"8 noyabr qələbəmizin rəmzi olmaqla yanaşı,kimliyimizin və milli qürurumuzun da təsdiqi GÜNÜDÜR"

"8 noyabr qələbəmizin rəmzi olmaqla yanaşı,kimliyimizin və milli qürurumuzun da təsdiqi GÜNÜDÜR" -DEPUTAT

Zəfər Gününün astanasındayıq. 8 noyabr tarixi Dünya Azərbaycanlıları üçün möhtəşəm Qələbəmizin rəmzi olmaqla yanaşı, həm də milli kimliyimizin və milli qürurumuzun təsdiqi Günüdür.

28 il ərzində işğal günlərinin acısını yaşadıq. Şəhid və qazilərimizin fədakarlığı, qəhrəman Ordumuzun yenilməzliyi sayəsində qara ləkələr təkcə təqvimdən deyil, tariximizdən və həyatımızdan birdəfəlik silindi. İndi onların yerini parlaq Qələbə-şəhər Günləri tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

 

44 günlük Vətən müharibəsi ərəfəsində və Qələbədən ötən dörd ildə ölkəmizin ətrafında cərəyan edən geosiyasi proseslər əyani şəkildə göstərdi ki, işğal dövründə Ermənistanın təkəbbürünü körükləyən, onu “dənizdən-dənizə böyük Ermənistan” xülyasına şirnikləndirən yalnız saxta tarixləri və bundan qaynaqlanan xəstə ictimai təxəyyül olmayıb. Uzun illər ərzində Azərbaycana “müharibənin hərbi həlli yoxdur, vəziyyətlə barışın” gündəliyini qəbul etdirməyə çalışan keçmiş vasitəçilər üçlüyünün riyakar mövqeyi işğalçı Ermənistanı azğınlaşdırmaya bilməzdi. BMT Təhlükəsizlik Şurasının imperativ xarakterli məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalması, onlara məhəl qoymayan işğalçı Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilməməsi keçmiş vasitəçilərin-üç nüvə dövlətinin “gücsüzlüyündən” irəli gəlmirdi. Artıq tam əminliklə deyə bilərik ki, həmin dövrdə status-kvo vəziyyətinin saxlanılması və işğalın ömrünün uzadılması  Azərbaycandan başqa bütün tərəflərin maraqlarına cavab verirdi. Əgər belə olmasaydı, 1992-ci ildə “907-ci Düzəliş”  işğalçı Ermənistana tətbiq olunmaq əvəzinə, işğala məruz qalan Azərbaycana qarşı tətbiq edilməzdi. Dini və etnik zəmində təəssübkeşlik  və ayrı-seçkilik siyasəti elə iyrənc həddə çatmışdı ki, münaqişənin guya sülh yolu ilə həllinə vəd verən ölkə və təşkilatlar Ermənistanın Qarabağda və Şərqi Zəngəzurda apardığı qeyri-qanuni məskunlaşdırma siyasətinə, tarixi, mədəni və dini abidələrimizin dağıdılmasına, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə, hətta Xocalı soyqırımı kimi ağır müharibə cinayətinə riyakarcasına göz yumdular. 2023-cü ilin sentyabrında Qarabağı könüllü tərk etmiş ermənilərə görə Azərbaycanı ədalətsiz şəkildə  “etnik təmizləmədə” ittiham edən ölkə və təsisatlar, o zaman özlərini eşitməzliyə və görməzliyə vuraraq  susurdular. Prezident İlham Əliyev məhz bu acı gerçəkliyi nəzərə alaraq, Vətən müharibəsindən üç gün əvvəl-sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı anti-Azərbaycan dairələrə və dünya ictimaiyyətinə bu tarixi mesajı verdi:

 

Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

 

Xalqımızın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən Zəfərini həzm edə bilməyən, Qələbədən sonra Azərbaycanı cəfəng iddialarla hədəf seçən ölkə və təşkilatlar hələ də fərqinə varmırlar ki, onların riyakar və beynəlxalq hüquqa zidd olan mövqeyi bəyan etdikləri dəyərləri gözdən salır, onlara bəslənilən ictimai inama sarsıdıcı zərbələr vurur. Cəmiyyətimizi haqlı olaraq hiddətləndirən həm də budur ki, Ukraynanın separatçı rejimlərə qarşı apardığı hərbi əməliyyatlar, hətta separatçı rejim təmsilçilərinin fiziki cəhətdən zərərsizləşdirilməsi təqdir və təşviq olunduğu halda, Azərbaycanın ötən ilin sentyabrında öz ərazisində keçirdiyi anti-terror əməliyyatının qanuniliyi eyni dairələr tərəfindən şübhə altına alınır. Onlar daha irəli gedərək, Qarabağdakı keçmiş separatçı rejim təmsilçilərinin həbsdən azad olunmasını tələb etməkdən, separatçılara “siyasi məhbus” deməkdən belə utanmırlar. Əgər bu, ayrı-seçkilik və selektiv yanaşma deyilsə, onda bəs, nədir? BMT kimi ali beynəlxal təşkilatın üç səlahiyyətli missiyası dönə-dönə təsdiq edib ki, anti-terror tədbiri zamanı  mülki erməni əhalisi və mülki infrastruktur hədəf seçilməyib, onlara zərər vurulmayıb. Bu cür mötəbər təsbitə baxmayaraq, “fobiyalar” mərəzinə tutulmuş, etnik və dini təəssübkeşlik kimi orta əsrlərin cahil bölücülük girdabına yuvarlanmış məlum dairələr Azərbaycanı “etnik təmizləmədə” ittiham etməyə çalışrlar. Ən acınacaqlısı odur ki, bu cür ədalətsizlik demokratiya və insan haqları kimi bəşəri dəyərlərin guya qorunması adı altında aparılır, üstəlik, təcavüzkar Ermənistanın indiki siyasi rəhbərliyi dünya ictimaiyyətinə “sülh göyərçini” kimi təqdim olunur. Bunu edənlər məqsədli şəkildə onu da unutdurmağa çalışırlar ki, sülh gündəliyinin müəllifi  və təşəbbüskarı Azərbaycan Prezidentidir.  Bu həqiqətin daha geniş miqyasda ictimailəşməsi və beynəlxalq birliyə çatdırılması həmin dairələrin işinə yaramır, çünki onların məkrli planlarını alt-üst edir.Bəzən də elə təəssürat yaranır ki, eyni dairələr xalqımızın işğal dövründəki səbrli tövründən yanlış nəticələr çıxarıb. Belələri özlərini aldadaraq hələ də ümid edirlər ki, cəmiyyətimiz onların fəaliyyətsizliyini, erməni təəssübkeşliyi ilə bağlı ayrı-seçkilik mövqeyini zaman keçdikcə unudacaq. Hətta insafsızcasına onu da gözləyirlər ki, xalqımız Ermənistanın baş naziri N.Paşinyanın son beş ildə  verdiyi cəfəng bəyanatlarını da yaddaşından siləcək. Buna ümid edənlər, heç şübhəsiz ki, özləri-özlərini aldadırlar. N.Paşinyanın 2019-cu ilin avqustunda Qarabağda kef məclisi quraraq, oradan verdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını necə unutmaq olar? Ermənistan baş nazirinin müharibədən yeddi ay əvvəl, 2020-ci il fevralın 15-də  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə “oğlunun Dağlıq Qarabağda hərbi qulluq keçdiyinə” dair böyük şövqlə  verdiyi açıqlamasını da cəmiyyətimiz unutmayıb. Bu bəyanatların hər biri Ermənistanın işğal və təcavüz siyasətinin etirafı olmaqla yanaşı, həmin siyasəti müdafiə etməkdən başqa bir şey deyildi və heç bir halda “sülh göyərçini”, “demokrat” obrazı ilə uzlaşmırdı.  Müzakirələr zamanı N.Paşinyanın  “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”  bəyanatı və keçmiş Dağlıq Qarabağı müstəqil subyekt kimi təqdim etmək cəhdi də vasitəçilərin ədalətsiz gündəliyinin eynilə təkrarı, onları yamsılamaq cəhdi idi.

 

Həyat sübut etdi ki, Ermənistanın destruktiv mövqeyi, davamlı hərbi-siyasi təxribatları və keçmiş vasitəçilərin fəaliyyətsizliyi səbəbindən münaqişənin yeganə həll yolu  savaş meydanıdır. Zaman ötdükcə daha böyük əminliklə deyə bilərik ki, Ermənistan rəhbərliyinin ilk böyük siyasi iflası 2020- ci ildə Münxen Təhlükəsizlik Konfransında baş verdi. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, beynəlxalq hüquqa və tarixi ədalətə söykənən təkzibolunmaz arqumentləri qarşısında Ermənistanın  təcavüzkar mahiyyəti ictimai şəkildə ifşa olundu. Prezident İlham Əliyevin Münxendə bildirdiyi bu fikir isə təkcə N.Paşinyana deyil, həm də Ermənistanın havadarlarına növbəti xəbərdarlıq mesajı idi:

 

Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

 

Zəfər Gününün dördüncü ildönümü ərəfəsində unudulmaz bir səhnəni də xatırlatmaq istərdim. 2021-ci il iyunun 15-də tarixi Şuşa Bəyannaməsinin imzalanmasından bir neçə saat əvvəl Azərbaycan və Türkiyə  Prezidentləri arasında yolüstü maraqlı bir dialoq olmuşdu. Prezident İlham Əliyev əlini uzadaraq “O iki dağın arasında görünən yer Xankəndidir” demişdi. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gülərək verdiyi “hotel ordamı?” sualına dövlətimizin başçısı eyni tövrlə, gülə-gülə “yox, amma orda da olacaq!”  cavabını vermişdi. Prezident İlham Əliyev bütün vədləri kimi, bu tarixi vədinə də əməl etdi, ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Artıq Xankəndidə Qarabağ Universiteti kimi ali təhsil ocağımızla yanaşı, yeni hotellər də fəaliyyət göstərir. Azərbaycan Prezidentinin Xankəndidə səsləndirdiyi bu açıqlama isə cəmiyyətimizi  unutqan görmək arzusunda olan dairələrin xülyasına ən tutarlı cavabdır:

 

1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

 

O da təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan tarixindəki  Xilaskar imzasının davamında onun fiziki və siyasi varisi Prezident İlham Əliyevin qalib Ali Baş Komandan kimi Müzəffər imzası dayanır. Bu gerçəkliyin özü də İlahi ədalətin təntənəsidir!  Böyük güclərin son iki əsrdə ölkəmizi təhdid edən anti-Azərbaycan planını  ona görə məğlub etmək mümkün oldu ki, xalqımız öz Prezidentinin ətrafında Dəmir Yumruq kimi birləşə bildi, Ali Baş Komandanının qətiyyətli Lider keyfiyyətlərinə və onun rəhbərliyi altında illər ərzində yetişdirilmiş Ordumuzun yenilməzliyinə bir an belə şübhə etmədi. Tarixi Zəfərimizi hələ də həzm edə bilməyən,  elə bu səbəbdən Qalib Xalqın və Müzəffər Liderin kölgəsini  “qılınclamaqdan” əl çəkməyən bədxahlarımız, nəhayət, dərk etməlidirlər ki, onların nədən bu qədər qıcıqlandığının səbəbini cəmiyyətimiz artıq çox yaxşı bilir. Bu tarixi həqiqəti Prezident İlham Əliyev ilk dəfə 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirmişdi:

 

Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

 

Əgər kimlərsə hələ də ümid edir ki, Azərbaycan xalqı  bu tarixi gerçəkliyi unudaraq Ermənistana və hamilərinə zərrə qədər fürsət tanıyacaq, belələri xam xəyallara qapılır və yalnız özlərini aldadırlar. Bədxahlarımız bunu bilməyə və dəyərləndirməyə bilər, amma qədirbilən xalqımız hər kəsdən yaxşı bilir ki, tarixi Zəfərimiz şəhidlərimizin qanından yoğrulub və Qələbəyə görə kimlərə borcluyuq. Uca Allah xalqımızın birliyini, Müzəffər Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu, qardaş və dost ölkələri, böyük Türk dünyasını qorusun!

 Ülvi Quliyev,

Milli Məclisin deputatı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər