxalq standartlara uyğunlaşdırılır və yeni dərəcləndirilməyə keçilib. Dərəcələri azaldılanların yeni maaş sistemi, dərəcə maaşı və əvvəlki dərəcəsinin maaşı əlavə formasında veriləcək. Məsələn, işçinin əvvəlki dərəcəsi 12 idi, indi 10-a endirilib. Yeni maaşı 10-cu dərəcə ilə alacaq. Aradakı 2 dərəcə fərqi isə əlavə formasında ödəniləcək. Dərəcə artırılanların əmək haqları təbii olaraq artırılıb. Yəni, maaşların azaldılmasından söhbət getmir”.    

30 Yanvar 2017 17:17

“Dəyanət Rzayev öldürülüb…” – Şok iddia

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayevin özünü yaşadığı evdə kəmərlə asaraq, intihar etdiyi bildirilir. Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib. Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Yasamal rayon Prokurorluğunda isə faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər. Tanınmış psixoterapevt Elmir Əkbər isə fərqli düşünür. Elmir Əkbər Modern.az saytına açıqlamasında deyib ki, bu hadisədə intihardan söhbət belə, gedə bilməz. “Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra “o özünü yandırdı deməyiblər”,-deyə E. Əkbər bildirib. Psixoloqun sözlərinə görə, D. Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o, intihar etməyib. “Hadisə olan kimi, o dəqiqə onun intihar etdiyini söylədilər. Mən həkiməm, patoloji anatomiyanı da bilərəm, məhkəmə-tibbi ekspertiza haqqında da kifayət qədər məlumatlıyam. Rəy vermək üçün kifayət qədər vaxt lazımdır. Nə oldu, belə tezliklə hamı durub Dəyanətin özünü intihar etdiyi qənaətinə gəldi? Dəyanətin kolleqaları çıxıb dedilər ki, onlar Dəyanətin belə bir şey edə biləcəyini gözləyirdilər. Dəyanət heç zaman özünə qəsd etməzdi! Hələ psevdodindarlar da çıxıb deyir ki, intihar günahdır. Bunlar hamısı çox iyrənc və eybəcər söhbətlərdir”. E.Əkbər bildirib ki, mərhum həmkarı özü də inanclı bir insan olub. “Ən azından inancı imkan verməzdi ki, o, intihar etsin. Dəyanətin xətrini istəyənlər, ona həqiqətən də yaxın olanlarla söhbət etdim. Onlar belə deyir: “Dəyanətdən zəhləsi gedən, daim onun arxasınca danışanlar, ona şəbədə qoşanlar, indi özlərini elə göstərirlər ki, guya Dəyanətin xətrini istəyirlər. Onlar öz daxili problemlərini Dəyanətin üzərinə sirayət etdirmək istəyirlər. Bəli, Dəyanət boşanıb. O, başqalarından fərqli olaraq, yalançı, saxta ailə obrazını yaratmırdı. Bəli, Dəyanət belə ikiüzlülüklər etmirdi, necə var idisə, elə də görünürdü. Lakin bu, heç vaxt onun intiharına səbəb ola bilməz. Dəyanətin yeganə səhvi bu idi ki, o, vətəndaş mövqeyini sənətinin, peşəsinin dəyər və çərçivələrindən üstün tuturdu. O bəzi şeyləri insanlarla bölüşürdü, bu isə psixoloq üçün yolverilməzdir. Ancaq vətəndaş olaraq haqlı idi. O, hansısa cinayətlərdən, cinayətkarlardan danışırdı. Burada vətəndaş Dəyanət psixoloq Dəyanəti üstələyirdi. Onun belə mövqeyi öz başına cəncəl açdı. O, emosional idi, danışanda fikirləşmirdi ki, bunun qarşılığında ona nələrsə edə bilərlər. O, hansısa hadisənin cinayət olduğunu bilirdi və bunu açıq şəkildə deyirdi. Özü də qeyd edirdi ki, bu cinayət bəzən böyük adamlarla – ya məmur, ya da biznesmenlərlə - bağlıdır, bunu çox gözəl başa düşürdü. Həmişə başa salırdıq ki, belə şeylər lazım deyil. Deyirdik ki, özünü və yaxınlarını düşün. Lakin, o susmurdu, hər şeyi necə görürdüsə, elə də danışırdı, etiraz edirdi. Onda aşırı dərəcədə ədalət hissi var idi. Necə lazımdır, hər şeyi çılpaqlığı ilə deyirdi, tərs şilləni vurur”. Psixoterapevtin fikrincə, istintaq aparanlar, D.Rzayevlə bağlı bütün məsələləri araşdırmalıdırlar və ədalətli rəy verilməlidir. “Bu, dünyada psixoloqların, psixoterapevtlərin birinci qətli deyil ki! Qafqaz ölkəsiyik. Bir də görürsən ki, hansısa belisilahlılar gəlir və psixoloqdan soruşurlar ki, filan adamlarla münaqişələri var. Bildirirlər ki, psixoloqun da rəyini öyrənmək istəyirlər. Belə bir məqamda optimal mövqe tapıb vəziyyətdən çıxmaq çətindir. Bizim işin bir tərəfi də yaddan çıxarmayın ki, təhlükəli insanlarla da bağlı olur. Mənim yanıma terrorçu da gəlsə, ixtiyarım yoxdur ki, hüquq-mühafizə orqanlarına məlumat verim. Bu, peşə konfidensiallığıdır. Çalışmaq lazımdır ki, həm o potensial cinayətkarı cinayətdən uzaqlaşdıraq, həm də öz başımız ağrımasın. Bütün psixoloqlar belə məqamlarla rastlaşır. Bir insanı həyata bağlayan çox səbəb varsa, onun intiharından danışmaq yersizdir. Dəyanətdə bu səbəblər çox idi. Görün bizdə nə deyirlər? “Ay Dəyanət əvvəldən belə idi, ay elə idi”. Mən Dəyanəti 2007-ci ildən tanımışam. Dəyanət o zaman da danışırdı, şikayətlənirdi, etiraz edirdi. Amma bu, onun temperamentindən irəli gəlirdi. Buna görə, durub onun əvvəl də özünü öldürmək istəməsini demək yersizdir.. Əllərində Dəyanətin dediklərini bayraq ediblər və bu qənaətə gəlirlər ki, Dəyanət əvvəllər də intihara meylli idi. Bu, çox gülünc, absurd, qeyri-peşəkar yanaşmadır. Dəyanət bilirsiniz nə qədər adama çörək verirdi?! Sonra hamısı bir nəfər kimi Dəyanətə düşmən kəsildi, üzünə durdular. Çünki, hamısı saxtakar idi. Dəyanətin də onların saxtakarlıqlarından xəbəri var idi. Onlar Dəyanətin yanında gözü kölgəli idilər. İndi azadlığa çıxa bilərlər, artıq Dəyanət yoxdur”. E. Əkbər qeyd edib ki, psixoloqlar, psixoterapevtlər özləri hər il neçə dəfə şəxsi terapiyalarını keçirdir.   “Düzdür, psixoloq da insandır, onun da problemləri var. Amma bizdə bir qayda var ki, hər il şəxsi terapiyamızı keçiririk. Özü də bu, vacib qaydalardan biridir. İndi Dəyanət bunları bilmirdimi?! Ola bilərmi ki, Dəyanət bu testlərdən keçməsin?! Rəy yaratmağa çalışırlar ki, Dəyanət həqiqətən də intihar edib. Hələ bəziləri də durub deyir ki, intihar edənlərə cənnətdə yer yoxdur. Ayıb olsun! Dəyanət sağlığında çox savab işlər görüb. Düzdür, yanında xəstə mənəviyyatlı, zəhərli insanlar olub”.

26 Yanvar 2017 17:22

MTN-in həbsdə olan generalları ifadə verdilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general Sübahir Qurbanov şahid ifadəsi verib. O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovdan aylıq 50 min manat pul alması haqda deyilənlər yalandır: "Vidadi Zeynalov da istintaqda bu barədə danışıb. Amma mən pul ondan almamışam". Prokuror Fərid Nağıyev isə qeyd edib ki, S. Qurbanovun sürücüsü məhkəmədə hər ay nazirlikdən pul aldığını təsdiqləyib. S. Qurbanov buna cavab olaraq deyib ki, sürücüsünün Vidadi Zeynalovdan pul almasından da xəbərsizdir: "Bəzən Vidadi Zeynalova tədbirlərə görə hədiyyələrin alınması üçün müraciət etmişəm". Təqsirləndirilən Vidadi Zeynalov şahidin ifadəsinə münasibət bildirib: "Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Ona şəxsən pul verməmişəm, pulun ona çatacağını da bilməmişəm. Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Amma sürücünün kim olduğunu istintaqda üzləşmə zamanı tanımışam və Sübahir Qurbanovun sürücüsü olduğunu bilmişəm". Daha sonra hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev şahid kimi dindirilib. T. Quliyev də ifadəsində Vidadi Zeynalovdan aylıq 50 min manat alması haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib. V. Zeynalov T. Quliyevin ifadəsinə münasibət bildirib: "MTN-ə aylıq 50 min manat göndərmək rəhbərliyin göstərişi olub. Rəhbərlik deyib, mən də göndərmişəm. Dövlət əhəmiyyətli işlər üçün bu pul lazım olduğu deyilirdi. Mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə vermişəm. Nazirliyə göndərmişəm". T. Quliyev isə bildirib ki, Vidadi Zeynalovdan pul alsaydı, bunun üçün sürücü göndərməzdi: "Biz Vidadi Zeynalovla qonşuyuq. Lazım olsa, pulu özüm alardım. Sürücünü bu işə qoşmazdım". Sonra şahid qismində "Azərpoçt"un Azad Həmkarlar İttifaqının sədri Eldar Qasımov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib. Digər şahid Qurban Rüstəmov isə bildirib ki, Qəbələ telefon qovşağında mühasib işləyib. O, təqsirləndirilən Oqtay Rüstəmova pul verdiyini təsdiqləyib: "Amma pulun məbləği yadımda deyil". Təqsirləndirilən Oqtay Rüstəmov isə şahidi tanımadığını, ondan pul almadığını deyib. Proses yanvarın 27-də davam etdiriləcək. Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.   Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.  

25 Yanvar 2017 19:29

Göyçayda küçələr süpürülmür,zibil daşınmır-Fotolar

Göyçay rayon sakinləri tərəfindən Faktinfo.az-a  şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır: "Bu şikayət məktubunda yazıb sizə bildiririk ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin başı korrupsiya əmələrinə qarışdığından Göyçay şəhərinin küçələrini zibillik basıb.Buna görə Göyçay şəhəri zibilliyə qərq olub sakinlərin həyat və sağlamlıqları ciddi təhlükədədir.Antisanitariya baş alıb gedir.Azyaşlı uşaqlar zibillikdə oynayır, küçə itləri çoxalıb.Göyçay Kommnal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin saxtakarlığı ilə dövlət büdcəsidə talan edilir. Adı Göyçay rayon Kommunal Təsərrüfat İdarəsində gedən ancaq maaş kartları Loğman Əliyevin cibində olan 40 yaxın işçi var .Hər ay Göyçay rayon sakinlərindən hər evdən ayda zibil pulu adı ilə 1 manat pul yığılır ki, buda ayda 15.000 manatdan çox pul edir.Çünki Göyçay şəhərində 15-20 000 arası ev var". Daha sonra dia.az-a yazan göyçaylılar bildirir: "Loğman Əliyev həttda işə qəbul adı ilə Sevda adlı rayon sakinin sənədlərini alıb işçi kimi qəbul edib onun xəbəri olmadan maaşını özü alıb mənimsəyib.Həmin qadına isə bildirib ki, sizi işə götürmək mümkün olmadı.Bundan sonra həmin qadının ünvanlı sosial yardım almaq üçün sənədlərini "VEMTAS" sistemi ilə qəbul edirlər.3 ay sosial yardım alandan sonra müəyyən edilir ki, Sevda adlı qadının adı Göyçay rayon Kommunal Təsəsrrüfat İdarəsində işdə gedir və hər ay maaş alır.Bu məlumat "VEMTAS" sistemində əldə olunan kimi Sevda xanıma verilən sosial yardım dayandırılır. Sevda xanım Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin bu cinayət əməli barədə şikayət etsə də, heç bir tədbir görülmür.Çünki Loğman Əliyev belə cinayət əməllərindən sığortalanmağın mahir ustasıdır.O, dəfələrlə məhkum edilib.Həttda axrıncı dəfə 6 il müdətində azadlıqdan məhrum etmə cəzasına görə Ali Məhkəməyə 100.000 rüşvət verib bəraət alıb azadlığa çıxa bilmişdir.Fakt isə budur ki, cinayət əməlləri ilə məşğul olan Loğman Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində Göyçay şəhər küçələri zibilliyə qərq olub anitisanitariya baş alıb gedir.Loğman Əliyevin yeri Göyçay Kommunal Təsərrüfatı İdarəsi yox həbsxana olmalıdır".

24 Yanvar 2017 11:25