ABŞ SENATI UKRAYNAYA HƏRBİ YARDIMI BLOKLADI – Bayden işə qarşdı, təkid etdi, mümkün olmadı...
Dünən axşam ABŞ Senatında Ukraynaya, İsrailə hərbi yardım və Qəzza əhalisinə humanitar yardımın maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinin irəli sürülməsi cəhdinin qarşısını alınıb.
AzPolitika.info Qərb mediasına istinadla xəbər verir ki, İsrailin dəstəklənməsinə qarşı çıxan bütün respublikaçılar və müstəqil senator Berni Sanders qanun layihəsinin əleyhinə səs verib.
Qanun layihəsi ABŞ-nin Meksika ilə sərhədlərinin təhlükəsizliyi üçün maliyyənin artırılması ilə bağlı müddəaları da ehtiva edir. Lakin respublikaçılar Bayden administrasiyasından ABŞ-nin sığınacaq qaydalarını sərtləşdirməsini tələb edirlər. Respublikaçı deputatların böyük əksəriyyəti Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləyir, lakin onlar ölkənin cənub sərhədində təhlükəsizliyin artırılması və qeyri-qanuni miqrasiyanın qarşısının alınması tələblərindən əl çəkməyə hazır deyillər. Nüfuzlu respublikaçı senator Lindsey Graham, Konqresdə Milad tətilinə getməzdən əvvəl kompromis əldə etməyin mümkün olduğuna şübhə etdiyini bildirib. Onun sözlərinə görə, qarşılıqlı məqbul həll yolu tapmaq üçün Prezident Baydenin bu prosesdə daha fəal iştirakı lazımdır.
ABŞ Prezidenti Co Baydenin səsverməyə saatlar qalmış qanunvericilərə müraciət etməsinə baxmayaraq, Senat qanun layihəsini bloklayıb. Prezident Konqresdən Ukraynaya yardım üçün əlavə maliyyənin mümkün qədər tez - Milad bayramları başlamazdan əvvəl təsdiqlənməsini tələb edib.
Bayden deyib ki, Kiyevə yardım haqqında razılaşmanı gözləmək olmaz. O vurğulayıb ki, ABŞ-nin qərarı olmadan digər müttəfiqlərin - Avropa ölkələri, Yaponiya və digər tərəfdaşların Ukraynaya dəstək verməsi ilə bağlı qərarlar da sual altında qala bilər.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin Ukraynada qələbə qazanmasına imkan verə bilməz. Bayden əmindir ki, Putin qalib gəlsə, Rusiya Ukraynada dayanmayacaq və ABŞ-nin müttəfiqi olan digər ölkələrə, o cümlədən NATO üzvlərinə hücum edə biləcək. "Belə olan halda, biz Amerika qoşunlarının rus qoşunlarına qarşı döyüşməsi ilə üzləşə bilərik", - Bayden vurğulayıb.
Oktyabr ayında Prezident Bayden Konqresə beynəlxalq təhlükəsizliyin maliyyələşdirilməsi, o cümlədən Ukrayna və İsrailə yardım da daxil olmaqla, ümumilikdə 105 milyard dollar ayrılması ilə bağlı sorğu göndərib. Bu yardımın 60 milyard dolları Ukraynaya hərbi və maliyyə dəstəyini nəzərdə tutur.
Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası Ukraynaya deyil, İsrailə pul ayrılması haqqında qanun layihəsini təsdiqlədi, bundan sonra isə demokratlar Senatda sənədi blokladılar. Bazar ertəsi Ağ Evin büdcə direktoru Şalanda Yanq Nümayəndələr Palatasının spikeri Mayk Consona məktub göndərərək, ABŞ administrasiyasının ilin sonuna qədər Ukraynanı silah və texnika ilə təmin etmək üçün qalan vəsaitin tükənəcəyini bildirib.
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Senatının üzvləri qarşısında çıxışını son anda ləğv edib. Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ Sülh İnstitutunda çıxış edərək Konqresi Ukraynaya yardım paketini mümkün qədər tez ötürməyə çağırıb. O bildirib ki, ABŞ-nin Kiyevə hərbi yardımı gecikdirməsi Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyət riskini artırır. "Eyni mövqeləri saxlamaq və sadəcə sağ qalmaq bizim üçün çətin olacaq", - o qeyd edib.
Volodimir Zelenski çərşənbə günü “Yeddilik” qrupunun liderləri ilə videobağlantı vasitəsilə danışıb. O, bəyan edib ki, Ukraynanın müttəfiqləri birlik və dəstək nümayiş etdirməyə davam edərsə, Ukraynanın qışda enerji infrastrukturunu saxlamaq və uğurlu əks-hücum əməliyyatını təmin etmək üçün hər cür şansı var. “Rusiya yalnız bir şeyə ümid edir: gələn il dünyanın konsolidasiyası çökəcək. Rusiya Amerika və Avropanın zəiflik nümayiş etdirəcəyinə və Ukraynaya dəstəyi lazımi səviyyədə saxlamayacağına inanır”, - Ukrayna lideri vurğulayıb.
Bu xəbər üçün şərh yazın