Avropada "söyüşçülər"ə qarşı araşdırma: Bakıya verilirlər?
Təxminən 6 il öncə - 2018-ci ildə Azərbaycan siyasi cameəsində bütün ənənə və əxlaq sərhədlərini alt-üst edən yeni xətt ortaya çıxdı: “söyüş müxalifəti”.
Etik çərçivələri gözardı edənlər və ya ümumiyyətlə, tanımayanlar söyüş və təhqir vasitəsilə "mübarizə apardığını" iddia edir, milli və dövlət maraqlarını belə nəzərə almadan, Azərbaycana qarşı planlarda həvəslə yer alırlar.
Onlar kimdir və niyə söyüş söyürlər?
Avropanın müxtəlif paytaxtlarında mənzillənən bu şəxslər özlərini “mühacir”, fəaliyyətlərini isə “blogerlik” adlandırır. Hərçənd, onların Avropaya “mühacirəti”nin səbəbləri iddia etdikləri kimi təqib, yaxud təzyiqlə üzləşmələri yox, sırf şəxsi məsələlər olub. Biri təhsil adı ilə, biri şəxsi problemlərinə görə gedib, başqa biri əvvəldən Avropada yaşayır və s.
Onların “siyasiləşməsi”nin əsas səbəbi də Avropada müftəxor həyat sürməkdir, çünki yaşamaq üçün işləməkdənsə, Azərbaycanı söyərək, “siyasi mühacir” olduğunu iddia etmək və buna görə orada qalmaq və maliyyə əldə etmək “haqqını” qazanmaq daha asan yoldur. Söyüşə əl atmaları isə həm intellekt səviyyəsindən, həm də diqqəti daha çox çəkmək məqsədindən qaynaqlanır.
İndiyə qədər “söyüş müxalifəti” iki üstünlükdən istifadə edib:
1. Virtual aləmin cəzaslıq mühitindən;
2. Avropa paytaxtlarına “sığınmalarından”;
Və həm Azərbaycan müxalifətinin radikal qanadından, həm də Qərbdə erməni diasporu/lobbisinin də daxil olduğu antiazərbaycan dairələri tərəfindən dəstəkləniblər.
Bu dəstək və cəzasızlıq mühiti “söyüş müxalifəti”ndə toxunulmazlıq eqosu yaratmışdı. Onlar düşünürdülər ki, bu qalxan daim mövcud olacaq və Azərbaycana qarşı söyüş-təhqir kampaniyasını aparmaqla Avropa paytaxtlarında lüks həyatlarını davam etdirə biləcəklər. Lakin bir məqamı unudurlar: regionun ən güclüsü olan Azərbaycan xüsusi xidmət orqanlarının xaricdə geniş əlaqələri var və hər şeyi nəzarətdə saxlayır, onların nə etdiklərini faktlarla sübut edirlər.
Təsadüfi deyil ki, artıq Qərb xüsusi xidmət orqanları “söyüş müxalifəti”nin üzvlərini ifşa etməyə başlayıb. Bu ilin əvvəlində Almaniya hüquq-mühafizə orqanlarının “söyüş müxalifəti”nin üzvləri ilə bağlı apardığı geniş araşdırma bunun bariz nümunəsidir. Məlumatlara görə, araşdırma Azərbaycan xüsusi xidmət orqanlarının təqdim etdiyi faktlara əsasən aparılır.
Bununla yanaşı, “söyüş müxalifəti”nin bir sıra üzvlərinin yaşadıqları ölkələrdən deportasiya edilməsi, bəzilərinin Azərbaycana təhvil verilməsi də belə nümunələrdəndır. Əxlaqsızlığın ömrü uzun olmur və ibarəli desək, “söyüş müxalifəti”ndə “yarpaq tökümü” başlayıb.
Bu, Avropa paytaxtlarında “söyüşlə” yaşayanların etdiklərinə görə tezliklə cavab verəcəklərinin anonsu hesab edilə bilər. Onların hər biri sonda Azərbaycana təhvil veriləcək, ən geci istifadə müddətləri bitəndə...
Bu xəbər üçün şərh yazın