Türkiyədən şok addım:Qafqaz Universitetinin diplomunu tanımadı

12 Yanvar 2017 13:59

Xəbər 22 dəfə oxunub

Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə (Fətullahçı Terror Örgütü) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

Bu sırada Avstraliya və Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan, İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan hərəsindən 1 olmaqla universitetlər daxildir.

Azərbaycandan bu siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə 2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq. Yalnız 2016-2017 tədris ili və bundan sonrakı illər üçün universitetə qəbul olunan tələbələrin diplomları tanınacaq. Yüksək Təhsil Şurası bunu onunla əsaslandırır ki, ötən il Azərbaycan hakimiyyəti FETÖ ilə mübarizə çərçivəsində Qafqaz Universitetinin rektorunu və professor-müəllim heyətini dəyişdirib.

Azərbaycan təhsilində “yenilik“: valideynlərə rüşvət sənədi imzalatdırılır – FOTO

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur. Lent.az-ın məlumatına görə, məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.  Valideynlər şikayət edir ki, əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özləri evdə öyrətsinlər. Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Məktəb direktoru Vladim İbrahimov deyir ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: “Həmin fotonu sosial şəbəkədə yayan məktəbin rus sektoru üzrə I sinif şagirdinin valideynidir. Hazırda həmin sinfin valideyn komitəsinin üzvü yanımdadır. Fotonu paylaşan şəxsi gözləyirik ki, bu məsələni müzakirə edək. Valideyn komitəsinin üzvünün dediyinə görə, valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb”. V.İbrahimov deyir ki, bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi: “Hazırlanan bu aktdan xəbərim yoxdur və elə bir şey olsa, icazə verməzdim. Məgər mən  o qədər təcrübəsizəm ki, belə bir iş görüm?! Məktəbdə keçirilən bütün test summativ qiymətləndirmə üçün gərəkli xərcləri  məktəb özü qarşılayır.  Kim istəyir, gəlib yoxlama aparsın.  Məktəbdə 1500 şagird oxuyur, 137 müəllim işləyir.  Ümumtəhsil məktəbləri arasında bizim məktəb 46-cı yerdədir. Məktəbimizdə hər il şagirdlərin 69 faizi tələbə adını qazanır.  Bu, bizim işimizin nəticəsidir”. Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, məsələ nazirliyin Daxili Nəzarət Şöbəsinə yönləndirilib və  xidməti araşdırma aparılır.

23 Fevral 2017 16:28

Kür çayında təhlükə- biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən 15 m3/san artaraq 138 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.75-6.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

22 Fevral 2017 16:12

Türkiyədən Azərbaycana ciddi güzəştlər gəlir

Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır. Bu barədə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını təmin etmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər: "Bununla belə, Türkiyə Ümumdünya Ticarət Təşkilarının qaydalarına uyğun fəaliyyət göstərməlidir". F.Çelik qeyd edib ki, Türkiyə Nazirlər Kabineti ötən il "Sərhədyanı ticarətin nizamlanması haqqında" qərar qəbul edib. Bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: "Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallara münasibətdə gömrük rüsumunun sıfır dərəcəsi tətbiq ediləcək. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında "birləşdirici halqa"dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir". Qeyd edək ki, bundan əvvəl Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Trend-ə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün Türkiyə ilə danışıqlar aparıldığını bildirmişdi.

21 Fevral 2017 11:08