42 il təcrübəsi olan işçinin 5000 manatı “buxarlanıb”: Azərbaycan Dəmir Yollarında biabırçılıq

42 il təcrübəsi olan işçinin 5000 manatı “buxarlanıb”: Azərbaycan Dəmir Yollarında biabırçılıq 

Azərbaycan Dəmir Yolları QSC-də 40 ildən çox can qoymuş işçi haqsızlığa etiraz etdiyi üçün işdən çıxarılıb.

Bu barədə Tribunainfo.az-a müraciət edən Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin  XAZ sexinin böyük mexaniki Eldar Güləliyev bildirib ki, uğradığı haqsızlığın aradan qaldırılmasını istəyir.


O deyib ki, mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım imiş.  “Bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki, kabel yoxdur. Halbuki  dövlət tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunublar. İnsanların həyatı təhlükədə olduğu üçün mən məcbur qalıb bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov mənə kabellərlə təmin etdi. Daha sonra isə işdən çıxarıldım”.


Onun sözlərinə görə, Elxan İsmayılov onu iclasda da tənbeh edib: “İdarə rəisi Elxan İsmayılov iclasda bildirdi ki, “nə olsun sən prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm”. Bu yəqin harınlamanın son həddidir”.


Şikayətçi qeyd edir ki, o, işdən çıxmasına görə, kompensasiya almalıdır. “Qanuna əsasən işdən azad edildiyimə görə, əmək haqqımın 5 misli qədər kompensasiya almalıydım. Lakin həmin pulu bu günə qədər verməyiblər. İnsan resursları Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et. Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin insan resursları Sevinc Məmmədovanın bu sahədə savadı çatmadığı üçün və ya digər səbəblərdən əmri təqdim etmiş, lakin əmək kitabçasını 2 ay təqdim etməmişdi”.


Gülalıyev deyir ki, əmək müfəttişliyinə şikayət etdikdən sonra əmək kitabçası qaytarılıb. “Mən 42 il stajlı dəmiryolçulayam, iş daimi işdir, lakin məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırıblar. İşəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov  bundan sui-istifadə edərək mənim müqaviləmə xitam verdib”.


Qeyd edək ki, şikayətçi Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin qəbuluna da gedib: “Nazirə hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu işi nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırdı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Məndə dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyəti yoxdur, get məhkəməyə müraciət et. (Həmin məktubu da sizə təqdim edirəm). Mən ona zəng edib soruşdum ki, ay müəllim, bu nə məktubdu mənə göndərmisiz, məgər nazir bilmir bunun kimə aidiyyatı var? Axı nazir mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək.  Renat Rüstəmov mənə cavab verdi ki, bəs o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək”.


Bizə şikayət edən şəxs Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun da qəbulunda olub. “O mənə söz verdi ki, biz tərəfədan sənə 42 il stajlı dəmiryolçu olduğun üçün 1000 manat ödəniləcək. 1000 manat mənə ödənildi və bildirildi ki, bu  sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli ilə əlaqəsi yoxdur. Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu sənə pul ödənildi? Dedim o pul 1000 manatdır, AHİK tərəfindən ödənilib, onun sizə aidiyyəti yoxdur. Dedi ki, yox əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim, ay müəllim, nazir özü mənə söz verib, siz adi işçisiz, siz necə qərar verə bilərsiz ? Həm də əgər düşmürsə mənə göndərdiyiniz məktubda elə onu yazardınız da, niyə yazırsınız ki, bizə aidiyyəti yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə, bəs 1000  manat  niyə verilib? O sualıma cavab verə bilmədi. Ondan sonra daha mənim zənglərimə də cavab vermir. Görünür pulun qalan hissəsini öz aralarında bölüşdürüblər”.


Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi