"2023-cü il Azərbaycanın suverenliyinin bərpası ilə tarixə keçdi" -Aqiyə Naxçıvanlı
"Xalqımız 2023-cü ilin 31 dekabr tarixində növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük təntənə ilə qeyd etdi.
Bu möhtəşəm tarix Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan bayramdır. Xüsusilə son illərdə məhz bu ideologiya bütün dünyada yaşayan azərbaycanlıların özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Əlbəttə ki, Heydər Əliyev İlində bütün digər tarixi günlər kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də xüsusi bir əhəmiyyət kəsb etmişdir. Azərbaycan xalqı da bu günə öz müdrik Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfərlərlə gəlmişdir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ifadə olunan fikirlərin əhəmiyyətindən bəhs edən deputat bunları deyib: “Az öncə də qeyd olunduğu kimi, Azərbaycan xalqı Heydər Əliyev İlini Ulu Öndərinin əziz xatirəsinə layiq uğur və qələbələrlə başa vurdu. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində cənab Prezident İlham Əliyev çox dəqiq olaraq belə bir məqamı vurğuladı ki, 2023-cü ildə ölkəmizin həyatında baş verən bir çox önəmli hadisələr arasında dövlət suverenliyimizin bərpası xüsusilə əhəmiyyətli yer tutur. Ötən ilin sentyabr ayında keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olundu, düşmən ordusu məhv edildi, düşmənin hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.
2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatandan sonra cənab Ali Baş Komandanımız müqəddəs bayrağımızı Şuşada və azad edilmiş digər ərazilərdə qaldıranda biz hamımız yaxşı bilirdik ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa edəcək. Sadəcə olaraq humanizm priniplərini hər zaman olduğu kimi, rəhbər tutan Azərbaycan dövləti üç il ərzində bu məsələni sülh yolu ilə həll etmək istəyirdi. Lakin Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edib özü üçün nəticə çıxarmadı. Ötən üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi.Dövlət başçımızın qeyd etdiyi kimi, qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə, xalqımıza qarşı mina terroru davam etdirildi. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdi ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ölkəmizin ərazisindən çıxarılmalıdır, ya da ki, Azərbaycan güc tətbiq edərək dövlət suverenliyini özü bərpa edəcək. Bütün bunlardan sonra, 19 sentyabr 2023-cü il tarixində cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim diz çökdü, ağ bayraq qaldırdı, torpaqlarımızdan əbədi olaraq çıxarıldı və tarixin zibilxanasına atıldı. Bununla Azərbaycanda separatizmin kökü kəsildi.”
Həmçinin A.Naxçıvanlı ötən il ölkəmizin imza atdığı uğur və nailiyyətlərin 2024-cü ildə də eyni dinamika ilə davam edəcəyinə əminliyini vurğulayıb: "Cənab Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-un Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər. Bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını təsdiq edir və biz birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlər, həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır. Əminliklə demək olar ki, ölkəmizin uğur və nailiyyətləri 2024-cü ildə də yüksək dinamika ilə davam edəcək, dövlətimizin beynəlxalq nüfuzu getdikcə daha da qalxacaq və Azərbaycan dünya birliyində layiq olduğu ən yüksək mövqelərə sahib olacaq" – deyə, Aqiyə Naxçıvanlı qeyd edib.
Bu xəbər üçün şərh yazın