Tanrıverdi Mustafayev: “Elektriklə evi qızdıranların xərci təbii ki, çox olacaq”

10 Yanvar 2017 11:18

Xəbər 61 dəfə oxunub

“Azərışıq” narazılara cavab verdi

Son günlər sosial şəbəkələrdə elektrik enerjisindən sərfiyyatın həddindən artıq baha olması və bildirişlərin yanlış hesablanması ilə bağlı paylaşımlar artıb. Az qala hər kəs “Azərişıq” haqqında mənfi rəy yazır, bu qurumu yanlış hesablama aparmaqda qınayır. Həmçinin Tarif Şurasının qərarına etiraz edənlər də var.
“Yeni Müsavat”a açıqlamasında “Azərişıq” haqqında deyilənlərə cavab verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirişlərdə heç bir yanlışlığa yol verilmədiyini vurğulayıb: ““Azərişıq” olaraq biz daxil olan zənglərə, müraciətlərin hamısına diqqətlə yanaşırıq və məsələni aydınlaşdırmağa çalışırıq. Sosial şəbəkədən əlavə mənə də zənglər olur. Biz onların problemini aydınlaşdırdıq, tam dəqiq şəkildə izah etdik ki, 300 kv/s-a qədər olan sərfiyyat köhnə tariflə, qalanı isə yeni tariflə hesablanıb toplanır. Sadəcə, abonentlərimizdə elə təəssürat yaranıb ki, yeni tariflər yanvar ayının 1-dən qüvvəyə minir. Halbuki Tarif Şurası dekabr ayının 1-dən etibarən yeni tariflərin tətbiq edilməsinə qərar verib. Hazırda əsas narahatlıq bundan ibarətdir. Biz mütəmadi olaraq həm müraciət edən abonentlərə, həm də sosial şəbəkədə müraciət edənlərə izahat veririk”.
Tanrıverdi Mustafayev onu da bildirdi ki, kimin problemi varsa, fərdi qaydada müraciət edə bilər: “Əmin olsun ki, problem operativ qaydada həllini tapacaq. Əməkdaşlarımızı mənzillərə qədər göndəririk. Elektrik hesabatını sistem özü çıxarır, 1 qəpik belə yanlışlığa yol verilə bilməz. Bizə müraciət edənlərin hər birinə aydınlıq gətirəndən sonra məlum olur ki, bizim əməkdaşlar düzgün hesablayıblar. Heç bir yanlışlığa yol verilməyib. Sayğaclarda hər hansı problemin olması mümkün deyil. Kimdə problem varsa, biz sayğacı dəyişdirə də bilərik, rəqəmlərin oxunmasında problem varsa, onu həll edirik. Abonentlərimiz çəkinmədən bizə müraciət etsinlər.
Bu aydan etibarən artıq heç bir anlaşılmazlıq qalmayacaq, mübahisəli durum yaşanmayacaq. Çünki dekabr ayının 1-dən etibarən oxunan sayğaclarda heç bir problem olmayacaq.
Ötən ay yeni kommunal xidmət açıldı və artıq bütün sayğacların quraşdırılması həmin kommunal xidmət vasitəsilə həyata keçiriləcək.
Məcburi köçkünlərdə isə güzəştli olaraq verilən 150 kv/s , yəni 10 manat 50 qəpik avtomatik olaraq sistem tərəfindən silinir. Yerdə qalan məbləğ abonentə göndərilir”.
T.Mustafayev abonentləri elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırdı: “Tariflər qalxdığı üçün abonent daha çox ödəməli olur. Xərcin az olmağını istəyirsə bəzi məsələlərdə qənaət etməlidir.  Köhnə tariflər üçün qoyulan limit – 300 kv/s böyük bir rəqəmdir. Bu gün elə elektrik lampaları var ki, 6 vattla işləyir, 100 vattlıq lampa ilə eyni dərəcədə işıq saçır, ancaq 6 vatt istifadə edir. Buraya soyuducunu, paltaryuyan maşını, qabyuyan maşını, televizoru, işıqlandırmanı da əlavə etsək, aylıq sərfiyyat 300 kv/s-nı keçə bilməz.  Ancaq mənzildə digər istilik sistemləri yoxdursa, abonent elektrik enerjisini istilik enerjisinə çevirirsə, bu artıq normativ ehtiyacdan çıxır. Əvvəl insanlar 6 qəpikdən ödəyərkən bu xərci o qədər böyük hesab etmirdilər. Sonra qiymətlər artdı və 7 qəpik oldu, indi isə 11 qəpikdir.  O səbəbdən gələn bildirişlər əvvəlkindən çox yüksəkdir. Bu səbəbdən istehlakçı öz xərclərinə nəzarət etməlidir. Ölkədəki abonentlərin 80 faizinin elektrik sərfiyyatı ayda 300 v/s-ı keçmir. 6 vattla evi işıqlandıran lampa varsa, 100 vattlıq lampadan istifadə edən abonent təbii ki, qənaət edə bilməyəcək. Evi radiatorla qızdıranların elektrik sərfiyyatının çox olması da normaldır. Radiator gündə 10 saat işləyəndə 25 kv/s edir, bunu 30 günə vuranda 750 kv/s edir. Elektriklə ev qızdırılırsa, xərci təbii ki, çox olacaq. İstilik üçün mərkəzi istilik sistemindən və ya kombidən istifadə olunması xərclərə qənaət üçün çox önəmlidir”.

“Gəlib səni təpiyimin altına salacam” – Bələdiyyə sədri jurnalisti hədələdi…

“Satira” jurnalının baş redaktoru Tapdıq Həsənov yazdığı tənqidi məqaləsinə görə hədələnib. Bu barədə saytımıza jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, son vaxtlar İmişli rayonundakı oliqarxların yerli idarəçiliyi əldə saxlaması, onlara məxsus müəssisələrin enerji haqlarını və vergi öhdəliyini tam həcmdə yerinə yetirməkdən yayınmaları barədə KİV-də tənqidi yazı dərc edib. Həmin məqalədə T. Həsənov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarə rəisi, İmişli şəhərində fəaliyyət göstərən “Kral” şadlıq sarayının, “Araz” konservləşdirilmiş şirələr və konyak zavodunun sahibi Saleh Səmədovun bəzi əməlləri ilə yanaşı, İftixar Əliyev ad-soyadlı bir şəxsin İmişli bələdiyyəsinin başına necə gətirilməyi və nəyə görə bu vəzifədən kənarlaşdırılmasına da toxunub: “İftixar Əliyev uzun müddət idi ki, rayondan kənarda idi. Bu adamın adı 2014-cü ilin seçici siyahısında Qaradağ rayonundakı 26 saylı seçki məntəqəsində keçirdi. Qabaqcadan düşünülmüş şəkildə həmin ilin mayında təcili olaraq İmişliyə qeydiyyata alınıb. YAP-ın rayon təşkilatı da bələdiyə seçkilərinə bir ay qalmış onu ilk təşkilatlardan birinə üzv edib. Beləcə İmişli bələdiyyəsinə YAP-ın namizədi kimi qatılıb, əvvəlcə üzv, ardınca isə sədr seçilib. Təbii ki, öz katibəsini də bu bələdiyyəyə üzv edən Saleh Səmədov üçün İftixar Əliyevi “seçdirmək” çətin olmayıb.” Tapdıq Həsənov daha sonra qeyd edir ki, bələdiyyə sədri özbaşına hərəkətlərinin və vəzifəli şəxsə layiq olmayan davranışının qurbanı olub: “Məzuniyyətdə olduğu bir vaxtda İftixar Əliyev Heydər Əliyev parkında çoxillik küknar ağaclarını kəsdirib. Rayonun icra başçısı ondan nə üçün bu işi gördüyünü soruşduqda, bələdiyyə sədri öz himayədarını nəzərdə tutaraq “ağsaqqal tapşırıb” cavabı verir. Bu cavab rayon rəhbərini qəzəbləndirir və o, əlaqədar təşkilatlara rəsmi qaydada müraciət edərək “yaşıl soyqırım”ı həyata keçirənlərin cəzalandırılmasını istəyir. Demə Saleh Səmədovun sözü çox yerdə keçərlli imiş. Ekologiya və Tbii Sərvətlər Nazirliyinin yerli idarəsi az miqdarda cərimə yazmaqla onlara üzgörənlik edib.” Baş redaktor bildirir ki, məlumatı ictimailəşdirdiyinə görə İftixar Əliyev tərəfindən hədələnib: “Fevralın 23-də günün birinci yarısı o, mobil telefonuma zəng edərək, məni təhqir və təhdid etdi, gəlib Bakının ortasında təpiyinin altına salaraq döyəcəyi ilə hədələdi. Mən daxili işlər nazirinə bu barədə ayrıca müraciət edəcəyəm. Amma buradaca qeyd edim ki, belə ağıl və tərbiyədə olan adamın idarəetmə orqanının başına keçməsi, əslində toplumun faciəsidir.” Qeyd edək ki, şikayət məktubunda adı keçən şəxslərin də mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq. Faktinfo.az

27 Fevral 2017 12:36

Fətullah Gülənin Azərbaycandakı parlayan üzü… – İddia

Hökümət Taleh Ziyadovun "güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı. Faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Gülənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə, bir müddət əvvəl Limanda vergi yoxlamalarının aparldığı zaman baş direktor Taleh Ziyadov bir qanunsuzluqları ört-basdır edə bilmək üçün köhnə tarixlə bir neçə daxili əmrin hazırlanmasına göstəriş verib. Vergi işçiləri həmin qanunsuzluğu aşkarlasalar da, bu qanunsuzluğu və saxtakarlığı ört-basdır etməyə qərar veriblər. Faktiki olaraq ört-basdır edilən qanunsuzluqların nəticəsində isə Limanda fəaliyyət göstərən Gülənçi şəbəkə milyonlarla dollar dövlət vəsaitini mənimsəyiblər. Bu barədə yayılan məlumatlarda bildirilir ki, artıq iki ilə yaxındır bu qanunsuz mənimsəmələr davam etdirilir və dövlət büdcəsinə daxil olacaq milyonlarla dollar mənimsənilir. Şəbəkənin qurduğu sistem isə çox sadədir. Güya ki, Limana daxil olan gəmilərin və yüklərin miqdarını artırmaq məqsədi ilə dəniz daşımalarında liman xərcləri bəzi şirkətlər üçün 50 faiz azaldılıb. Əslində isə həmin şirkətlərlə əlbir olan Liman rəhbərliyi "güzəşt” olunan məbləği şirkətlərin rəhbərləri ilə bölüşür. Və nəticədə büdcəyə daxil olacaq olan milyonlarla dollar vəsait şəxsi ciblərə daxil olur. Bu şirkətlərin bəzisinin adlarına diqqət edək: 1. "Karvan Logistics” şirkəti: 2 il ərzində bu şirkətin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərindən 1.5 milyon dollara yaxın qanunsuz gəlir əldə edilib. Yəni faktiki olaraq "Karvan Logistics” şirkətinə olunan "güzəştlərə” görə dövlət büdcəsi 1.5 milyon dollar ziyana düşüb. "Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisindən 15000 dollar alınacağı halda, sadəcə 5000 dollar dövlət büdcəsinə ödənilir. "Güzəştə” görə Taleh Ziyadov "Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisinə görə 5000 dollar, paralel olaraq şirkət rəhbəliyi də 5000 dollar qazanıb. 2. "İP Altynyoda” şirkəti: Türkmənistan şirkətidir. Bu şirkət hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 3. "Magic Trans FZE” şirkəti: Türkmənistan şirkətidir. Hər gəmi girişinə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 4. "Socar Logistics DMCC” şirkəti: 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. 5. "Cronus Energy AZ” şirkəti: hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. Bu şirkətlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına illik gəmi girişləri yüzlərlə sayda olub və dövlət büdcəsinə hər il milyonlarla dollar ziyan vurulub. Bütün bu işləri isə Taleh Ziyadovun müşavirləri Xudayar Həsənli və Şahin Yusifov həyata keçirir. Taleh Ziyadovun bu iki müşaviri bir qayda olaraq şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşür və onlara "güzəştlərlə” bağlı təklif verilir. Yemək süfrəsi arxasında əldə olunan razılaşma isə sonradan müqafilə ilə rəsmiləşdirilir. Əslində isə bu şirkətlərə hansısa güzəştlərin edilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Çünki bu şirkətlərin bir qayd olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından istifadə edirlər və Rusiyanın Xəzərdəki limanlarında yükaşırma qiymətləri daha bahalıdır. Digər tərəfdən vaxt və məsafə baxımından yüklərin Rusiya limanlarından aşırılması həmin şirkətlərə iqtisadi baxımdan sərf eləmir. Buna baxmayaraq Taleh Ziyadov Azərbaycan büdcəsinin hesabına bu şirkətlərə 70 faizdən artıq "güzəşt” edir. Yəni faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Güdənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bundan başqa cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda yer alan məlumatlarda o da bildirilib ki, Taleh Ziyadovun "güzəşt” biznesi yuxarıda adı keçən şirkətlərlə məhdudlaşmır. Bu şirkətlərin sayı həddindən artıq çoxdur və əlaqədar dövlət qurumları yoxlamalar aparasa, bu şirkətləri müəyyən etmək heç də çətin olmayacaq. O zaman Taleh Ziyadovun Azərbaycan büdcəsinə vurduğu əsil ziyan bəlli olacaq. Redaksiyadan: Büdcə gəlirlərini artırmaq və büdcəyə əlavə 300 milyon manat gətirmək üçün hökümət elektrik enerjisinin və qazın qiymətini qaldırdı. Halbuki hökümət Taleh Ziyadovun "güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı…

23 Fevral 2017 13:03

4,4 milyon ödəyib azadlığa çıxır

Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki əlaltıları da ifşa edildi. Nazir Əli Abbasovun özü həbs olunmasa da, onun tabeçiliyində olan bir neçə şəxs “MTN işi” çərçivəsində həbsə alındı. Ancaq deyəsən, hakimiyyət MTN–nin cinayətkar ünsürlərindən fərqli olaraq, həbsdəki rabitəçilərə qarşı güzəştli mövqe tutur. Təxminən iki ay əvvəl “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov azadlığa çıxdı. Gununsesi saytını  bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir. Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.

21 Fevral 2017 13:21