Sosial evlərin ödənişi nə qədər olacaq və kasıblara neçə mənzil veriləcək?

27 Dekabr 2016 10:43

Xəbər 67 dəfə oxunub

Vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflər müəyyən olunub.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.Strategiyada 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 milyon və dolayı 81 milyon manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bunun gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.Aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.
Strateji Yol Xəritəsində əsas məqsədlər vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, urbanizasiya prosesinə nəzarət imkanlarının genişləndirilməsi, tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi, tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi, dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi, ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi, həmçinin şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsidir.“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqamları şərh edən iqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a bildirib ki, layihə sosial mənzil fondunun formalaşdırılması və vətəndaşlara uyğun qiymətə mənzil təminatının həyata keçirilməsini nəzərədə tutur: “Strategiya daxilində aztəminatlı ailələrə birinci il 2 min mənzil, növbəti illərdə hər il 3 min mənzilin təklif edilməsi nəzərdə tutulur. Burada əsas hədəf mənzil təminatına dəstək verməkdən ibarətdir. Hər il 3 min mənzilin seçilməsində məqsəd inşaat sektorunda tikinti şirkətlərinə əlavə stimul olacaq. Çünki mənzilə illik təlabat 30 min ədəddir, sosial mənzillər illik təlabatın 10 faizini ödəyəcək. Bu faiz məhz inşaat şirkətlərinin tikinti sektoruna marağını azalmamasına şərait yaratmaqla yanaşı, bu sahədə rentabelliyə müsbət təsir göstərəcək. Sosial mənzil fondundan təklif edilən mənzillər 1,2 və 3 otaqlı olacaq. 3 otaqlı mənzillər 75 kv/metr, 2 otaqlı mənzillər 45-50, 1 otaqlı mənzillərin sahəsi isə 35 kv/metr-ə yaxın olacaq. İlkin qiymətlər də müəyyən edilib. 3 otaqlı mənzilə sahib olmaq üçün ayda 300-350, 2 otaqlı mənzil üçün 250, 1 otaqlı mənzillər üçün 180 manat aylıq ödəniş tələb ediləcək. Bu mənzil təminatına müsbət təsir göstərəcək. Xüsusən, aztəminatlı ailələr bu imkandan istifadə edərək mənzilə sahib olacaq”.
Bu mənzillərin yalnız Bakıda deyil, regionlarda tikiləcəyini deyən V.Bayramov bunun urbanizasiya problemini də həll edəcəyini vurğulayıb:

“Rayonlarda yaşayan vətəndaşlara öz rayonlarında mənzil almaq imkanı yaradılacaq”.V.Bayramov strateji yol xəritəsində həmçinin inşaat sektoruna, yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərəcəyini deyib:

“Strategiyaya əsasən inşa ediləcək mənzillər infrasturuktura yaxın yerlərdə tikiləcək. Məktəb, iş yerləri və digər obyektlərə rahat çıxış imkanı yaradılacaq. Dövlətin sifarişi əsasında tender yolu ilə mənzillərin inşaası nəzərdə tutulur. Tenderdə iştirak edən şirkətlər dövlət sifarişi ilə mənzil tikintisində iştirak edə biləcək. Birinci mərhələdə bu sahəyə 150 milyon manat vəsaitin ayrılacağını nəzərə alsaq, bu da tikinti şirkətlərinin bu imkandan faydalanmasına imkan verəcək. Bu da inşaat sektorunun canlanması, mənzilə olan ehtiyacın ödənilməsi baxımdan əlverişlidir”.

Sabah ölkə ərazisində yağış yağacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumataına görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gölzənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. ETSN xəbərdarlıq edir ki, martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Faktinfo.az

27 Mart 2017 14:39

Sabunçuda təkcə racon kəsmir… – ETİRAZ

Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında gözəl bir park yerləşir. “Start” idman kompleksinin tam aşağısında yerləşən parkın adını bilmirəm. İnternetdə ciddi axtarışlarıma baxmayaraq, onun adını tapmaq da bəndənizə nəsib olmadı. Adını bilməsəm də, adətən, hər il yayın cırhacırında özümü həmin parkın yuxarısında yerləşən köhnə “Bakı” restoranına yetirir, çöldə bir masada əyləşib təbiətin bu gözəl və füsunkar mənzərəsini seyr etməyə çalışıram. Bakının küləyini özünə çəkən bu yerlər xeyli sərin olur. Məni onun seyrinə gətirən səbəblərdən biri də elə bu sərinliyidir. Vurğunu olduğum parkın adını axtarmağım isə səbəbsiz deyil. Bakıxanov rayonunda yaşayan bəzi sakinlər parkın ölüm-dirim təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdilər. Mən də qulağıma inanmayıb onun ziyarətinə getmişdim. Dörd tərəfdən hasara alınan parkın başına gətirilən oyun məni həqiqətən çox sarsıtdı. Park az qala ağacların üstünü örtəcək qədər yararsız daş-torpaq tullantıları altında basdırılır. Tez-tez əraziyə gələn yük maşınları daşıdıqları tullantıları əraziyə boşaldıb yenidən parkı tərk edirlər . Sanki təbiətin bu gözəl mənzərəsinin tamamilə sıradan çıxarılması üçün ciddi işlər gedir. Düzünü desəm, parka torpaq töküldüyünü eşidib ağlıma onun daha münbit hala gətirilməsi gəlmişdi. Yerli sakinlərin bildirdiyinə görə isə, bu torpaq əslində torpaq da deyilmiş, Sabunçu rayonunun müxtəlif yerlərində inşa olunan binaların fundamentindən çıxarılan tullantılarıymış. Əkinə yararsız olan bu topağın parka daşınmasının isə sadə bir səbəbi varmış: rayon icra hakimiyyətinin rəhbərləri doldurulacağını gözləyən daha uzaq ərazilərə maşın sürməmək üçün dörd tərəfdən hasara aldıqları bu ərazini ən münasib tullantı yeri kimi görürlər. Başqa sözlə desək, hər maşın tullantıda cüzi qənaət etmək məqsədilə parkın məhv olmasına qərar verilib. İnternetdə parkın adını axtararkən, diqqətimi bir məqam cəlb etdi. Sən demə, özü xəritələrə düşsə də, adı yazılmayan bu parkın başına gətirilən müsibət rayon rəhbərliyinin ilk təcrübəsi də deyilmiş. Kiçik araşdırmam zamanı Sabunçu icra başçısı Adil Vəliyevin [/b]adının bundan əvvəl də rayondakı müxtəlif parkların məhvində hallandığını gördüm. Oxuduğum materiallarda Adil müəllimin rayonun bağ-bağat yerlərində öz şəxsi biznes sahəsini böyütdüyü, bəzən uşaq bağçaları, bəzən əyləncə mərkəzləri tikdiyi iddia olunur. Ötən ilin payız aylarında mətbuata açıqlamasında bu barədə danışan tanınmış vəkil Aslan İsmayılovun bildirdiyinə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub: “Adil Vəliyev rayona icra başçısı təyin olunan kimi həmin parkı guya Heydər Əliyev Fondunun tapşırığı əsasında abadlaşdırmaq adı ilə hasara aldırıb. Orada gedən “tikinti-abadlıq” işlərinə isə mənə “xox” gəlib hücum edən, 300 manatlıq maaşla 200 minlik “Mercedes” sürən, əvvəllər haqqında bəhs etdiyim şəxs, yəni bağçanın açılışında da iştirak etmiş Rafael adlı şəxs rəhbərlik edib”. Vəkil onu da bildirib ki, həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını isə şəxsən Adil Vəliyev özü edib: “Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan “Şəhrizad” uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır”. (Sitat Virtualaz.org-dandır. Bu linkə baxın: 54341) Adil Vəliyev cənablarının Mədəniyyət küçəsindəki parkdan sonra adını bilmədiyim sözügedən ərazidə “yenidən bərpa” işlərinə başlaması məndə istər-istəməz eyni proseslərin burda da baş verməsi şübhəsini yaratdı. Nədən ki, bu park da Bakıxanov qəsəbəsinin ən gözəl guşəsində yerləşir və ətrafı müxtəlif ictimai iaşə obyektləriylə doludur. Bu park da bir müddət əvvəl icra hakimiyyətinin qəzəbinə gələn digər həmcinsi kimi dörd tərəfdən hasara alınıb. Açığı, bütün bu bənzərliklər məndə “əcəba, vəkil Aslan İsmayılovun dediyi park mənim şəkillərini çəkdiyim bu əraziylə eyni yerdirmi” sualını yaratdı. İnternetdə “Şəhrizad” uşaq baxçasının ünvanını axtararkən, fərqli yerlər olduğunu gördüm. İndi məni bir sual narahat edir: Sabunçu rayon icra başçısı məhrum Heydər Əliyevin öz qollarına bənzətdiyi ağacları hətta kəsmək zəhmətinə belə qatlanmadan, tullantılar altında basdırmaq cəsarətini hardan alır? Yoxsa, Adil müəllim ölkə rəhbərliyinin başının xarici və daxili məsələlərə qarışdığından istifadə edərək, yaşıllıqların başına rahat turp əkəcəyini düşündüyündən bu addımı atır? Görünür, qəsəbə sakinləri də bu suallara cavab tapa bilmədiklərindən, onlar arasında qəribə şaiyələr gəzir. Belə şaiyələrdən birinə görə, Bakının bir neçə rayonu Nazirlər Kabinetinin bir sərəncamı ilə şəhər icra hakimiyyətinin tabeçilikdən çıxarılıb. Bakı meri Hacıbala Abutalıbovun belə, sözünün keçmədiyi rayonlardan biri də Sabunçudur. Bu geniş səlahiyyətlərə malik olan icra başçısı isə sövq-təbii olaraq özünü rayon rəhbəri kimi yox, əsl xan kimi aparır. Şayiələrin həqiqəti nə qədər əks etdirdiyini demək çətindir. Amma şəkilini çəkdiyimiz parkın indiki vəziyyəti çox şeylərdən xəbər verir. Gəlin, onları diqqətlə “dinləyək”. Heydər Oğuz[/b] \\moderator.az\\

27 Mart 2017 11:06

Səfər Mehdiyev dövlətə qarşı iqtisadi sabotajla məşğuldur

Kənd Təsərrüfatı Nazirliyinin iddialarına və İqtisadi İnkişaf Nazirliyinin müdaxilələrinə baxmayaraq bu gün ət bazarında ciddi böhran yaşanır. Bazarlarda qoyun ətinin ən ucuzu 11 manatdırsa, mal ətini 13 mantdan aşağı tapmaq olmur ki, bu da əslində süni bir prosesin təzahürü kimi görünməkdədir. Yenə də işbazlar ayaqdadır. DİA.AZ bildirir ki, əslində bazardakı bahalaşmanın arxasında konkret monopolistlər dayanır. Bu real faktdır və buna görə də yuxarıda adları çəkilən nazirliklərin müdaxilələrinin yetərsiz qalması da anlaşılandır. Qeyd edək ki, yerli KİV-də verilən məlumatlarda da net şəkildə göstəriləni Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması faktıdır. Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır. Hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu isə o deməkdir ki, əslində Səfər Mehdiyev və onun adamları rəsmən dövlətə qarşı iqtisadi sabotajla məşğuldur. Ən azından bayram ərəfəsi möhtəkirlik maraqlarının öndə dayanması birbaşa olaraq əhalinin daha kasıb hissəsinin durumunu ağırlaşdırdığından bu fakt gərəkən müdaxiləni tələb edir.

18 Mart 2017 14:47

Hesablama Palatası Ağcəbədidə korrupsiya faktları aşkarladı

Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2015-cı il – 1 oktyabr 2016-cı il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib. Audit olunan dövr ərzində şöbənin “Yığım” hesabının mədaxili 52 milyon 705 min 720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52 milyon 801 min 428 manat olub. Şöbədə 1 oktyabr 2016-cı il tarixə ümumilikdə 9649 sığortaolunanı əhatə edən 620 hüquqi şəxs, 7099 fiziki şəxs sığortaedən qismində qeydiyyatda olub. Onlardan da 251 hüquqi şəxs və 485 fiziki şəxs fəaliyyət göstərib. Audit olunan dövr ərzində şöbənin gəlirləri ümumilikdə 8767 min manat təşkil edib. Həmin vəsaitin də 8759,7 min manatı məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 4,3 min manatı penyalardan, 3 min manatı isə digər gəlirlərdən ibarət olub.  Araşdırma  zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub. Audit olunan dövr ərzində 1503 yeni pensiya təyinatı aparılıb, 11 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 32 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar Fondun digər şöbələrinə göndərilib, 824 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb. 109 pensiya işi isə beş illik  müddətin bitməsi ilə bağlı  uçotdan çıxarılıb. Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib. Bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb. Müvafiq məlumatlara əsasən 1 aprel 2015 ci il tarixdən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, 1 oktyabr 2016-cı il tarixə 1705 ÜSY işi üzrə ödənişlər davam edib. Qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb. Bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib. 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb. VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq 1 il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib. VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib. Həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eyniliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib. Aparılmış audit nəticəsində müəyyən edilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib. Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə müvafiq təqdimat Ağcabədi rayon şöbəsinə, Kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

10 Mart 2017 19:10

Ehtiyatlı olun,içməli suyun kimyəvi tərkibi normalara cavab vermir-Nazirlər Kabineti

Ötən il Azərbaycanda əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzrə monitorinq davam etdirilib. Faktinfo.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, respublikanın 56 şəhər və rayon mərkəzinin su təchizatı sistemlərindən götürülmüş 570 su nümunəsi müayinə olunub, onların 7 faizi bakterioloji, 2,4 faizi fiziki-kimyəvi göstəricilərinə görə normalara cavab verməyib. Həmin göstəricilər 2015-ci ildə müvafiq olaraq 15,7 faiz və 3,3 faiz təşkil edib. Kür və Ceyranbatan baş sutəmizləyici qurğularından 70 su nümunəsi müayinə olunub, onların bakterioloji göstəriciləri norma daxilində olub, 4,5 faizdə isə fiziki-kimyəvi göstəricilərinə görə normadan kənaraçıxma müşahidə olunub. Bakı şəhərinin mərkəzi su anbarlarından və nasos stansiyalarından götürülmüş 1269 su nümunəsinin 3,5 faizdə bakterioloji göstəricilərin, 0,6 faizdə fiziki-kimyəvi göstəricilərin normadan yüksək olması aşkar edilib(2015-ci ildə müvafiq olaraq 5,2 faiz və 1,4 faiz). Qeyd olunub ki, respublikanın sanitariya-epidemioloji xidmət tərəfindən hesabat ili ərzində 3 mindən çox yeyinti məhsulu orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji göstəricilərinə görə müayinə olunub. 141 məhsul nümunəsi mikrobioloji göstəricilərə görə normalara cavab verməyib. Bundan əlavə, radioloji göstəricilərinə görə 400-dən çox, toksikoloji göstəricilərinə görə isə 700-dən çox yeyinti məhsulu müayinə olunub.

6 Mart 2017 19:47

Mənzil başına, yoxsa ölümə aparan marşrut avtobusu?

Bəzən elə hadisələrlə qarşılaşırıq ki, kimin günahkar olduğunu ayırd etmək çətin olur. Ayrılıqda yanaşsaq, əslində, çoxları günahkardır. Lakin cəzaya gəldikdə isə yalnız bir nəfər çəkir həmin cəzanı. Yox, elə düşünməyin ki, sizə nağıl danışacam... Sizə öz gözümlə gördüyüm bir hadisəni danışmaq istəyirəm.Təsadüfənn şahidi olduğum bir hadisə.... Qobu qəsəbəsinə işləyən 567 saylı avtobusa sərnişin sıxlığından yaxın düşmək mümkün deyil. Avtobusda o qədər sərnişin var ki, bəziləri açıq qapıdan sallanıb gedirdilər. Yüksək sürətlə hərəkət edən avtobusun anı sərt hərəkəti həmin sərnişinlərin ölümü ilə nəticələnə bilərdi. Düşünəndə kimin günahkar olduğunu aydınlaşdırmaq çətindir. İlk növbədə öz həyatını riskə atan sərnişin günahkardır. Əgər o, öz həyatına məsuliyyətsiz yanaşırsa başqası onun həyatına cavabdehlik daşımalı deyil. Növbəti günahkar həmin avtobusu idarə edən sürücüdür. Sərnişin məsuliyyətsiz ola bilər, amma sürücü qanuna riayət etmiş olsaydı bu hal əsla yaşanmazdı. İndi isə keçək məsələnin əsl üzünə. Hadisənin ən birinci günahkarları aidiyyati orqanlardır. Əgər sözü gedən qəsəbəyə işləyən avtobusların sayı artırılsa, onların vaxt intervalında dəyişiklik edilsə, yaxud ən azından kiçik həcmli marşurt avtobusları daha böyükləri ilə əvəz edilsə, təbii ki, belə hallar yaşanmaz. İşdən yorğun halda çıxan sərnişin hansı şəraitdə olur olsun mənzil başına tez çatmaq məqsədini güdür. Sərnişinə məlumdur ki, əgər həmin marşurtu qaçırsa, ən azı 1 saat yeni avtobusun gəlməsini gözləməlidir. Onsuzda vaxtının çoxunu yolda itirən sərnişinə əlavə vaxt itkisi lazım deyil. Ona görə məcburən həyatını riskə atmış olsa da, öz seçimini edir. Çoxumuza məlumdur ki, əgər bir gün həmin problem ucbatından bədbəxt hadisə yaşansa, heç kim əsl günahkarı ittiham etməyəcək. Ən yaxşı halda avtobus sürücüsü işindən azad ediləcək, yaxud yüngül cəza alacaq. Amma məsələnin əsl səbəbi ilə maraqlanan olmayacaq. Ümid edirəm ki, bu dəfə problemi yox, onun səbəbini aradan qaldıracaqlar. Sirvan Hacıyeva Faktinfo.az

6 Mart 2017 15:57

Hava kəskin pisləşəcək- XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Faktinfo.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 %  təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

3 Mart 2017 13:31

Yod çatışmazlığından körpə lal, kar, kor da doğula bilər-Sos!!!

Faktinfo.az bildirir ki,tərkibində natrium xlorid, kalsium xlorid, maqneezium, kalsium sulfat, o cümlədən yodun miqdarı normadan aşağı olan duzdan istifadə insan orqanizmi üçün qorxulu fəsadlara yol açır. İlk əvvəl insan orqanizminin xarici təsirlərə qarşı immuniteti zəifləyir, sonrakı mərhələdə infeksiyalara, yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə qarşı qoruyucu sədd məhv olur. Duzun tərkibində yodun çatışmazlığı qalxanvari vəzin böyüməsinə, zob xəstəliklərinə səbəb olur, xərçəng xəstəliyinə tutulma riski artır. Uşaq və yeniyetmələrdə cırtdan boyluluq, fiziki inkişafdan geri qalma, əqli zəiflik kimi hallar  duzun tərkibində yod çatışmadıqda, normalara uyğun olmadıqda bu qabarıq şəkildə özünü göstərir. Hamilə qadınların bir neçə ay tərkibi normaya uyğun olmayan duzdan istifadəsi dölün ölü halda dünyaya gətirilməsinə belə səbəb ola bilər. Hətta dünyaya gətirilən körpənin lal, kar, kor da doğulması  mümkündür. Körpə uşaqların uzun müddət tərkibi normalara uyğun olmayan, tərkibində yodun qismən olduğu duzlardan istifadəsi göz zəifliyi, sonradan isə daxili və xarici çəpliyə səbəb olur. Elə bu səbəbdən duz alarkən diqqətli olun, sabahınıza biganə qalmayın, körpələrinizi riskə atmayın. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Faktinfo.az-a açıqlamasında bildirdi ki,2001-ci ildə qəbul edilən  "Yodun kütləvi profilaktikası haqqında"  qanunun 8.3 maddəsinə əsasən,tərkibində yod çatışmayan,normalara uyğun olmayan duzun istehsalı,satışı və istifadəsi qadağandır.Bu qəbildən olan duzların hətta heyvandarlıqda yem istehsalında işlədilməsi belə təhlükəlidir. Vaxtilə əhalinin 75%-i yod çatışmazlığından əziyyət çəkirdi.  Azərbaycan yod defisitli zonada yerləşir.Bu barədə Xarici alimlər ,Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətlə bağlı dəfələrlə həyəcan təbili çalıblar. Ekspert onu da qeyd etdi ki,bir müddət əvvəl 40 yaxın duz istehsalçısı vardı.Həmin sexlərdə  duz nəinki yodlaşdırılmır,hətta müxtəlif zərərli maddələrdən,o cumlədən ağır metallardan təmizlənmirdi.O zaman Azad İstehlakçılar Birliyi radikal mövqe tutaraq hökumət qarşısında məsələ qaldırdı.Nəticədə əhalinin sağlamlığına zərbə vuran  38 "müəssisə"bağlandı. 2011-ci ildə isə bu sahədə əsaslı dönüşə nail olmaq məqsədilə hökumət on milyon manat vəsait ayırdı, Azərbaycanda Duz zavodu açıldı.Bununla hesab etdik ki,məsələ həllini tapacaq,amma görünən odur ki,bu sahədə hələ də kifayət qədər problem var.Yenə də dəri aşılamaq,yola səpmək üçün nəzərdə tutulan duzlar qablaşdırılaraq bazara çıxarılır. Bu cür duzlar daha çox Ukraynanın "Aрtуеm соль"mal nişanı olan qutulara qablaşdırılaraq istehlakçılara satılır ki,bu da çox təhlükəlidir. E. Hüseynov bununla bağlı Daxili İşlər Nazirliyinə,Abşeron rayon Polis İdarəsinə,İqtisadi İnkişaf Nazirliyinə,Standartlaşdırma,Metreologiya və Patent Agentliyinə dəfələrlə müraciət etdiyini,lakin problemin öz həllini hələ də  tapmadığını vurğulayıb. Fuad İsgəndərov Faktinfo.az

2 Mart 2017 19:08

Vilyam Hacıyevdən prezidentə şikayət-Başçıya dur deyən yoxdur?

Hazırda İmişli rayonunun icra başçısı olan Vilyam Hacıyev və AZAL-ın prezidenti Cahangir Əsgərov əlbir olaraq, sahibkarı müflis edib. Bu barədə BakiPost.az-a sahibkar Niyaz Niyazov məlumat verib. O, şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyib: "1992-ci ilin noyabr ayında "Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə isə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun yaxınlığında olan Göygöl rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha torpaq sahəsi aldım. O zaman Göygöl rayonunun icra başçısı Pənah Məmmədov idi və torpağı götürməyimə o, sərəncam vermişdi. Tez bir zamanda həmin ərazidə ictimai-iaşə müəssisəsinin tikinti işlərini başlatdım. Tikinti işləri fasilə ilə getsə də, başa çatmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin "plana düşməsi” xəbərini aldım. 2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar”. Sahibkarın sözlərinə görə, Vilyam Hacıyev icra başçısı olduqdan sonra, onunla düşmən olub: "Əvvəllər Gəncə hava limanında bizim tabeliyimizdə çalışarkən mənim ona heç bir pisliyim keçməyib. Onunla insani münasibətimiz tam normal olub. Nədənsə, Gəncə hava limanından uzaqlaşıb Göygöl rayonuna icra başçısı olan kimi mənim sahibkarı olduğum "Gül-Gün" müəssisəsinə düşmən kəsildi. 2004-2006-cı illərdə Göygöl rayonuna başçılıq edən Vilyam Hacıyev əlində heç bir əsası olmadan başdan-ayağa yalan, iftira ilə məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. O, bu məktubu ilə "Gül-Gün" sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu. Onun yazdığı məktublar hüquqi cəhətdən tam qanunsuzdur. Sənədlərimin hamısı tam qaydasındadır. İcra başçısı özünün verdiyi sərəncamın sonradan saxta olduğunu deyir”. Sahibkar qeyd edib ki, Vilyam Hacıyevin bu məktubu əsasında "Azərbaycan Hava Yolları”nın rəhbərliyi ona dövlətdən kompensasiya almağına imkan verməyib: "Mənə cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışsam da, buna imkan vermədilər. İmkan vermədilər ki, deyim, ay qardaş indi "saxta” adlandırılan, "qaydasında olmayan” həmin sənədləri elə o məktubu yazan icra başçısı verib mənə. Əgər o saxtadırsa, bu, mənim günahım deyil, axı. Səsimi eşidən olmadı və bununla da Cahangir Əsgərov və Vilyam Hacıyev mənim hüquqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurdular. Yalan məktublar əsasında müflis etdilər. Ailəmin maddi durumu hazırda ən kritik həddə çatıb”. Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciətlər edir, lakin nəticə əldə edə bilmir: "Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var. Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur. Çünki kompensasiya almaq üçün rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini dəyər-dəyməzə satmağa məcbur qaldım. Hazırda da fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər”. Məsələ ilə bağlı hazırda İmişli rayon İcra Hakimiyyətinə rəhbərlik edən Vilyam Hacıyevin mövqeyini öyrənmək istəsək də, zənglərimizə cavab vermədi. Qeyd edək ki, Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı olub. 2012-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə İmişli rayonuna rəhbər təyin edilib. Onu da bildirək ki, Niyaz Niyazovun bu problemi, dəfələrlə ictimailəşdirib, amma heç bir nəticə yoxdur. Niyaz Niyazov

23 Fevral 2017 17:16