Arayış bürokratiyası - Dövlət qurumlarının bu tələbi nə zaman ləğv ediləcək?
Uzun illərdi ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. Xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı eGov və MyGov fəaliyyət göstərir Lakin dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir.
Dövlət xidmətləri reyestrindən görsənir ki, ölkəmizdə təxminən 50-dək arayış növü var :
1. Ünvan haqqında arayış
2. Sağlamlıq haqqında arayış
3. Prezident təqaüdü barədə arayış
4. Staj və maaş barədə arayış
5. “Sürücülüyə yararlı olmaq barədə” arayış (Forma AZS-83)
6. Bakalavrlar və magistirlər üçün ali məktəbdən arayışı
7. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və yüklülüyünə dair arayış (Forma 1)
8. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma)
9. Məhkumluğun olub olmaması barədə arayış
10. İtirilmiş sənədlərlə bağlı daxili işlər orqanının arayışı
11. Narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayış
12. Ailə tərkibi haqqında yaşayış yerindən arayış
13. Subaylıq haqqında arayış;
14. Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayış
15. Diplom haqqında arayış
16. Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış
17. Kommunal xidmətlər üzrə borcların olmaması haqqında arayış
18. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
19. Yaşayış yeri haqqında arayış (2 №-li forma üzrə arayış)
20. Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayış
21. Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub- olmaması barədə arayışı
22. Həqiqi hərbi xidmət keçməsi barədə SHXÇDX tərəfindən verilən arayış
23. Ölüm haqqında arayış
24. Əlillik barədə Tibbi-sosial ekspert komissiyasının arayışı və s...
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, hazırda MyGov-da aktiv olan xeyli sayda arayışlar var ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada tələb edir.
"Hansı ki, dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir",-deyə Osman Gündüz qeyd edib.
Ekspertin sözlərinə görə, əgər dövlət qurumları vətəndaşla bağlı hansısa məlumatları, arayışları bir-birindən online formada əldə edə bilirlərsə, onda nəinki onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı: "Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası başa çatdırılmalıdır. Hazırda eGov sahəsində ən ciddi problemlərdən birisi budur və xeyli müddətdir ki , bu problem öz həllini tapa bilmir. Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət resurslarının inteqrasiyası üçün konkret icra planı hazırlamalı və bu prosesi başa çatdrımaq üçün səyləri gücləndirməlidir. Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir. Artıq rəqəmsallaşan informasiya xarkterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır.
Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir. Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb".
Bu xəbər üçün şərh yazın