"QAYIDIN! YOXSA AXIRI PİS OLACAQ, DƏHŞƏT OLACAQ..." – Salam Sarvan yazır
Təbii, biz bütün toyları boykot etməmişik. Sadəcə, ənənəvi qaydada keçirilən, 200-300 nəfərin çağırıldığı, pul yığılan toylara getməyəcəyimizi bildirmişik.
Yəni söhbət mahiyyətində toydan-şənlikdən əsər-əlamət olmayan yerlərdən gedir.
Təsəvvür elə ki, valideyn nə qədər əziyyət çəkib övlad böyüdür, oxudur, 20-30 yaşınacan ona nə qədər pul xərcləyir. Amma həmin övladın ömründə bircə dəfə olacaq toyuna cibindən min manat xərcləməyə qıymır.
Gözəl insan, övladının qonaqlığının "şotunu" ver də! Doğma övladın xoş günündə pulmu yığarlar camaatdan?! Əgər bir ata öz övladının toyundan pul qazanmaq istəyirsə, bunu mənəvi ölçülərə sığdırmaq çətindir. Yox, əgər onsuz da heç nə qazana bilmir və yığılan pulu şadlıq evlərinə verirsə, bunu da ağıla, məntiqə yerləşdirmək olmur.
Deyə bilərlər ki, toy min manatla başa gələn iş deyil axı, 300 nəfərin xərcini cibdən ödəmək ağırdır axı.
Məsələ də elə bundadı: niyə 300 nəfər çağırmalıdı axı, nə vacibdi? Otuz nəfər çağırsın, ən yaxın adamlarını dəvət eləsin. Guya bilmirik ki, onsuz da insanlarımızın əksəri toy dəvətnamələri alarkən hansı hissləri keçirir, həmin anda ürəklərindən, hətta dillərindən hansı xoşagəlməz kəlmələr qopur?!
Azərbaycan toylarının bir başqa tərəfi də var, fikirləşəndə adam dəhşətə gəlir. 20-30 il əziyyət çəkib övlad böyüdəsən, neçə illər onun toyunu görmək arzusuyla yaşayasan və... vaxt yetişəndə həmin toyu görməyəsən, hiss eləməyəsən – başın qarışa 300 qonağın necə yola veriləcəyinə dair təsərrüfat əzablarına.
Və doğma balanın toyuna sonradan kasetdən-diskdən baxmağa məcbur olasan. Bu biabırçı taleyi bir toplum yalnız özü-özünə yaza bilərdi: bunun nə Tanrıyla, nə də Təkamüllə əlaqəsi var.
Hərçənd toyların belə keçirilməsində məqsəd təkcə pul yığmaq istəyi deyil, səbəblərdən biri də təntənəyə, pafosa meyildir. Həmvətənlərimiz bir-birinin bəhsinə, bir-birinin acığına yaşayırlar, beləcə, həyatlarını öz əlləriylə cəhənnəmə çevirirlər. Çox az toplum taparsan ki, bizim kimi, özünə öz mənasız adətləriylə zülüm versin.
Vaxt gedir, nəhayət, qəbul etməliyik ki, həyatı sadələşdirmək lazım, cəmiyyəti təntənədən mənaya daşımaq gərək. Təhlükəli bir həddə gəlmişik, pafos bütün varlığımızı əsir eləyib: həyat tərzində pafos, elmdə pafos, ədəbiyyatda pafos, dində pafos, əxlaqda pafos.
Ümumən, toplumun mədəniyyəti həm də əvvəlinə və axırına necə baxmağıyla formalaşır – yəni toyuna və yasına münasibətiylə. Uzağa getmə, elə xeyir-şər məclislərinə baxan kimi toplumun Xeyir və Şər dilemmasında hansı tərəfə meyilli olduğunu dərhal biləcəksən. Biz yüz illər ərzində formalaşmış adətlərdən əl çəkməyi yox, bu adətləri bir az sadələşdirməkdən danışırıq. Bizdə bir toyun, bir yasın neçə-neçə mərhələsi-mərtəbəsi var. Bunu bir dəfə yazmışdım ki, ömrümüz qohum-əqrabanın xeyir-şərinə get-gəllərdə keçib-gedir.
Uşaq doğuldu – gözaydınlığı məclisindəsən, sünnət oldu – gözmuncuğu məclisindəsən, birinci sinifə getdi – "ay Aallah saxlasın" məclisindəsən, əsgərliyə getdi – yolasaldı məclisindəsən, əsgərlikdən gəldi – sağgəldi məclisindəsən, insituta girdi – uğurolsun məclisindəsən, qovuldu – keçmişolsun məclisindəsən.
Rəhmətə gedən var – biri, üçü, yeddisi, qırxı, ili gedib yarım saat gözə görünməkçün neçə kilometr yol ölçməlisən.
Evlənən var – nişanı, xınayaxdısı, kəsmətkəsdisi, ciyəraxşamısı, toyu, toydan sonra ayaqaçdısı – hamısında olmalısan.
Sonra da gileylənirik ki, Azərbaycanda sənət yox, elm yox, idman yox. Bəs nə bilmişdin?! Qohum-əqrabanın əlindən yazıçının roman yazmağa, alimin kəşf eləməyə, idmançının məşq eləməyə vaxtı varmı? Xəbərin varmı ki, son zamanlar kollektivlərin çoxunda valideynlər övladlarının ad günlərində də təntənəli məclis qururlar, dəvətnamə paylayıb pul yığırlar?
Bu, artıq uçurumun dibinə yaxın bir yerdi. Qayıdın! Hələ ki, gec deyil. Yoxsa axırı pis olacaq, dəhşət olacaq. Toy-yas məsələsi cəmiyyətin həyat fəlsəfəsində zəncirvari fəsadlar törədən faktdı, elə-belə problem deyil.
BU MƏQALƏ ÜÇÜN ŞƏRHLƏR