Səlahət Ağayev: “Neftçi” xidmətimdə maraqlıdı, amma…

9ae13457116b84379ccb98d45ab11352

7 Yanvar 2017 17:20

Xəbər 12 dəfə oxunub

Qış fasiləsində məşqlərini Bakıda davam etdirən “İnter” günü iki məşqlə başa vurub. Əsasən fiziki təmrinlərə üstünlük verən “bankirlər” Antalyada keçirəcəkləri yoldaşlıq oyunlarına qədər tam formada olacaqlar. Məşqdən sonra apasport.az saytına müsahibə verən komandanın kapitanı Səlahət Ağayev söhbətə hazırlıqdan başlayıb.

 

– Gündə iki dəfə məşq edirik. Həmişəki kimi, yenə fiziki hazırlıqdan başlamışıq. Antalyaya qədər belə davam edəcək. Türkiyədə isə 3 yoldaşlıq oyunu keçirəcəyik. Ab-hava yaxşıdı, hansısa problemimiz yoxdu. Əsl komanda şəklində birləşmişik.

 

– Yəni heyətdə komandanı sevənlər, bir komandada olmaq istəyənlər qalıb?

– Elə deməzdim. Allah gedənlərin də qapısını açıq eləsin. Ağabala Ramazanov yaxşı futbolçu idi. Onun kimi oyunçunu heç bir klub itirmək istəməzdi. Ağabala zəif yox, artıq Avropada tanınmış bir kluba keçib. Rəqib komandaya transfer olunsa da, uğurlar arzulayırıq, çünki həyatda dostumuz, qardaşımızdı.

 

– Dostunuza transfer qadağası qoyulan “İnter”də qalmağı necə, təklif etdinizmi?

– Hər kəsin öz fikri, qərarı var. Ağabalanın yerinə qərar verə bilmərəm.

 

– Son günlərdə futbolçularına göz dikilən klub “İnter”di. Sizin, eləcə də, Ruslan Abışovun adı digər klublarla birgə hallandırılır. Öz durumunuza aydınlıq gətirə bilərsinizmi?

– Futbolçuya başqa klubdan təklif gəlməsi normal haldı. Bu gün mən oldum, Ruslan oldu, bunun fərqi yoxdu. Təklif gəlibsə, “İnter” üçün yaxşı haldı. Çünki komandanın oyunçuları müsbət mənada seçiliblər ki, onların xidmətində maraqlı olanlar var. Qaldı getməyimə, gizlətmirəm, “Neftçi” xidmətimdə maraqlıdı. Amma müqaviləm davam etdiyi müddətdə başqa klubla danışıq aparmağım düzgün deyil.

 

– Deməli, indiki məqamda “Neftçi” dəftəri sizin üçün bağlanıb?

– Demək olar, hə. Çünki müqaviləmin sonuna qədər komandamda qalmaq istəyirəm. Burda özümü rahat hiss edirəm. Hətta yayda “İnter” rəhbərliyi qalmağımı istəsə və yeni müqavilə təklif etsə, məmnuniyyətlə karyeramı burada davam etdirərəm. Bu məsələyə mövsümün sonunda aydınlıq gətiriləcək.

 

– “Neftçi”dən əvvəl də təklif almışdız, amma həmin vaxt o komandaya keçməkdən imtina etmişdiz…

– Bəli, “Sumqayıt”a keçməzdən əvvəl belə bir təklif olmuşdu. Həmin vaxt “Neftçi”də Aqil Məmmədov dayanırdı. Baş məşqçi Vəli Qasımovla danışığımız oldu, amma “Sumqayıt”ı seçdim. Fikirləşdim ki, milliyə mən də, Aqil də dəvət olunuruq. “Neftçi”yə keçsəydim, ikimizdən birimiz ehtiyatda qalacaqdıq. Buna razı olmadığıma görə, “Sumqayıt”a üstünlük verdim.

 

-“İnter”dən ayrılmağınıza sizi nə məcbur edə bilər?

– Hansısa məcburiyyətdən danışmaq düzgün deyil. “İnter”in hazırkı durumu mayın sonuna qədər davam edəcək. Əvvəldən necə başlamışıq, bu sistem mövsümün sonuna qədər aparılacaq. Yenə maaşımızı vaxtında alacağıq, bonuslar da olacaq. Bunu futbolçularla görüşündə klubun prezidenti deyib. May ayından sonra necə olacağını bilmrik. Hər şey yaxşı olsa, “İnter”də qalmağa üstünlük verəcəyik.

 

– Klubun prezidenti postunda son 1 il ərzində 3-cü dəyişiklik edildi. Bu amil futbolçularda narahatlıq yaradırmı?

– Belə deyim də, Rəşad Qasımov gələnə qədər demək olar, rəhbərimiz yox idi. Buna baxmayaraq, Avropa Liqasında oynadıq, nəticələrimiz pis olmadı. Ona görə də, dəyişikliyin hansısa təsirinin olduğunu deməzdim.

 

– “Transfer pəncərəsi” yeni açılsa da, klublarımızın fəallığı hiss olunur. Rəqiblərinizin bu cür aktivliyi sizi düşündürmür?

– Transferlərə baxırıq, izləyirik. Əksər komandalar güclənməyə çalışır. Bu da qış fasiləsindən sonrakı müddətin daha gərgin keçəcəyinə dəlalət edir. Ancaq bu da faktdı ki, rəqiblərimiz “İnter”dəkilərdən güclü futbolçu transfer edə bilməyəcəklər. Yerli futbolçuların ən güclüləri bizim klubdadı. Məlum səbəblərdən “İnter” bu heyətlə davam etməlidi. Digər tərəfdən komanda üzvlərinin 2 il bir yerdə oynamaqları müsbət təsirini göstərir. İstənilən rəqiblə başabaş mübarizə apara bilərik.

Faktinfo.az