Azərbaycan televiziyaları iyrənc təbliğatla məşğuldur!
Azərbaycanın teleməkanı əxlaqsızlığın, pozğunluğun təbliğatı və bu iyrənc işin yayılması üçün nə lazımdırsa, onu artıqlaması ilə yerinə yetirir.
Baxmaq olmur televiziyalara. Adam heyrətə gəlir, yəni doğrudanmı mənəvi-əxlaqi dəyərlərimizin səviyyəsi, adət-ənənələrimizin keyfiyyət göstəriciləri elə bu qədərmiş?!
Belə çıxır ki, bir qrup insan namusunu, abır və həyasını bazara çıxarıb. Bu dərəcədə məsuliyyətsizliyin, aşkar həyasızlığın adı yoxdur. Hər millətin içində əxlaqsız, pozğun həyat tərzi keçirən, ailəsinə xəyanət edən qadın və kişilər var. Kommunikasiya indi elə inkişaf dövrünə qədəm qoymuşdur ki, dünyanın o başından asanlıqla xəbər almaq problemini artıq yaşanmırıq.
Müxtəlif ölkələrin televiziyalarına baxırıq. Onların verilişlərində də əxlaqi məsələlər müzakirəyə çıxarılır. Daha bizdəki kimi alt paltarların axtarışına çıxmırlar. Çox təəssüflər ki, Azərbaycan televiziyaları (bir-ikisi istisna olmaqla) bu məsələ ilə bağlı az qala ümumiləşmiş(!!!) obraz yaradıblar. Gerisini gətirmirəm…
Hansı kanalı açırsan ya başıqırxıqlardan, ya gecə ərini yuxuya verərək köhnə sevgilisinə qoşulub qaçan 10-15 günün gəlinindən, ya da evə xəlvəti başqa kişiləri gətirən sürüşkən qadınların xəyanətlərindən axmaqca söhbətlər aparılır. Mövzunun xüsusi ekspertləri, necə deyərlər, yüksək “təcrübə kurslarını” bitirmiş xeyli mütəxəssisləri də var.
Aparıcı ilə “müqavilə bağlayan” eyni adamlar verilişə dəvət olunaraq, əttökən çıxışları, sualları ilə camaatın əsəbləri ilə oynayırlar. Belə biabırçı, gəncliyin tərbiyəsini, mənəviyyatını aşılayan zərərli verilişlərin müzakirəsinə hətta bəzi deputatlar, yazıçı, şair, elm adamları, müəllimlər də qoşulurlar.
Deyəsən, ATV idi, abrını ətəyinə bükən, müəllim adına ləkə sayılan birisini efirə çıxarmışdılar. Görün “müəllim” nə deyir:” 7-ci sinifdə dərs dediyim bir qızla sevişdim, onu məktəbdən kənarlaşdırıb ailə həyatı qurdum.”
Belə yerdə deyiblər ki, “kəlləsinin gülləsi çatmır”. Aparıcı da sanki nadir tapıntı əldə etdiyindən, üzü-gözü gülürdü. Daş düşüb başımıza. Doğrudan!!! Bəs bu telekanallara nəzarət edən təşkilat qış yuxusundan nə vaxt ayılacaq?
Bəlkə bu cür təbliğatın yerinə yetirlməsi ona görə lazımdır ki, cəmiyyətin başı qarışsın və digər problemlər barədə düşünməyə vaxtı qalmasın!!!
Allah bilir nə məsələdir!!!
BU MƏQALƏ ÜÇÜN ŞƏRHLƏR