Aydın Quliyev: “Bəxtiyar Sadıqov ərizəsini yazıb, baş redaktorluqdan getməli idi...”

Aydın Quliyev: “Bəxtiyar Sadıqov ərizəsini yazıb, baş redaktorluqdan getməli idi...” 

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov parlamentin 13 iyunda keçirilən plenar iclasında baş redaktoru olduğu “Azərbaycan” qəzeti ilə bağlı çıxışına görə tənqid olunur.

Deputatın maliyyə ayrılmayacağı təqdirdə qəzetin fəaliyyətini dayandıracağını söyləməsi dövlətə təhdid kimi qiymətləndirilir. Eyni zamanda, B.Sadıqovun “qəzetdə 65 yaradıcı və texniki işçi var” deməsi də ciddi müzakirə yaradıb. Bildirilib ki, 65 işçinin əməyi "Azərbaycan" qəzetində hiss olunmur. Bir müddət əvvəl "copy paste" məsələsi ilə gündəmə gələn qəzet barədə iddialarda ayrı-ayrı illərdə çap edilən məqalələrin kopyalanaraq yeni məqalə adı ilə dərc olunması məsələsi xatırladılıb...

 

Faktinfo.az xəbər verir ki,bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev deyib ki, hazırda dövlətin media orqanlarından biri olan “Azərbaycan” qəzetinin peşəkar yaradıcılıq səviyyəsi ilə bağlı fikir söyləməli müvafiq strukturlar var.

 

“Mənim bu barədə fikir söyləməyim düzgün olmaz. Lakin tarixi və rəsmi mənsubiyyəti nöqteyi-nəzərindən ölkənin populyar dövlət media orqanlarından biri olan “Azərbaycan” qəzeti ilə bağlı indiyə qədər bir neçə xoşagəlməz fakt, o cümlədən müəyyən “copy paste” materialların çap olunması kimi məlumatları mən də eşitmişəm. Sözün doğrusu, müvafiq orqanlar tərəfindən bu məlumatların araşdırıldığını, hansı nəticələrə gəlindiyini bilmirəm. Ancaq hər halda meydana çıxan bu faktların, təbii ki, qəzet rəhbərliyinin özünün iştirakı ilə araşdırılmasına ehtiyac var idi. Bütün bunlarla yanaşı, ölkənin rəsmi dövlət strukturlarından birinin orqanı olan “Azərbaycan” qəzeti ətrafında yaranmış ab-hava ürəkaçan deyil. Hər halda bildiyimiz budur ki, “Azərbaycan” qəzeti dövlət təşkilatının media orqanı olduğuna görə büdcədən bəlli bir rəqəmlə maliyyələşmə mexanizmi var. Bu gün qəzetin maliyyələşmədiyi ilə bağlı informasiyaların kökünün nəyə bağlı olduğunu, sözün düzü, başa düşmək olmur. Buna görə də “Azərbaycan” qəzeti ətrafında yaranmış vəziyyətin müvafiq strukturların iştirakı ilə aydınlaşdırılmasına ehtiyac var. Yəqin ki, müvafiq dövlət strukturları müdaxilə edəcək, bu məsələyə aydınlıq gətirəcəklər”, - A.Quliyev bildirib.

 

A.Quliyev “Bəxtiyar Sadıqov məhz parlamentdə bu cür çıxış etməsi normaldırmı?” sualına isə belə cavab verib:

 

““Azərbaycan” qəzeti müstəqil yox, nüfuzlu bir dövlət orqanının media tribunasıdır. Belə bir orqanın nümayəndəsinin, yaxud rəhbərinin maliyyəsi ilə bağlı parlamentdə çıxış etməyi bir üsul kimi seçməsi doğru deyil. Şəxsən mən dövlət media orqanının rəhbəri olsaydım, qəzetin ətrafında belə bir vəziyyətin yaranması ilə əlaqədar heç vaxt parlamentdə çıxış etməzdim. Çünki bunun həll olunmasının ayrı mexanizmləri mövcuddur. Qəzetin birbaşa tabe olduğu dövlət orqanı varsa, həmin orqanın rəhbərliyi ilə müzakirə də aparmaq olardı. Bu məsələnin parlamentdə qaldırılması, məncə, uğurlu yanaşma, üslub deyil. Bir anlığa təsəvvür edək ki, dövlət media orqanının rəhbəri parlamentin deputatı deyil. Bu zaman sual yaranır ki, onun rəhbərlik etdiyi media orqanı ilə bağlı qaldırılmış məsələ harada həll olunmalıdır? Bir anlığa həmin media orqanının rəhbəri özünü parlament üzvlüyündən kənarda qalan şəxs kimi təsəvvür etməli və bu imkanlara uyğun addım atmalı idi. Amma bilmirəm, Bəxtiyar müəllim niyə birbaşa bu üsulu seçib? Parlamentdə çıxışa qədər başqa orqanlarda müzakirə olub, araşdırmalar aparılıb, ya yox? Yoxsa bu, sonuncu, ya növbəti üslub kimi seçilmişdi, ya nə idi? Bunu bilmirəm, amma bildiyim budur ki, “Azərbaycan” qəzetinin indiki vəziyyəti ilə bağlı onun rəhbəri Bəxtiyar Sadıqovun parlamentdə məsələ qaldırması şəraitdən düzgün çıxış yolu deyil”.

 

A.Quliyev əməkdaşımızın “Bəxtiyar Sadıqov çıxışında bildirdi ki, cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət edib, amma aldığı cavabdan heç bir yardımın göstərilməyəcəyi bəlli olub” sözlərinə isə belə cavab verib: “Əgər doğrudan da Bəxtiyar müəllim parlamentdə çıxışına qədər hansısa orqanda bu məsələni müzakirə edibsə, ona qəzetin bundan sonra maliyyələşməyəcəyi deyilibsə belə bu, şəraitə uyğun reaksiya deyildi. Onda Bəxtiyar Sadıqov öz ərizəsini yazıb, baş redaktorluqdan getməli idi, nəinki qəzetin problemləri ilə bağlı parlamentdə çıxış etmək. Bəxtiyar müəllim uzun illərdir, “Azərbaycan” qəzetinə rəhbərlik edir, media sahəsindədir, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub, hakimiyyət komandası ilə yaxın təmaslardadır. Son bir neçə ildə qəzetlə bağlı ortada olan bir neçə faktı ümumiləşdirib, təhlil edərək bir qənaətə gəlməli və nəticə çıxarmalı idi ki, qalıb bu qəzetdə işləməyinə dəyər, ya dəyməz?”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi