
Akademik Rasim Əliquliyev: “Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər”
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.
"AZƏRTAC"a istinadla xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edib. Akademik bildirib ki, müasir dövrdə ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dünyanın nüfuzlu universitetlərində təhsil alması və beynəlxalq elmi layihələrdə iştirak etməsi üçün geniş imkanlar yaradılıb. Alim vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə bir sıra fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib: “Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yüksək intellektual potensiala, milli düşüncəyə və vətənpərvərlik ruhuna malik yeni nəsil gənclər formalaşmaqdadır”.
Alim rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqinin bütün dövlətlər qarşısında yeni çağırışlar formalaşdırdığını, Azərbaycanın da bu istiqamətdə dinamik inkişaf edərək rəqəmsal transformasiya prosesində fəal iştirak etdiyini deyib: “Belə bir şəraitdə ölkədə yetişən gənc nəsil yeni bilik və bacarıqlara yiyələnməli, dil biliklərini inkişaf etdirməli, rəqəmsal mühitin fəal vətəndaşlarına çevrilməlidirlər”.
AMEA-nın vitse-prezidenti gənc tədqiqatçıları ölkə üçün əhəmiyyətli elmi problemləri əhatə edən mövzularda səmərəli araşdırmalar aparmağa çağırıb.
Akademik Rasim Əliquliyev gənclərə ölkədə və dünyada rəqəmsallaşma və süni intellekt sahəsində baş verən prosesləri, müasir çağırışları diqqətdə saxlamağı tövsiyə edib. Həmçinin vurğulayıb ki, gənc tədqiqatçılar ölkəmizdə həyata keçirilən dövlət siyasətini yaxından izləməli, qəbul olunan strateji sənədlər, fərman və sərəncamlar, dövlət proqramları və strategiyalar haqqında məlumatlı olmalıdırlar.
Çıxışının sonunda alim gəncləri institutun elmi və ictimai həyatında fəal iştirak etməyə, təşəbbüskarlıq nümayiş etdirməyə və məqsədyönlü fəaliyyət göstərməyə çağırıb.
Sonra şura üzvləri arasında səsvermə keçirilib, institutun doktorantı Nərgiz Quliyeva Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.
Nərgiz Quliyeva çıxış edərək şuranın fəaliyyətinin səmərəli təşkili, gənc alim və mütəxəssislərin təşkilatlanması, onların elmi və ictimai fəaliyyətinin daha da fəallaşdırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.




















Bu xəbər üçün şərh yazın