Qəbr yeri pullu olacaq

10 Yanvar 2017 10:31

Xəbər 55 dəfə oxunub

“Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alınıb və bütün məsələlər demək olar ki, həllini tapıb.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hazırda qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub: “Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, 2017-ci ildə qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Komitə sədri bildirib ki, yeni qanun layihəsinə əsasən, bütün məzarlar bərabər formada olacaq, heç bir məzar digərlərindən fərqlənməyəcək, bütün məzarlarda baş daşları, qəbirüstü daşlar eyni ölçüdə olacaq: “Yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşdiriləcək, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olacaq. Çünki elə xəstəliklər var ki, insan vəfat etdikdən sonra da qalır”.

Məzarların qiyməti məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, qiymətlər də hamı üçün eyni və ucuz olacaq:

“Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, vətəndaşlarımız bu cür problemlərlə rastlaşmasınlar”.

Səfər Mehdiyev dövlətə qarşı iqtisadi sabotajla məşğuldur

Kənd Təsərrüfatı Nazirliyinin iddialarına və İqtisadi İnkişaf Nazirliyinin müdaxilələrinə baxmayaraq bu gün ət bazarında ciddi böhran yaşanır. Bazarlarda qoyun ətinin ən ucuzu 11 manatdırsa, mal ətini 13 mantdan aşağı tapmaq olmur ki, bu da əslində süni bir prosesin təzahürü kimi görünməkdədir. Yenə də işbazlar ayaqdadır. DİA.AZ bildirir ki, əslində bazardakı bahalaşmanın arxasında konkret monopolistlər dayanır. Bu real faktdır və buna görə də yuxarıda adları çəkilən nazirliklərin müdaxilələrinin yetərsiz qalması da anlaşılandır. Qeyd edək ki, yerli KİV-də verilən məlumatlarda da net şəkildə göstəriləni Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması faktıdır. Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır. Hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu isə o deməkdir ki, əslində Səfər Mehdiyev və onun adamları rəsmən dövlətə qarşı iqtisadi sabotajla məşğuldur. Ən azından bayram ərəfəsi möhtəkirlik maraqlarının öndə dayanması birbaşa olaraq əhalinin daha kasıb hissəsinin durumunu ağırlaşdırdığından bu fakt gərəkən müdaxiləni tələb edir.

18 Mart 2017 14:47

Hesablama Palatası Ağcəbədidə korrupsiya faktları aşkarladı

Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2015-cı il – 1 oktyabr 2016-cı il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib. Audit olunan dövr ərzində şöbənin “Yığım” hesabının mədaxili 52 milyon 705 min 720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52 milyon 801 min 428 manat olub. Şöbədə 1 oktyabr 2016-cı il tarixə ümumilikdə 9649 sığortaolunanı əhatə edən 620 hüquqi şəxs, 7099 fiziki şəxs sığortaedən qismində qeydiyyatda olub. Onlardan da 251 hüquqi şəxs və 485 fiziki şəxs fəaliyyət göstərib. Audit olunan dövr ərzində şöbənin gəlirləri ümumilikdə 8767 min manat təşkil edib. Həmin vəsaitin də 8759,7 min manatı məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 4,3 min manatı penyalardan, 3 min manatı isə digər gəlirlərdən ibarət olub.  Araşdırma  zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub. Audit olunan dövr ərzində 1503 yeni pensiya təyinatı aparılıb, 11 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 32 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar Fondun digər şöbələrinə göndərilib, 824 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb. 109 pensiya işi isə beş illik  müddətin bitməsi ilə bağlı  uçotdan çıxarılıb. Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib. Bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb. Müvafiq məlumatlara əsasən 1 aprel 2015 ci il tarixdən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, 1 oktyabr 2016-cı il tarixə 1705 ÜSY işi üzrə ödənişlər davam edib. Qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb. Bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib. 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb. VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq 1 il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib. VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib. Həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eyniliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib. Aparılmış audit nəticəsində müəyyən edilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib. Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə müvafiq təqdimat Ağcabədi rayon şöbəsinə, Kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

10 Mart 2017 19:10

Ehtiyatlı olun,içməli suyun kimyəvi tərkibi normalara cavab vermir-Nazirlər Kabineti

Ötən il Azərbaycanda əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzrə monitorinq davam etdirilib. Faktinfo.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, respublikanın 56 şəhər və rayon mərkəzinin su təchizatı sistemlərindən götürülmüş 570 su nümunəsi müayinə olunub, onların 7 faizi bakterioloji, 2,4 faizi fiziki-kimyəvi göstəricilərinə görə normalara cavab verməyib. Həmin göstəricilər 2015-ci ildə müvafiq olaraq 15,7 faiz və 3,3 faiz təşkil edib. Kür və Ceyranbatan baş sutəmizləyici qurğularından 70 su nümunəsi müayinə olunub, onların bakterioloji göstəriciləri norma daxilində olub, 4,5 faizdə isə fiziki-kimyəvi göstəricilərinə görə normadan kənaraçıxma müşahidə olunub. Bakı şəhərinin mərkəzi su anbarlarından və nasos stansiyalarından götürülmüş 1269 su nümunəsinin 3,5 faizdə bakterioloji göstəricilərin, 0,6 faizdə fiziki-kimyəvi göstəricilərin normadan yüksək olması aşkar edilib(2015-ci ildə müvafiq olaraq 5,2 faiz və 1,4 faiz). Qeyd olunub ki, respublikanın sanitariya-epidemioloji xidmət tərəfindən hesabat ili ərzində 3 mindən çox yeyinti məhsulu orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji göstəricilərinə görə müayinə olunub. 141 məhsul nümunəsi mikrobioloji göstəricilərə görə normalara cavab verməyib. Bundan əlavə, radioloji göstəricilərinə görə 400-dən çox, toksikoloji göstəricilərinə görə isə 700-dən çox yeyinti məhsulu müayinə olunub.

6 Mart 2017 19:47

Mənzil başına, yoxsa ölümə aparan marşrut avtobusu?

Bəzən elə hadisələrlə qarşılaşırıq ki, kimin günahkar olduğunu ayırd etmək çətin olur. Ayrılıqda yanaşsaq, əslində, çoxları günahkardır. Lakin cəzaya gəldikdə isə yalnız bir nəfər çəkir həmin cəzanı. Yox, elə düşünməyin ki, sizə nağıl danışacam... Sizə öz gözümlə gördüyüm bir hadisəni danışmaq istəyirəm.Təsadüfənn şahidi olduğum bir hadisə.... Qobu qəsəbəsinə işləyən 567 saylı avtobusa sərnişin sıxlığından yaxın düşmək mümkün deyil. Avtobusda o qədər sərnişin var ki, bəziləri açıq qapıdan sallanıb gedirdilər. Yüksək sürətlə hərəkət edən avtobusun anı sərt hərəkəti həmin sərnişinlərin ölümü ilə nəticələnə bilərdi. Düşünəndə kimin günahkar olduğunu aydınlaşdırmaq çətindir. İlk növbədə öz həyatını riskə atan sərnişin günahkardır. Əgər o, öz həyatına məsuliyyətsiz yanaşırsa başqası onun həyatına cavabdehlik daşımalı deyil. Növbəti günahkar həmin avtobusu idarə edən sürücüdür. Sərnişin məsuliyyətsiz ola bilər, amma sürücü qanuna riayət etmiş olsaydı bu hal əsla yaşanmazdı. İndi isə keçək məsələnin əsl üzünə. Hadisənin ən birinci günahkarları aidiyyati orqanlardır. Əgər sözü gedən qəsəbəyə işləyən avtobusların sayı artırılsa, onların vaxt intervalında dəyişiklik edilsə, yaxud ən azından kiçik həcmli marşurt avtobusları daha böyükləri ilə əvəz edilsə, təbii ki, belə hallar yaşanmaz. İşdən yorğun halda çıxan sərnişin hansı şəraitdə olur olsun mənzil başına tez çatmaq məqsədini güdür. Sərnişinə məlumdur ki, əgər həmin marşurtu qaçırsa, ən azı 1 saat yeni avtobusun gəlməsini gözləməlidir. Onsuzda vaxtının çoxunu yolda itirən sərnişinə əlavə vaxt itkisi lazım deyil. Ona görə məcburən həyatını riskə atmış olsa da, öz seçimini edir. Çoxumuza məlumdur ki, əgər bir gün həmin problem ucbatından bədbəxt hadisə yaşansa, heç kim əsl günahkarı ittiham etməyəcək. Ən yaxşı halda avtobus sürücüsü işindən azad ediləcək, yaxud yüngül cəza alacaq. Amma məsələnin əsl səbəbi ilə maraqlanan olmayacaq. Ümid edirəm ki, bu dəfə problemi yox, onun səbəbini aradan qaldıracaqlar. Sirvan Hacıyeva Faktinfo.az

6 Mart 2017 15:57

Hava kəskin pisləşəcək- XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Faktinfo.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 %  təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

3 Mart 2017 13:31

Yod çatışmazlığından körpə lal, kar, kor da doğula bilər-Sos!!!

Faktinfo.az bildirir ki,tərkibində natrium xlorid, kalsium xlorid, maqneezium, kalsium sulfat, o cümlədən yodun miqdarı normadan aşağı olan duzdan istifadə insan orqanizmi üçün qorxulu fəsadlara yol açır. İlk əvvəl insan orqanizminin xarici təsirlərə qarşı immuniteti zəifləyir, sonrakı mərhələdə infeksiyalara, yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə qarşı qoruyucu sədd məhv olur. Duzun tərkibində yodun çatışmazlığı qalxanvari vəzin böyüməsinə, zob xəstəliklərinə səbəb olur, xərçəng xəstəliyinə tutulma riski artır. Uşaq və yeniyetmələrdə cırtdan boyluluq, fiziki inkişafdan geri qalma, əqli zəiflik kimi hallar  duzun tərkibində yod çatışmadıqda, normalara uyğun olmadıqda bu qabarıq şəkildə özünü göstərir. Hamilə qadınların bir neçə ay tərkibi normaya uyğun olmayan duzdan istifadəsi dölün ölü halda dünyaya gətirilməsinə belə səbəb ola bilər. Hətta dünyaya gətirilən körpənin lal, kar, kor da doğulması  mümkündür. Körpə uşaqların uzun müddət tərkibi normalara uyğun olmayan, tərkibində yodun qismən olduğu duzlardan istifadəsi göz zəifliyi, sonradan isə daxili və xarici çəpliyə səbəb olur. Elə bu səbəbdən duz alarkən diqqətli olun, sabahınıza biganə qalmayın, körpələrinizi riskə atmayın. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Faktinfo.az-a açıqlamasında bildirdi ki,2001-ci ildə qəbul edilən  "Yodun kütləvi profilaktikası haqqında"  qanunun 8.3 maddəsinə əsasən,tərkibində yod çatışmayan,normalara uyğun olmayan duzun istehsalı,satışı və istifadəsi qadağandır.Bu qəbildən olan duzların hətta heyvandarlıqda yem istehsalında işlədilməsi belə təhlükəlidir. Vaxtilə əhalinin 75%-i yod çatışmazlığından əziyyət çəkirdi.  Azərbaycan yod defisitli zonada yerləşir.Bu barədə Xarici alimlər ,Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətlə bağlı dəfələrlə həyəcan təbili çalıblar. Ekspert onu da qeyd etdi ki,bir müddət əvvəl 40 yaxın duz istehsalçısı vardı.Həmin sexlərdə  duz nəinki yodlaşdırılmır,hətta müxtəlif zərərli maddələrdən,o cumlədən ağır metallardan təmizlənmirdi.O zaman Azad İstehlakçılar Birliyi radikal mövqe tutaraq hökumət qarşısında məsələ qaldırdı.Nəticədə əhalinin sağlamlığına zərbə vuran  38 "müəssisə"bağlandı. 2011-ci ildə isə bu sahədə əsaslı dönüşə nail olmaq məqsədilə hökumət on milyon manat vəsait ayırdı, Azərbaycanda Duz zavodu açıldı.Bununla hesab etdik ki,məsələ həllini tapacaq,amma görünən odur ki,bu sahədə hələ də kifayət qədər problem var.Yenə də dəri aşılamaq,yola səpmək üçün nəzərdə tutulan duzlar qablaşdırılaraq bazara çıxarılır. Bu cür duzlar daha çox Ukraynanın "Aрtуеm соль"mal nişanı olan qutulara qablaşdırılaraq istehlakçılara satılır ki,bu da çox təhlükəlidir. E. Hüseynov bununla bağlı Daxili İşlər Nazirliyinə,Abşeron rayon Polis İdarəsinə,İqtisadi İnkişaf Nazirliyinə,Standartlaşdırma,Metreologiya və Patent Agentliyinə dəfələrlə müraciət etdiyini,lakin problemin öz həllini hələ də  tapmadığını vurğulayıb. Fuad İsgəndərov Faktinfo.az

2 Mart 2017 19:08

Vilyam Hacıyevdən prezidentə şikayət-Başçıya dur deyən yoxdur?

Hazırda İmişli rayonunun icra başçısı olan Vilyam Hacıyev və AZAL-ın prezidenti Cahangir Əsgərov əlbir olaraq, sahibkarı müflis edib. Bu barədə BakiPost.az-a sahibkar Niyaz Niyazov məlumat verib. O, şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyib: "1992-ci ilin noyabr ayında "Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə isə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun yaxınlığında olan Göygöl rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha torpaq sahəsi aldım. O zaman Göygöl rayonunun icra başçısı Pənah Məmmədov idi və torpağı götürməyimə o, sərəncam vermişdi. Tez bir zamanda həmin ərazidə ictimai-iaşə müəssisəsinin tikinti işlərini başlatdım. Tikinti işləri fasilə ilə getsə də, başa çatmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin "plana düşməsi” xəbərini aldım. 2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar”. Sahibkarın sözlərinə görə, Vilyam Hacıyev icra başçısı olduqdan sonra, onunla düşmən olub: "Əvvəllər Gəncə hava limanında bizim tabeliyimizdə çalışarkən mənim ona heç bir pisliyim keçməyib. Onunla insani münasibətimiz tam normal olub. Nədənsə, Gəncə hava limanından uzaqlaşıb Göygöl rayonuna icra başçısı olan kimi mənim sahibkarı olduğum "Gül-Gün" müəssisəsinə düşmən kəsildi. 2004-2006-cı illərdə Göygöl rayonuna başçılıq edən Vilyam Hacıyev əlində heç bir əsası olmadan başdan-ayağa yalan, iftira ilə məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. O, bu məktubu ilə "Gül-Gün" sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu. Onun yazdığı məktublar hüquqi cəhətdən tam qanunsuzdur. Sənədlərimin hamısı tam qaydasındadır. İcra başçısı özünün verdiyi sərəncamın sonradan saxta olduğunu deyir”. Sahibkar qeyd edib ki, Vilyam Hacıyevin bu məktubu əsasında "Azərbaycan Hava Yolları”nın rəhbərliyi ona dövlətdən kompensasiya almağına imkan verməyib: "Mənə cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışsam da, buna imkan vermədilər. İmkan vermədilər ki, deyim, ay qardaş indi "saxta” adlandırılan, "qaydasında olmayan” həmin sənədləri elə o məktubu yazan icra başçısı verib mənə. Əgər o saxtadırsa, bu, mənim günahım deyil, axı. Səsimi eşidən olmadı və bununla da Cahangir Əsgərov və Vilyam Hacıyev mənim hüquqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurdular. Yalan məktublar əsasında müflis etdilər. Ailəmin maddi durumu hazırda ən kritik həddə çatıb”. Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciətlər edir, lakin nəticə əldə edə bilmir: "Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var. Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur. Çünki kompensasiya almaq üçün rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini dəyər-dəyməzə satmağa məcbur qaldım. Hazırda da fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər”. Məsələ ilə bağlı hazırda İmişli rayon İcra Hakimiyyətinə rəhbərlik edən Vilyam Hacıyevin mövqeyini öyrənmək istəsək də, zənglərimizə cavab vermədi. Qeyd edək ki, Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı olub. 2012-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə İmişli rayonuna rəhbər təyin edilib. Onu da bildirək ki, Niyaz Niyazovun bu problemi, dəfələrlə ictimailəşdirib, amma heç bir nəticə yoxdur. Niyaz Niyazov

23 Fevral 2017 17:16

‘Nisyə alıcıların sayı iki dəfə artıb’ – Bazarda real mənzərə

Astaranın mərkəzi bazarında əvvəlki qələbəlik yoxdur. Bazarda alıcıdan daha çox satıcı gözə dəyir. Elə satıcı var ki, yoldan keçənin də qarşısını kəsir, malını təklif edir... Kənd təsərrüfatı məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan bir sahibkar deyir ki, adamların alıcılıq qabiliyyəti aşağı düşüb: «Kartof İranındır. Yerli məhsul daha gətirilmir. Bir kiloqramı 70 qəpiyədir. Arpanın bir kiloqramı 42, buğda isə 40 qəpiyədir. Arpa yoxdur. Dedilər Rusiyadan gələcək, hələ ki, yoxdur. Kəpək ötən ilə nisbətən bahadır, kisəsi 5 manata. İçində 20 kiloqram kəpək var. Qoz, fındıq özümüzündür, kilosu 7 manatadır. Kələm, çuğundur, yerkökü müxtəlif rayonlardan gətirilir. Almanın qiyməti bir qədər qalxıb - 20-30 qəpik. Kələm ötən ilə nisbətən bahadır, kilosu 1 manatadır. Ötən ilə nisbətən qazanc azdır...». O deyir ki, soğanın qiyməti dəyişməyib: «Soğanın bir kisəsi 5 manatdır. Kisədə 35 kiloqram soğan var. Bu məhsulu Ağdamdan gətirirlər. Soğanı gətirən adam şikayət edirdi ki, yolpulunu belə çıxarda bilmir. Soğanı xaricə buraxmadılar, bu məhsulu əkənlərin beli qırıldı. Bu il çətin ki, bu qədər soğan əksinlər. Bu ilin sonunda soğanın qiyməti kəlləçarxa çıxacaq». Alıcılardan biri deyir ki, göyərti istəyir, gücü buna çatır: «Yaşım 70-i ötüb. Həyat yoldaşımla yaşayıram. İkimiz də pensiya alırıq. İşığı, qazı bahalaşdırdılar, pulun yarısı ora gedir. Yaşlı adamlarıq. Bizə istilik yemək qədər vacibdir. Gecə-gündüz soba yanır. Dərman alırıq. Bir övladımız Rusiyadadır. O olmasa, vəziyyətimiz daha da pis olar. Yediyimiz elə şorbadır. Tərəvəz tökürəm üstünə, bir təhər dolanırıq. Əsas odur ki, sakitlik olsun...». Akif adlı satıcı deyir ki, əvvəlki qazancı yoxdur: «Nə qazanc? Rəhmətliyin oğlu, söhbət çörəkpulundan gedir. İşsizlikdəndir. İş olsa, gedib işləyərəm də. 6-7 saat ayaq üstə, soyuq havada, adam istəyərəm dözsün». Bunu isə qəssab deyir. Onun deməsinə görə, ətlik mal-qaranın da sayı azalıb: «Ötən ilin payızında xəstəlikdən xeyli mal-qara öldü. Ətlik maldan ötrü dağa qalxıram, 24 kilometr yol gedirəm, Sım kəndinə. Orda da mal-qara azalıb. Bazarda 7 yerdə ət satırdılar, indi 4-ü qalıb. Ət alan da azdır. 200 qram ət alırlar. İlin bu vaxtları balıq ovu aktivləşir. Balıq olur, ətdən də ucuz. Toyuq əti də ətdən ucuzdur». Supermarketlərdə vəziyyət bir qədər fərqlidir. Burda satılan istehlak malların çoxu xaricdən gətirilib. Ona görə də qiymətlər daim yüksələn xətlə dəyişir. Mağaza sahibinin deməsinə görə, qiymət artımına öyrəşiblər: «Şəkər, qənd özümüzündür. Qəndin bir kiloqramı 1 manat 90 qəpik, şəkər tozu isə 1 manat 30 qəpiyə satılır. Quş əti 4 manat 30 qəpiyədir, 5 manata gətirmişdilər, götürmədim. Yağlar hər ay 5-10 faiz qalxır. Bu ayda ən çox düyü qalxıb, 5 kiloqramlıq düyü 15 manat 50 qəpik olub. Əvvəllər 11 manata idi. 50 kiloqramlıq un 28 manatdır. Nisyə alıcıların sayı iki dəfə artıb. İndi çörəyi də nisyə alırlar. Əvvəllər belə şey yox idi. İndi mağazaya gələnlər uzaqbaşı 4-5 manat xərc çəkirlər, o da zəruri ərzaq məhsulları alırlar. Çox çətindir. Dərdini kimə deyəsən?». Astara rayonunun Ərçivan kənd sakini, işadamı Fayıq Cəfərzadə isə deyir ki, ticarət obyektləri bağlanır: «İki mağazanı bağladım. Xərci qazancından çox çıxırdı. Gündə ərzaq məhsulların qiyməti dəyişir. Bezdim. Bu qovhaqovda monopolistlər qazanır. Halalıq itib. İndi çəltik əkini ilə məşğulam. Obyektlərimi icarəyə vermək istəyirəm». Cəlilabad rayon sakini, iqtisadçı Əlipənah Rzalı istehlak mallarının qiymətlərin dəyişməsini təbii sayır: «İdxaldan asılıyıq. Xaricdən gələn məhsullar dollarla alınır, dollar da manata nisbətən bahalaşır. İstehlak məhsullarının çoxu xaricdən dollarla alınır, ölkədə isə manatla satılır. Bu nisbətə görə xaricdən gələn malların qiyməti dəyişir». İqtisadçının dediyinə görə, bahalaşma kənd təsərrüfatına da təsir edəcək: «Toxumluq kartofu Rusiyadan gətirirlər. Rusiya kartofu manatla satmaz ki? Eşitdiyimə görə, Astarda toxumluq çəltiyi İrandan gətirirlər. Yəqin ki, İran da bu toxumluğu dollarla satar. Bu baxımdan, alınan toxumlar baha başa gələcək. Hər kəs üçün əlçatan olmayacaq. Bahalaşma üzü yuxarı gedir...».

17 Fevral 2017 12:58