Auditorlar Palatasının 3 vəzifəli şəxsinin məhkəməsində qurumun nümayəndəsi ifadə verib
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Azərbaycan Respublikası Auditorlar Palatasının hüquqi nümayəndəsi, Palatanın nəzdində Keyfiyyətə Nəzarət üzrə komitənin sədr müavini və sədr əvəzedicisi Elnur İbarahimov ifadə verib.
O, ifadəsində bildirib ki, audit yoxlaması zamanı palatada mənimsə faktının olması aşkarkanıb:
“Biz bu faktla bağlı təcili olaraq rəhbərliyə məruzə etdik. Rəhbərlik işin araşdırılması üçün komissiya yaradılması barədə tapşırıq verdi. Mən o komissiyanın üzvü olmuşam. Biz 545 min manatın mənimsənildiyini və həmin şəxsləri aşkarladıq. Rəhbərlik bu faktı araşdırılması üçün Baş Prokurorluğa müraciət edilməsi barədə qərar qəbul etdi. Baş Prokurorluq 717 min manatın mənimsənilmə faktını aşkarladı”.
O, həmçinin əlavə edib ki, öz komissiyalarının araşdırması zamanı həmin şəxslərdən izahat alınıb. Həmin izahat isə işə tikilib. Danışıq zamanı Gövhər Əhmədova özünü təqsirli bilib.
Təqsirləndirilən Gövhər Əhmədova Elnur İsmayılova sual ünvanlayıb: “Mən sizə bu işdə Vəli Rəhimovun birbaşa iştirakı olduğunu bildirdim. Bunu sənədlərlə sizə təqdim etdim. Lakin siz bunu nəzərə almadınız. Niyə Vəli Rəhimovu müdafiə etdiniz?”
Zərərçəkənin hüquqi nümayəndəsi “Biz heç kimi müdafiə etmirik”, -deyə cavab verib.
Məhkəmə heyəti də Elnur İbrahimova bu barədə sual verib.
Palata nümayəndəsi bildirib ki, Vəli Rəhimov 2001-ci ildən onlarla işləyir və ona etibar edirlər.
Məhkəmənin növbəti prosesində şahidlərin iştirakının vacibliyi proses iştirakçılarının nəzərinə çatdırılıb.
Qeyd olunub ki, cinayət işi üzrə şahid qismində tanınan 4 nəfərdən 1-i Auditorlar Palatasının əməkdaşı, 3 nəfər isə təqsirləndiriilən Gövhər Əhmədovanın övladlarıdır.
Proses noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
Bu xəbər üçün şərh yazın