3-cü sinif Azərbaycan dili dərsliyində təhlükəli şeir - Ekspert tənqid etdi
Rafiq İsmayıl, Gülşən Orucova və digər müəlliflərin hazırladığı 3-cü siniflər üçün nəzərdə tutulan “Azərbaycan dili” dərsliyində çap olunan şeir sosial şəbəkələrdə tənqid edilib.
Valideynlər dərsə getməmək üçün məktəblinin müxtəlif bəhanələr axtarması ilə bağlı fikirlərin əks olunduğu şeirin saxtakarlığı və yalançılığı təbliğ etdiyini iddia ediblər.
Faktinfo.az xəbər verir ki,məsələ ilə bağlı Kult.az-a açıqlama verən fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev sözügedən şeirin dərsliyə salınmasını sərt şəkildə tənqid edib. O, dərsliklərdə yaranan problemlərin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, öz həllini tapmadığını deyib:
“Təəssüf ki, bu problemlə bağlı heç bir ölçü götürülmür. Məncə, belə qüsurlarda nəşriyyatlarla yanaşı, Dərslikləri Qiymətləndirmə Şurasının da çox böyük günahı var. Bu qurum demək olar ki, uzun illərdir öz funksiyasını yerinə yetirə bilmir.
3-cü sinif Azərbaycan dili dərsliyinə bu və buna bənzər şeir parçalarının salınması yolverilməzdir. Artıq illərdir, yeni kurikulumların tətbiqinə başlanılıb. Dərsliklərdəki nöqsanlar həm də yeni kurikulumların tələblərinə ziddir.
Kimsə bu cür şeirlərin yumor və sadəliyi ilə şagirdlərə hansısa bacarığı aşıladığını düşünürsə, səhv edir. Belə nöqsanlara yol vermək kəmsavadlığın əlamətidir. Şagirdlərə ciddi, elmi-pedoqoji cəhətdən əsaslandırılmış, uşaq psixologiyasına uyğun gələn məsələlər, şeirlər təqdim olunmalıdır”.
Ekspertin sözlərinə görə, dərsliklərdəki qüsurlar məktəblilərin təfəkkürünün formalaşmasına mənfi təsir göstərə bilər:
“Biz yeni nəsli belə şeirlərlə və digər qüsurlu dərsliklərlə yetişdirə bilmərik. Ədəbiyyat və Azərbaycan dili dərsliklərindəki qüsurlar ona görə tez-tez gündəmə gəlir ki, hamının bu fənlərdən müəyyən qədər bilgisi var. Görün təbiət elmlərindən bəhs edən dərsliklərdə vəziyyət nə yerdədir. Bu məsələ üzərində ciddi-ciddi düşünmək lazımdır. Dərslik siyasətində çox ciddi dönüş yaratmaq lazımdır”.
Bu xəbər üçün şərh yazın