“AzDrama”da qalmaqal böyüyür: Açıq iclas olacaq? -

“AzDrama”da qalmaqal böyüyür: Açıq iclas olacaq? - TƏFƏRRÜAT

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“AzDrama”) baş verən qalmaqal getdikcə böyüyür.


Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə Əməkdar artist Mehriban Xanlarova arasındakı gərginlik yeni mərhələyə keçib. Belə ki, aktrisa bu dəfə sosial şəbəkədə Mehriban Ələkbərzadənin onu şəxsi otağında danışığa dəvət etdiyini bildirib. O, paylaşımında açıq iclas keçirilməsi tələbi ilə çıxış edib və məsələnin yalnız kollektivin, Mədəniyyət Nazirliyinin və mətbuat nümayəndələrinin iştirakı ilə müzakirə olunmasını istəyib:

“Bir neçə gündür ki, “AzDrama”nın bədii rəhbəri məni otağında danışığa dəvət edir. Lakin şəxsi otaqlarda aparılan söhbətlərin heç bir nəticə vermədiyini bildiyim üçün bütün kollektivin, Mədəniyyət Nazirliyinin və mətbuatın iştirakı ilə açıq iclasın keçirilməsini, önəmli bir məsələnin orada müzakirəyə çıxarılmasını xahiş edirəm. Mehriban Ələkbərzadə, məni nə üçün otağınıza gizli danışığa dəvət edirsiniz? Tək mən yox, bütün kollektivimiz sizin fəaliyyətinizlə bağlı fikirlərini səsləndirmək istəyir.

Mətbuat üçün açıq iclas keçirmək bu qədərmi çətindir? Düşünürəm ki, 1998-ci ildən bu günə qədər ömrümün 27 ilini həsr etdiyim doğma teatrımda bir sənət fədaisi olaraq bu xahişi etməyə tam haqqım var. Əks halda, məni narahat edən və ölkəmiz üçün önəmli bir məsələni ictimaiyyətə açıqlamaq məcburiyyətində qalacağam”. Açıq iclas keçirilib-keçirilməyəcəyi ilə bağlı “Cebheinfo.az” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, yaşanan gərginliklə bağlı daha əvvəl ümumi açıqlama verilib: “Bu məsələ ilə bağlı ayrıca şərh verməyəcəyik”./Cebheinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi