ABŞ VƏ BRİTANİYA “ÖLDÜRÜCÜ” SANKSİYALAR HAZIRLAYIR – “Bu, Rusiya biznesinə hücumdur”
ABŞ və Britaniya Rusiyanın Ukraynaya təcavüzü ehtimalına qarşı sanksiyalar hazırlayırlar, hətta Amerika bəzi sanksiyaları heç bir təcavüz olmadan da tətbiq edə bilər.
Qərb ölkələri böhrandan çıxmaq üçün diplomatik səyləri də davam etdirməyə hazırlaşırlar. Kreml Londonun mümkün sanksiyalar barədə bəyanatını biznesə hücum adlandırıb.
ABŞ-ın sanksiyaları
ABŞ senatorları ötən bazar bəyan ediblər ki, Rusiyanın Ukraynadakı fəaliyyətinə görə hazırlanan sanksiyaların razılaşdırılması yekun mərhələdədir, Amerika və Avropa siyasətçilərinin ötən ilin sonundan etibarən qeyd etdikləri təhlükələrlə bağlı bəzi tədbirlərsə Rusiya bu ölkəyə hücum etmədən də qüvvəyə minə bilər.
"Bizim artıq eyni cərgədə dayandığımızı deyə bilərəm" - Senatın xarici məsələlər komitəsinin rəhbəri Robert Menendes CNN-in efirində belə deyib. Menendes və respublikaçı Cim Riş razılaşmanı artıq bu həftə yekunlaşdırmağa ümid edirlər.
“Reuters” yazır ki, qanun layihəsi Rusiyanın böyük banklarını, bu ölkənin dövlət borcunu hədəf alır və Ukraynaya irihəcmli hərbi yardımları nəzərdə tutur. Agentlik həmçinin qeyd edir ki, demokrat və respublikaçı senatorlar arasında xüsusilə də "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar tətbiq edib-etməməklə bağlı bəzi fikir ayrılıqları qalmaqdadır.
Menendes bildirib ki, Moskvanın indiyə qədər etdiklərinə, məsələn, Ukraynaya qarşı kiberhücumuna, "başqa bayraqlar altında əməliyyatlara" və Ukrayna hökumətini daxildən parçlamaq cəhdlərinə görə bəzi sanksiyalar Rusiyanın mümkün təcavüzündən əvvəl də tətbiq edilə bilər. Hücum baş versə, daha sərt sanksiyalar qəbul ediləcək.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Makarova CBC-ə açıqlamasında deyib ki, Kiyev həm məhz indi üçün nəzərdə tutulan, həm də təcavüzlə bağlı tətbiq olunacaq əlavə sanksiyaları vacib hesab edir. Eyni zamanda, o, Vashinqtonla Kiyev arasında gərginlik olmasıyla bağlı xəbərləri şişirtməməyə çağırıb.
"Heç bir problem yoxdur. Bəzi diskusiyalarda fikir ayrılıqlarımız ola bilər. Ancaq ABŞ bizim strateji partnyorumuz, hətta deyərdim ki, strateji dostumuzdur".
Amerika və Ukrayna prezidentləri Co Biden və Vladimir Zelenski arasında problem yaranması xəbərini ötən həftə CNN yaymışdı. Cümə günü Zelenski xarici jurnalistlər üçün brifinq keçirib demişdi ki, Ukrayna sərhədlərində vəziyyət kifayər qədər gərgindir, amma bu gərginlik ötənilkindən çox deyil: "Bu panika bizə lazım deyil. Bazarlardakı panika, maliyyə sektorundakı panika. Bu, bizim dövlətimizə baha başa gəlir!"
Kiyev Rusiyanın mümkün hücumuyla bağlı riski azaldırmı sualına Makarova belə cavab verib: "Biz riski azaltmırıq. Əslində, biz də vəziyyəti eyni cür qiymətləndiririk, biz artımı görürük və Rusiyanın nəyə qadir olduğunu bilirik. Ancaq ölkəmizi müdafiə edə bilmək üçün panikaya düşmək kimi rahatlığımız yoxdur".
Fevralın 3-də Bayden administrasiyanın nümayəndələri senatorlar üçün brifinq keçirəcəklər. Ancaq Dövlət katibinin müavini Viktoriya Nuland CBC-ə açıqlamasında deyib ki, ABŞ hücum halında tətbiq ediləcək sanksiyalar paketinin məzmunuyla bağlı qeyri-müəyyənliyin qalmasını istəyir. Onun sözlərinə görə, bu, Moskvaya daha çox təsir edə bilmək üçün vacibdir.
"Financial Times" Amerika administrasiyasındakı mənbəyə istinadən yazır ki, ABŞ Putinin ətrafındakılara - Kreml daxilindəki dairələr daxil və ya yaxın olan, hökumət qərarlarının qəbulunda müəyyən rol oynayan, ya da Kremlin destabilizasiya xarakterli davranışına aidiyyatı olan şəxslərə də sanksiya tətbiq edə bilər. Nəşrin məlumatına görə, bu tədbirlər Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə aid ediləcək sanksiyalara əlavə oluna bilər.
Britaniyanın sanksiyaları
Yanvarın 31-də Böyük Britaniya parlamentinə yeni qanun layihəsi təqdim edilib. Layihədə Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə sanksiyaların potensial hədəflərini - Kremllə əlaqəli şəxslərin və aktivlərin siyahısını genişləndirmək nəzərdə tutulub.
Sanksiyalar Rusiyanın maliyyə təşkilatlarına, enerji şirkətlərinə, Rusiya hakimiyyətini dəstəkləyən istənilən şirkət və şəxsə tətbiq edilə bilər.
"Rusiya Ukraynaya hücum edərsə, nazirlər sanksiyaların yeni sərt rejimi çərçivəsində Britaniya oliqarxları və şirkətlərinin Kremllə əlaqəli investisiyalarını hədəf alacaqlar" - "The Times" yazır.
"Biz əhatə dairəsini genişləndirmək istəyirik ki, sanksiyalar Kremlin maraq dairəsində olan bütün şirkətlərə, o cümlədən, Rusiyadakı rejimin özünə də şamil edilə bilsin və Rusiya dövlətini dəstəkləyən putinçi oliqarxlar və şirkətlər gizlənməyə yer tapmasınlar" - Britaniya xarici işlər naziri Liz Truss bunu ötən bazar günü deyib.
“The Times” nəşrinə danışan mənbənin dediyinə görə, yeni sanksiyalar Rusiya pullarının toplandığı Britaniya haqqında təsəvvürləri dəyişə bilər. Truss bu həftə Ukraynaya səfər edəcək. Bu ölkənin xarici işlər naziri Dmitri Kuleba Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazır olduğu üçün artıq ona təşəkkürünü bildirib.
"Britaniyalı həmkarım və dostum Liz Truss-a qəti mövqeyinə görə təşəkkürümü bildirirəm. Rusiyanın Britaniyadakı maliyyə maraqlarına qarşı sanksiyalar Rusiyanı zəif yerindən vura bilər" - Kuleba öz "Tvitter" hesabında yazıb.
Moskvanın reaksiyası
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Britaniya sanksiyalar tətbiq edərsə, Rusiya buna cavab verəcək. Onun sözlərinə görə, biznesə qarşı açıq hücumdan söhbət gedir: "Ayrıca götürülmüş ölkənin Rusiya biznesinə hücumu, əlbəttə ki, özündə cavab tədbirləri ehtiva edir və bu tədbirlər birmənalı olaraq bizim öz maraqlarımıza uyğun şəkildə formalaşdırılacaq. London çox narahatedici bəyanat verib. Mən düşünürəm ki, bu, təkcə bizim üçün, bizim şirkətlərimiz üçün narahatlıq yaradan məsələ deyil. Bu, Londonun böyük ölçüdə təxminedilməz qərarlar verə bildiyini nümayiş etdirir və yəqin ki, bütövlükdə beynəlxalq maliyyə və biznes strukturlarını da ciddi şəkildə narahat edəcək məsələdir".
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Britaniyanın xarici işlər nazirinin bəyanatına öz "Twitter" hesabında istehzayla cavab verib: "Bir addım da geri durmayın, missis Truss! Sizə ümidimiz böyükdür. Britaniyanın müvəqqəti maliyyə maraqları demokratiya və azadlıqdan vacib ola bilməz!" O həmçinin əlavə edib ki, Londonda "Rusiyanın ekstradisiyalarını tələb etdiyi korrupsionerlərin siyahısı var"/BBC
Bu xəbər üçün şərh yazın