“Transneft” Azərbaycandan nəqli dayandırıb –Səbəb

10 Yanvar 2017 14:19

Xəbər 26 dəfə oxunub

Rusiyanın “Transneft” şirkəti Azərbaycandan Rusiyanın Novorossiysk linanına neft nəqlini dayandırıb.

Bu barədə şirkətin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

Onun sözlərinə görə, buna səbəb Mahaçqala ərazisində aparılan təmir işləridir.

Təmir işlərinin nə vaxt bitəcəyini, o cümlədən nəqlin nə zaman bərpa olunacağı barədə məlumat yoxdur.

Azərbaycanda ilk dəfə qəbul imtahanında iştirak etmək pulsuz olacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında vətəndaşların müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindəndir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən faydalanması prosesində ən mühüm şərtlərdən biri olmaqla, ölkənin təhsil sisteminin başlıca vəzifəsidir. Təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində son illərdə ölkədə bir sıra mühüm addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycan Respublikasının mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, təhsilin iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə idarəetmə sistemi yenidən qurulmuş, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də beynəlxalq təcrübə nəzərə alınmaqla kadr hazırlığının təkmilləşdirilməsi, potensial istedadlı gəncləri aşkarlayaraq cəlb edən, aparıcı sektorları əmək məhsuldarlığı yüksək olan, innovativ işçi qüvvəsi ilə təmin edən və beynəlxalq səviyyədə tanınan rəqabətqabiliyyətli sistemin qurulması əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə qərara alıram: 1. Orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin: 1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər; 1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər. 2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Sərəncamın 1-ci hissəsinə əsasən imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan on beş gün müddətində hazırlayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 3.1. bu Sərəncamın 2-ci hissəsinə müvafiq qaydada Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra on beş gün müddətində “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsait hesabına Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə ödənilməsini təmin etsin; 3.2. 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etsin.

24 Fevral 2017 19:21

DTX əməliyyat keçirdi, dövlətə xəyanətdə şübhəli bilinən 2 nəfər həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib. Bu barədə “Report”a DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Belə ki, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib. Bu il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınıb. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

24 Fevral 2017 15:23

Sabah güclü külək olacaq – Xəbərdarlıq

Şənbə günü, fevralın 25-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya DepartamentindənAxar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, fevralın 26-sı gündüzdən 27-si səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Tibbi-meteoroloji xəbərdarlığa əsasən, fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. ETSN xəbərdarlıq edir ki, küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

24 Fevral 2017 14:50

Aqrar Universitetində Xocalı soyqrımının ildönümü qeyd edilib

25 ildir hər bir azərbaycanlı, Azərbaycanı sevən insanlar Xocalıda baş verən dəhşətli qırğınlardan danışır. Bu illər ərzində əllərdə Azərbaycan bayrağı, qulaqlarda xocalılıların fəryadı müxtəlif ölkələrdə, beynəlxalq qurumlarda baş verən qırğına ədalət istənilir. Haqlı davamıza dayaq çıxanlar axtarılır. Bu işləri görmək təbii olaraq millət kimi, insan kimi bizim borcumuzdur. Əslində Xocalı bir millətin deyil, insanlığın faciəsidir. Xocalıda törədilənlər Allaha qarşı çıxmaqdır. Artıq qisas, intiqam vaxtıdır. İnsanlar yalnız danışıqlarla kifayətlənməməli, dövlətimizin ətrafında yumruq kimi birləşərək erməni faşizminin və terrorunun kökünü kəsmək üçün fəaliyyət göstərməlidirlər. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə təhsil müəssisəsində keçirilən anım mərasimində bu fikirlər xüsusi vurğulanıb. Əvvəlcə Xocalı soyqırımına məruz qalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kütləvi qırğının baş vermə səbəblərindən, Xocalının o dövrdə tamamilə başsız qalmasından, bu faciəyə, eləcə də Dağlıq Qarabağ məsələsinə dünya birliyinin ikili münasibətindən danışıb və deyib ki, Xocalı 20-ci əsrin ən dəhşətli qırğınıdır. İndi güclü ordumuz var. Təbii ki, son sözü də Azərbaycan əsgəri deyəcək, törədilən qırğının mütləq qisası alınacaqdır. Aprel döyüşləri bir daha sübut elədi ki, tökülən qanlar yerdə qalmayacaq, ölkənin ərazi bütövlüyü tam təmin ediləcəkdir. Əslən Xocalıdan olan tələbə Nüranə Məhərrəmova, Toğrul Məmmədov, müəllimə Sevda Abdullayeva Xocalı ilə bağlı fikirlərini səsləndirib, tarixi faktlara aydınlıq gətiriblər. Təqdim olunan videoçarxda isə Xocalının dünya birliyinə tanıdılması işləri əksini tapıb, faciənin ürək göynədən görüntüləri yayımlanıb. Tədbirin sonunda iştirakçılara universitetin tələbələrinin hazırladığı “Xocalı bir millətin deyil, insanlığın faciəsidir” adlı kompozisiya təqdim edilib. Ürəyi Vətən eşqi ilə döyünən tələbələrin hazırladığı bu kompozisiya bir anlıq hamını dəhşətli Xocalı gecəsinə qaytarıb. Səslənən hər bir şer qisasa bir çağırış kimi yaddaşlara yazılıb.

23 Fevral 2017 16:51

Ərini bacısı ilə yataqda tutan qadın:“Dedi artığına qalmamışam” (VİDEO)

37 yaşlı Gülayın ünvanı qadın sığınacağıdır. Özünə bir küncdə yer tapıb yaşamağa çalışır. Deyir dünyaya gəlməyi də çətin olub: “Deyiblər ya anası, ya uşaq. Bəlkə də elə o vaxtdan doğulmasaydım daha yaxşı olardı”. Amma təsadüfdənmi, ya alın yazısındamı anası da, özü də sağ qalıb. 1979-cu il noyabrın 21-də dünyaya göz açıb Gülay. Valideynlərinin ilk ovladı olub. Normal ailə, ata-ana yanında böyüyüb. Ondan sonra ailədə daha bir qız və bir oğlan doğulub. Özünü dərk edəndən ən böyük arzusu ali məktəbdə oxumaq olub. O da hamı kimi məktəbə gedib. Riyaziyyat üzrə olimpiadada, atıcılıq üzrə yarışlarda birinci yerə çıxıb. Gülay oxumağı o qədər sevirmiş ki, qışda ayaqqabısı ayağını yara edəndə dərsdən qalmasın deyə, qarda yay ayaqqabısı ilə məktəbə gedirmiş: “Əvvəllər ailəmdən narazı deyildim. Oxumaq üçün hər şeyimi verdim, amma faydası olmadı. Bəzən hətta suallar verirdilər – atanı çox istəyirsən, ya ananı, cavab verirdim heç kəsi. Çünki həqiqətən də mənim heç kəsə istəyim olmayıb. Mən ancaq kitablarımı sevmişəm”. Təhsil almaq arzusu 100 dolların qurbanı olub Təhsil almaq arzusu gerçəkləşməyib Gülayın. Atası əvvəl böyük kolbasa zavodlarından birinin müdiri, sonra restoran sahibi olub. Buna baxmayaraq o, qızın ali təhsil almaqda dəstək olmayıb: “Oxumaq arzum 100 dolların qurbanı olub. Mən ilk nəvə idim ailədə. Bizlərdə ilk nəvəyə hər ad günümdə qızıl beşlik gətirirdilər. Adıma 10-15 qızıl beşlik yığılmışdı. Anama dedim ki, onun ikisini ver mənə, təhsil almaq istəyirəm. Anam dedi ki,  atandan icazəsiz verə bilmərəm. Bizim evdə o zamanlar heç nəyin sayı-hesabı yox idi. O qızıldan ikisi mənə verilsəydi də, hiss olunmayacaqdı. Amma anam vermədi. Səhərisi atam maşını ilə qəza törətdi, maşınının mühərriki dağılmışdı. Anam boynundakı qızıl boyunbağını çıxardıb verdi. Bir dəmir parçasına qızıl verildi, amma mənim təhsilimə yox”. Bu hal həyatında ən böyük zərbə olub, deyir Gülay. Elə bundan sonra da onun faciəli ailə həyatı başlayıb. Onu oxumağa qoymadıqları üçün acığa düşür və sevmədiyi biri ilə ailə qurur. Özü dediyi kimi kasıb, heç nəyi olmayan bir oğlanla izdivaca razı olur: “Mən o adama dedim ki, götür qaç məni. Mən heç ağ gəlinlik belə geyinmədim, ağ gəlinlik ayaqqabım belə olmadı, bəzənmədim. Sadəcə getdim. Düşündüm ki, bəlkə ər evində oxuya bilərəm…” Gülay, toyun səhəri günü gəlin çökdüyü evdən qaçmaq istədiyini deyir: “Toyun səhəri günü səhv elədiyimi anladım. Yenə də şükür edirəm, çünki xasiyyətimi bilirəm. Ən böyük səhvim oxumaq uğrunda mübarizə aparmamaq olub. Bir də həyatda həmişə yalansız, xəyanət olmayan dünya axtarıram. O dünyanı kitablarda axtarmışam. Düzdür, hələ tapmamışam, amma yəqin məndən sonrakılar tapar”. Ailə qurduqdan bir il sonra qızı olur. Bütün arzu və istəklərini bu qızına bağlayır. Özünün çatmadığı arzulara qızının çatmasını əl açıb Allahdan istəyir. Həyat yoldaşının xəyanətlərinə dözərək, qızını böyütməyə başlayır. “Bəzən qadınlar kişilərin xəyanətindən danışırlar. Onsuz da bu xəyanət həmişə olub və olacaq. Amma kişi xəyanəti edib evində bildirməyəndir”. “Bacım dedi: “Sənin artığına qalmamışam” Gülay ikinci dəfə ana olur, oğlu dünyaya gəlir. 16 illik ailə həyatının sona çatmasına Gülayın bacısı ilə həyat yoldaşı arasındakı münasibət səbəb olur. Gülay 9 yaşlı qızı ilə  rayondan qayıdıb doğma bacısını həyat yoldaşı ilə birgə yataqda görür. Gülayın dünyası həmin andan yıxılır. Qızı da çox pis olur bu hadisəyə. “Bacımla ərimə dedim ki, əgər bir-birinizi istəyirsinizsə, mən çıxım gedim. Bacım mənə – “sənin artığına qalmamışam” – dedi. Onun bu sözü mənə ərimin  xəyanətindən daha  pis təsir etdi”. Gülay 9 yaşlı körpəsinin təkidi ilə 16 illik ailə həyatına son qoymağa qərar verir. Boşandıqdan sonra qızını özü ilə götürüb kirayə ev axtarışına çıxır. Maddi çətinlik ucbatından oğlu atasının yanında qalır. Həmin vaxtdan Gülayın qızının ürəyi xəstəliyə tutulur. Gülay deyir ki, hazırda 19 yaşı olan qızının ürəyi paroqdur. “Artıq itirəcəyim heç nə yoxdur” Hər kəs ondan üz döndərib, həyat kimi. Boşanan Gülay qızı ilə birgə özünə yeni həyat qurmağa başlayır. Tovuza gedir və 72 yaşlı bir kişinin evində işləməyə başlayır. Bir müddətdən sonra ev yiyəsindən xoşagəlməz təklif alır və qızını götürüb ordan gedir. Kirayə ev tutur, işləyib pul qazanır, qızına baxır. Boşanandan sonra heç kim ondan niyə bu addımı atdığını soruşmayıb deyir Gülay. Hər kəs üz döndərir ondan. Gülay anasını itirir. 4 il sonra atası yenidən evlənir, bütün var-dövlətini də ikinci arvadın adına keçirir. Atası qızının boşanmasının əsl səbəbini bütün bunlardan sonra bilir və 6 ay sonra ürək tutmasından ölür. Gülay onun ən böyük arzusunu ürəyində qoyan atasını da itirir.  “Qardaşım da öz işindədir. Qohum-əqrabalarım da öz işində. Hər kəs yaxşıdır. Amma hamısı məndən üz döndərib. Günahım odur ki, həyatımda ilk dəfə sevmək istədim. Bəlkə bəlkə nəvaziş göstərən olar, bəlkə həqiqətən də sevən olar”. Gülayın 19 yaşlı qızı universitet tələbəsidir. O da anasından imtina edib. Gülay bunun səbəbini imkansızlığında görür. 9-cu sinif şagirdi olan oğlu isə anasına hər zəngində gələcəkdə ona kömək edəcəyini deyir: “Həqiqətən indi zəmanə elədir ki, valideyn belə imkanlı övladını seçir. İmkanın varsa, həyat sənindir. Əvvəllər əgər adamı geyiminə görə qarşılayıb, ağlına görə  yola salırlar, indi adamı geyimə görə qarşılayıb, elə geyimə görə də yola salırlar. Qızımın elə bir yaşı idi ki, artıq istəkləri çoxalırdı. Mən həmin müddətdə uşağa baxıcılıq edirdim, ev təmizləyirdim. Elə oldu ki, kirayə pulunu belə verə bilmədim və orda qalmağa başladıq. İmkanım çox olsa, yenə də qohumlarım da çox olacaq, tanışlarım da”. Gülayın artıq itirəcəyi heç nə yoxdur: “Övladlarım öz yollarını seçdilər. İstəyirəm həyatımda bir gün halal pulum olsun, qızıma istədiyi nəyisə alım və deyim ki, hər şey pul demək deyil. Qızım pul lazım olanda yazır. Mən istəsəm onun qarşısına universitetdə çıxa bilərəm. Amma onun özünə görə edə bilmirəm”. Gülay öz ayaqları üzərində durmaq istəyir: “Düşmənlərimi sevindirmək istəmirəm. İstəyirəm hər qadın güclü, dözümlü olsun. Bu yaşımda mən küçələrdə qalmışam. Heç nə yox, qızım bir dəfə “ana” desəydi, heç “ana” deməsin, yəqin yaxşı ana deyiləm, desəydi “Gülay hər şey yaşı olacaq”, bəlkə də mən çoxdan ayaqda idim”. Özünə qəsd edən qadın… Gülayın əli heç nəyə çatmır. Bircə özündən başqa. Dəfələrlə özünə qəsd edib, amma deyir, o dünya belə onu qəbul etmək istəmir, hələ də nəfəs salır, ürəyi döyünür. Nə üçün özü də bilmir: “qızım məndən pul istədi. Mənə dedi ki, sürünməkdənsə, get öl. Mən də götürdüm damarlarımı doğradım, dərman içdim, ölmədim. Demək ki, hələ zamanı deyil. O dünyada haqq-ədalət var. Amma bu dünyada insanı elə özününkülər yandırıb kül edir. Hərdən ürəyim elə göynəyir, götürüb nəyisə basıram əlimə ki, qoy bu göynərti o göynərtini unutdursun, amma olmur. Əlimi də yandırmışam, amma heç nə ürəyimi sakitləşdirmir. Artıq həyatda heç kimdən heç nə gözləmirəm”… Gülay ürəyindəkiləri və hiss etdiklərini kağıza köçürür. Yaşadıqlarından ssenari hazırlayıb. O ssenari əsasında film çəkilməsini arzulayır: “İstərdim həyatımdan bir film çəkim. Filmin sonunu belə bitirərdim. Yeməklər bişirərdim, bir süfrə açardım. Qızım, oğlum və mən bərabər oturardıq. Elə orda da nəfəsim kəsilərdi. Özüm öz ayağımın üzərində durmasam mən mənliyimi itirmiş olacağam. Mən heç kimdən heç nə istəmirəm. Qadın həyatda üç kişiyə güvənir deyirlər: ataya, qardaşa və yoldaşa. Üçü də mənim əlimi buraxdı. Əgər atam əlimi buraxdısa, mən başqalarından nə gözləyim?” Gerçəkləşməyən arzularının nisgilini canında daşıyan Gülayın son arzusu… “Yaşamaqdan yorulmuşam. Heç bir şeyə ümidim yoxdur. Səhər durum, hər şey yaxşı olacaq, qızım gələcək, ailəm olacaq deyə bir ümidim yoxdur. Ona görə də son arzum budur ki, məni kimsəsizlər qəbiristanlığında basdırsınlar. İstəmirəm adım olsun, baş daşım olsun”.

23 Fevral 2017 16:45