Ağstafa Təhsil Sektorundan qaynaqlanan problem: Beş uşağa 1 boşqab makaron verilir - FOTO
"Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyindən narazıyıq. Heç bir əsaslı səbəb olmadan bağçanın müdiri Afaq Fatapur tərəfindən işimizə xitam verilib".
Faktinfo.az xəbər verir ki, bu şikayətlə Qafqazinfo.az-a adıçəkilən müəssisənin bir qrup işçisi müraciət edib.
10 ildir bağçada tərbiyəçi işlədiyini deyən Aygül Rəhimovanın iddialarına görə, A.Fatapur heç bir töhməti olmadan işinə xitam verib: “Mənə heç bir xəbərdarlıq edilmədən, ən əsası Həmkarlar Sədrinin xəbəri və rəyi olmadan qanun pozuntusuna yol verərək işimə xitam verilib. Buna səbəb onun qanundankənar işlərə cəlb etmək istəyini rədd etməyimdir. Bağçanın müdiri bizləri işimizlə hədələyir, qapını bağlayaraq işə buraxmır və yalandan davamiyyəti pozduğumuzu iddia edir”.
Tərbiyəçi deyir ki, müdir uşaqların və işçilərin gözü önündə onu təhqir edir: “Haqqımız olan məzuniyyəti bizə vermir. Yaşadığımız bütün problemlərlə bağlı Ağstafa rayon Təhsil Sektoruna və Qazax Tovuz Regional Təhsil İdarəsinə şikayətlərimizi rəsmi formada bildirmişik. Hazırda iş məhkəmədədir”.
Şikayətçi bağçada uşaqlar üçün yemək çatışmazlığı kimi problemlərin də olduğunu bildirir: "İşçilərə məcburi olaraq bağçada artıq uşaq sayı yazdırırlar, nəticədə daha çox ərzaq gəlir, ancaq bunu aşpazla mənimsəyirlər".
Aygül Rəhimova saytımıza göndərdiyi videoda bağçada beş uşağa cəmi bir boşqab makaron və 3-4 dilim ağ pendir verildiyini, bunu azyaşlılar arasında bölməyin çətin olduğunu vurğulayıb.
Faktinfo.az xatırladır ki,Ağstafa rayonunda yerləşən bütün körpələr evi və uşaq bağçalarında vəziyyət acınacaqlıdır.Bu barədə saytlar zamanla bu mövzuya toxunub.Bu xoşagəlməz vəziyyəti Ağstafa rayon Təhsil Sektorunun rəhbərliyi də bilməmiş deyil.Bu səbəbdən də rayonda yerləşən körpələr evi və uşaq bağçalarında kompleks yoxlamaların aparılması məqsədəuyğundur.
Bu xəbər üçün şərh yazın