Aqil Abbas şəhid ailələrini ziyarət edib - FOTOLAR
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonunun Sarvanlar kəndində Qarabağda keçirilən antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuş “Komando” Mahir Cəfərov Asif oğlunun ailəsini ziyarət edib.
Deputatlığa namizəd şəhid ailəsi ilə səmimi söhbət edib, onların xeyir-dualarını alıb.
Çay süfrəsi arxasında Aqil Abbasın şəhid ailəsi ilə söhbəti çox səmimi və yaddaqalan olub. Hətta şəhid ailəsinin başçısı Aqil müəllimlə söhbət zamanı deyib ki, mən heç kəslə belə ürək söhbəti etməmişdim. Aqil müəllim də həmişə şəhid ailələrinin yanında olacağını bildirib. Bu görüşdən şəhid ailəsinin başçısı Asif müəllim çox razı qalıb, səmimi yaddaqalan görüşə görə Aqil Abbasa öz təşəkkürünü bildirib.
Aqil Abbas qeyd edib ki, Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması Ermənistana və ona havadarlıq edənlərə ciddi dərs olmalıdır: "Bu gün müharibənin bitmədiyini bildirib, vəziyyəti gərginləşdirmək yolunu tutan dövlətlər yaxşı olardı ki, “Dəmir yumruq” əməliyyatını unutmayaraq Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsini imzalamasına dəstək versinlər, bununla da regionda təhlükəsizliyi, sülhü təmin etsinlər".
Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daimi olacağını bildirən A. Abbas Azərbaycan Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlardan, Yaşat Fondunun və digər qeyri-hökumət təşkilatlarının müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışıb.
Şəhidin anası övladının qısa, ancaq şərəfli ömür yolundan danışıb.
Şəhid ailələri bildiriblər ki, "Komando" şəhidlərinə abidə ucaltmırlar. Aqil Abbasdan xahiş ediblər ki, bu məsələdə yardımçı olsun. A.Abbas şəhid ailələrinin qaldırdığı bir sıra məsələlərin operativ həllini diqqətdə saxlayacağına söz verib.
***
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) həmçinin, Qarabağda keçirilən antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuş Ağcabədi rayonu Minəxorlu kənd sakini Əhmədov Vilayət Dilafət oğlunun (“Komando”) ailəsini ziyarət edib.
Deputatlığa namizəd şəhid ailəsi ilə səmimi söhbət edib, onların xeyir-dualarını alıb.
Aqil Abbas Vilayət Əhmədovun vətənpərvərliyindən, cəsurluğundan, antiterror əməliyyatında göstərdiyi qəhrəmanlıqdan bəhs edib: “Əziz Şəhid atası, Siz Vətən uğrunda fədakarlıqla döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiniz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid ailələri bizim baş tacımızdır".
Aqil Abbas qeyd edib ki, şəhid ailələri dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir, onların sosial problemlərinin həlli məqsədilə müvafiq dövlət siyasəti həyata keçirilir. A.Abbas bu diqqət və qayğının hər yerdə olduğu kimi Ağcabədi rayonunda da davam etdirildiyini vurğulayıb, onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını bildirib.
Şəhidin atası Əhmədov Dilafət oğlundan qürurla danışıb: “Çox ürəkli idi, cəsarətli, qorxmaz idi. Deyirdi, mən torpaqlarımızı almayana kimi geri qayıdan deyiləm. Allahın başına dolanım, onların qanı yerdə qalmadı. Onların ruhu şaddır, çünki Şuşa alındı, torpaqlarımız alındı”.
Şəhid anası deyib ki, oğlum hər gecə yuxuma gələrək, “ana, mənə görə nigaran olmayın, biz şəhidlər Cənnətdəyik” - söyləyir. Vilayətin Vətənlə bağlı ülvi arzularından söhbət açan şəhid anası bildirib ki, oğlunun idealı şəhidlərimiz Polad və Mübariz idi. Onların davamçısı olmaq arzusu ilə yaşayırdı. Belə də oldu. Qarabağda keçirilən antiterror əməliyyatında torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşdü və qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Daha sonra Aqil Abbasın Minəxorlu kəndində şəhid ailəsində qonaq olduğunu bilən şəhid ailələri onunla görüşə gəliblər. Şəhid ailələri bildirib ki, siz bizim kənddə görüş keçirmisiniz, lakin yenidən şəhid ailələri ilə görüşə gəldiyinizə görə, sizə öz təşəkkürümüzü bildiririk. Şəhid ailələri bildiriblər ki, Minəxorluda "Komando" şəhidlərinə abidə ucaltmırlar. Aqil Abbasdan xahiş ediblər ki, bu məsələdə yardımçı olsun. A.Abbas şəhid ailələrinin qaldırdığı bir sıra məsələlərin operativ həllini diqqətdə saxlayacağına söz verib.
Bu xəbər üçün şərh yazın