Abşeron rayonunda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 34-cü ildönümü dərin ehtiramla yad edilib.
Xırdalan şəhərində 20 yanvar şəhidlərinin xatirə abidəsinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Abşeron rayon Ağsaqqallar Şurasının və Abşeron RİH yanında İctimai Şuranın sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.
Rayon rəhbərliyi və tədbir iştirakçıları I Qarabağ, atəşkəs dövrü və Vətən Müharibəsi zamanı şəhid olanların xatirəsinə inşa edilmiş Abidə Kompleksini də ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Daha sonra Rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhid ailələrinin və qazilərin iştirakı ilə II Fəxri Xiyabanda Şəhidlər Xiyabanını və Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmiş, ruhlarına dualar oxunmuşdur.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində şəhid ailələrinin, qazilərin və 20 yanvar əlillərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqov, YAP Abşeron Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, 20 Yanvar Cəmiyyətinin Abşeron rayon təşkilatının sədri Eyşan İskəndərov, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək bildiriblər ki, 1990-cı ildə sovet ordusu xalqımızın azadlıq əzmini qıra bilməmiş, qəhrəman oğul və qızlarımız özlərini güllə qabağına verərək vətənimizin azadlığını, şəhidliyi hər şeydən üstün tutmuşlar. Qeyd edilib ki, faciəyə ilk etiraz səsini ucaldan şəxs məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. Faciədən dərhal sonra Ulu Öndər sovet hakimiyyətinin törətdiyi qətliamı bütün dünyaya bəyan etmiş, 1994-cü ildə isə məhz onun sayəsində 20 yanvar faciəsinə hüquqi qiymət verilmişdir. O cümlədən vurğulanıb ki, vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daima əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əlatə olunub.
Fotoları təqdim edirik
Bu xəbər üçün şərh yazın