“Kəbirə Məmmədova Çingiz Abdullayevdən təvazökardır”
Çingiz Abdullayev haqqında danışmamaq üçün, həmişə azərbaycansayağı bəhanəm olub – çörək kəsmişik, əməkdaşlıq etmişik, nəhayət bir-birimizə hörmətlə yanaşmışıq.
Bu gün də ona qarşı heç bir qərəzim yoxdur. Onun müsahibələrini oxuyanda həmişə təəssüf edirəm. Heç bir gözləntim olmasa da, özünə yazıçı deyən bir adam, belə pis müsahibələr verməməlidir. Hələ Ç. Abdullayev kimi “şəhərli”yə, bunu heç yaraşdırmıram.
Mənim nəzərimdə, onun heç vaxt yazıçı sanbalı olmayıb. O, sənətlə yox, zənaətlə məşğul olan, başını aşağı salıb işini görən, şəhərli bir kommersantdır. Onun “bizimki” olması, Azərbaycanda yaşaması, fəaliyyət göstərməsi müsbət haldır. Rəhmətlik Anar Məmmədxanov indi deməsin, tez-tez deyərdi ki: “Çingiz Abdullayev unikal adamdır. Mən onun kitablarını Moskvada görəndə, elə sevinirəm ki, sanki əncir mürəbbəsi, Bakı paxlavası, narşərab görmüşəm. Onun Dronqosu da bizim brenddir, bizim lavaş kimi, narşərab kimi, lülə kababımız kimi”.
Yəqin, Ülvi Mehdi demişkən “evdar qadınların” sevimli filosofu Çingiz müəllim də razılaşar ki, Anar Məmmədxanovun KVN-lərinin intellektual yükü, Çingiz Abdullayevin kitablarının intellektual məzmunundan daha ağırdır.
Bizim Çingiz Abdullayevlə doxsanların sonu, iki minlərin əvvəlində əməkdaşlığımız olub. Mən onun beş romanını türk dilinə tərcümə etmişəm. O illərdə, işlədiyim “Kaknüs” nəşriyyatı, populyar ədəbiyyat janrında kitablar buraxmaq, bu seqmentdə də özünü sınamaq istəyirdi. Bir siyahı hazırlandı və mən, Azərbaycandan bu siyahıya Çingiz Abdullayevin adının salınmasına nail oldum. Zatən ondan başqa bu janrda bizdə kim yazırdı ki? Beləliklə onun beş romanı tərcümə və çap olundu. Aralarında “Mavi mələklər” də vardı.
Yadımdadır, iki minlərin əvvəlində İstanbulda, hansısa otelin lobbisində Ç. Abdullayev, səhv etmirəmsə Hürriyet qəzetinə, müsahibə verirdi. Bütün adlı-sanlı yazıçıların solçu olduğunu, özünün də solçuluğa meyl etdiyini deyəndən sonra, Çingiz Abdullayev sevdiyi yazıçıların adlarını sadalamışdı. Siyahıda üçüncü ad Knut Hamsunun adı idi(!) Hürriyet müxbiri söhbəti tutmasa da, əminəm Türkiyədə bir neçə oxucu, Hitler heyranı olmuş Hamsunun, solçuluğa aiddiyyatını sorğulamış və öz zəkalarından şübhə etmişdilər.
Tutaq ki, bu tənqidim tutarsızdır. Çingiz Abdullayev Knut Hamsuna ideoloji yanaşmağa məcbur deyil. Tutaq ki, Hamsun Abdullayevin siyahısında solçu olmayan yeganə yazardır. Aydındır, mənim də hədəfimdə zatən onun Knut Hamsun sevgisi yox, müsahibə vermək istedadsızlığıdır.
Çingiz Abdullayev tanınmış yazıçıların müsahibələrini oxuyubmu? Nəyə görə soruşuram, çünki özünün müsahibələrini 20 ildir ki, zaman-zaman mətbuatda görürəm, hər dəfə də marağa oxuyuram. Çingiz müəllimin müsahibələri qədər məzmunsuz, mənasızını hələ axtarmaq lazımdır. Ç. Abdullayevə dair, zehinləri narahat edən bir sual var: “Bu romanları özü yazır, yoxsa “ədəbi zənciləri” var? Ya da hazır ştampları var, “burdan basır, ordan roman çıxır”.
Ç. Abdullayev haqda yaranan bu folklorun çıxış nöqtəsi, onun son dərəcə boş adam təsiri bağışlamağıdır. Ç. Abdullayevin publik obrazı belədir – boşluq. Əslində gərək mən bu yazını rus dilində yazaydım ki, Ç. Abdullayev mənim ondan nə istədiyimi aydın başa düşsün. Ölkədə məni qane edən rusdilli media olmadığına görə, öz dilimizdə yazmalı oldum. Öz müsahibələrində Ç. Abdullayev xalis “anti-literatura”dır. Onun müsahibələrdə dedikləri də kitabları kimi “ştampovka”dır, əsəbpozucu təkrarçılıqdır. O gərək özünə müsahibə verməyi qadağan etsin.
Görün müsahibəsində nə deyir: “Ayda yetmiş min manat, mənim üçün pul deyil… Bundan az olsa acından ölərəm… Mən bahalı otellərdə qalmalıyam… Üç maşınım və sürücülərim var… Xaricdə uşaq oxutdururam…”
Bu sözlər, fikirlər bir yazıçıya mənsub ola bilərmi? Bir yazıçının bu cür həyat tərzi, qayğıları, xərcləri ola bilər, bununla işim yoxdur – hər kəsin pul qazanmaq və o pulu xərcləmək haqqı toxunulmaz və müqəddəsdir. Lakin publik çıxışda maddiyyata, məişətə bu qədər diqqət, yer ayırmaq? “Talkuçka” Kəbirə Məmmədovanı da danışdırsan belə danışar, hətta daha təvazökar. Çingiz Abdullayev öz müsahibələrini oxumursa, çox pis. Bahalı otellərdə qalmağını insanlara elan etməklə hansı mesajı, məramı çatdırmağı hədəfləyir Abdullayev? Otellərdə qalır, üç maşın sürür – əcəb edir. Bəs təvazökarlıq?
Demirəm yazıçı it kökündə gəzməlidir. Mən də özümü zövqsüz saymıram, üst-başımdan kir tökülmür. Bir yazıçı həm öz qarderobuna bu qədər vaxt ayıra, həm də kitablarını yaza bilirsə, nə gözəl. Məndə belə olmur. Yaş ötdükcə də geyim məsələsində asketizmə yuvarlanıram. O həddəyəm ki, özümə yeni geyim, paltar almaq mənim üçün əzabdır. Bir neçə il olar, vacib bir tədbir üçün yeni geyim almalıydım, çaşıb qalmışdım. Nəhayət bir dostumun yardımı ilə ala bildim. Amma demirəm hamı mənim kimi olmalıdır. Qoy həmkarları Çingiz Abdullayevin Valentino qalstuklarından, ayaqqabılarından nümunə götürsünlər, hətta şəhərdə “hansı Çingiz?” soruşanda adamlar gözlərini bərəldib “aa, tanımırsan? Valentino Çingiz” desinlər. Əsas odur ki, bununla lovğalanmayasan. Axı yazıçı üçün bunlar ayıb şeylərdir.
Sıradan bir qədeş də maşınları ilə lovğalanır, bir yazıçı da. Bəs ikisi arasındakı fərq necə olsun? Bir yazıçının pul, onun əldə olunması, necə xərclənilməsi kimi intim mövzularda belə tez-tez danışmağı, onun əslində yazıçı ruhundan, yazıçı ürəyindən məhrum olduğunu göstərir. Pul və məişət həqiqi yazıçının əsas temaları ola bilməz. Dünyada Ç. Abdullayevdən qat-qat çox pul qazanan yazarlar var. Rusiyada, Avropada, ABŞ-da, Yaponiyada, Türkiyədə. Onları hamı tanıyır, Çingiz Abdullayevin özü də. Bugünəcən bu yazarların hansı biri, müsahibəsində pul, maşın söhbəti edib?
Çingiz Abdullayev admnistratordur, kommersantdır, amma yazıçı deyil. Onun yazdığı kitablardan yola çıxaraq demirəm bunu, ictimai çıxışları ilə ötürdüyü impulsların faydasızlığına, mənasızlığına istinadla deyirəm. “Yetmiş min manat pul mənə bir ayda bəs eləmir” sözləri bir yazıçıya aid ola bilməz. Bir yazıçı bu cür danışa, cümlə qura bilməz.
Özünə kənardan baxa bilsəydi halbuki nələr görərdi. İyirmi ildir eyni söhbətləri təkrarlayıb durur. Eyni sözlər; şit, mənasız atmacalar, zarafatlar. Bunlar hamısı performansdırsa, o zaman intellektual performans deyil. İddia etdiyi yüksəklik ilə, faktiki intellektual görünüşü arasındakı uçurumu görməlidir Çingiz Abdullayev. Mətnin məsuliyyətini dərk etmək lazımdır. Onun kabinetində qəşəng kitabxana var və bu kitabxana, qatı açılmamış kitablarla doludur. Məndəki təəssürat belədir ki, Çingiz Abdullayev o kitabların əksəriyyətini oxumayıb.
Eko yaradıcılığı ilə tanış olan adam, belə düşük müsahibələr verməz. Deyəsən Çingiz müəllimin baqaj problemi var. Siz bugünəcən hansı müsahibəsində Fukodan, Derridadan, Mallarmedən, ədəbiyyat tarixindən, bir yazıçının bioqrafiyasından danışdığını, ya da məqalə yazdığını görmüsünüz?
Deyir “mən başqalarına da kömək edirəm, amma özümü reklam etmək istəmirəm”. Bu cümləni qurdunsa, bu cümlə dilindən çıxdısa, etdiyin yardımların bihudə imiş. Bu xeyirxahlıq, xeyriyyəçilik söhbətləri çingizkimilər üçün lovğalıq mövzusu, imkansızlar üçün isə həmişə başa qaxıncdır.
Niyə? Çünki Şərqdə zəngin və sənətə dəyər verən fərdlər xeyriyyəçiliyi birbaşa edirlər. Avropada isə, eyni işi institutlar görür. Gərəkli infrastruktur yaradılıb və işləyir deyə, fərdlər sənətə, ədəbiyyata yatırım etmək istəyəndə, vəsaitləri fondlara köçürürlər, daha birbaşa yazıçıya, bəstəkara, rəssama pul vermirlər. Bu fondlar, Çingiz Abdullayev kimi ayda 70 mindən çox pul qazana bilməyən yazıçıların ev icarə haqqını ödəyir, yazıçını hətta yazı ləvazimatı (kompüterlə, printer) ilə təmin edir, yaradıcılıq ezamiyyətləri üçün yol xərclərini ödəyir, yazıçıya aylıq təqaüd bağlayır.
Avropada bu cür yaşayan və kitabları beş-on min tirajla satılan yazarlar var. Çox nadir hallarda yazıçı hansısa bir konkret xeyriyyəçi fərdə bağlı olur, ondan şəxsən pul alır.
Çingiz Abdullayev, kitablarının janrına lağ edənləri intellektual ağırlığı altında əzə bilmir, çünki intellektual ağırlığı yoxdur. Kimsə onun dilindən bir ağıllı söz eşidibmi indiyə qədər? Çingiz Abdullayevin qəhrəmanı Dronqo Çingiz Abdullayevdən daha ağıllıdır. Çingiz müəllim iyirmi ildir bunu bütün müsahibələrində, qızına istinadla vurğulayır.
Məhrum olduğu bütün müsbət keyfiyyətləri öz obrazına yükləməklə, məsuliyyətdən yaxa qurtaracağını sanıb.
BU MƏQALƏ ÜÇÜN ŞƏRHLƏR