"AŞPA Qərbin ermənipərəst, anti-Azərbaycan dairələrinin alətinə çevrilib" -Aqiyə Naxçıvanlı
"AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Bu qərar vaxtında verilmiş və tamamilə düzgün bir qərardır. Ölkəmizin sözügedən təşkilata 23 illik üzvlük dövrünün təcrübəsi birmənalı olaraq bunu deməyə əsas verir ki, Qərbin ermənipərəst, islamofob qüvvələri daim bu təşkilatdan Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışıblar. Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı ilə bağlı heç bir təsirli tədbir görməyib. Təşkilatın ara-sıra verdiyi bəyanatların isə heç bir hüquqi çəkisi olmayıb. Halbuki, işğal faktına görə ən azından Ermənistanın səs hüququ əlindən alına bilərdi.Lakin AŞPA yalnız 2020-ci ildə Azərbaycan öz gücünə öz torpaqlarından işğalçıları qovduqdan sonra fəallaşdı.Ötən ilin oktyabr ayının 23-də AŞPA-nın qəbul etdiyi "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamədə isə, Azərbaycana qarşı açıq-aşkar təhdidlər yer alıb. Bu riyakar, qərəzli sənəddə 19 sentyabr 2023-cü il tarixində baş tutan lokal xarakterli anti-terror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə olunub və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələnib. Nəticə olaraq, AŞPA-nın bu ilin 22 yanvar tarixində keçirilmiş qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat həmçinin qeyd edib ki, son vaxtlar dünyada və Avropada nüfuzunu getdikcə itirən Fransa indi də Azərbaycana qarşı çirkin niyyətlərini daha çox Almaniyanın vasitəsilə həyata keçirməyə çalışır: “Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat tərəfindən irəli sürülsə də, bu qərəzli kampaniyanın arxasında Fransa və AŞPA rəhbərliyinin durduğu danılmaz faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi də təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu da məlumdur ki, bir sıra hallarda Fransa öz istəklərini bu ölkə ilə tandem şəklində çıxış edən Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və bu ölkənin sürətlə nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu ölkələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini və ölkəmizin tam suverenliyinin bərpa olunmasını hələ də həzm edə bilmirlər.
2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi qurulandan sonra bəzi Qərb təsisatları, o cümlədən AŞPA dəfələrlə Azərbaycana qarşı həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmaması kimi absurd tələblər irəli sürməklə əslində əsil məqsədlərini tam olaraq ortaya qoymuşdular. Bu məqsəd Azərbaycanı zəif salmaq, regionda sabitliyi pozmaq və hərbi münaqişəni yenidən qızışdırmaqdan ibarətdir. Lakin Azərbaycan dövləti bütün bu cəhdlərin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq. AŞPA-ya gəlincə isə, ölkəmizin belə bir riyakar və anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş təşkilatda üzvlüyə heç bir ehtiyacı yoxdur” – deyə, Aqiyə Naxçıvanlı bildirib.
Bu xəbər üçün şərh yazın