“Allahşükür başqa dövlətlərin maraqlarına xidmət edir, bu, xəyanətdir” – Müsahibə
Faktinfo.az Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Yenisabah.az-a müsahibəsini təqdim edir.
- Sərdar bəy, bildiyiniz kimi, Şeyxülislam deyib ki, bizi Qarabağda qələbəyə Xameneinin fətvası çatdırdı. Onun bu çıxışına münasibətiniz necədir?
- Xameneinin Qarabağla bağlı heç bir fətvası olmayıb. Əgər belə bir fətva olsaydı, mütləq o fətvanı yerinə yetirmək üçün İran vətəndaşları da Qarabağ müharibəsində bizə dəstək verərdi, amma farsların belə bir dəstəyini biz görmədik. Sadəcə olaraq Xamenei bir mövqe bildirib. Qarabağ azad ediləndən sonra, “Qarabağ Azərbaycandır”,-deyib. Zatən BMT Azərbaycanı Qarabağla bir yerdə qeydiyyatdan keçirib, ona görə də burada kiminsə onu təkrar etməsi məsələni dəyişmir. Yəni Allahşükür Paşazadənin bu bəyanatı çox yersizdir.
- Din xadiminin siyasətdən danışmağı, siyasi proseslərlə bağlı fikir bildirməsi nə dərəcədə doğrudur?
- O, din xadimi deyil. Siz bir dəfə görmüsünüz ki, Allahşükür çıxıb Quranın bir ayəsini şərh eləsin? Yaxud insanlara dinimizlə bağlı yol göstərib? Bu, İran Ayətullahının arxasında namaz qılır. Halbuki şeyxülislam kimi rəhbərlik etdiyi dini icmanın əsas dini istiqamətverici lideri olmalıdır. Baxın, İran əhalisinin özü ellikcə İmam Xameneiyə təqlid eləmir. Azərbaycan əhalisi arasında Sistaniyə, Xameneiyə təqlid edənlər var. Minlərlə ölü ayətullah var ki, müsəlmanlar öz inamlarına uyğun onların birinə təqlid edir. Amma əgər Allahşükür Paşazadə Qafqazın Şeyxülislamı olaraq İran ayətullahlarından, mollalarından hansınısa özünə rəhbər seçib dalınca gedirsə, deməli, həmin məqama, rəhbər olmağa layiq deyil.
- Müharibə vaxtı İranın göstərdiyi mövqeni necə qiymətləndirirsiniz?
- 30 il ərzində İran bir dəfə də olsun Ermənistanın Dağlıq Qarbağ ərazisini işğal etməsini bəyan etməyib. Əksinə, bu illər ərzində ardıcıl olaraq Ermənistana dəstək verib. Ermənistanı müxtəlif adlar altında gücləndirməyə cəhd edib. İranın hərbi maşınlarını cənubi azərbaycanlılar yandırmasaydı, İran hələ bir ucdan Ermənistana texnika daşıyırdı. Serbiyanın “qrantamyotlarının” hamısı İran vasitəsilə Ermənistana gətirirdilər. Müharibədə Gürcüstan öz yollarını bağladı, amma İran açdı, “Mən Ermənistana hər cür humanitar yardım edəcəm”,-dedi. Gürcüstan yollarını bağladığı halda sən niyə bağlamadın? Ona görə də müharibənin nəticələrini, Türkiyənin dəstəyini İranın adına çıxmaq xəyanətdən başqa bir şey deyil.
- Əgər belədirsə, Şeyxülislamın bu çıxışı nəyə hesablanıb?
- Burada məqsəd Türkiyənin Dağlıq Qarabağın azad olunmasındakı rolunu kiçiltmək, İranı Türkiyədən qabağa çıxarmaq və daha bir neçə il də Azərbaycanı təkləməkdir. Bu tamamilə yanlış, siyasi cəhətdən səhv və şeyxülislamlıq məqamına uyğun olmayan bəyanatdır. Allahşükürün şəxsi çıxarlarına xidmət edir. Azərbaycana Qarabağın azad olunmasında Türkiyə, İsrail, Ukrayna və digər qardaş dövlətlər dəstək verib. İran bu siyahıda ən axırıncı dövlətlər arasındadır.
- Bir müddət əvvəl Şuşada cümə namazını da Şeyxülislam orada olduğu halda, Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnejad idarə etdi. Bütün bu xoşagəlməz davranışlar Şeyxülislamın Xamneiyə olan sevgisindən qaynaqlanır, yoxsa İran onun vasitəsilə Azərbaycanın siyasi mövqeyinə təsir göstərməyə çalışır?
- Allahşükür Paşazadə Azərbaycandan istisna olmaqla digər dövlətlərin maraqlarına xidmət edir. Bir dəfə də, “Mən ölənədək Putinə sədaqətli olacam”,-demişdi. Yəni faktiki olaraq gah İrana, gah Rusiyaya sədaqət nümayiş etdirmək Allahşükür Paşazadənin siyasi mövqeyini ifadə edir. Bu adam din xadiminliyindən daha çox, siyasətlə məşğuldur və bu siyasət çox təəssüf ki, Azərbaycan xalqının və dövlətinin maraqlarına ziddir. Özünün dünyəvi çıxarlarına millətin maraqlarını qurban verir. Yerində olmayan, millətimizə və xalqımıza yad düşüncəyə malik bir adamdır. Ona görə də bu adam mütləq dəyişdirilməlidir, Azərbaycanda, həqiqətən də, İslam dininə xidmət edən, Qurani-Kərimə bağlı olan adam bu məqamda olmalıdır. O, bütün müsəlmanların şeyxidir. Müsəlmanlar isə həm şiə, həm sünni, həm də nəqşibənddir. Allahşükür isə öz dini təbliğatını şiəlik üzərində qurub. Bu da digər təriqətdən olanların gözardı edilməsidir.
Elə bu baxımdan da onun mövqeyi yanlışdır. O, təriqətlərarası ortaq bir mövqe tutmalıdır və elə etməlidir ki, burada bütün məzhəbdən olan insanlar razı qalsın. Yox, əgər sən bir məzhəbi dünyəvi maraqlarına görə əsassız olaraq şişirdirsənsə, bu yolverilməzdir, dinimizə də ziddir. Allahşükür elə deyir ki, İlham Əliyevin Qarabağda heç bir xidməti olmayıb, sanki hər şey Xameneinin bir sözündən, fətvasından asılıymış. Fətvayla məsələ həll olunurdusa, İran-İraq müharibəsində bütün ayətullahlar yığışıb fətva verərdilər,- o vaxt İmam Xomeyni də sağ idi,- müharibəni də tez qurtarardılar. 10 il müharibə apardılar, bir milyon qurban verdilər, heç bir nəticə olmadı.
Fətvayla qələbə əldə etmək olur? Bəs bu Azərbaycanın minlərlə şəhidinin qanı, zabitlərimizin şücaəti, Türkiyənin bizə göstərdiyi siyasi, hərbi, iqtisadi, diplomatik dəstəyə nə oldu? Bu qədər haqqı nahaqqa verməyin özü göstərir ki, bu dindən uzaq bir adamdır. Allah Qurani-Kərimdə deyir ki, atanızın əleyhinə olsa da, şahidlik eləyin ki, haqq üzə çıxsın. Bu da bunu yalançı şahidliyi, “Mən bilirəm İran bizə elə kömək edib ki, biz Qarbağı ona görə azad etmişik”,-deyir. Sən bilirsən, İlham Əliyev, Azərbaycan generalları, Azərbaycan xalqı bilmir? Nədir o sənin bildiyin şey? Çıx, bildiyini de də.
- Bayram namazına da digər müsəlman ölkələrin səfirləri yox, məhz İran səfiri çağırılmışdı…
- Allahşükürün əsas biznesi İranla bağlıdır. İrandan gələn malların əksəriyyətinin monopoliyası onların əlindədir. Bunlar özlərinin dünyəvi çıxarlarını təmin etmək üçün bu cür dini məsələlərdən istifadə edirlər. Heç Ayətullah Xamenei demir ki, Qarabağın azad olunması barədə mənim fətvam var, onun rolu olub. İran belə bir şey iddia etmədiyi halda, Şeyxülislamın belə iddia ilə çıxış etməsi onun şəxsi çıxarlarını ön planda tutduğunu göstərir. Tamamilə əsassızdır. İran bu müharibədə bizə ciddi dəstək verməyib. Allahşükür maraqlarına görə İrana üstünlük verir.
Sayad HƏSƏNLİ
Bu xəbər üçün şərh yazın