"Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək" -DEPUTAT
"Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir.
70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurmuşlar. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.”
Bu sözləri Azərbaycan-Belarus münasibətlərinə dair fikirlərini paylaşan Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
Deputat xatırladıb ki, ikitərəfli əlaqələrin dinamik inkişafı üçün və ölkələr arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır. “Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və hərbi sahədə ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur.”
K.Qafarovun fikrincə, Belarus Prezidentinin cari ilin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidinə güclü təkan olacaq: “Belarus və Azərbaycan arasında əlaqələr kifayət qədər geniş spektoru əhatə edir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyət kəsb edən sahələr də aiddir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana etdiyi növbəti dövlət səfəri mövcud əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulayıb ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi və qeyd etdi ki, bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir”.
Deputat bildirib ki, Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. “Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir” .
Bu xəbər üçün şərh yazın