Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?
Bakı-Qroznı sərnişin təyyarəsinin raket sistemi ilə vurulmasının müxtəlif illərdə vurulan sərnişin təyyarələrindən fərqi var. Müharibə zonasında və ya səhvən raketlərlə vurulan sərnişin təyyarələri yaxın tarixdə az olmayıb.
Bundan sonra təyyarəni vuran ölkə yanlışlığa yol verdiyini etiraf edib və üzr istəyib. Rusiya vurduqlarını heç zaman etiraf etməyib. Buna baxmayaraq, Rusiyanın bir müddət sonra Azərbaycandan üzr istəyəcəyini istisna etməsək də, təyyarə vurulduqdan sonra təyyarənin yaxındakı hava limanlarından birinə enməsinə icazə verilməməsini Moskva necə izah edəcək?
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, tarixdə buna oxşar hadisə baş verməyib:
“Əvvəlcə təyyarəmizi vurdular, sonra enməsinə imkan vermədilər və bununla insanları ölümə məhkum etdilər. Bu isə yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir. Kremlin üzrüylə iş bitməyəcək. Mövzuya aidiyyəti olmasa da, Rusiya rəsmiləri və diplomatları bir daha “Xankəndidə konsulluq açmaq istəyirik” bəyanatını səsləndirsələr, onlara qəti şəkildə “buna icazə verə bilmərik” cavabı verilməlidir. Bunun əvəzinə Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasını sürətləndirməliyik. AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib./Axar.az
Bu xəbər üçün şərh yazın