Mövlud, ay Mövlud... Mövlud heyyy!

Mövlud, ay Mövlud... Mövlud heyyy! 

Ucal üçün. Böyüyəndə mütləq oxuyacaq.

- Mövlud... Mövlud, ay Mövlud... Mövlud heyyy!

Bir də görürdün, məclisin ortasındaca yerlə-göy arasında harasa dalırdı. Gözü sənə baxırdı, amma baxmırdı. Özü səninlə otururdu, amma fikri-zikri özgə yerdə idi. Tez-tez olurdu, axır vaxtlar halına bələd olduğum üçün daha da möhkəmdən çağırırdım:

- Mövlud, ay Mövlud!

Səsim qəfil qopan şapalaq kimi üzünə çırpılıb geri qayıdırdı. Bəzən ondan səs-soraq çıxmır, bəzən də yuxudan hövlnak oyanan uşaqlar kimi silkinib özünə gəlir, qabağındakı yarımçıq pivəni yudumlayıb qırıq-qırıq nəsə danışırdı.

Nitqi çox gözəl idi, amma əsəbiləşəndə dili topuq çalırdı. Hər şeyə əsəbləşirdi, hər şeyə... Hər şey onu özündən çıxara bilərdi. Dəfələrlə şahidi olmuşam; görüşə bir dəqiqə geciksən, telefonu bağlayıb yoxa çıxırdı.

Uşaqlıqda aldığı travmalar, gördüyü xəyanətlər onu adamlarla məsafəli olmağa məcbur eləmişdi. Elə bil, qorxurdu adamlardan.

***

Mövludla məni Bəxtiyar Hidayət tanış eləmişdi. O vaxtlar idi ki, oxuduğu ilahiyyat fakültəsini atıb təzədən instituta hazırlaşırdı. Namazın onu atdığı günlərin heyfini çıxırdı. Çox həvəsliydi...

Həmin il mən də qəbul imtahanlarından kəsilmişdim. Çox pis vəziyyətdəydim. Ata-anamla yola getmir, səhər evdən tez çıxıb gecə gec saatda gəlir, kənddə özüm ağılda beş-altı dostumu da başıma yığıb səhərdən axşama içir, arada “söhbət”ə-zada gedirdim.

Bir gün elə oldu, sevgilimdən də ayrıldım. Qərar verdim, intihar edəcəm. Özümü bol sulu bir dərəyə yuvarlayacaqdım, çünki kəndimizdə ən hündür yer ora idi. Həm də məni orada axtarmaq kimsənin ağlına gəlməzdi.

Məqsədim bu idi ki, bir neçə gün tapmasınlar, tam ölüm; çünki özümü biləndən qəbirdə oyanmaqdan qorxmuşam.

Elə bu halətdə Mövlud zəng elədi: “Əclaf, hardasan? Gəl, bir çay içək”. Əlimi saxladım.

Çayxanada görüşdük. İntihar cəhdimin səbəbini deyəndə gülməkdən keçindi: “Axmaqsan. Adam da canına qıyar?! Özü də nə üçün – sevgilin sənə “axsaq” deyib”. Sonra dedi, bir dur axsa, alıcı gözüylə baxacam.

O dövr ən böyük komplekslərimdən biri də ayağım idi. Bir zarafat elədi, beş güldü... bir də gördüm, normal yeriyirəm, ya da komplekslərimi atmışdım deyə mənə elə gəlirdi...

***

On gün sonra düz-qoş elədi, hazırlığa da bir gedəsi olduq. Tez-tez üzümü danlayırdı ki, belə-belə şeylərə bənd olma, hər şey yaxşı olacaq, sən oxumağında ol, yazılar yaz, dilin açılsın.

Hekayə yazıb gətirirdim ki, sən allah, oxu, gör, necə yazmışam? Deyirdi, necə olacaq – yenə sonluğu tapa bilməmisən, hansısa fağır qazaxlını söhbətin şirin yerində öldürmüsən.

Bu zarafatına həmişə bərk gülürdük. Bir də ən çox əsəbiləşdiyi şey “ümumiyyətlə” sözünü “ümumiyyətcə” kimi tələffüz etməyim idi. Qapaz vura-vura öyrətdi.

Tənqidə dözümüm yoxdur, o tənqid edəndə isə qəti cırnamırdım. Küsəndə də özü küsürdü, barışanda da özü barışırdı... Küsəndə barışmaq istəməsə, öldür də səni danışdırmazdı.

Hazırlıq günlərinin birində tapşırdı ki, səhər tarix kitabını gətirərsən, bir-iki gün oxuyub özünə qaytaracam. Necə oldusa yadımdan çıxdı. Düz üç ay danışdırmadı.

Uşaq kimi idi, balaca uşaq kimi...

***

Qazaxda olanda vaxtaşırı “525-ci” qəzetə yazılar göndərirdi. Məşhur yazılarından “Bacım bakirə olmasın”ı, “Xışıldadı xəzəl xalça”nı, “Çətirsiz”i, “Savaşdan doymayan”ı Qazaxda olanda yazmışdı.

Hələ bir dəfə gəldi, dedi, roman yazıram, birinci cümləsi də hazırdı: “Aprel-may ayları Qazaxda yağışlı keçir..."

Bu cümləni çox sonralar Bakıda birlikdə avaralandığımız, qəpiyə güllə atdığımız günlərdə də tez-tez təkrar edirdi. Etiraf edirəm, mən onun bir gün roman yazacağına heç vaxt inana bilmədim, çünki o, daimi narahat adam idi. Bu həqiqəti özü də bilirdi.

Müsahibələrinin birində deyir: “Özümə mikro-mühit yaradıb ancaq yazmaqla məşğul olmaq xoşbəxtliyi hələ ki, mənə qismət olmayıb. Əsəblərim imkan vermir. Üstəlik, gündəlik qayğılar... Ancaq axır vaxtlar toparlanıb bir şeylər qaralayıram...”

Qaraladığı “Unutmadığım adamlar” silsiləsindən bir neçə hekayəni də mənə yollamışdı. O hekayələrdə də görünürdü ki, Mövlud harasa tələsir...

***

Mövlud özünü on yeddinci mərtəbədən atanda onu tanıyan da, tanımayan da cibindən çıxan səksən beş qəpiyə "söykənib" dedi, pulsuzluqdan canına qıyıb. Bu fikri yazanların hamısını tanıyıram, qınayıram. O, pulunu yığıb üstündə yatan adam deyildi.

Evlənəndən sonra ola bilsin, bəlkə də bir az əli “bərkimişdi”, amma yuxarıda da qeyd etdiyim kimi, tələbəlik vaxtı dəfələrlə metroya düşməyə qara qəpik tapmamışdıq; kiməsə zəng edib pul gətirməyini tapşırmışdı, kefimizi pozmamışdıq.

Düzdür, kirayədə qaldığı evi yandığı üçün sıxıntıları var idi, xilasedicilər oğlu Ucalı gözünün qabağında odun içindən almışdı, alacağı evin pulunu hansısa dələduza qapdırdığına görə narahat idi, nəhayət, nə ümidlə getdiyi Tiflisdə axtardığı mühiti tapa bilməyib geri dönmüşdü, darıxırdı, sıxılırdı... Və bütün bunlar Mövluda olduqca böyük təsir göstərmişdi. Lakin bu baş verən xoşagəlməz hadisələr onun intiharı üçün zəmin deyildi.

Məncə, onun ölümünün sirri “Qara bayram” hekayəsinin sonuncu cümləsində gizlənib: “Uşaqlığım ölümün kisəsində getmişdi”. Bəli, Mövludun ölümü uşaqlığından başlamışdı. Hətta, ana bətnindən...

Qorxaq adam idi. Bu yazını yazdığım otaqda yanaşı çarpayıda yatdığımız günü xatırlayıram. Həmin gecəni səhərə kimi işıqda yatmışdı. Buna baxmayaraq, bir azca gözüaçıq olsaq, onun nə vaxtsa intihar edəcəyini qabaqcadan bilə bilərdik... Bilmədik. Yaxasına yapışıb ölümün cəngindən ala bilmədik.

***

Yadımdadır, Bakıya gedəndən sonra tez-tez axşamtərəfi zəng edib telefonda kəndimizin itlərinin səsinə qulaq asar, kövrələrdi: “Ayə, bilirsən, mən o kənddə yaşasam, nələr yazaram?!”

Zarafat eləyirdim ki, gəl, yerimizi dəyişək, mən Bakıya köçüm, sən Qazaxa... Tez cavab verirdi: “Başına atmı təpib, yazıq deyilsənmi?”

Bir də heç yadımdan çıxmaz, tənbehləyirdi ki, unutma, Qazaxa yağış Bəxtiyarla Hikmətə görə yağır...

Gülürdüm.

Torpağa tapşırıldığı günü xatırlayıram: səhər Qazaxda Günəş var idi.

Mövlud tez gəlmişdi Qazaxa... Onu uğurlamağa gecikənlər olduğu üçün dəfn də ləngiyirdi. Evdən çıxarıb yuyata aparanda göy üzü göz yaşını tuta bilmədi.

Saata baxdıq, 17:00 idi. Bu dəfə yağış ancaq Mövluda görə yağırdı.

Tapındığı on yeddinci mərtəbənin, yerə çırpıldığı (yaxud hamımızı götürüb yerə çırpdığı) on yeddinci saniyənin, adını ananda kövrəldiyi Qazax torpağına üz qoyduğu on yeddinci saatın eşqinə...

Və illər öncə birinci cümləsini yazıb davam edə bilmədiyi romanını tamamlayırdı Mövlud Mövlud: “Aprel-may ayları Qazaxda yağışlı keçir..."

***

- Mövlud... Mövlud, ay Mövlud... Mövlud heyyy!

Hərdən lap Bakıda görüşdüyümüz kafelərdə olduğu kimi qəbiristanlığa gedib məzarının başında elə beləcə də çağırmaq keçir ürəyimdən. Onun ölümünə inanmaq istəmirəm deyə qorxuram. Qorxuram, cavab verməyə...