Rektordan sərt qərar –Universitetdə 6 prorektor və 20-dək əməkdaş işdən azad olundu

16 Dekabr 2016 14:15

Xəbər 65 dəfə oxunub

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub.

Bu barədə açıqlama verən universitetin rektoru Havar Məmmədov deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar.H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var. İki nəfərin ixtisara düşdüyünü deyən H. Məmmədovun sözlərinə görə, universitetdə struktur dəyişiklikləri də edilib:

“Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”.

Rektor vurğulayıb ki, mövcud nizamnaməyə əsasən, bakalavr təhsili alan tələbələr universitetdə yalnız köməkçi heyətdə-laborant, baş laborant, mühəndis və digər işlərdə çalışa bilər, müəllim kimi dərs deyə bilməz. Amma Qafqaz Universitetində bakalavr təhsili alan gənclər müəllim kimi işə götürülüb və bu gün onların sayı 30 nəfərə yaxındır:

“Həmin gənclərlə mütəmadi görüşlər keçirilir, vəziyyət izah edilir. Onlardan 13-ü universitetdə fəaliyyət göstərməklə yanaşı, magistratura pilləsində təhsil alır. Bu günə kimi həmin müəllimlərin heç biri işdən çıxarılmayıb və Yeni ildə də onların işdən çıxarılması nəzərdə tutulmur, sadəcə universitet daxilində təhsillərinə uyğun şərait yaradılacaq”.

H. Məmmədov ali məktəbin yataqxanalarındakı vəziyyətlə bağlı bildirib ki, 200-ə yaxın tələbənin qaldığı 2 yataqxanada (qızlar və oğlanlar üçün ayrı) bütün lazımi şərait yaradılıb, onlar gündə 3 dəfə yeməklə təmin olunurlar. Universitetin əlavə yataqxanasının tikilməsi gündəmdə deyil:

“Gələcəkdə yeni yataqxananın tikintisi nəzərdə tutulur. Amma bu gün gündəmdə ali məktəb üçün əlavə tədris korpusunun tikilməsi var. Keçmiş rəhbərlik bu işə başlasa da, yarımçıq qalıb. 2017-ci ildə yeni korpusun tikintisi davam etdiriləcək”.

APA

ATU-da Qiyabiçi tələbələri rektorun “ovçuları kəməndə salır”

"Özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da, gələcəyimizə zərbə vurmaqdadırlar” "Qiyabiçi tələbələri rektorun "ovçuları kəməndə salır”” II müsahibə Bəs, ATU-ya Fətullah Gülən məktəblərindən gətirilmiş digər kadrlar özlərini nə dərəcədə doğruldur? İl yarım ərzində universitetə gətirilmiş "kadrların” cəmi 3-nün elmi dərəcəsi var. V.İsmayılov haqqında yuxarıda qeyd etdim. İkinci "görkəmli alim ” elmi işlər üzrə prorektor Səbuhi Yusifovdur. O, 2000-ci ildə Qafqaz Universitetində "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalvr, 2002-ci ildə isə orada həmin ixtisas üzrə magistr dərəcəsi alıb. Baxın, yenə birdən-birə heç aidiyyatı olmayan ixtisasdan "Yerli idarəetmə mühitinin yaxşılaşdırılmasının iqtisadi məsələləri” mövzusunda "dissertasiya müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur”. Onun dissertasiya işi hələ araşdırılır. "Dövlət və bələdiyyə idaretməsi” ixtisası üzrə təhsil alan birisinin V.İsmayılov kimi bilmədiyi iqtisadiyyat sahəsinə aid ixtisasdan minimum imtahanını sərbəst verməsi və olmayan biliklə dissertasiya yazması gülüncdür. Elə o səbəbdəndir ki, Səbuhi "abi” də iqtisadiyyat kafedrasında işləməyi tərcih etmir. ATU-da Qafqaz Universitetində aldığı ixtisas üzrə dərs deyib, "alimlik” edə bilmədiyi bələdiyyəçi kimi başını girləyir. S.Yusifov Qafqaz Universitetində nurçu kimi tam yetişmiş "kadrdır”. Onun Ağdaş türk liseyində işləyərkən qazandığı "abi” titulu universitetdə yüksək vəzifə tutmasında önəmli rol oynayıb. Onun yazdığı dissertasiya da V.İsmayılovun işi kimi suallarla doludur. Universitetdəki elmi prorektor kimi fəaliyyəti "Müştəriyə yönəlmə proqramı”na qoşulan mütəxəssislərlə toplantı keçirməkdən ibarətdir. Təsəvvür edin ATU-ya gələndən boş vədlərlə özlərinə 2000-3000 manat maaş yazdıran "görkəmli alimlər” hələ universitetə bir manat belə xeyir verməyiblər. Onlardan olan üçüncü "alim” Hüseyn Azərdir. Onun bakalvr təhsili "Dövlət və bələdiyyə idaredilməsi”, magistr təhsili isə "Gömrük işi” ixtisasıdır. Onun da "yazdırdığı dissertasiya işi” o biri nurçular kimi başqa sahədəndir. O, "Mərkəzləşdirilmiş yem sexi üçün tamrasionlu yem qarşığı texnoloji xəttinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin Gəncədə sifariş etdirmiş və "Kənd təsərrüfatının mexanikləşdirilməsinin texnologiya və vasitələri ” ixtisasına aiddir. Bu başabəla "alim” hamının acığına 2009 və 2011-ci illərdə olmaqla 2 dəfə müdafiə edib, sözügedən nurçular kimi nə o sahədən xəbəri var, nə də dissertasiyanın içində yazılanlardan. V.İsmayılov və S.Yusifov dissertasiya yazdırmaq üçün sifarişi bir az ağıllı veriblər. Onların işində Azər Hüsyndə olduğu kimi riyazi ifadələr, mexanikanın qanunlarına söykənən araşdırmalar və mexanizmlər filan yoxdur. Təhsil aldığı bələdiyyə ixtisası hara, gömrük işi, mexanikləşdirmə hara? Onun da adları yuxarıda gedən "alimlər ” kimi müdafiə etdiyi ixtisasdan minimum imtahanı verə bilməsi sadəcə elmi cəfəngiyyatdır. O da "müdafiə” etdiyi ixtisasdan dərs demir. Bu dissertasiya işlərinin ləğvi ilə əlaqədar təşkilatlara müraciət olunacağına heç kim şübhə etməsin. Professor, ATU-da kadr məsələləri necə həll edilir? Gülənçilər ATU-ni "işğal edib”. Kadr məsələlərini birmənalı şəkildə rektor və ətrafındakı nurçular həll edir. Əsas vəzifələrə ancaq Gülən (Ağlayan: C.H.) məktəblərinin kadrları oturdulur. Müsabiqə, seçki formal xarakter daşıyır. Yol verilən ədalətsizliyə etiraz edənlər cəzalandırılır. Məsələn, 2015-ci ilin oktyabrında ATU-da müsabiqə yolu ilə dekan seçkisi keçirilirdi. Fakültənin birinə dekan seçilmək üçün müsabiqədə mən də iştirak etdim. Seçkidə qalib gəldim, lakin rektor nəticələri saxtalaşdırmağa rəvac verdi. Müsabiqədə iştirak etmək hüququ olmayan və seçkini uduzan nurçu Hüseyn Azəri rektor əmri ilə dekan təyin etdi. 19 yanvar 2016-cı il tarixdə Kəpəz Rayon Məhkəməsi rektorun müvafiq əmrini ləğv etdi. Bu nəticədən hiddətlənən rektor və nurçular ATU-da olan 4 fakültədən 3-nü bir-birinə qarışdırıb, yeni fakültələr yaratdılar və H.Azəri onlardan birinə yenə dekan təyin etdilər. Bu məqamdan istifadə edib 4 fevral 2016-cı il tarixdə mənim müdiri olduğum, respublikada yeganə "Tekstil və yüngül sənayenin texnolgiyası” kafedrasını ləğv etdilər. Heç bir aidiyyatı və əlaqəsi olmayan çörək, şərab, mürrəbə və s. qida məhsullarının texnologiyası üzrə kadr hazırlayan mütəxəssisləri ilə parça, trikotaj, ayaqqabı və s. tekstil və yüngül sənaye ixtisasçılarını bir yerə yığıb "həftə-becər” kafedra düzəltdilər. Özü də bunu o vaxt etdilər ki, ölkə başçısı cənab İlham Əliyev tekstil və yüngül sənaye sahələrinin inkişafının vacibliyini önə çəkmişdi. 1 fevral 2016-cı il tarixdə maliyyə naziri cənab Samir Şərifov və Gəncə şəhər İH-nin başçısı cənab Elmar Vəliyevin iştirakı ilə keçirilmiş iclasda mən də cənab prezidentimizin fikirlərinin doğru olduğunu vurğulayaraq ölkədə və regionda bu sahələrin inkişafının vacibliyini təsdiqləyən fikirlər söyləmiş və təkliflər vermişdim. Rektor və nurçular, mənafeylərinə xidmət etmədiyimə və bəd əməllərinə biganə qalmadığıma dözümsüzlük göstərərək, təqibləri davam etdirib, nəhayət məni 28 dekabr 2016-cı il tarixdə işdən ikinci dəfə çıxartdılar. Nurçuların işlədiyi il yarıım müddətdə universitetdən 2 elmlər doktoru, dosent, 1 fəlsəfə doktoru etiraz əlaməti olaraq işdən çıxıblar, mənimlə birlikdə, çox savadlı 1 müəllim də işdən çıxarılmışdır. Bundan əlavə ATU-nun rəhbərliyi 100-dən çox tədris-köməkçi heyətdən olan işçiləri işdən çıxarıb, əvəzinə nurçu kadrları yerləşdiriblər. Əsas vəzifələrə oturanlar Fətullahın məktəblərində təhsil alanlar və vəzifə üçün "doğulmuşlar”dır. Başqa bir fakt-nurçu Nicat Nəsirli elmi dərəcəsi (adı) olmadan iqtisadiyyat fakültəsində bir ildən çox dekan vəzifəsini icra edib. N. Nəsirli də bələdiyyəçidir. O, hansı haqqla dekan olub, fakültə elmi şurasına necə rəhbərlik edib? Onu ora oturdanlar görəsən kollektiv qarşısında xəcalət çəkiblərmi? İndi bu "görkəmli bələdiyyəçi” kadr Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə aparılıb... Hələ başqa "fenomen” tarix müəllimi, tədris şöbəsinin müdiri Axundov Piri "abi”ni tanıyın. O, 2002-2010-cu illər arasında Quba, Zaqatala və Gəncə şəhərlərində Fətullah Gülənin liseylərində müəllim işləyib. Gəncədə xarici ölkələrə tələbə göndərənlərdən biri olub. İndi deyilənə görə ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsində oturdulub. Görünür onun 4 noyabr 2016-cı ildə tələbə və müəllimlərdən 5-10 manat pul yığma və universitetdəki Heydər Əliyev Müzeyində digər "önəmli abilərə” ad günü keçirmə kompaniyasındakı fəal iştirakı rektorun çox xoşuna gəlib. Bəlkə də, Piri "abi”nin V.İsmayılovla birgə "ölü can” saxlamaları rektorun diqtəsi ilə baş verib. Ya da onun yeni vəzifəsi hər üçünün, 2015-2016-cı ilin tədris ilində ayağını universitetə basmayan və bir qəpik pul ödəməyən M461a qrupunun magistri Leyla Əhmədovanın "təhsil alması” hesabına, əlaltılarına il boyu maaş verməyin mükafatıdır. (Bu haqda təhsil nazirinə və rektora müraciət olunub ki, müvafiq ölçü götürülsün.) Nurçuların Gəncədə əsas bələdçisinin Piri "abi”nin olması təsadüfi deyil. Dərs yükü olmadan kafedrada hamını 0,5 ştatda saxlayaraq, həyat yoldaşını tarix müəllimi, qaynını isə universitetin hüquqşünası vəzifəsinə gətirmək onun mükafatıdır. (Yeri gəlmişkən, bizim kənddə Sarı Nəbi adında bir sürücü olub (Allah rəhmət eləsin.) Sovxozun qarajına təzə maşınlar gəlibmiş. Ondan soruşurlar ki, ay Nəbi dayı təzə maşınlardan sənə də verəcəklərmi? O, bir az durub, deyir: yox ay bala, zavod maşın buraxanda üstündə dığa da buraxır...) Cahangir müəllim, belə çıxır ki, universitetdə tədrisin keyfiyyətindən birmənalı danışmaq da asan deyil... Bəli elədir ki, var. "Atın qabağına ət, itin qabağına ot qoyublar” . Mən bu "alimlərə” dəfələrlə izah etdim ki, pul verib bilik almaq istəyən tələbələrə fənlər doğru-düzgün və keyfiyyətlə tədris olunmalıdır. Amma özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da gələcəyimizə zərbə vurmaqdadırlar. Diqqət edin, tədris işləri üzrə prorektor bilmədiyi və sosioloq ixtisasına uyğun gəlməyən "Fəlsəfə”, "Elmi tədqiqat işlərinin əsasları ” və s. fənləri tədris edir. Elmdən xəbəri olmayan birisinin məsələn, "Dizayn ” və "İqtisadiyyat” ixtisaslarının magisrtlərinə hansı "Elmi tədqiqat işlərinin əsasları”nı tədris edə bilər ki? Sosioloq hara, dizayn hara, iqtisadiyyat hara? Elə bu özbaşnalığın nəticəsidir ki, ayaqqabı, toxucu üzrə mütəxəssislərə "Trikotajın texnlogiyası”na aid fənlərin tədrisi həvalə edilir. Burada hansı keyfiyyətdən söhbət gedə bilər? Sadəcə müəllimlər jurnalları doldururlar. Başqa misal deyim, 2015-2016-cı il tədris ilində "Trikotajın texnologiyası ” ixtisasında təhsil alan M481a qrupunda magistrlərə rektor A. Süleymanov dərs deməli idi. Amma o, bir saat belə dərsə gəlmədi, magistrlər isə imtahandan "əla” qiymətlər aldılar. Həmin qrupda mənim tədris etdiyim "Trikotajın keyfiyyətinin texnoloji təminatı ” fənnindən 16.06.2016-cı il tarixdə imtahan olub, cavabları yoxlatmadan magistrlərə "37 ” bal yazılıb. Bu yanvarda "Trikotajın texnologiyası” ixtisasında oxuyan magistrlərə 2 kursda 8 imtahan olub. Onların cavablarını universitetdə yoxlaya bilən mütəxəssis yoxdur. Cavabları yenə də istədikləri kimi qiymətləndiriblər. Nəticələri nurçuların "gözbağlayıcıları” müəyyənləşdirirlər. N. Nəsirlinin cəmi 10 dəqiqə dərs dediyi qrupda tələbələrin hamısı yüksək qiymətlər alıblar. Necə? Professor, əvvəlki müraciətlərinizdə universitetdə korrupsiya və rüşvətxorluq kimi qanunazidd faktlardan da bəhs etmişiniz... Əlbəttə, sadəcə rüşvət alan da, verən də "tutulmayan oğru, oğru deyil” məntiqi ilə işləyirlər. Bu gün universitetdə təhsil alan 500 nəfərə yaxın qiyabiçi tələbə elə bilirsiniz özü imtahan verir? Qətiyyən yox, 20-30 nəfər istisna olmaqla, qalanını rektorun "ovçuları kəməndə salır”. Əyani oxuyan 1500-ə yaxın tələbənin ən yaxşı halda 20-30%-iözü imtahan verir. Dərs keçilməyən yerdə hansı bilikdən, imtahandan söz gedə bilər? Buraxılış işləri və dövlət imtahanlarını da rektor və ətrafı tələbələrə peşkeş etmirlər. Diqqət edin, 4 noyabr 2016-cı il tarixində universitetdə turnuketdən keçmək üçün karta təxminən 2000 tələbədən 5 manat və 250-dən çox müəllim və texniki heyətdən 10 manat olmaqla, təxminən 17000 manat pul yığdılar. Təhsil Nazirliyinə, Gəncə şəhər İH-nə şikayətlər oldu. Tələbələr internetdə paylaşdılar. Sağ olsunlar, Gəncə şəhər İH-nin rəsmiləri zamanında reaksiya verdilər, suçlular ifşa olundular. Onların təkidi ilə yığılan pullar geri qaytarıldı. Sonradan sonraya13 noyabrda rektoru və təlim-tərbiyə üzrə prorektoru Təhsil Nazirliyinə çağırdılar. Prorektor istefa verdi. Deyilənə görə indi onun yerinə pul yığılmasının təşkilatçılarından biri Piri "abi” prorektor vəzifəsində oturdulub. Bu faktı ona görə dedim ki, 5-10 manata əl uzadan universitet yetkililəri 2000 tələbəyə "buyur keç” deyəsi deyillər. Əslində nurçular öz fəaliyyət prinsiplərini çox tez açıq bəyan etdilər. 6 avqust 2015-ci il tarixdə universitetə prorektor və başqa mühüm vəzifələrə gətirilən "kadrlar” 25 günün tamamında, 31 avqustda rektorun 223 saylı əmri ilə 2000-3000 manat əlavə əmək haqqı verilməsinə təminat aldılar. 25 gün işləyən adamlar nazir və icra başçısının birlikdə aldığı maaşdan çox maaş ala bilirlərsə və 5-10 manata göz dikirlərsə, görün universitetin maliyyə durumu indi hansı vəziyyətdədir. Kimliklərini, mütəxəssislik səviyyələrini bir az əvvəl dediyim təcrübəsiz nurçular ATU-ya şəbəkələşməyə və pul dalınca gəldiklərini göstərdilər. "Yadınızdadırsa, bir "Mozalan” nömrəsində rəhmətlik Eldəniz Zeynalov bir baş həkim rolunda oynayırdı. Yeni baş həkimin xalatında cibin olmadığını görən həkimlər təşviş keçirirdilər ki, daha pul-para görməyəcəklər. Sonra məlum oldu ki, baş həkim sadəcə xalatı tərsinə geyinibmiş. Əslində onun xalatının düz üzündə ciblərin sayı daha çox, həm də böyük imiş.” Yəni ATU-də hansısa müsbət sayılacaq nəsnədən danışmaq mümkün deyil? Rəhbər vəzifəyə can atırlar.Əsas vəzifələrə ancaq nurçuları təyin edirlər ki, onların gizlinləri üzə çıxmasın. Nurçu "rəhbərlərin”gizli toplantılarında onlardan olmayanların iştirakı mümkün deyil. Onlar Türkiyədəki Fətullahçılar kimi özlərini hamıdan üstün sayır, təkcə özlərinin kadrlarına bel bağlayırlar. Fətullahçılar kimi, nurçu olmayanları öz tərəflərinə çəkib, istifadə edir, sonrada onları güdaza verirlər. Onlara mane olanları şər-böhtanla işdən uzaqlaşdırırlar, elə Türkiyədəki FETO-çular kimi. Dini imanları puldur. Şəbəkələri daxilinə qeyri-nurçuları buraxmırlar. Yalançıdırlar. Çox çevikdirlər. Yalanı düz kimi qələmə verməyi çox asanlıqla edirlər. Dildən pərgardırlar. Bu kimi keyfiyyətləri ilə sadəlövh insanları çaşdıra bilirlər və s. İşlədikləri ilyarım müddətində, üzr istəyirəm, bir mövcud tualetin üstünə ağlay yapışdırıb, içinə də "kitayski” avadanlıq quraşdıraraq, ümumi təmirə 37 min manat, digərinin tikintisinə isə 48 min manat (hər ikisi 2015-ci ilin noyabr-dekabr məzənnəsi ilə) xərclədilər.Sonrada başa bəla prorektor V.İsmayılov 2015-ci ilin moyabrında kafedra müdirləri ilə keçirdiyi toplantıların birində buyurdu ki, "kim yeni tualeti görməyibsə bizimlə deyil”. Nurçularla birgə olmağın simvolu sayılan "tualet-məbəd” hələ işləmir, çünki pulu paranı dağıdıblar, əlavə yeni xərclər tələb olunur. Universitetdə qalan pul isə nurçuların maaşına ancaq çatar. Belə informasiya yayılmıdır ki, ATU-nun nurçuları dəstə-dəstə dəfələrlə Türkiyə uuniversitetlərində olublar... Düzdür. 2015-2016-cı tədris ilində FETÖ-çuların Türkiyədə 15 iyul Dövlət çevrilişinə cəhdinə qədər ATU-dakı nurçular dəfələrlə qardaş ölkədə qrup halında ezamiyyətdə olublar. Rektor A. Süleymanov, onun nurçu ətrafı-V. İsmayılov, S. Yusifov, P. Axundov və başqaları ayrı-ayrı qruplarda Yıldız Texniki Universitetində, İstanbul Universitetində, Orta Doğu Texniki Universitetində, Yıldırım Bəyazid Universitetində, Bilikənt Universitetində, Hacəttəpə Universitetində rəsmi işgüzargörüşlər keçiriblər. Hal-hazırda bu universitetlərdən onlarla FETÖ-çu xaric olunub, həbs olunanların olduğu Türkiyə KİV-dən məlumdur. Hətta ATU-un nurçu dəstəsinin universitetdə hamının beynini xarab etdiyi Yıldız Texniki Universitetinin görüşündə olduğu rektoru FETÖ-çu imiş və 100-dən çox professor –müəllim heyəti ilə birlikdə işdən kənarlaşdırılıb. Sıralarında həbs olunalar da var. Yəni "şahqulu gedib, bayquş gətirib”. Əslində ATU-dan Türkiyə ali məktəblərinə gerçəkləşdirilən ezamiyyətlərin arxasında FETÖ-çularla görüşün detalları hələ gizlidir, yəqin ki, əlaqədar təşkilatlar bu sirri çözərlər. İnşallah. Çox maraqlıdır ki, ATU-nun nurçu dəstəsi daha Türkiyəyə getmir, "əlaqə yaratdıqları” universitetlərin adlarını belə çəkmirlər. Hələ 14 noyabr 2015-ci il tarixdə universitetin 45 illiyinə həsr edilmiş konfransa dəvət olunanlar arasında Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Fətullah Gülənə aid Gürcüstan Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Qafqaz Universitetinin rektoru Ahmet Saniçin xüsusi ilə diqqət mərkəzində olması çox şey deyirdi. Fətullah Gülənə bağlı nurçular əslində konfransda iştirak etməklə ATU-dakı nurçuları dəstəkləyib, onların arxasında olduqlarını nümayiş etdirirdilər. Maliyyəsi talan edilmiş universitetdə nurçulara əlavə 2-3 min manat maaş təyin etməklə kifayətlənməyən rektorun şou-konfrans keçirib, Ahmet Saniçə və digər ali nurçulara ATU-ya bəxş etdikləri "kadrlar ” üçün minnətdarlıq ziyafəti verməsinin izahı yoxdur. Hal-hazıra ATU-da onların əsas fəaliyyəti nədən ibarətdir? Onlar nurçuların şəbəkələşməsini davam etdirirlər.Ən düşündürücü məqamlardan biri odur ki, Təhsil Naziri cənab Mikayıl Cabbarovla prorektorlar V.İsmayılov və S.Yusifov arasında bağlanan bir illik müqavilənin vaxtı çoxdan bitib. 6 avqust 2016-cı il tarixdən prorektorlarla müvafiq müqavilə bağlanmayıb, onlar hal-hazırda müqaviləsiz işləyirlər (!?). "Zaman qılınc kimidir,biz kəsməsək o bizi kəsər”şüarı ilə işləyən nurçular universitetdə indi texniki heyətin –laborantların, xadimələrin və s. bu kimi işçilərin əmək haqlarını azaldaraq özlərinin və onlara bəh-bəh deyənlərin maaşlarını qaldırmaqla məşğuldular. Hələlik, Təhsil Nazirliyi və digər əlaqədar təşkilatlar ATU-da nurçuluğun inkişafına, maliyyə israfçılığna, təhsilin və elmin tənəzzülünə göz yumurlar. İnanıram ki, çox çəkməz, nurçular tam ifşa olunarlar və öz layiqli cəzalarını alarlar. İnşallah. Xeberinfo.com

23 Fevral 2017 12:56

Rüşvət alan kollec direktorunun görüntüləri yayıldı – VİDEO

Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında tutulub.  Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” mərkəzinə daxil olan müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb. Qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar. Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.

18 Fevral 2017 12:44

Bu da Goranboy təhsili : saxta diplom, qadınlar, rüşvət…

Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədovun fəaliyyətilə bağlı şikayət daxil olub. Şikayətçi Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədov Goranboyda təhsilin səviyyəsinin ildən-ilə aşağı düşməsinin səbəbi kimi, şöbə müdirinin fəaliyyətindəki ciddi pozuntuları göstərir. İ.Əsədovun bildirdiyinə görə, Goranboy rayon təhsil şöbəsinin müdiri Ağababa İbrahimov Gürcüstanda təhsil alıb: "Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir. Yüngül həyat tərzi keçirir. Onun tez-tez eyş-işrət məclislərində iştirakına dair fotolar, məlumatlar var". Xatırladaq ki, Goranboy Rayon Təhsil Şöbəsinin adı zaman-zaman qalmaqallı olaylarda hallanıb. Belə ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ,Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb. Təhsil Şöbəsinin o zamankı müdirinin seyfindən nə az-nə çox 2 milyon manata yaxın pul aşkarlanmışdı. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səxavət Məmmədovla bağlı da yazılar dərc olunub. Məmmədovun bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləməsi və onun təhsil şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Yazılanlara görə, direktor işləyərkən İH-də çalışan diğər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. S. Quliyev ona 200 min qarşılığında təhsil şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verib. Sövdələşmə baş tutduqdan sonra icra hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. S. Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır. Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy TŞ-nə təyinat alır. Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur. Hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır.

3 Fevral 2017 19:44

Mikayıl Cabbarov təhsil nazirliyində qoruqçuluq və “JEK” təfəkkürü: təhsil necə iflic edilir

Mikayıl Cabbarov nazir keçəndən sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb. Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin edib ki, bu da təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına səbəb olub. Belə ki, cumhuriyyet.az olaraq təhsil nazirliyində aparılan kadr islahatları üzərində apardığımız araşdırmalar onu ggöstərir ki, həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yoxdur. Əvvəldən müşavirlik institutuna böyük əhəmiyyət verən gənc nazir sonradan bununla bağlı çeşidli problemlərlə üzləşir. Necə deyərlər, etdiyi səhvləri düzəltməyə başlayır. Bu da münasibətlərə xələl gətirməklə yanaşı, həm də nazirlikdəki işgüzar mühiti pozur. Nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər posta gətirdi. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir. Bundan əvvəl isə o, “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın “JEK” rəisi imiş. Təhsillə “JEK” bir-birinə əks olan sahələrdir. Buna baxmayaraq, nazir köhnə “JEK” rəisini idarədə belə məsul vəzifəyə gətirib. Elnur Əliyev yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur. Təhsil naziri Mikayıl Cabbarov hələlik Təhsil Nazirliyinin oturşmuş, çevik idarəetmə funksiyasına xas aparatını qura bilmir. Qurumdakı mötəbər mənbədən əldə etdiyimiz informasiyada belə deyilir: Məsələn, nazir vaxtilə adı müxtəlif qalmaqallarda hallanan Təhsil Nazirliyinin “Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş” şöbəsinin müdiri Ağababa İbrahimovu 24 aprel 2014 – cü ildə vəzifəsindən azad edərək özünə müşavir təyin etdi. Sonra isə onu Goranboy rayonu təhsil şöbəsinə müdir göndərdi. Nazirliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədov da bir müddət Mikayıl Cabbarovun müşaviri oldu. Sonra onu Texniki Universitetə elmi işlər üzrə prorektor vəzifəsinə göndərdilər. İndi Pirməmmədov özünü orada rektor kimi aparır. Nazirin əsas müşavirlərindən biri Hüseyn Əliyevsə bu yaxınlarda səssiz – səmirsiz vəzifəsindən uzaqlaşdırıldı… Ən maraqlısı isə Samir Vəliyevlə bağlıdır. Mikayıl Cabbarov keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi 21 aprel 2014 – cü ildə özünə müşavir təyin etdi. Bir müddətdən sonra isə onu nazirliyin “Orta ixtisas və peşə təhsili” şöbəsinə müdir vəzifəsinə təyin etdi. Nazirlikdə yeni struktur dəyişiklikləri baş verəndə isə Samir Vəliyev yenidən müşavir vəzifəsinə qaytarıldı. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Cabbarovun bu hərəkətlərindən inciyən Samir Vəliyev acıq edib işə getmir. Nazirlikdə Ali təhsil sektorunun müdiri təyin olunmuş Yaqub Piriyev həm də aparat rəhbərinin müavinidir. Mətbuatda haqqında tənqidlər yazılan Fərzəli Qədirov “İnsan resursları” şöbəsinin müdiri vəzifəsindən azad olunaraq Aparat rəhbərinin müavini təyin olunub. Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan “yeniliyə” imza atıb. Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir. Bu adam indiyə kimi təhsil sistemində işləməyib. Məlumat üçün qeyd edək ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. O, Mikayıl Cabbarovla “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır. Bəzi ekspertlər nazir müavininin fəaliyyətini bir neçə dəfə tənqid edib və onun bu sahəyə yad birisi olduğunu vurğulayıblar: “Təhsil nazirinin qeyri-ixtisas sahibi olması yolveriləndir. Çünki burda idarəetmə təcrübəsi əsas rol oynayır. Ancaq müavinlər, idarə rəisləri, şöbə müdirləri sırf ixtisas sahibləri olmalıdırlar. Mən başa düşürəm ki, hər bir adam vəzifəyə təyin olunduqdan sonra öz komandasını yaratmaq istəyir. Ancaq bu o demək deyil ki, bütün kadrlar kənardan gəlməlidir. Təhsil Nazirliyi elə bir sahədir ki, burda sırf ixtisas sahibləri, peşəkarlar işləməlidirlər. İki-üç nəfər qeyri-ixtisas sahibi olması normaldır, ancaq bütövlükdə nazir və müavinlərinin qeyri-ixtisas sahibi olmasının nə dərəcədə effektli olacağını demək çətindir. Bunu gələcək göstərəcək”. Özəl mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində yüksək vəzifəyə gətirilməsi Mikayıl Cabbarovla Azər Bayramovun planı olub: “Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə bu şəxsin təhsil məsələləriylə deyil, bu sahəyə ayrılan vəsaitlərə nəzarəti həyata keçirmək olub. Bütün dünyada büdcə vəsaitlərinin xərclənməsi yerli orqanlara ötürüldüyü halda, yəni bu sahədə əks-mərkəzləşmə olduğu halda, Azər və Ceyhun Bayramovlar ayrılan vəsaitləri mərkəzləşdirilmiş qaydada, özü də özlərinin bildiyi şəkildə sərf edirlər. Maliyyə nazirinin müavininin özbaşına əməllərinin əsas hissəsi Təhsil Nazirliyi ilə bağlıdır. Belə ki, onun dəstəyi ilə qardaşı Ceyhun müəllim təhsil şöbələrinin bütün tenderlərinə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Başqa sözlə deyilsə, ayrılan vəsaitlərin böyük hissəsi məlum şəxslərin büdcəsinə yönəldilir. Bu vəziyyət ali məktəblərdə və orta ixtisas təhsili müəssisələrində də özünü göstərməkdədir. Hər il ali və orta ixtisas məktəblərinə ayrılan vəsaitlərin böyük qismi havaya sovrulur ki, bunu da həmin təhsil ocaqlarının təchizatına və binaların vəziyyətinə baxanda təxmin etmək mümkündür”. Təhsil nazirinin müavininin fəaliyyətsizliyi bəzi sahibkarların da etirazı ilə qarşılanıb. Bir müddət öncə mediaya üz tutan iş adamlarından biri cumhuriyyet.az-a maraqlı faktları açıqlayıb: “Mən orta sahibkarlıqla məşğul olan bir iş adamıyam, məktəblər üçün mebel inventarı və avadanlıq istehaslı ilə məşğulam, həmçinin məktəblərin təmiri üzrə təmir sexlərim də vardır. Gündəlik dövlət qəzetlərini alıram və ordakı tender elanları ilə tanış oluram. Təhsil Nazirliyindən başqa demek olar ki, bütün nazirliklərin və ayrı-ayrı büdcə müəssisə və təşkilatların malların alınması və xidmətlərin göstərilməsi məqsədi ilə açıq tender elanlarını verdiklərini görürəm. Lakin 3 ilə yaxındır ki, Təhsil Nazirliyinin satınalma prosedurları ilə bağlı bir dənə də olsun tender elanına rast gəlmirəm. Bildiyiniz kimi, hər il dövlət büdcəsindən Təhsil Nazirliyinə malların alınması, xidmətlərin göstərilməsi, məktəblərin əsaslı və cari təmir olunması məqsədi ilə on milyonlarla manat dövlət vəsaiti ayrılır. O da məlumdur ki, dövlət vəsaitləri satınalma prosedurları keçirilmədən xərclənə bilməz. Lakin Mikayıl Cabbarov nazir təyin olunandan sonra bir dəfə də olsun dövlətin Təhsil Nazirliyinə ayrılan vəsaitlərin şəffaf xərclənməsini təmin etmək məqsədi ilə açıq satınalma proseduru keçirmir. Nazirin bu sahədə məsləhətçiləri Azər və Ceyhun Bayramovlardır. Harda görülüb ki, bir qardaş pul ayırsın, o biri qardaş xərcləsin? Dövlətin büdcəsindən təhsilə ayrılan vəsaitlər nazirə yaxın bəzi şəxslərin yardımı ilə heç yerdə adı, maddi- texniki bazası, dövriyyə vəsaitləri, həmçinin nizamnamə kapitalı olmayan şirkətlər vasitəsi ilə dağıdılır. Azər Bayramovun göstərişi ilə ötən illərdə Mikayıl Cabbarov tərəfindən açıq tender proseduru keçirilmədən xərclənən vəsaitlər ört-basdır edilir”. Bütün bunlar onu göstərir ki, nazirin yaxın dostu olan Ceyhun Bayramov təhsil sistemində ancaq problem yaratmaq və şəxsi maraqlarını təmin etməklə məşğuldur. Yəni onun ölkə təhsilinin inkişafına heç bir faydası dəymir. Bunlar, nazir müavininin fəaliyyətindəki boşluqların hələ cüzi hissəsidir. Qeyd edək ki, Bayramov qardaşlarının nəhəng biznes şəbəkəsi və təhsilə ayrılan pulların hansı işlərə yatırılması barədə tükürpədən faktlar da var. Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc edə bilərik.

1 Fevral 2017 12:31

Baloniya sistemi, “yeni qaydalar”, 25 tələbədən 23-ü kəsilir

Qış imtahan  sessiyalarının  keçirilmə qaydaları  əksər tələbələr tərəfindən narazılıq doğurur. Bir neçə il əvvələ qədər imtahana salınacaq test suallarının cavabları əvvəlcədən elan edilsə də, son bir ildə həmin cavablar tələblərə verilmir . Buna görə də I-IV kurs tələbələri  hesab edirlər ki, bu düzgün yanaşma deyil.Digər tərəfdən imtahan suallarının tərtib edilməsində nöqsanlar mövcuddur. Kollekvium (zaçot) imtahanında  əvvəlcədən tələbələrə verilməyən testlərdən  suallar salınır. Bu onunla izah edilir ki, tələbələrin imtahana qədər  aşağı bal toplaması təmin edilsin,onların imtahandan keçməsi çətinləşsin . Bu yanaşma isə  bir qədər əvvəl Azərbaycan Pedaqoji Universitetinin bir qrup tələbəsi tərəfindən narazılıqla qarşılanıb,  rektorun müdaxiləsindən sonra  problem həllini tapıb.   Faktinfo.az-dan yazılması istənilən məlumatlarda qeyd olunur ki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Neft və Sənaye universitetlərində, o cümlədən,  daha bir neçə ali məktəbdə  I kurs tələbələri kütləvi surətdə   sessiya imtahanlarından    kəsilirlər. Hər bir qrupda  25 tələbədən 23-nün imtahanlardan kəsilməsi təəccüb doğurur, narazılıqla müşayiət olunur. Bəzən Oksforda  bərabər tutulan universitetlərimizdə   25 tələbənin 23-nün imtahandan kəsilməsi fənn müəllimini də çıxılmaz duruma salır. Haqlı sual yaranır:  müəllim dərs keçməyib,yoxsa 500-550-dən yuxarı bal toplayaraq universitetlərə qəbul olunan tələbələrin bu dərəcədə  semestr imtahanlarında uğursuz nəticə əldə etmələrinin başqa səbəbi  var? Faktinfo.az-a  o da məlumdur ki,  universitetlərdə yaşanan analoji vəziyyətdən sonra  imtahanlardan kəsilən tələbələrə “çek” təqdim olunacaq. Yəni, tələbələr kəsildikləri hər bir fənndən hazırlaşaraq  təkrar imtahan vermək üçün saat hesabı olmaqla banka 143 manatdan yuxarı  pul köçürmək  məcburiyyətində qalacaqlar.  Elə tələbə var ki, o, imtahan verdiyi 5 fənnin 4-dən kəsilib. İndi belə tələbələrin hər bir fənn üçün ödəyə biləcəyi məbləği təsəvvür etmək o qədər də çətin deyil. Həmin köçürülən vəsaitlərin bir müddətdən sonra müxtəlif  təyinatlı işlər adı altında silinərək nəğdləşdirilməsi isə istisna olunmur. Onu da qeyd edək ki, müşahidə olunan vəziyyət sosial durumu  ağır olan tələbələr üçün əlavə problem deməkdir ki, aidiyyatı  şəxslər nəticə çıxartsalar, baş verə biləcək xoşagəlməz hadisələri qabaqlamış olarlar.   Məsələ burasındadır ki, mövcud durum Təhsil naziri Mikayıl Cabbarovun gördüyü işləri də heçə endirir.Axı son 3 ildə universitetlərə qəbul olunan tələbələr M.Cabbarovun dövründə orta məktəbləri bitirmiş məzunlardır. Onları bilərəkdən bu cür acınacaqlı  duruma salmaq,nazirin təshil sahəsində gördüyü işləri inkar etməkdir. Necə olur, fizikanın, kimyanın,riyaziyyatın  qanunları dəyişibmi ki, tələbələr həmin fənlərdən qiymət ala bilmirlər. Belə çıxır, universitetlər 2015-2016-cı tədris ilinin nəticələrindən narazıdırlar. Faktinfo.az 

23 Yanvar 2017 19:00

Proqnoz vermək ayrı şeydir, münəccimlik etmək başqa şey

“ Bəli, fakt – daşlaşmış həqiqətdi. Onu dekorativ düşüncə tərzilə kölgə altına salmaq, danmaq mümkün deyil.” Bu günlərdə “Çağdaş təhsilimizin görünməyən siması...” sərlövhəli bir yazı diqqətimi cəlb etdi. Tanınmış jurnalist İbrahim Rüstəmli narahatedici olduğu qədər də, düşündürücü və nəticə çıxarılası bir məsələyə diqqət çəkib: ”Zaman-zaman təhsilimizin üstünü qara bulud kimi alan neqativ hallar daha çox kütləviliyilə yaddaşımızda “at oynadır, meydan sulayır” və cəmiyyətin bir qism sadə nümayəndələrini hələ də öz təsiri altında saxlayır. Görünür, bu islahatları həyatımıza adi norma kimi etap etməkdən, fərdlərin korlanmış təsəvvürlərini “yumaqdan” ötrü hələ bir qədər də zamana ehtiyac olacaq. O üzdən prosesi sürətləndirmək üçün xüsusilə kütləvi informasiya vasitələrini Təhsil Nazirliyilə orta məxrəcdə birləşdirən ümummilli maraqlar tərəfimizdən daha çox qabardılmalı, mövqelər müəyyənləşdirilməli, hədəflər dəqiq koordinasiya olunmalıdır. Çünki bu maraqlar hər şeydən öncə informasiya daşıyıcılarının üzərinə düşən məsuliyyət hissini özündə ehtiva edir. Bəli, təhsili müasir tələblər səviyyəsində formalaşdırmaq Təhsil Nazirliyinin əsas vəzifəsidirsə, görülən işləri cəmiyyətə olduğu kimi təqdim etmək də KİV nümayəndələrinin bölüşdüyü danılmaz məsuliyyətdi.” Yazının bir faydalı məziyyəti də odur ki, müəllif tərəfindən çıxarılan məntiqi nəticə, həm də oxucunu düşündürücü suala cavab axtarmağa sövq edir: “Ancaq bəzən biz bu məsuliyyəti ya axıradək dərk etmirik, ya da şəxsi maraqlar naminə idarə olunan “tənqidə” qurban veriririk. İstər-istəməz sual yaranır: Cəmiyyətin inkişafı müəllim adının nüfuzu ilə birbaşa bağlıdırsa, bir sıra kütləvi informasiya vasitələri nümayəndələrinin təhsil müəssisəsilərinə qarşı kəskin aqressivliyi, görəsən, hansı tutarlı faktlardan qaynaqlanır?” Yazıdakı bəzi məqamları xatırlatmaqda məqsədim nədir? Bəli, təhsildə dövlət siyasətini ali idarəedici icra hakimiyyəti orqanı olaraq Təhsil nazirliyi həjata keçirir və bu siyasətin gerçəkləşməsinə məsuliyyət daşıyır. Digər tərəfdən təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işi və ümummilli məsələdir. Əgər təhsilimizin gələcək inkişafına və tərəqqisinə yardımçı olmaq, bu məsuliyyətli missiyaya hansısa töhfə vermək istəyiriksə, hətta dövlət səviyyəsində dəstəklənən fikir plyurializminin imkanlarından istifadə edərək, nə dərəcədə tənqidi olsa belə irəli sürülən istənilən yeniliyə, onun daha da təkmilləşdirilməsinə yönəldilən rəy və təkliflərlərimizi verək. Qaldırlan məsələyə siyasi don geyindirmək, məsələnin predmetinə ambisioz motivasiya vermək isə nə dəstəkdir, nə tənqiddir, nə də ki,... tamam başqa şeydir. Elə götürək son günlər bir çox manşetləri zəbt edən “Göyçayda “Suriya məktəbi” başlıqlı yazıları. Göyçayın Füzuli adına 6 nömrəli məktəbində bərbad olsa belə, vəziyyəti nəzərə çatdırmaq üçün başqa başlıqlı ad fikirləşmək o qədərmi çətin idi? Çoxlarına sirr deyil ki, əksəriyyət oxucu informasiya çoxluğundan hər yazını axıracan oxumadan və mahiyyətinə varmadan, yalnız onun başlığı əsasında nəticə çıxarır və mühakimə yürüdür. Elə isə yazılara belə başlıq qoymaqda məqsəd nə ola bilər, oxucu auditoriyası qazanmaq, yoxsa doğulduğun, nəfəs aldığın torpağın Suriyaya çevriləcəyi baradə cəmiyyətdə absurd rəy yaratmaq? Əgər belə yazılarda bilərəkdənmi, bilməyərəkdənmi təxribatçılıq elementləri yoxdursa, onda bunun başqa adı nə ola bilər? “Təfəkkür” və “Qafqaz” Universitetlərinin fəaliyyətinə xitam verilməsi ilə bağlı dərc olunan şaiyə xarakterli bəzi məlumatları da, cəmiyyət üzvləri arasında şaşqınlıq və təhsilimizə inamsızlıq yaratmağa yönələn “aksiya” kimi qiymətləndirmək olar: "Bir neçə universitet bağlana bilər" proqnozu ayrı formatdır, “Azərbaycanda BU UNİVERSİTETLƏR də bağlanacaq – ADLAR” hökmü isə artıq proqnoz yox, münəccimlikdir. "Ali məktəblərə qəbul plan yeri azı iki bağlanan universitetə görə 15 faiz azalacaq və kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedənlərin sayı artacaq", “Bu qərardan sonra Azərbaycanda hamı xaricə oxumağa gedəcək “ kimi bəyanatların isə hardan qaynaqlandığını və hansı məqsədlərə xidmət etdiyini anlamaq o qədər də çətin deyil. Halbuki, hər hansı bir Unversitetin bağlanması, istərsə də yenisinin açılması təbii və qanunauyğun bir prosesdir və bu bir sıra obyektiv və subyektiv amillərlə şərtlənir. Bu amillər içərisində lisenziya müddətinin başa çatması, rəqabətə davamlılıq, maliyyə, kadr potensialı, maddi - texniki baza və digər infrastrukturlar, saxtakarlıq və korrupsiya faktlarının aşkar edilməsi, rasionallaşdırma və optimallaşdırma tədbirləri, təsisçinin mövqei ilə bağlı qərarı və digər amillər hansısa universitetin bağlanması üçün əsas ola bilər. Bu mənada deyək ki, “Təfəkkür” universiteti ilə “Qafqaz” universitetinin bağlanmasına eyni prizmadan baxmaq və qiymətləndirmək düzgün mövqe sayıla bilməz . Bunu fəlakətə cevirmək, faciə səviyyəsinə qaldırmaq və ya şəxsi mövqedən alqışlamaq da başa düşülən deyil. Və ya götürək elə son günlərədək səngimək bilməyən testlə bağlı Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin müsahibəsi ətrafında süni surətdə yaradılan qalmaqalı. “Test üsulu ləğv olunmalıdır - Təhsil eksperti” , “Tanınmış pedaqoq test üsulunun ləğvini istəyir”, "Deputatlar test üsulunun ləğvinə qarşı olacaq", “Baş redaktorlardan test üsulunun ləğvini istəyənlərə ETİRAZ” Və s. və i.a. Axı, gəlin görək hörmətli professorumuz nə deyib? Deyib ki, “bu sahə ilə məşğul olan insanların gəldiyi son nəticə ondan ibarətdir ki, test üsulu birtərəfli hazırlığa təsir göstərir. Qəbul prosesi həyata keçirilərkən insanın şüuru, nitqi və müxtəlif qabiliyyətləri qiymətləndirilməlidir. Test üsulu isə buna mane olur. Yəni şəxsə yalnız bir istiqamətdə qiymət verilir. Təhsil Nazirliyi artıq o qənaətə gəlib ki, qəbul prosesi yeni məzmun, yeni forma ilə aparılsın. Yeni məzmun və forma ilə qəbul prosesində şagirdlərdən əvvəlcə yazılı, sonra şifahi imtahan götürüləcək. Ən sonda isə test imtahanı keçiriləcək.” Bir müddət öncə TQDK (DİM) sədri M. Abbaszadə də belə bir fikir səsləndirmişdi ki,ali məktəblərə qəbulda test üsulu ləğv oluna bilər. Əvəzində isə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə əsasən aparıla bilər. Bunlar hələ ki, təklif və müzakirə predmetidir və bu məsələ ətrafında hər hansı bir şou yaratmaq heç şübhəsiz ki, təhsilimizə baş ucalığı gətirən cəhət deyil.Təhsillə az-çox maraqlananlar bilməmiş deyil ki, xarici ölkələrin bir çoxunda universitetlərə qəbul qaydası bizdəki kimi xüsusi imtahanla deyil, təfəkkür yoxlamasına əsaslanır ki, bu da əsasən, üzbəüz sorğu şəklində aparılır. Digər bir məsələ də təcrübəli ekspertlərimiz Vurğun Əyyub və Nabatəli Qulamoğlunun obyektiv yanaşması olaraq ondan ibarətdir ki, test suallarının hazırlanma texnologiyası və metodologiyasında müəyyən qüsurlar var ki, bunları modernləşdirmək üçün ciddi elmi araşdırmalara ehtiyac duyulur və bu hal test haqqında qəti hökm çıxarmağa əsas vermir. Bir də ki, hər fənnin və ixtisasın öz spesifik xüsususiyyəti var. Test heç də bütün fənlər üzrə biliklərin və bacarıqların üzə çıxarılmasında və qiymətləndirilməsində eyni effekti verə bilməz. Digər bir problem isə ondan ibarətdir ki, bir çox ali məktəblərimiz sessiya imtahanlarında ənənəvi yazılı və şifahi imtahan formasına üstünlük verirlər, müxtəlif ixtisaslara fərqli imtahan tətbiq edirlər ki, bu da orta məktəblərdən testə alışan məzunlar üçün ali məktəblərdə müəyyən problemlər yaradır. Düzdür, artıq yeni qaydalara əsasən 9-cu siniflər üçün esse yazmaq nəzərdə tutulub, lakin, İlkin olaraq könüllülük prinsipi əsasında həyata keçirilməli olan bu proses yəqin ki, növbəti illərdə məcburilik statusu alar. Hər halda ortaq bir məxrəcə gəlmək, daha optimal variant üzərində iş aparmaq vəziyyətdən çıxış yolu hesab edilə bilər ki, bildiyimiz kimi bu istiqamətdə işlər də aparılır. Bu məqamda Respublikanın əməkdar müəllimi Nazim Nəsrədinovun ibarəsi tam yerinə düşür: “Qəsdimiz, məqsədimiz və testimiz” Sözümün canı odur ki, və bu bir sınanmış həqiqətdir ki, təhsil radikallığı qəbul etmədiyi kimi, təhsillə bağlı radikal fikirlərə yol vermək də qəbul edilən hal kimi qiymətləndirilə bilməz. Açıq etiraf edim ki, bilənlər də bilməmiş deyil ki, bəlkə də təhsilin problemlərinə tənqidi yanaşan iki-üç nəfərdən biri də mənəm. Bununla belə, heç vaxt təhsilimizə ”yarlıq“yapışdırmaq fikrini ağlıma belə gətirməmişəm. Çünki, təhsil bütün müsbəti və mənfisi ilə bizim təhsilimizdir, bizim simamızdır, bizim əyər-əksiyimizdir. Təhsilə “yarlıq” yapışdırmaq isə millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir. Nadir Israfilov

23 Yanvar 2017 10:06

Bağlanacaq növbəti ali məktəb Kooperasiya Universiteti ola bilər – Daha bir “bazar” bağlana bilər

Son günlər ard-arda universitetlərin qapanma xəbərləri yayılır. "Təfəkkür"ün ardınca "Qafqaz" Universiteti də qapadıldı. Məlumatlara görə, bu qapadılma prosesi hələ davam edəcək və növbəti bağlanan universitet isə "Kooperasiya" ola bilər. Deyəsən, Təhsil Nazirliyi "çürük" universitetləri təmizləmək qərarına gəlib. "Təfəkkür" Universiteti təhsilin səviyyəsi baxımından çox aşağı sıralarda idi. Dəfələrlə bu təhsil ocağında baş verən hadisələrdən və aşağı nəticələrdən yerli mətbuatda yazılmışdı və sonda nəticəsi oldu. 2016-ci ildə ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi. İndi isə növbəti bağlanacaq universitetin "Kooperasiya" olduğu deyilir. Bu təhsil ocağının rüşvət ocağına çevrilməsi heç kimə sirr deyil. Hətta burada təhsil almayan tələbələr belə, bir imtahandan keçmək üçün qiymətin 100-300 manat arasında olduğunu bilirlər. Azərbaycan Kooperasiya Universitetində tələbələrin öz savadları ilə imtahanlardan müsbət qiymətlər alması mümkün deyil. "Ödə, davam et" prinsipi ilə idarə olun bir universitetdən hansı təhsil səviyyəsini gözləmək olar? Ali məktəblərdə qış semestr imtahanları başlayıb. Adı daim rüşvətdə hallanan və universitetdən daha çox "bazar"a bənzəyən təhsil ocağının qapanması əslində, təəccüblü olmaz. Musavat.com saytının əməkdaşı adıçəkilən universitetə baş çəkib. İlk olaraq onu deyək ki, Azərbaycan Kooperasiya Universiteti 1964-cü ilin yanvarından fəaliyyət göstərir. Burada 3 minə yaxın tələbə təhsil alır. Universitetdə imtahan saatları bitdiyi üçün həm tələbə, həm də rəhbər şəxslərdən kimi isə tapmaq çətin oldu. Amma universitetin hazırkı vəziyyətini anlada biləcək bir tələbə tapa bildik. Təhsilinə görə narahat olduğu üçün adının çəkilməsini istəmədi. Bu şərtlə anlaşdıq və söhbətə başladıq. Şərti olaraq Orxan adını verdiyimiz tələbə dedi ki, hazırda imtahanlar olduğu üçün universitetdə "bazar" açılıb və əsl "alver" gedir: "Əslində bu proses bizdə ilboyu davam edir. Amma imtahan vaxtı "alver" güclənir. Bizdə universitet “açıq bazar”ı xatırladır. Açıq-aşkar, hər şey hamının gözləri qarşısında baş verir. Rəhbərlik tələbələrə müştəri gözü ilə baxır. Hər birimiz onlar üçün pul qaynağı, qazanc mənbəyiyik. Pul verməyən imtahandan keçə bilmir. Yalnız çox savadlı olanlar imtahandan pul vermədən keçə bilirlər, o da çətinliklə və aşağı qiymətlərlə... Pul almaq üçün hər yola əl atırlar. Düşünün ki, saqqal saxlayan tələbəyə deyirlər ki, saqqalını kəs... Əgər o pul ödəyirsə, bir kəlimə də demirlər. Pul almaq üçün təzyiq edirlər. Gic-gic qaydalar qoyurlar. Pul verən üçün o qaydalar keçərli deyil. Pul… pul… pul... Bunları təhsil yox, pul düşündürür. Hətta qapıda dönərxana da var. Oradan da pul qazanırlar. Dediyim kimi, hər şey bunlar üçün puldur". "Əgər universitet bağlansa, necə olacaq" sualına isə tələbə belə cavab verdi: "Yeni universitetdə təhsilimizə davam edəcəyik. Buna alışmaq olar. Biz rüşvət verib, qiymət almağa alışmış gənclərik, yeni universitetə alışmağa nə var ki..? Əsas odur ki, buradakı kimi "bazar" olmasın". Bunlar hələ bir tələbənin dedikləridir. Belə bir universitetin hələ də fəaliyyətdə olmasının səbəbləri maraqlıdır. Ekspertlərin fikrincə, Azərbaycan Kooperasiya Universiteti bağlanacaq növbəti "çürük" universitet ola bilər. Çünki universitetin akkreditasiya müddəti başa çatıb. Yeni akkreditasiyanın verilib-verilməyəcəyi isə hələlik sual altındadır.

19 Yanvar 2017 18:55

Jurnalistlər Bakı Slavyan Universitetində oldular

18.01.2017-ci ildə bir sıra mətbuat orqanlarının rəhbərləri və əməkdaşları  imtahan sessiyasının gedişi ilə tanış olmaq üçünBakı Slavyan Universitetində olub. Faktinfo.az xəbər verir ki, universitetdə olan jurnalistlər arasında BakiPost.az saytının rəhbəri Elçin Zahiroğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, Pressday.az saytının rəhbəri Azər Hüseynbala, Faktinfo.az saytının rəhbəri Fuad İsgəndərov, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov, Azadinform.az saytının əməkdaşı Rüstəm Əliyev,  "Azərbaycan müəllimi” qəzetinin müxbiri Rəşad Ziyadov Bakı Slavyan Universitetində(BSU) olublar. Media nümayəndələrini ilk olaraq imtahan qərargahının rəhbəri, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qarşılayaraq, qərargahın fəaliyyəti barədə onlara ətraflı məlumat verib. R.Novruzov imtahanların obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədilə qərargah üzvləri sırasında professor-müəllim heyəti ilə yanaşı, tələbə və valideynlərin də təmsil olunduğunu jurnalistlərin diqqətinə çatdırıb. O, qərargaha daxil olan şikayətlərə dərhal baxıldığını və tələbələrin öz iştirakı ilə qiymətləndirilmə aparıldığını bildirib. Sonra BSU-nun rektoru professor Nurlana Əliyevanın iştirakı ilə jurnalistlər universitetin ayrı-ayrı auditoriyalarında keçirilən imtahanların gedişatı ilə tanış olublar. Media nümayəndələri tələbələrlə dialoqda onları narahat edən problemlərin olub-olmaması ilə maraqlanıblar. Bütün auditoriyalarda tələbələr onlara yaradılan şəraitdən razılıq edərək, imtahana heç bir kənar müdaxilınin olmadığını bildiriblər. Jurnalistlər auditoriyaların müasir standartlara cavab verməsini, imtahanların şəffaflığının təmin edilməsi məqsədilə auditoruiyalara video- kameralar vasitəsi ilə nəzarət edilməsini, ağıllı elektron yazı lövhələrin quraşdırılmasını, obyektivliyin qorunması üçün tələbələrdən mobil telefonların yığılmasını yüksək qiymətləndiriblər. İmtahanların gedişi ilə tanışlıqdan sonra BSU-nun rektoru Nurlana Əliyeva jurnalistləri çay süfrəsi arxasına dəvət edərək, onlarla səmimi söhbət edib. Söhbət zamanı rektor mozaikaların sökülməsi, təmirə sərf olunan vəsait və s. barədə sualları cavablandırıb. N.Əliyeva sonda jurnalistlərdən obyektivliyi gözləməyi xahiş edib. Faktinfo.az

18 Yanvar 2017 16:20