"Akademikanə kefin ləzzəti bambaşqadır..." - Dilçi alim İsa Həbibbəylini TOPA TUTDU!
"AMEA akademik İsa Həbibbəylinin çıxışlarında sürətlə inkişaf edir: kitablar, monoqrafiyalar, elmi məcmuələr, lüğətlər, toplular, biblioqrafik ədəbiyyat, əyani doktorantın qiyabiyə, qiyabinin əyaniyə çevrilməsi... İnkişaf əndazədən çıxıb, ara qarışıb, məssəb itib, töhfələrin sayı - hesabı bilinmir".
Dia-az.info bildirir ki, bunu öz açıqlamasında dilçi-alim İdris Abbasov qeyd edib.
"Görkəmli və möhtərəm akademik çap məhsullarının elmi keyfiyyətsizliyi, saxtalığı, başdasovduluğu, bütün bunların gözə kül üfürmə məqsədilə edilməsi, alim-akademik məsuliyyətsizliyi, ortada yeyib qıraqda gəzmək, kitab nəşri adı altında dövlətə vurulan milyonlarla zərər haqqında, təssüf ki, bir kəlmə də demir" deyə itihamlarını inkişaf etdirən gənc alim daha sonra əlavə edib:
"Bir də ki, niyə desin ki?! Baş alıb gedən yolsuzluqları, elmi saxtakarlıqları, dövlətə vurulan ziyanları, elmi-mənəvi deqradasiyaya fəsadlarını deyib niyə qanını qaraltsın ki?! Gül kimi istirahət edir də. Odur e, onun yaşıdları, hətta ondan yaşca kiçik alimlər küçələrdə qalıblar. İndi adam "min bir əziyyətlə" vəzifələrə gəlib ki, pensiya yaşında qanını qaraltsın?! Kef çəkmək lazımdır, kef!! Kefin çox sadə yolu var Azərbaycanda: yalan-yapalaq mədhiyyədən güpəyirsən, iş göruntusu yaradırsan, vəssalam, pulları cibinə doldurub kef çəkirsən, kef. Akademikanə kefin ləzzəti bambaşqadır.
Əlbəttə, adam vəzifələr tutub bütün nöqsanlara göz yumar, kef edər, kef! Ölkənin mövcudluğu harda dayanar, dayansın! Mənəvi tənəzzül bir millətin sonunun başlanğıcıdır, mənə nə, ee?!
Çəkilin yolumdan, yoxsa əyləncə qatarımın polad relsləri üzərində qalıb xıncım-xıncım olarsınız!
Dövlətin iliyini kəsən, daxili ədavəti tətikləyən qanunsuzluqlara, özbaşınalıqlara göz yum, təriflərlə, yalanlarla xəstəliyin ağrı simptomlarını keyləşdir, terapiyadan qaç, xəstəlikləri maksimum ört-basdır et ki, xəstə ölsün, yəni cəmiyyət bir orqanizm kimi məhv olsun...
Dəhşət və rəzaləti şərtləndirən təfəkkür tərzi, bədbəxtlikdən, gəlib ilişib bir xalq kimi bizim bogazımıza... Boğazımı arıtlamağa da ərinirik. Belə ərincək olduqca boğazımızın tıxanmaq təhlükəsi ilə üz-üzə qalacağıq. Əfsus!"
Bu xəbər üçün şərh yazın