350 stomatoloq işsiz qalıb, onların fəryadını eşidən yoxdur - “Ali təhsilli həkimləri işsiz qoydular”

350 stomatoloq işsiz qalıb, onların fəryadını eşidən yoxdur - “Ali təhsilli həkimləri işsiz qoydular” 

Bölgələrdə çalışan yüzlərlə stomatoloqun optimallaşdırma adı altında işdən azad edilməsi onların gələcək fəaliyyəti və sosial təminatı ilə bağlı narahatlıqlar yaradıb. Bu barədə "Şərq"in redaksiyasına məlumat daxil olub.

İxtisar olunduqlarını bildirən həkimlər aylardır işsiz qaldıqlarını, aidiyyəti qurumlara müraciətlərinin isə nəticəsiz olduğunu deyirlər. Onlar iş yerlərinin bərpa olunmasını və ya alternativ işlə təmin edilmələrini istəyirlər.

İddiaçılardan biri stamatoloq işləyən, lakin aylardır işindən azad olunan Lalə Qasımova bildirir ki, TƏBİB keçən ilin noyabr ayından ixtisara başlayıb:

"TƏBİB Yevlax rayonundan başlayaraq həkimləri ixtisar etdi. Hər rayonda iki stomatoloq saxlamaqla digər stomatoloqları optimallaşdırma adı altında qanunsuz şəkildə işdən kənarlaşdırdı.

Proses Goranboy rayonuna da çatdı. Bizi də işdən çıxardılar, rəhbərlik dəyişdi. Biz dəfələrlə TƏBİB-ə müraciət etmişik. Məsələ burasındadır ki, Bakıda, poliklinikalarda çalışan stomatoloqların iş yerlərinə toxunulmadı. Bakıda həkimlər işlərini davam etdirdilər, rayonlarda isə, demək olar ki, bir-iki rayon istisna olmaqla, bu prosesi başa çatdırdılar.

Bu ilin sentyabrında regionlarda çalışan digər ixtisas həkimlərinin əməkhaqlarının 100 faiz və daha çox artırılması xəbərini alqışladıq. Biz də Mehriban xanımdan kömək istəyirik.

Əvvəlcə bizə deyirdilər ki, dövlətin pulu yoxdur, bizə maaş verməyə imkan çatmır. 530 manat əməkhaqqı alırdıq və rəhbərlik bildirirdi ki, bu məbləği ödəməyə dövlətin gücü çatmır. Direktorlar da bizə deyirdilər ki, buna görə ixtisar olunursunuz. Gedin, harada iş tapa bilirsinizsə, orada işləyin.

Sonra sentyabr ayında digər ixtisas həkimlərinin əməkhaqlarının artırıldığını gördük. Düşündük ki, əgər əvvəllər dövlətin maaş verməyə vəsaiti olmadığı deyilirdisə, indi digər ixtisas həkimlərinin əməkhaqları niyə 2 500-3 000 manata çatdırılır? Deməli, dövlətimizin vəsaiti də var, pulu da var".

Zərər çəkən ixtisar olunmuş stomatoloqların yenidən birləşərək iş yerlərinin bərpası uğrunda mübarizə apardıqlarını deyir:

"Konkret olaraq, sentyabrın 29-da TƏBİB-in binasının qarşısına toplaşdıq. Təxminən 30 nəfərin iştirakı ilə Mehriban xanıma, Prezident Administrasiyasına, TƏBİB-ə, Maliyyə Nazirliyinə və digər qurumlara kollektiv şəkildə məktublar ünvanladıq.

TƏBİB-in qarşısında toplaşmağımız rəhbərliyi narahat etdi. Bizimlə danışmağa gəldilər və bildirdilər ki, yuxarıda qəbul ediləcəyik, məsələmizə baxılacaq. Beş-altı nəfərimizi içəri apardılar. Səhv etmirəmsə, TƏBİB-in rəhbər şəxslərindən olan Rahim müəllim bizi qəbul etdi. O, işimizi yoluna qoyacağına söz verdi.

Görüşdən təxminən 10 gün sonra bizə məktub göndərildi, telefon zəngləri edildi və yarı qiymətə icarə şərtləri təklif olundu.

Axı biz ali təhsilli həkimlərik. Mənim keçmiş iş yoldaşım xəstəxanada işləyir, dövlətin hesabına əməkhaqqı alır və icarə haqqı ödəmir. Mən isə qonşu otaqda maaş almadan, üstəlik, əlavə ödəniş etməklə niyə fəaliyyət göstərməliyəm? Mənim ondan hansı çatışmayan cəhətim var? Digər həkimlərin bizdən üstünlüyü nədir?

Oktyabrın 19-da yenidən TƏBİB-in qarşısına toplaşmaq qərarına gəldik. Rahim müəllim həkimlərimizdən biri vasitəsilə bizə xəbər göndərdi ki, toplaşmayaq, məsələni həll edəcək. Bildirdi ki, işimizi yoluna qoymağa çalışacaq.

Buna baxmayaraq, oktyabrın 19-da, mən də daxil olmaqla, 10 nəfər TƏBİB-ə getdik. Rahim müəllim bizi yenidən qəbul etdi və yaxın iki ay ərzində icbari tibbi sığorta sisteminə keçiddən sonra işimizə bərpa olunacağımızı bildirdi.

Biz isə işsiz qalmaq istəmədiyimizi, buna görə də etiraz etdiyimizi və alternativ işlə təmin olunmağımızı tələb etdiyimizi dedik".

Lalə Qasımova bildirir ki, onun əvvəllər işlədiyi kənddə və ətraf kəndlərdə ali təhsilli həkim yoxdur:

"Tibb bacıları, feldşerlər, mama və digər işçilər var, amma ali təhsilli həkim yoxdur.

Rahim müəllim söz verdi ki, görüşdən sonra bu məsələ ilə maraqlanacaq və alternativ işlə təmin olunmağımıza kömək edəcək. Lakin sentyabrın 29-dan xeyli vaxt keçməsinə baxmayaraq, heç bir xəstəxanaya müraciət edilməyib, heç bir tibb müəssisəsinə stomatoloqların çağırılması və işlə təmin olunması ilə bağlı tapşırıq verilməyib.

Mən alternativ işlə təmin olunmağa razıyam. Digər həkimlərimizin də əksəriyyəti buna razıdır. Yetər ki, dövlət müəssisəsində işləyək, dövlətin əməkhaqqını alaq və özümüzü təmin edə bilək.

Ali təhsilli stomatoloqlar işsiz qalıblar. Rayon yeridir, kənddə yaşayıram. Mən hansı özəl klinikaya müraciət edim? 55 yaşım var. Bu yaşda hansı özəl klinikaya müraciət edirəmsə, məndən implant edə bilib-bilmədiyimi soruşurlar. Xeyr, implant edə bilmirəm. Onlara implantoloq və ortodont lazımdır. Adi terapevtik müalicə, cərrahi müdaxilə və diş çəkimi kimi işlərə görə isə bizi işə götürmək istəmirlər.

Özəl klinikalar daha çox gənc həkimlər axtarırlar. Buna görə də biz işsiz qalmışıq.

Ümumilikdə, təxminən 350 ixtisar olunmuş stomatoloqun adından danışırıq. Məsələn, Neftçalada, Zaqatalada, Qaxda, Yevlaxda və Qazaxda olan həkimlərimiz var. Yəni müxtəlif rayonlardan stomatoloqlar ixtisar olunublar.

Sadəcə, bəzilərimiz aktivik, bəzilərimiz passivik. Bəzilərimiz fikrimizi açıq şəkildə ifadə edə bilirik, bəzilərimiz isə bunu bacarmırıq. Mən şəxsən Rahim müəllimin hər iki qəbulunda iştirak etmişəm".

İddiaçı deyir ki, onlara söz verirlər, amma məsələni uzadırlar:

"Rahim müəllim oktyabrın 19-da keçirilən görüşdə bizə yaxın günlərdə alternativ işlə təmin olunacağımızı vəd etdi. İcbari tibbi sığorta sisteminə keçidlə bağlı isə iki ay vaxt istədi.

Halbuki 2021-ci ildə həkim yoldaşlarımızdan birinin müraciətinə verilən cavabda standart şəkildə bildirilmişdi ki, işlə təmin olunmaq üçün TƏBİB-in saytındakı vakansiyaları izləməli, vakant yer açılarsa, müsahibələrdə iştirak etməliyik. Həmin məktubu lazım olarsa, sizə göndərə bilərəm.

Məktubda məsələmizin araşdırıldığı, yaxın günlərdə və ya aylarda xoş xəbər veriləcəyi, bir qədər gözləməli olduğumuz barədə heç nə yazılmayıb. Deməli, bizə qeyri-rəsmi şəkildə, şifahi olaraq verilən vədlər, mənim qiymətləndirməmə görə, sadəcə, boş vədlərdir.

Təsəvvür edin, oktyabrın 19-da keçirilən görüşdə Rahim müəllim bizə söz verdi ki, görüşdən sonra kadrlarla əlaqə saxlayacaq, alternativ işlə təmin olunmağımız məsələsini müzakirə edəcək və həllinə çalışacaq. Lakin oktyabrın 21-də həkim yoldaşlarımızdan birinə göndərilən məktubda yenə əvvəlki standart cavab verildi. Bu da bizə şifahi şəkildə deyilənlərin real addımlarla müşayiət olunmadığını göstərir.

Bu, 300-dən artıq ailənin çörək pulunun kəsilməsi, dolanışıq səviyyəsinin aşağı düşməsi və mənəvi sarsıntı yaşaması deməkdir. Ali təhsilli insanların işsiz qalması nə deməkdir? Vallah, bunu ifadə edə bilmirəm. Təsəvvür edə bilməzsiniz ki, nə qədər əziyyət çəkmişik. Çətinliklə oxumuş, ali təhsil almışıq".

Müsahibimiz yeni iş yeri tapa bilmədiklərini deyir:

"Mənim dövlət tibb müəssisəsində 26 ildən artıq iş stajım var. 55 yaşım var. Bu yaşdan sonra hara gedim, harada işləyim? Həkimlərimiz arasında 62 yaşı olanlar da var. Səhhətləri uzaq məsafələrə gedərək işləməyə imkan vermir.

Əvvəlki görüşümüzdə də demişdim ki, insanlar iş yerlərinin rayonlarda açılmasını, Bakıda sıxlığın yaranmamasını istəyirlər. İndi isə mən məcbur olub dörd uşağımı və həyat yoldaşımı da götürərək Bakıya köçməliyəm.

Hamımız Bakıya gedib orada sıxlıq yaratmalıyıq? Halbuki hazır iş yerimiz var idi. Başımızı aşağı salıb, dövlətdən razı halda işləyirdik. Maaşımızın azlığına görə belə etiraz etmirdik. 530 manat əməkhaqqı ilə işləyirdik. Bizim nə günahımız var idi ki, bizi bu günə saldılar?

Yoldaşım işsizdir və hipertoniya xəstəsidir. Avtoqəza ilə bağlı məhkəmə qərarı əsasında onun üzərində kifayət qədər yüksək məbləğdə borc var. İcra qurumu yoldaşımın borcunun bir hissəsinin mənim əməkhaqqımdan tutulmasına qərar vermişdi. İndi isə mən də işsiz qalmışam, əməkhaqqım yoxdur. Yoldaşımı da incidirlər, ona zəng edərək ödəniş etməsini tələb edirlər və ödəməyəcəyi təqdirdə axtarışa veriləcəyi ilə hədələyirlər".

Lalə Qasımova bildirir ki, sertifikasiya imtahanını da uğurla keçib, lakin buna baxmayaraq yenə də iş yerindən uzaqlaşdırılıb:

"Aylardır işsiz qalmışıq, döymədiyimiz qapı qalmayıb. Pasiyentlərdən utanırıq. Bizdən soruşurlar ki, doktor, niyə işdən çıxarılmısınız? Sizi nə üçün işdən çıxarıblar? İmtahandan keçə bilməmisiniz?

Mən üç dəfə sertifikasiya imtahanından keçmiş həkiməm. Hətta sonuncu sertifikasiyamın müddəti 2029-cu ilin oktyabr-noyabr aylarında başa çatacaq. Mən hər bir vətəndaşa, ətrafımdakı insanlara ayrı-ayrılıqda izah etməli oluram ki, xeyr, savadsızlığıma və ya imtahandan keçə bilmədiyimə görə işdən çıxarılmamışam. Sadəcə, TƏBİB belə məsləhət görüb. Vallah, bu, utancverici bir vəziyyətdir".

SHERG.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪