QAÇIN, MİRŞAHİN GƏLİR…

QAÇIN, MİRŞAHİN GƏLİR… 

Camaatımızın qulağı Mirşahinin səsindən dincəlmişdi. Deyilənlərə görə o, yeni telekanalla mavi ekranda görüşümüzə gəlir.

Nuşirəvan müəllimi sağ olsun, bizə 1 il 8 ay dinclik verdi. Mirşahin müəllim yeni televiziya yaradarkən məncə bir məsələ barədə düşünməliydi: ümumiyyətlə, camaatımızın yeni televiziyaya ehtiyacı var idimı? Əsla yox! 

Bizim televiziyaların hamısı bir-birinə oxşayır. Veriliş aparmayan müğənni qalmayıb. Nə yaxşı ki, Vaqif Mustafayev bunların içərisində kreativ düşüncəyə malik televiziya sahibidir. Tamaşaçılar hər bazar ondan köhnə hind filmi gözləyir. Bu boşluğu da Vaqif müəllim doldurursa, onda təzədən Mirşahinə nə ehtiyac var idi?

 Özü bunu ətraflı izah edib: “Bəli, qayıdir Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh, daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən, əlbəttə, dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm!!!

mirsahin_agayev1495188543

Görün nə qədər kinlidir. Adamın içi o qədər qaynayır ki, heç ilk efir gününü gözləməyə belə səbri çatmadı.
Səhv etmirəmsə, Mussolininin fikridir: “Kimdə nəsə inkişaf edəndə, məndə nəsə ölür”. Görün 1 il 8 ayda nələr ölüb bu adamda. Adam elə bil ki, fil qulağında yatıb, xəbərsizdir ki, açıb ortaya qoyulası adam və təşkilat qalmayıb. Milli Şura, Müsavat və Xalq Cəbhəsi partiyaları iflic vəziyyətindədir. Əli Kərimlidən Elşən Musayevlə, Niyaməddin Orduxanlı o qədər yazıblar ki, 1 il 8 ay heç kim yazmasa, göstərməsə, bəsidir. İsa Qəmbər xəstədir, Pənah Hüseyn siyasətdən kənarlaşıb. Deputatlar Fəzail Ağamalı ilə Fəzail İbrahimli dalaşıb qurtarıblar. Hansısa məmuru tənqid edən kimi (edə bilsə) isə Nuşirəvan kəsəcək başının üstünü… Qalır qondarma “mühacirlər”. Onlar da danışdıqca öz-özlərini ifşa edirlər.

Mirşahin elə həmən Mirşahindir. İfadələrinə diqqət edin: “Ünvanıma ulaşanlar, “ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm ”, “sizinlə savaşanların önündə olacam” və s.

Tanınmış psixoloq Qreqori Beytsonun maraqlı bir fikri yadıma düşdü: “Belə bir hipoteza var ki, insanda birmənalı olmayan situasiyalarda şizofreniya simptomları əmələ gələ bilər”.

Məncə bu hipotezanın ictimai həyatımızda çox görünən insanlarda özünü təsdiqləməsi təhlükəli haldır. Təcrid olunmalıdırlar…

Dünya tamam dəyişib. İndi ölkə vətəndaşlarının daha çox intellektual və maraqlı verilişlər hazırlayan telekanala ehtiyacı var. Azərbaycan vətəndaşlarının əksəriyyəti həmin kanalları əsasən Rusiya, Türkiyə və başqa ölkələrin televiziyaları arasından axtarırlar. Gözlər İctimai Televiziyaya dikilmişdi. Ancaq Cəmil Quliyev “Epitemey” təfəkkürü ilə bunu bacara bilməzdi.

Bunu etmək lazımdır, cənab Ağayev! Yoxsa, ay gəlirəm qaçın deyib, kimisə qorxutmaqla özünüzə olan nifrəti daha da dərinləşdirməkdən başqa heç nə əldə edə bilməyəcəksiniz.