Aydın Hüseynov növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşüb - FOTOLAR
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Səngəçal qəsəbəsində seçicilərlə görüşü olub.
Faktinfo.az xəbər verir ki, görüş zamanı deputatlığa namizəd Aydın Hüseynov seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlardan, bərpa-quruculuq işlərindən söhbət açıb, qazanılan nailiyyətləri diqqətə çatdıraraq yeni hədəflərdən bəhs edib. A.Hüseynov vurğulayıb ki, 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən yaşayış məntəqələrimiz yenidən dirçəldilir: “Azad olunmuş ərazilərə həyat qaytarılır, yeni yaşayış binaları, məktəblər, tibb ocaqları tikilir, bütün lazımi infrastruktur yaradılır. Biz bundan sonra qalib, qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik və deyəcəyik. Əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Öz növbəsində seçicilər Azərbaycanı zirvəyə yüksəldən siyasətin xalqımıza yeni uğurlar qazandıracağına əmin olduqlarını bildirərək 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Bu xəbər üçün şərh yazın