Avrasiya Universiteti Novruz Festivalı keçirdi - Fotolar
Bu gün Bakı Avrasiya Universitetində Bakı Avrasiya Universiteti, Bakı Avrasiya Kolleci, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Novruz Fest” adlı festival keçirilib.
Festivalda Azərbaycan xalqının qədimdən bu günə süzülüb gələn Novruz adət-ənənələrinə sadiq qalaraq, BAAU-nun Tələbə Gənclər Təşkilatı və BAAK tərəfindən rəngarəng, gözoxşayan və Novruz nemətləri ilə bəzədilmiş süfrələr açılıb.
Tələbə gənclər və tədbirin digər iştirakçıları festivalda iştirak edərək xalqımızın milli bayramı olan Novruzun adət-ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıblar, qızlar qulaq falına çıxıblar.
Tədbirdə festivalın ənənəsinə uyğun olaraq müxtəlif musiqilər ifa edilib, rəqs şouları nümayiş etdirilib. Festivalda Azərbaycan mədəniyyətinin incilərindən olan, xalq musiqimizi təbliğ edən Milli davul-zurna qrupu, gənclərin sevimlisi olan “Aynaband” musiqi qrupu, gənc ifaçımız - VIII Televiziya Muğam Festivalının qalibi Həzrət Əzizli, səhnələrin və dinləyicilərin sevimlisi Cavidan Fatihi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti İsmayıl Məmmədov bir-birindən maraqlı çıxışlar ediblər.
Daha sonra Azərbaycan milli rəqslərindən ibarət rəqs proqramı tədbir iştirakçılarına təqdim edilib. Proqrama əsasən Mega rəqs qrupu və BAAU TGT-nin üzvləri olan gənc rəqqaslar tərəfindən müxtəlif rəqs şouları nümayiş etdirilib. Gənclərin əyləncəli vaxt keçirməsi üçün bir sıra maraqlı səhnəciklər də nümayiş etdirilib.
Tədbirin sonunda Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən 2024-cü ilin yanvar ayında başlanılmış “Mənim Prezidentim” adlı video müsabiqəsinin ilk üç yerinin qalibləri Universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Tədbir xoş təəssüratlarla yadda qalıb.
Bu xəbər üçün şərh yazın