" 2023-cü ildə Azərbaycan tarixinin yeni bir mərhələsinə uğurlu keçid etdi"

" 2023-cü ildə Azərbaycan tarixinin yeni bir mərhələsinə uğurlu keçid etdi" -Aqiyə Naxçıvanlı

"Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə əslində Azərbaycan tarixinin son 30 illni əhatə edən dövrə bir baxış idi.

Aydın məsələdir ki, bu gün ölkəmiz artıq öz tarixinin tamamilə yeni bir mərhələsinə uğurlu keçid edib və bu baxımdan arxada qalan dövrün obyektiv təhlili və qiymətləndirilməsi həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Öz müsahibəsində möhtərəm dövlət başçımız bir daha vurğuladı ki, biz Azərbaycanın bugünkü reallıqlarını məhz 1993-cü illə müqayisə etməliyik. Həqiqətən də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra inkişaf yoluna ilk dəfə 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra qədəm qoydu. Məhz bundan sonra ölkədə sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycan beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və ölkəmizdə vətəndaş cəmiyyəti yaradıldı, xalq-iqtidar birliyi önəmli bir amilə çevrildi. 2003-cü ili isə, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının tarixində bir yolayrıcı kimi qiymətləndirmək olar. Həmin vaxt səhv istiqamətdə, səhv yola atılmış bircə addım ölkəni geri dönüşü olmayan fəlakətlərə aparıb çıxara bilərdi. Lakin müdrik xalqımız həmin yolayrıcında bircə an olsun belə tərəddüd etmədən yeganə düzgün istiqamətə yönəldi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi. Həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini edərək, ölkəmizdə Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirə biləcək yeganə siyasi lideri, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Məhz 20 il öncə edilmiş müdrik seçimin nəticəsidir ki, bu gün biz torpaqlarımızın işğaldan tam azad olunması ilə, Qarabağımızdan separatizmin, terrorizmin təmizlənməsi ilə səciyyələnən yeni reallıqları, tariximizin ən şərəfli mərhələsini yaşayırıq.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı deyib.


Deputat Prezident İlham Əliyevin Fransa-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən verdiyi açıqlamaların əslində bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq  deyib: "Öz müsahibəsində cənab Prezident İlham Əliyev çox dəqiq olaraq qeyd etdi ki, bu gün həm Fransada, həm də bir çox digər Avropa ölkələrində böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsində təsadüfi adamlarla – populistlər və demaqoqlarla əvəz olunublar. Bu isə, əlbəttə ki, xoşagəlməz nəticələrə gətirib çıxarır. O cümlədən bu ölkələr tərəfindən Azərbaycanla münasibətlər də artıq fərqli müstəvilərə daşınmaqdadır. Hələ II Qarabağ müharibəsi dövründə Fransa öz ermənipərəst mövqeyini tam ortaya qoyaraq Azərbaycana müxtəlif vasitələrlə təsir etməyə çalışırdı. Lakin bütün bu səylər əlbəttə ki, heç bir nəticə vermədi. Bundan sonra rəsmi Paris gərginliyi artırmaqda davam etdi. Həm parlament, həm də Senat bu gün öz yerini dövlət başçımızın dediyi kimi, tarixin zibilliyində tapmış qondarma “Artsax”ı tanıdılar. Lakin bütün bunlara rəğmən Vətən müharibəsindən sonrakı ilk dövrlərdə ölkələrimiz arasında münasibətlər mövcud idi. Azərbaycanın məcbur olaraq keçirdiyi antiterror əməliyyatından sonra isə, Fransa artıq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. O cümlədən, bu fəaliyyətin mərkəzində qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi durdu. Lakin cənab Prezident İlham Əliyevin illər boyunca apardığı uğurlu xarici siyasətin nəticələri məhz bu məqamda da özünü ən qabarıq şəkildə göstərdi. Ölkələrin əksəriyyəti Azərbaycanı dəstəklədi və Fransanın bütün cəhdləri tam uğursuzluqla nəticələndi. Bu, rəsmi Paris üçün çox güclü siyasi zərbə idi. İkinci zərbə isə, Avropa İttifaqının onlara qoşulmaması oldu. Hətta Avropa İttifaqı diplomatiyasının rəhbərinin belə Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alması da vəziyyəti dəyişə bilmədi. Bununla belə möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan sadəcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyil. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni qaldırıb və Bakı təşəbbüsünü irəli sürməklə müstəmləkə ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Bakı Təşəbbüs Qrupu öz fəaliyyətini davam etdirəcək və fransız neokolonializminin ifşa olunması, müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini Azərbaycan hər vasitə ilə dəstəkləyəcək. Heç şübhəsiz Azərbaycan Prezidentinin bu cəsarətli bəyanatları bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə açıq-aydın bir xəbərdarlıq mesajıdır. Heç kim ölkəmizlə təhdid dilində danışa bilməz, heç bir qüvvə Azərbaycan dövləti ilə manipulyasiya edə bilməz."


A.Naxçıvanlı bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların əhəmiyyətinə də toxunub: "Məlumdur ki, növbədənkənar prezident seçkiləri ilə bağlı ictimai mühitdə müxtəlif fikirlər, müxtəlif versiyalar səslənir. Məhz bu baxımdan cənab Prezident İlham Əliyevin bu məsələ ilə bağlı təqdim etdiyi açıqlamalar xüsusi önəm kəsb edir. Dövlət başçısı belə bir qərarın qəbul edilməsini şərtləndirən əsas məqamlardan biri kimi suverenliyimizin tam bərpa olunmasını göstərdi. Qeyd olundu ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan epoxal bir hadisə ilə öz tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Məhz prezident seçkilərinin də bu yeni dövrün başlanğıcı olması tamamilə doğru bir fikirdir. Bu, əslində bir tarixi zərurətdir. İkinci bir tərəfdən də, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkə ərazilərinin hər bir yerində keçiriləcək. Təbii ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün, bütün ərazilərdə keçiriləcək birinci seçkilərin də məhz prezident seçkiləri olması tamamilə məntiqə uyğundur və bu, müdrik bir qərardır. Dövlət başçımızın dediyi kimi, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin əsas səbəbi yeni dövrün başlanmasıdır. Əlbəttə ki, prezident seçkiləri bu yeni dövrə, Azərbaycan xalqı isə, bu seçkilərə öz xeyir-duasını verəcək"– deyə, Aqiyə Naxçıvanlı vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər